Məhkəmə qərarları › İş №1(021)-132/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-132/2022

25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-132/2022 25.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1984-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2018-ci ilin iyul ayında ünvan 1 ünvanında özünə məxsus fərdi yaşayış evində dibçəkdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni 4(dörd) ədəd əkilibyetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkisini əkib, yetişdirməklə kultivasiya etmiş, 21 sentyabr 2018-ci il tarixdə saat 1910 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanına baxış keçirilən zaman onun tərəfindən kultivasiya edilmiş 4(dörd) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitə marixuanadan hərdən istifadə etmişdir. 2018-ci ilin iyul ayının əvvəllərində Bərdə şəhəri, köhnə bazarın yanında piyada gedərkən yerdən çətənə bitkisinin toxumlarını tapmışdır. 2018-ci ilin iyul ayının ortalarında yaşadığı evdə şəxsi istifadəsindən ötrü 4 ədəd qabda tapdığı çətənə bitkisinin toxumlarını əkmişdir. Həmin bitkilərə mütəmadi olaraq qulluq etmişdir. xx.xx.2018-ci il tarixdə saat 19 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək baxış keçirmişlər. Baxış zamanı evin dəhlizində dolabın arxasında saxladığı 4 ədəd qabda çətənə kollarını aşkar etmişlər. Polis əməkdaşlarına bitkiləri şəxsi istifadəsindən ötrü əkdiyini, özünə məxsus olduğunu bildirmişdir. Yaşadığı evdən aşkar edilmiş narkotik tərkibli çətənə kolları özünə məxsusdur və şəxsi istifadəsindən ötrü əkmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Bərdə rayon Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 sentyabr 2018-ci il tarixdə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək baxış keçirilmişdir. Polis əməkdaşlarının, hal şahidlərinin, aqronomun və Təqsirləndirilən şəxs iştirakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı evin ikinci mərtəbəsində dəhlizdə yerləşən dolabın arxasında 4 ədəd dibçəkdə əkilmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik tərkibli çətənə bitkilərini şəxsi istifadəsindən ötrü özü əkmiş, mütəmadi olaraq bitkilərə qulluq etmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bitkilər qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyətinin Sosial İqtisadi Şöbəsinin 21 sentyabr 2018-ci il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-də xx.xx.2018-ci il tarixdə aşkar edilmiş bitkilər çətənə bitkisinə aid olub narkotik xassəli bitkilərdir. Əkilmiş 4 ədəd çətənə kolu bitkisi həqiqətən aqrotexniki qaydada əkilib becərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 409 saylı 22 sentyabr 2018-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan polietlen torbadakı, digər bir ədəd polietlen torbada ümumi sayı 4(dörd) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. -Aqronomun (mütəxəsisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 620 saylı 10 may 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs 2018-ci ilin iyul ayında ünvan 1 ünvanında özünə məxsus fərdi yaşayış evində dibçəkdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni 4(dörd) ədəd əkilib-yetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkisini əkib, yetişdirməklə kultivasiya etməsi, 21 sentyabr 2018-ci il tarixdə saat 1910 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanına baxış keçirilən zaman onun tərəfindən kultivasiya edilmiş 4(dörd) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülməsi təqsirləndirilən şəxsin etirafı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 24 may 2022-ci il tarixli 2916 saylı arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 1-də yaşayır. Təqsirləndirilən şəxs Bərdə şəhəri, A.Əhmədov küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 21 sentyabr 2018-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 23 sentyabr 2018-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2018-ci il tarixdə MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 05 aprel 2022-ci il tarixli protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə tutularaq Azərbaycan Respublikası Ədliyyə nazirliyi Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Bərdə rayon Polis şöbəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli qərarından müəyyən olunur ki, vəsatət təmin olunmuş, Azərbaycan Respublikasının CMnin 237.1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs haqqında “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmiş, həbsdə saxlama müddətinin əvvəli Təqsirləndirilən şəxs tutulduğu vaxtdan hesablanmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 sentyabr 2018-ci ildən 23 sentyabr 2018-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02(iki) gün və 05 aprel 2022-ci il tarixdən həbsdə saxlanıldığı 07 (yeddi) ay 14 (on dörd) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-in 93.1. və 93.1.4-cü maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 22 sentyabr 2018-ci il tarixli 409 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan- 4 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 sentyabr 2018-ci il tarixdən 23 sentyabr 2018-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02(iki) gün və 05 aprel 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanıldığı 03(üç) ay 21 (iyirmi bir) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02(iki) il 04(dörd) ay 14(on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan 4 (dörd) ədəd çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar