Məhkəmə qərarları › İş №1(021)-134/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-134/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-134/2022 21.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1990-cı ildə Laçın rayonu, Bülüldüz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Laçın rayonu, Bülüldüz kəndində qeydiyyatda olan və Bərdə rayonu, Vəliuşağı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.3-ci maddəsi, xx xxxx 1989-cu ildə Bərdə rayonu, Vəliuşağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Vəliuşağı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.3-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 26 dekabr 2021-ci il tarixdə saat 16 radələrində Bərdə rayonu Vəliuşağı kəndinin ərazisindən keçən su kanalından balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən, yəni elektrik cərəyanından istifadə etməklə qanunsuz olaraq 1 ədədinin qiyməti 22 manat olan 8 ədəd cəmi 176 manat qiymətində çəki balığının, 1 ədədinin qiyməti 11 manat olan 67 ədəd cəmi 737 manat olan qarasol balıqlarını qanunsuz tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 X11 və Təbii Sərvətlər İdarəsinə ümumilikdə 913,00 manat məbləğində maddi ziyan vurmuşlar. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 256.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, yaşadığı kənddə santexnik kimi ustalıq edərək ailəsini dolandırır. 26 dekabr 2021-ci il tarixdə səhər saatlarında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə balıq ovu etmək qərarına gəlmişdir. Saat 16-17 radələrində Yunis ilə birlikdə yaşadıqları kənddən keçən su kanalının kənarına gəlmişlər, Yunis özü ilə birlikdə generator gətirmişdir. Onlar həmin generatorun köməkliyi ilə suya cərəyan buraxıb, qanunsuz olaraq balıq tutmağa başlamışlar. Onlar su kanalından müxtəlif ölçülərdə 75 ədəd karp və qarabel balıqlarını tutmuşlar. Onlar cərəyanla kanaldan balıq tutarkən əraziyə polis əməkdaşları gəlmiş, onların qanunsuz cərəyanla balıq tutduqlarını görmüşlər. Polis əməkdaşları tutduqları balıqlar ilə birlikdə onu və Yunisi Bərdə rayon Polis şöbəsinə aparmışlar. Polis şöbəsində 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı gələrək, balıqlara baxıb akt yazmışdır. Özü və Yunis həmin balıqları satmaq üçün deyil, şəxsi istifadəsi üçün tutmuşlar. Cərəyanla balıq tutmağı qeyri-qanuni olmasını bilir. Səhvini başa düşür, tutduğu əməldən peşimandır. Dəymiş ziyanı ödədiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, fəhləlik edərək ailəsini dolandırır. 26 dekabr 2021-ci il tarixdə səhər saatlarında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə balıq ovu etmək qərarına gəlmişdir. Həmin tarixdə saat 16-17 radələrində Xaliq ilə birlikdə yaşadıqları kənddən keçən su kanalının kənarına gəlmiş, özü ilə birlikdə cərəyan generatoru götürmüşdür. Onlar həmin generatorun köməkliyi ilə suya elektrik cərəyan buraxıb, balıq tutmağa başlamış, su kanalından müxtəlif ölçülərdə 8 ədəd çəki balığı və 67 ədəd qarasol balıqlarını tutmuşlar. Onlar elektrik cərəyanı ilə kanaldan balıq tutarkən əraziyə polis əməkdaşları gəlib, onların qanunsuz cərəyanla balıq tutdularını görmüşlər. Polis əməkdaşları onların tutduğu balıqlar ilə birlikdə onu və Xaliqi Bərdə rayon Polis şöbəsinə aparmışlar. Polis şöbəsində 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı gələrək, balıqlara baxıb akt yazmışdır. Özü və Xaliq həmin balıqları satmaq üçün deyil, şəxsi istifadəsi üçün tutmuşlar. Səhvini başa düşür, tutduğu əməldən peşimandır. Dəymiş ziyanı ödədiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 X11 və Təbii Sərvətlər İdarəsinin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs göstərmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 X11 və Təbii Sərvətlər İdarəsində hüquq məsələləri üzrə baş məsləhətçi vəzifəsində çalışır. Bərdə rayon Polis şöbəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 X11 və Təbii Sərvətlər İdarəsinə 26 dekabr 2021-ci il tarixdə Bərdə rayonu Vəliuşağı kəndinin ərazisindən keçən arxdan 2 nəfər şəxsin elektrik cərəyanı ilə 1 ədədinin qiyməti 22 manat olan 8 ədəd cəmi 176 manat qiymətində çəki balığının, 1 ədədinin qiyməti 11 manat olan 67 ədəd cəmi 737 manat olan qarasol balığını tutması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında onların əməkdaşları Şahid3 və Şahid4 Knyaz oğlunun iştirakı ilə qanunsuz olaraq ovlanmış balıqlara baxış keçirilmiş və akt tərtib edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 26 dekabr 2021-ci il tarixdə saat 16 radələrində elektrik generatorundan istifadə edib suya cərəyan buraxmaqla 8 ədəd çəki balığı və 67 ədəd qarasol balığın qanunsuz olaraq ovlayaraq ümumilikdə təbiətə 913 manat dəyərində maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxslər vurulmuş ziyanı ödədiklərindən sonunculardan şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 X11 və Təbii Sərvətlər İdarəsinin 18 iyul 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Bərdə rayonu Vəliuşağı kənd ərazisindən keçən su kanalından, kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qanunsuz olaraq elektrik cərəyanı vasitəsi ilə 8 ədəd çəki və 67 ədəd qarasol balıqların ovlanması nəticəsində təbiətə dəymiş 913 (doqquz yüz on üç) manat ziyan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən idarənin bank hesabına tam ödənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Knyaz oğlu ifadə verərək göstərmişdir ki, 2018-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 X11 və Təbii Sərvətlər İdarəsində məsləhətçi müfəttiş vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. 26 dekabr 2021-ci il tarixdə saat 18 radələrində şifahi sorğu əsasında 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş mütəxəssis mühafizə yegeri vəzifəsində çalışan Şahid3 ilə birlikdə Bərdə rayon Polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin inzibati binasının həyətində onun, Bərdə rayon Polis şöbəsinin təhqiqatçısı Orxan Məmmədovun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə qanunsuz olaraq ovlanmış 8 ədəd çəki balığı və 67 ədəd qarasol balığına baxış keçirilmişdir. Təhqiqatçı baxış protokolu tərtib etmiş, fotoşəkillər çəkilmiş və baxış protokolu onların tərəfindən imzalanmışdır. Balıqlara baxış keçirilməsi və balıqların cinsi ilə bağlı akt tərtib etmiş və 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş mütəxəssis mühafizə yegeri vəzifəsində çalışan Şahid3 protokola imza etmişdir. ümumilikdə Bərdə rayonu Vəliuşağı kəndi ərazisində baş vermiş qanunsuz balıq ovu nəticəsində təbiətə 913 manat maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Şahid4 Knyaz oğlunun ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Kamil oğlu ifadə verərək göstərmişdir ki, Bərdə rayon Polis şöbəsinin İTB-nin polis sahə nəfəri işləyir. Bərdə rayonu Vəliuşağı kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, aralarında düşmənçilik, ədavət olmamışdır. 26 dekabr 2021-ci il tarixdə Bərdə rayon Polis şöbəsinə 2 nəfər Bərdə rayonu Vəliuşağı kənd sakinlərinin qanunsuz balıq ovu ilə məşğul olmaları ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması ilə bağlı Bərdə rayon Polis şöbəsinin əməkdaşı Şahid2 ilə həmin tarixdə saat 16 radələrində Bərdə rayonu Vəliuşağı kəndinə getmişlər. Bərdə rayonu Vəliuşağı kəndi ərazisindən keçən asfalt yolun kənarından keçən su kanalında 2 nəfər şəxsin suya elektrik generatoru vasitəsilə cərəyan verməklə qanunsuz olaraq balıq ovladıqlarını aşkar etmiş, həmin şəxslərə özlərini təqdim edib kim olduqlarını, nə səbəbə suya cərəyan verərək qanunsuz olaraq balıq ovladıqlarını soruşmuşlar. Həmin şəxslərin Bərdə rayonu Vəliuşağı kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmasını müəyyən edib, həmin şəxsləri elektrik generatoru, elektrik naqilləri və qanunsuz olaraq ovladıqları 75 ədəd balıqlar ilə birlikdə Bərdə rayon Polis şöbəsinə gətirmişlər. Bərdə rayon Polis şöbəsində 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə qanunsuz olaraq ovlanan balıqlara, elektrik generatoruna və suya cərəyan verilməsi üçün istifadə edilən elektrik naqillərinə baxış keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/879 saylı 09 fevral 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, balıqlar və digər su bioresursları qanunsuz ovlandığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri qanuni balıq ovuna cərimələrin” 10-cu bəndinə əsasən (ölçüsündən və çəkisindən asılı olmayaraq) 75 ədəd müxtəlif adda balıqların qanunsuz ovlanması nəticəsində balıq ehtiyatlarına vurulmuş ziyanın ümumi məbləği 913,00 manat müəyyən edilir. O cümlədən:- 8 ədəd çəki 176,00 (8x22 manat), 67 ədəd qarasol 737,00 (67x11) manat. İş materiallarında olan 10 iyul 2022-ci il tarixli 19282 nömrəli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 X11 və Təbii Sərvətlər İdarəsinə vurduğu ziyana görə 457,00 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan 10 iyul 2022-ci il tarixli 4984 nömrəli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 X11 və Təbii Sərvətlər İdarəsinə vurduğu ziyana görə 457,00 manat məbləğində pul ödəmişdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 26 dekabr 2021-ci il tarixdə saat 16 radələrində Bərdə rayonu Vəliuşağı kəndinin ərazisindən keçən su kanalından balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən, yəni elektrik cərəyanından istifadə etməklə qanunsuz olaraq 1 ədədinin qiyməti 22 manat olan 8 ədəd cəmi 176 manat qiymətində çəki balığını, 1 ədədinin qiyməti 11 manat olan 67 ədəd cəmi 737 manat olan qarasol balıqlarını qanunsuz tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 X11 və Təbii Sərvətlər İdarəsinə ümumilikdə 913,00 manat məbləğində maddi ziyan vurmaları məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 256.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 146 saylı 07 aprel 2022-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Laçın rayonundan məcburi köçkündür, Bərdə rayonu, Vəliuşağı kəndində yaşayır. Ailə üzvləri: anası-xx.xx.1970-ci il təvəllüdlü X10, arvadı-xx.xx.1990-cı il təvəllüdlü X8 və qızı-xx.xx.2014-cü il təvəllüdlü X9 ibarətdir. Təqsirləndirilən şəxs1 ərazidə yaşadığı müddət ərzində özünü daim nümunəvi aparmışdır. Bərdə rayonu, Otuzikilər kənd icra nümayəndəliyinə onun barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlindən peşiman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Laçın rayonundan məcburi köçkün olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, vurulmuş zərərin ödənilməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, habelə onun məsuliyyətini yüngülləşdirən halları yəni, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını, Laçın rayonundan məcburi köçkün olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 256.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 144 saylı 06 aprel 2022-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu, Vəliuşağı kəndində yaşayır. Ailə üzvləri: atası-xx.xx.1964-cü il təvəllüdlü X2, anası-xx.xx.1965-ci il təvəllüdlü X1, arvadı-xx.xx.1992-ci il təvəllüdlü X3, oğlu-xx.xx.2011-ci il təvəllüdlü X4 və oğlu-xx.xx.2014-cü il təvəllüdlü X5 ibarətdir. Təqsirləndirilən şəxs2 ərazidə yaşadığı müddət ərzində özünü daim nümunəvi aparmışdır. Bərdə rayonu, Otuzikilər kənd icra nümayəndəliyinə onun barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlindən peşiman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, vurulmuş zərərin ödənilməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, habelə onun məsuliyyətini yüngülləşdirən halları yəni, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 256.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin üzərinə cəza çəkdikləri müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onların davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 16 mart 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 16 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin istintaq bölməsinin qətimkan tədbirinin seçilməsi barədə 17 mart 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Bərdə rayon Polis şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 16 mart 2022-ci ildən 17 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 16 mart 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 16 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin istintaq bölməsinin qətimkan tədbirinin seçilməsi barədə 17 mart 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Bərdə rayon Polis şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 16 mart 2022-ci ildən 17 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 09 fevral 2022-ci il tarixli 9/879 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X7, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikasının CM-nin 256.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 - Azərbaycan Respublikasının CM-nin 256.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X7, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar