Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-135/2021 12.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət itihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1991-ci il tarixdə Bərdə rayonu Nəcəfqulubəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Nəcəfqulubəyli kədində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, 23 iyun 2021-ci il tarixdə saat 11 radələrində Bərdə rayonu Nəcəfqulubəyli kəndində yerləşən X3 yaşadığı evin qarşısında həyat yoldaşı Təqsirləndirilən şəxs ilə arasında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən Rufanə Səmədovanı itələyərək yerə yıxmış və nəticədə sonuncuya başın ənsə nahiyəsinin əzilmiş yarası ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ilə ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. X4 onun həyat yoldaşıdır. O Rufanə ilə təxminən 9 ildir ki ailə həyatı qurmuş və birgə nigahdan 2 azyaşlı övladı vardır. Daima münasibətləri yaxşı olmuşdur. Lakin son vaxtlar Rufanənin anası Laləyə görə onlar arasında mübahisələr yaranmağa başlamışdır. Belə ki qaynanası Lalə onun arvadı Rufanəni ondan məhkəmənin qərarı ilə boşandırmaq niyyətindədir. Bir müddət əvvəl baş vermiş mübahisə səbəbi ilə Rufanə öz anası evinə getmişdir və orada yaşamağa başlamışdır. 23 iyun 2021-ci il tarixdə səhər saatlarında o həmkəndlisinin həyətində ot yığmış, lakin sonra özünə məxsus iri buynuzlu heyvanların ac olduğu xatırlamış və buna görədə öz yaşadığı ev istiqamətində getmiş, həmin vaxt o qaynanası Lalənin evinin qarşısından keçərkən həyat yoldaşı Rufanənin məhlədə olduğunu görmüşdür. Həmin vaxt Rufanə onu nalayiq sözlərlə söyüb təhqir etmiş və onlar arasında mübahisə yaranmış, sonra isə Rufanə əlinə yava götürərək darvazanın qarşısına çıxmış və onun üstünə getmişdir, həmin vaxt Rufanənin anası Lalə evin qarşısına çıxmış və darvazanın qarşısından Rufanənin üstünə getmiş və əlindən yavanı almaq istəmişdir. Sonra isə Lalə öz qızı Rufanəni kənara itələmiş və Rufanə yerə yıxılmışdır. Həmin vaxt o onların yanından uzaqlaşmışdır. Sonra isə o öz yaşadığı evə getmişdir. Sonradan ona məlum olmuş ki, həyat yoldaşı Rufanə onun barəsində şikayət etmişdir və onu döydüyünü bildirmişdir. Lakin o Rufanəni döyməmiş və ona xəsarət yetirməmişdir. Onlar arasında sözlə mübahisə olmuşdur. O, Rufanə ilə aralarında mübahisənin 2-3 dəqiqə ərzində davam etdiyini və kənar şəxslərin toplaşmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğul olur. O 2012-ci ildə Bərdə rayonu Nəcəfqulubəyli kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nigahdan 2 övladı vardır. Təqsirləndirilən şəxs mütamadi olaraq ailədə söz söhbət yaratması səbəbi ilə o Vasifdən rəsmi qaydada boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Həmin vaxtdan o anası evində yaşamağa başlamışdır. Lakin buna baxmayaraq Vasif müxtəlif vaxtlarda onun anası evinə getmiş və orada onunla mübahisələr yaratmağa başlamışdır və onu nalayiq sözlərlə söyüb təhqir etmişdir. 23 iyun 2021-ci il tarixdə o anası evinin həyətyanı sahəsində olarkən əri Təqsirləndirilən şəxs evlərinin qarşısından keçdiyini görmüş və bu zaman Vasif ona söz atmışdır və bu zaman o Vasifi nalayiq sözlərlə söyüb təhqir etmiş və aralarında mübahisə yaranmışdır, sonra isə o darvazanın qarşısına çıxmış və orada Vasiflə mübahisə etməyə başlamışdır. Bu zaman Vasif onun sinəsindən tutaraq kənara itələmişdir və nəticədə o yerə yıxılmış və başı yerdə olan daşa dəyərək xəsarət almışdır. Həmin vaxt yaxınlıqda olan anası Lalə onlara yaxınlaşmış və Vasifi oradan qovalamışdır. O əri Vasiflə aralarında baş verən mübahisənin təxminən 5 dəqiqə ərzində baş verdiyini, həmin yerə kənar şəxslərin toplaşmadığını bildirmişdir. Bundan başqa əlavə laraq onu da qeyd etdi ki, Vasif Allahverdiye hər dəfəsində müxtəlif bəhanələrlə onu və anasını təhqir edir, ona məxsus telefonu əlindən almışdır. Buna baxmayaraq o, yalnız 3 dəfə Vasifdən şikayət etmişdir. Məhkəmə istintaqı zamanı Şahid izahatında qızı X3 öz ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 23 iyun 2021-ci il tarixdə kürəkəni Təqsirləndirilən şəxs onun qızı Rufanə Səmədovanı aralarında baş vermiş mübahisə zamanı qəsdən itələyək yerə yıxmış və nəticədə Rufanə Səmədova baş nahiyəsindən xəsarət almışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş “MTE və PA” ETT Birliyinin Bərdə rayon zona mərkəzinin 23 iyun 2021-ci il tarixli 541 nömrəli rəyindən görünür ki, X3 məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər–başın ənsə nahiyəsinin əzilmiş yarası - küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə-yəni 23 iyun 2021-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Bərdə RİHB-nın Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Nəcəfqulubəyli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birgə həmin ünvanda yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Bərdə RİHB-nın Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdən sonra yaşadığı Bərdə rayonu Nəcəfqulubəyli kəndində yaşamış və təsərrüfatla məşğul olmuş, ictimaiyyətlə və nümayəndəliklə, camaatla və cəmiyyətlə xoş münasibətdə olmuşdur. Beləliklə, istintaqla sübut edilmişdir ki, 23 iyun 2021-ci il tarixdə saat 11 radələrində Bərdə rayonu Nəcəfqulubəyli kəndində yerləşən X3 yaşadığı evin qarşısında həyat yoldaşı Təqsirləndirilən şəxs ilə arasında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən Rufanə Səmədovanı itələyərək yerə yıxmış və nəticədə sonuncuya başın ənsə nahiyəsinin əzilmiş yarası ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə saat 11 radələrində Bərdə rayonu Nəcəfqulubəyli kəndində yerləşən X3 yaşadığı evin qarşısında həyat yoldaşı Təqsirləndirilən şəxs ilə arasında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən Rufanə Səmədovanı itələyərək yerə yıxmış və nəticədə sonuncuya başın ənsə nahiyəsinin əzilmiş yarası ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Həmçinin, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidin ifadəsi və məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə azadlığən məhdudlaşdırılması cəzası olduğu halda yenidən cinayət əməli törətməsi ona yüngül cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə niyə sanksiyada nəzərdə tutulmuş yünül cəzaları deyl məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini aşağıdakı faktlarla əsaslandırır. Belə ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-106/2021 saylı 02 iyun 2021-ci il tarixli hökmü ilə 06 ay müddətin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 3(021)-680/2021 saylı 17 iyun 2021-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 500 manat cərimə olunmuşdur. Bundan başqa, Bərdə rayon İcra və Probasiya şöbəsinin 59/1 saylı 12 yul 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdə qeydiyyata alınıb, 09 iyul 2021-ci il tarixdə ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin mobil qurğusunun təminatını pozduğu üçün töhmət almışdır. Məhkum Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək cəzasının 07 gününü çəkmiş və 05 ay 24 gün çəkilməmiş cəzası qalmışdır. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq arvadını, eləcə də sonuncuun anasını döyməsi, onları təhqir edərək onlara xəsarət yetirməsi artıq adət halına çevrilmişdir. Bundan başqa məhkəmə iclas zalında qeyd edilən şəxslərin təhqir edilmələrinin davam etdirilməsi, təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclas zalında mütəmadi qayda pozuntularına yol verilməsi, təqsirləndirilən şəxsin özünü aparma tərzi və digər xüsusatlar məhkəmədə, şəxsə əvvəllər anoloji cinayətə görə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından və inzibati xətaya görə təyin edilmiş inzibati cərimə tənbeh tədbirindən nəticə çıxarmamasına dəlalət etməsi fikrini yaratmışdır. Bu baxımdan məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzanın yuxarı həddə təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs öhdəliyində az yaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Bundan başqa məhkəmə həmçinin onu da vurğulayır ki, Təqsirləndirilən şəxs hazırda çəkilməmiş cəzası mövcud olduğundan Bərdə Rayon Məhkəməsinin 1(021)-106/2021 saylı 02 iyun 2021-ci il tarixli hökmü ilə 06 ay müddətin azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi hazırki hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bərdə Rayon Məhkəməsinin 1(021)-106/2021 saylı 02 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətin azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 (beş) ay 24 günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günü bir gün hesablanılmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 12 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-135/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-135/2021
12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver