Məhkəmə qərarları › İş №1(021)-136/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-136/2022

01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-136/2022 01.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 12 avqust 1997-ci il tarixdə Zərdab rayonu Bəyimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bərdə rayonu Mehtili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgə əmlakını gizli yolla talamaq məqsədilə fərdi yaşayış evinin həyətinə giriş qapısından qanunsuz daxil olub həyətdə olan saxlanc yerindən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə saat 01 radələrində tamah niyyəti ilə qəsdən özgə əmlakını gizli yolla talamaq məqsədilə Bərdə rayonu Mehtili kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə giriş qapısından qanunsuz daxil olub həyətdə olan saxlanc yeri hesab olunan qarğıdan düzəldilmiş ağılın qapısından içəri daxil olmaqla oradan 3 (üç) baş ümumi dəyəri 300 (üç yüz) manat olan xırda buynuzlu quzuları gizli olaraq talayaraq oğurlamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərdab rayonunda anadan olmuş, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, Bərdə rayonu Mehtili kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır və onunla həmkəndlidir, Elmanının xırda buynuzlu heyvanları var və quzu saxlayır. 22 aprel 2022-ci il tarixdə saat 01 radələrində həmin günü mal bazarı günü olduğu üçün yaşadığı evdən çıxıb kəndin qırağına tərəf getdiyini, orada həmkəndlisi Elmanın yaşadığı evinin qarşısına gəldiyini, Elmanın yaşadığı evinin qarşısına gələndə darvazanın qapısının açıq olduğunu görüb içəridən quzu səslərinin gəldiyini eşitdiyini, darvazanın giriş qapısı açıq olduğu üçün Elmanın yaşadığı evin həyətinə girdiyini, həyətə girdikdən sonra darvazadan sol tərəfdə qarğı ilə hörülmüş ağılda quzuların olduğunu gördüyünü, həmin ağıla yaxınlaşıb dəmir setka ilə bağlanmış qapını açıb ağıla daxil olduğunu, ağıla daxil olub oradan 3 baş quzunu bir-bir oğurlayıb qapıdan çıxarıb darvazanın qarşısında kəndir ilə bir-birinə bağladığını, sonra əvvəllər tanıdığı Bərdə rayonu Xəsilli kəndində yaşayan taksi sürücüsü Fəxrəddinin istifadə etdiyi mobil nömrəyə zəng edərək ona məxsus üç baş quzunu Mal bazarına aparmaq istədiyini və Mehtili kəndinə gəlməsini xahiş etdiyini, Fəxrəddin ona oradan Mal bazarına 15 manata aparacağını bildirdiyini, onunla həmin qiymətə razılaşdığını, Fəxrəddin Mehtili kəndinə dediyi yerə gəldiyini, o, özü üç baş quzunu avyomobilin yük yerinə qoyduğunu, sonra isə Mal bazarına getdiklərini, Mal bazarında o, üç baş quzunu düşürdüb Fəxrəddinə onu gözləməsini deyib bazara quzuları satmağa apardığını, həmin bazarda üç baş quzunu tanımadığı şəxsə 480 manat dəyərində satdığını, sonra Fəxrəddinin yanına gəlib ona 15 manat pul verdiyini, Fəxrəddin onu avtomaşınla yaşadığı evin qarşısına apardığını, o, Fəxrəddinlə sağollaşıb yaşadığı evə girdiyini, səhəri gün tezdən o, Bakı şəhərinə getdiyini, orada oğurlayıb satdığı quzuların pulunu xərclədiyini, atası Elqayıt ona zəng edərək evə qayıtmağını və Elmanın quzularını oğurlamasını bildirdiyini, o, Bakı şəhərindən yaşadığı evə qayıtdığını, hər şeyi atasına etiraf etdiyini, atası Elqayıt oğurladığı heyvanların sahibi Elmana dəymiş 600 manat maddi ziyanı tam ödədiyini, sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət etdiklərini və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getdiyini, orada törətdiyi oğurluq hadisəsini könüllü olaraq etiraf etdiyini bildirdi. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, oğurluq hadisəsini tək törətmiş, onun oğurluq etməyindən heç kəsin xəbəri olmamış, oğurladığı üç baş quzuları Bərdə rayonu Mal bazarında tanımadığı şəxsə 480 manat dəyərində sataraq əldə etdiyi pulları öz ehtiyacı üçün xərcləmiş, quzuların oğurluq olmasından taksi sürücüsü Fəxrəddinin xəbəri olmamış, başqa oğurluq hadisəsi törətməmiş, oğurluq etməsindən peşmançılıq çəkdiyini bildirdi. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödməsini və barışmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, kənd təsərrüfatı ilə məşğul olur, özünə məxsus xırda buynuzlu heyvanlar saxlayır, 2022-ci ilin yanvar ayında ailə üvzlərinə məxsus 3 ha 35 sot torpaq sahəsini 12000 manata sataraq həmin ayda Bərdə rayonunda yerləşən Mal bazarından müxtəlif vaxtlarda xırdabuynuzlu heyvanlar almış, hal-hazırda 124 baş xırdabuynulu heyvanı və 106 baş quzusu vardır. Həmin heyvanları yaşadığı evin həyətində tikdiyi tövlədə saxlayır. O, həyətində olan tövlənin qarşısında quzuları salmaq üçün qarğıdan ağıl düzəltmiş, həmin heyvanlara oğlu Hafis və Müşviq baxırlar. O, xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Mal bazarı olduğu üçün oğlu Hafis və Müşviqlə birgə bazara 10 baş quzu satmağa apardığını, həmin quzuların 1 başını 200 manata, ümumilikdə 2000 manat pula satdığını, onlar Mal bazarında olan zaman arvadı Tükazban istifadə etdiyi mobil nömrəyə zəng edərək ondan bazara apardığı quzuların sayını soruşduğunu, Elman arvadı Tükəzbana 10 baş quzunun gətirildiyini söylədiyini, Tükəzban qapıda qalan quzuların azlıq təşkil etdiyini, quzuları sayaraq 93 baş olduğunu dediyini, Elman ona qapıda 96 baş quzunun qalmasını dediyini, quzuların başqa yerə gedə biləcəyini və arvadı Tükəzbanın səhv saymasını zənn edib Mal bazarından yaşadığı evə gəldiyini,həyətdə olan quzuları sayıb həqiqətən 93 baş quzu olduğunu, qalan 3 baş quzunun olmadığını, buna görə də yaşadığı evin həyətini, qıraq sahələri, tövləni gəzdiyini, lakin quzuları tapa bilmədiyi üçün DİN-nin 102 xidmətinə zəng etdiyini, polis əməkdaşları hadisə yerinə gələrək fotoşəkillər çəkilib protokol yazıldığını, sonradan polis əməkdaşlarının apardığı axtarış nəticəsində ona məxsus 3 (üç) baş quzunun oğurlanmasında şübhəli olan həmkəndlisi Elqayıtın oğlu İsmayılın olduğu müəyyən etdiklərini, həmkəndlisi Elqayıt onun yaşadığı evə gələrək oğlu İsmayılın quzuları oğurlayıb satdığını, buna görə üzr istədiyini, oğlu İsmayılın səhv etdiyini və ona dəyən maddi ziyanı ödəyəcəyini bildirdiyini, Elman həmkəndlisi Elqayıta maddi ziyanın 600 manat olduğunu söylədiyini, Elqayıt ona dəyən 600 manat dəyərində maddi ziyanı ödədiyini və onun İsmayıldan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Həmçinin məhkəməyə ərizə təqdim edərək bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir, onunla barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid3 və Şahid6 Zərərçəkmiş şəxs dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə verdilər. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, O, Bərdə rayonu Mehtili kəndində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayon Mehtili kəndində yaşayır. 12 avqust 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs onun doğma oğludur, subaydır, heç bir yerdə işləmir. 22 aprel 2022-ci il tarixdə o evdə olan zaman ona həmkəndlisi Elman zəng edərək oğlu İsmayılın ona məxsus quzularını oğurladığını bildirdiyini, Elqayıt dərhal oğlu İsmayıla zəng etdiyini, oğlu İsmayıl ona Bakı şəhərində olduğunu dediyini, Elqayıt ona dərhal rayona qayıtmasını və Elmanın quzularını oğurladığını dediyini, İsmayıl telefonda Elqayıta həmkəndlisi Elmanın quzularını oğurladığını və Mal bazarında satdığını dediyini, sonra oğlu İsmayıl yaşadığı evə gələrək hər şeyi etiraf etdiyini, Elmana oğlunun səhv etdiyini, peşiman olduğunu və ona dəymiş 600 manat maddi ziyanı ödədiyini, Elman onunla razılaşaraq heç bir şikayət və tələbinin olmayacağını dediyini, sonra polis əməkdaşları oğlu İsmayılı polis şöbəsinə dəvət etdiklərini bildirdi. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, o, Bərdə rayonu Xəsilli kəndində anadan olmuş və həmin ünvanda ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır, VAZ- 21001 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili var və həmin avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. 22 aprel 2022-ci il tarixdə saat 02 radələrində istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə tanımadığı ***-***-**-** saylı mobil nömrədən zəng gələrək üç baş quzunun mal bazarına apara biləcəyini soruşduğunu, sonradan adı bildiyi İsmayıl adlı şəxsə apararacağı təqdirdə 15 manat alacağını, həmin şəxs onunla razılaşdığını, yaşadığı evdən çıxıb Bərdə rayonu Mehtili kəndinə həmin şəxsin dediyi yerə gəldiyini, İsmayıl kəndin girəcəyində yolun kənarında onu gözlədiyini, İsmayılın yanında saxladığını, İsmayıl üç baş quzunu onun idarə etdiyi avtomaşının yük yerinə qoyduğunu, onunla birlikdə Bərdə rayon Mal bazarına getdiyini, orada İsmayıl quzuları maşından düşürüb satmağa apardığını, İsmayılı təxminən 30 dəqiqəyə kimi gözlədiyini, İsmayıl quzuları satıb gəldikdən sonra ona 15 manat pul verdiyini, sonra İsmayılı Bərdə rayonu Mehtili kəndinin girişində düşürərək öz işinin arxasınca getdiyini, sonradan İsmayılın onunla apardığı üç baş quzuların oğurluq olmasını eşitdiyini, İsmayılın sonradan Elqayıtın oğlu olduğunu öyrəndiyini, İsmayılın oğurladığı quzuların oğurluq olmasından onun xəbəri olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadəsi elan olundu. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, İmişli şəhərində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə şəhəri H.Əliyev prospekti bina 112-də yaşayır. 2020-ci ildən Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir polis baş leytenantıdır. O, Bərdə rayon Mehtili kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan ağıldan üç baş quzunun oğurlanması faktı ilə Bərdə rayon Mehtili kəndində yaşayan Təqsirləndirilən şəxs olması barədə əməliyyat məlumatı daxil olduğunu, əməliyyat məlumatı əsasında tərəfindən 22 aprel 2022-ci il tarixdə Bərdə rayonu Mehtili kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisində müəyyən edilərək Bərdə rayon Polis şöbəsinə dəvət edildiyini, polis şöbəsində Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə saat 01 radələrində yaşadığı kənddə həmkəndlisi Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətində qarğı ilə hörülmüş ağıldan üç baş quzuları oğurladığını könüllü olaraq etiraf etdiyini, Təqsirləndirilən şəxs törətdiyi cinayəti könüllü etiraf etdiyi üçün törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinə təhvil verildiyini, əməliyyat tapşırığına əsasən müəyyən edərək Təqsirləndirilən şəxs oğurluq hadisəsini tək törətdiyini, hadisədən sonra üç baş quzunu Bərdə rayonu Mal bazarında 480 manata sataraq əldə etdiyi pullarla Bakı şəhərinə getdiyini və orada pulları öz ehtiyacı üçün xərclədiyini bildirmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2022ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 53-54-cü vərəqələrində olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 06 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 106-107-ci vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 12 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavələr edilərək, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 93-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2022-ci il tarixli 9/3418 nömrəli rəyindən görünür ki, 3 (üç) baş qızılı rəngli , 8 aylıq, diri çəkisi 15 kq olan xırda buynuzlu quzuların 2022-ci ilin mart-aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 300 (3 başx100man) manat müəyyən edilir. (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir) Cinayət işinin 92-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 97-104-cü vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın miqdarının məhkəmə-əmtəəşünaslıq ekspertiza rəyinə uyğun olaraq 300 manat olması nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şiakyət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 06 may 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 12 iyun 2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavələr edilərək, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 AZN Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar