Məhkəmə qərarları › İş №1(021)-137/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-137/2022

04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-137/2022 04.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1993-cü ildə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib, CMnin 67.1-ci maddəsinə əsasən 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməyən, Bərdə rayonu Mustafaağalı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 1745 radələrində Bərdə rayonu Mustafağalı kəndində kafedə olan zaman, Zərərçəkmiş şəxs ilə birlikdə oturub yemək yemiş, sonra Rəşad Hüseynzadə kafedən çölə çıxardaraq hansı səbəbə görə yediyi yeməyin pulunu vermədiyini deyərək şəxsi münasibətlər zəminində mübahisə yaratmış, mübahisə zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs əli ilə üz nahiyəsindən vurduğuna görə, Təqsirləndirilən şəxs bir dəfə əli ilə Zərərçəkmiş şəxs alın nahiyəsindən qəsdən vuraraq alın nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Musatafağalı kəndində, Xəlil adlı şəxsin kafesində olarkən, Zərərçəkmiş şəxs kafeyə gəlmiş, Cavidi stola dəvət etmişdir ki, yemək yesin. O, yemək yeyərkən, Cavid kafedə işləyən qızla söhbət etməyə getmişdir. Cavidə, “gəl stolda otur yeməyini ye hörmətsizlik eləmə" demişdir. Cavid onun sözünə məhəl qoymamış və bu səbəbdən aralarında bir neçə saniyəlik sözlə mübahisə olmuşdur. Cavidi söz demək üçün kafedən çölə çıxarmışdır. Onlar birlikdə kafenin arxasına keçərkən, Cavidə, “niyə mənə hörmətsizlik edirsən” sualını vermiş, Cavid onu söyüb təhqir etmişdir. Cavidin cavabın verərkən, sonuncu onun üzünə əli ilə vurmuşdur. Özü də əsəbləşərək Cavidin sifət nahiyəsindən əli ilə bir dəfə vurmuşdur. Cavid 102 xidmətinə zəng edərək məlumat vermişdir. Cavidlə aralarında baş verən mübahisə təxminən 1 dəqiqə davam etmişdir. Həmin vaxtı yanlarında heç kim olmamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, hazırda ona dəymiş ziyanı ödədiyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə şam yeməyi yemək üçün Bərdə rayonu Musatafağalı kəndində Xəlil adlı şəxsin kafesinə gəlmişdir. Həmin vaxtı orda bir neçə nəfər üzdən tanıdığı şəxslər oturmuşdur. Onlar birlikdə stolda oturmuş və qonaqlar üçün kabab hazırlanmışdır. Stuldan durmuşdur ki, əvvəldən içilən pivənin pulun versin. Bu vaxtı Təqsirləndirilən şəxs ona atmacalı söz atmışdır. Rəşada, “sənə ayıb olsun durdum içdiyiniz pivənin pulunu verəm” demişdir. Bu vaxt Rəşadla arasında sözlə mübahisə olmuşdur. Pivənin pulunu verərkən Rəşad ona yaxınlaşmış, çölə çağırmış və söz deyəcəyini demişdir. Stolda oturan şəxslərə, “gözləyin Rəşadla söhbət edim gəlirəm” demişdir. Rəşadla kafenin arxa tərəfinə getmiş və həmin vaxtı aralarında təxminən 20-30 saniyə söhbət olarkən, Rəşad onu söyərək onun alın nahiyəsindən yumruqla vurmuşdur. Dərhal 102 xidmətinə zəng edərək məlumat vermişdir. Mübahisə zamanı yanlarında heç kim olmamış, Rəşadı vurmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 02 iyun 2022-ci il tarixli 364 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarət - alın nahiyəsinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 136 saylı 17 iyun 2022-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Mustafaağalı kəndində yaşayır. Ailə üzvləri: arvadı-X4, oğlu-2016-cı il təvəllüdlü X3 və oğlu-2018-ci il təvəllüdlü X2 ibarətdir. Təqsirləndirilən şəxs Bərdə rayonu Mustafaağalı kəndində yaşamaqla özünü sakit və tərbiyəli aparmışdır. Ailəlidir, 3 uşağı vardır. Ailədə xırda söz-söhbətlər olmasına baxmayaraq ümumilikdə ailəcanlıdır, qoçaqdır, zəhmətsevər insandır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məheum etmə cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 1(021)-165/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 09 (doqquz) günü Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 09 (doqquz) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilmiş cəzasının çəkmiş olduğu 01 (bir) ay 26 (iyirmi) günü çıxılmaqla, çəkilməmiş 07(yeddi) ay 04(dörd) günü Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40-cı maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxs barışdıqda cinayət təqibi həyata keçirilməyə və ya cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar