Məhkəmə qərarları › İş №1(021)-137/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-137/2024

12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-137/2024 12.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, 20 avqust 1998-ci ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 178.2.1 və 178.2.2-ci maddələri ilə 16 avqust 1991-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şuşa şəhəri Çaparidze küçəsi ev 20-də qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvanda yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə 09 avqust 1990-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri H.Əliyev prospekti ev 2, mənzil 13-də qeydiyyatda olan və ünvan 3i ünvanda yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 xəstə, qoca və ölmüş mal-qara, eləcə də at və uzunqulağı müxtəlif şəxslərdən ucuz qiymətə alıb Təqsirləndirilən şəxs2 yaşadığı Bərdə rayonu, Kələntərli qəsəbəsi, Sənayə küçəsində yerləşən fərdi yaşayış evinin həyətindəki tövlədə sanitar-gigiyenik tələblərə cavab verməyən xüsusi ayrılmış yerdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə kəsib doğradıqdan sonra müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək orqanaleptik əlamətlərinə və fiziki-kimyəvi göstəricilərinə görə mikrobioloji çirklənməyə məruz qalmış, istehlaka yararsız və insan sağlamlığı üçün təhlükəli olan ümumilikdə 50 kiloqramdan artıq çəkidə ət məhsulunu 13 fevral 2024-cü il tarixdə keyfiyyətli mal əti adı ilə sonuncuya Bərdə rayonu, Kələntərli qəsəbəsi, Sənaye küçəsində 560 manata satıb həmin məbləğdə pulu ələ keçirməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 560 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişlər. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təkrarən özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 xəstə, qoca və ölmüş mal-qara, eləcə də at və uzunqulağı müxtəlif şəxslərdən ucuz qiymətə alıb Təqsirləndirilən şəxs2 yaşadığı Bərdə rayonu, Kələntərli qəsəbəsi, Sənayə küçəsində yerləşən fərdi yaşayış evinin həyətindəki tövlədə sanitar-gigiyenik tələblərə cavab verməyən xüsusi ayrılmış yerdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə kəsib doğradıqdan sonra müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək orqanaleptik əlamətlərinə və fiziki-kimyəvi göstəricilərinə görə mikrobioloji çirklənməyə məruz qalmış, istehlaka yararsız və insan sağlamlığı üçün təhlükəli olan ümumilikdə 60 kiloqramdan artıq çəkidə ət məhsulunu 22 fevral 2024-cü il tarixdə keyfiyyətli mal əti adı ilə sonuncuya Bərdə rayonu, Kələntərli qəsəbəsi, Sənaye küçəsində 640 manata satıb həmin məbləğdə pulu ələ keçirməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 640 manat məbləğində maddi ziyan vuraraq təkrar dələduzluq etmişlər. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təkrarən özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 xəstə, qoca və ölmüş mal-qara, eləcə də at və uzunqulağı müxtəlif şəxslərdən ucuz qiymətə alıb Təqsirləndirilən şəxs2 yaşadığı Bərdə rayonu, Kələntərli qəsəbəsi, Sənayə küçəsində yerləşən fərdi yaşayış evinin həyətindəki tövlədə sanitar-gigiyenik tələblərə cavab verməyən xüsusi ayrılmış yerdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə kəsib doğradıqdan sonra müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək orqanaleptik əlamətlərinə və fiziki-kimyəvi göstəricilərinə görə mikrobioloji çirklənməyə məruz qalmış, istehlaka yararsız və insan sağlamlığı üçün təhlükəli olan ümumilikdə 90 kiloqramdan artıq çəkidə ət məhsulunu 26 fevral 2024-cü il tarixdə keyfiyyətli mal əti adı ilə sonuncuya Bərdə rayonu, Kələntərli qəsəbəsi, Sənaye küçəsində 1000 manata satıb həmin məbləğdə pulu ələ keçirməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 1000 manat məbləğində maddi ziyan vuraraq təkrar dələduzluq etmişlər. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təkrarən özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 xəstə, qoca və ölmüş mal-qara, eləcə də at və uzunqulağı müxtəlif şəxslərdən ucuz qiymətə alıb Təqsirləndirilən şəxs2 yaşadığı Bərdə rayonu, Kələntərli qəsəbəsi, Sənayə küçəsində yerləşən fərdi yaşayış evinin həyətindəki tövlədə sanitar-gigiyenik tələblərə cavab verməyən xüsusi ayrılmış yerdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə kəsib doğradıqdan sonra müştəri kimi müraciət etmiş Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək orqanaleptik əlamətlərinə və fiziki-kimyəvi göstəricilərinə görə mikrobioloji çirklənməyə məruz qalmış, istehlaka yararsız və insan sağlamlığı üçün təhlükəli olan ümumilikdə 160 kiloqramdan artıq çəkidə ət məhsulunu 29 fevral 2024-cü il tarixdə keyfiyyətli mal əti adı ilə sonuncuya Bərdə rayonu, Kələntərli qəsəbəsi, Sənaye küçəsində 1600 manata satıb həmin məbləğdə pulu ələ keçirməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 1600 manat məbləğində maddi ziyan vuraraq təkrar dələduzluq etmişlər. Bununla da, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs1 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, təxminən 5-6 ildir Bərdə rayonunda heyvandarlıqla məşğul olur. Bərdə şəhərində yerləşən heyvan bazarından iribuynuzlu heyvanları, atları müxtəlif şəxslərdən alır və diri şəkildə də başqa şəxslərə sataraq qazanc əldə edir. Aldığı atlar kök olarkən həmin atları kəsib inək əti adı ilə satmışdır. At əti inək ətinə bənzədiyindən alan şəxslər də həmin ətin at əti olduğunu hiss etməmişlər. Həmin atların tapılıb kəsilməsində tanışı Təqsirləndirilən şəxs3 ona kömək etmişdir. Həmin atları Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən fərdi evin həyətindəki tövlədə Ramalla birlikdə kəsib müxtəlif şəxslərə satmışlar. Təqsirləndirilən şəxs3 onu Təqsirləndirilən şəxs2la tanış etmiş, sonuncu Bakı şəhərində tanışının olduğunu və kolbasa sexi açmaq istədiyini, ona ucuz qiymətə ət lazım olduğunu bildirmişdir. Orxan və Ramalla görüşərkən onlara təklif etmişdir ki, həmin şəxsə mal əti adı ilə at əti satsalar daha çox gəlir əldə edər və həmin gəliri aralarında bölə bilərlər. Onlar da onunla razılaşmışlar. Orxan özü də atların kəsilib doğranmasında kömək edəcəyini bildirmişdir. Danışıq zamanı razılaşmışlar ki, atların alınması ilə Ramal və o məşğul olacıqdır. Atlar alındıqdan sonra Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, Kələntərli qəsəbəsi, Sənaye küçəsi adlanan yerdə yerləşən fərdi yaşayış evinin həyətindəki tövləyə gətiricilək və orada Orxan və Ramal tərəfindən kəsilərək hissələrə ayrılacaqdır. Təxminən 2024-cü ilin fevral ayının ortalarında Orxan qabaqcadan onlara məlumat verdiyi Zərərçəkmiş şəxs adlı müştərini onlarla görüşdürərək dana əti almaq istədiyini bildirmişdir. Əvvəldən razılaşmaya əsasən ona ətin bir kilosunun qiymətini 10 manata təklif etmişlər. 13 fevral 2024-cü il tarixdə Elşənin sifarişi əsasında ona 560 manat dəyərində ət satılmışdır. Elşən həmin ətləri dana əti olaraq sifariş etməsinə baxmayaraq ona məlumatı olmadan at əti satmışlar. 22 fevral 2024-cü il tarixdə yenidən Elşənin istəyi ilə ona 640 manat dəyərində ət satılmışdır. Həmin ətləri də Elşən dana əti olaraq sifariş etmiş, lakin Elşənin məlumatı olmadan ona at əti satmışlar. 26 fevral 2024-cü il tarixdə Orxan və Ramal Elşən ilə görüşmüş, Elşənə 1000 manat dəyərində ət məhsulları vermişlər. Elşən elə zənn etmiş ki, bu ət məhsulları da hər dəfəsində olduğu kimi dana ətidir. Lakin onun məlumatı olmadan ona at əti satılmışdır. Elşən aldığı ətlərə görə 1000 manat pulu Ramala vermişdir. 29 fevral 2024-cü il tarixdə Elşənin istəyi ilə ona 1600 manat dəyərində ət məhsulları satmışlar. Ət məhsulları yenə də at əti məhsulları olsa da, həmişə kimi Elşənin bundan məlumatı olmamış və Elşən həmin ət məhsulların dana əti məhsulları olmasını zənn etmişdir. Elşən həmin ətə görə 1600 manat pulu Ramala vermişdir. Alınan bütün pulları da heyvanların alınmasına çəkilən xərclər çıxıldıqdan sonra üçü arasında bölünmüşdür. Sonuncu dəfə 02 mart 2024-cü il tarixdə gecə saatlarında Orxan Elşənə 1000 manat dəyərində ət məhsulu satmalı idi. Həmin ətlər də at və uzunqulaq ətləri olmuşdur. Həmin vaxt o Ramalla atları alıb tövləyə bağladıqdan sonra şəxsi işləri olduğundan evə getmişdir. Atları isə Ramal və Orxan kəsib soymalı idilər. Lakin növbəti gün onun məlumatı olmuşdur ki, Orxan Elşənə ətləri satarkən polis əməkdaşları tərəfindən at və uzunqulaq əti satması müəyyən olunmuşdur. Hazırda Zərərçəkmiş şəxs vurduğu ziyanı ödəmiş, əlavə olaraq dövlət büdcəsinə öz payına düşən hissədə 316 manat məbləğində pul ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Etdiyi hərəkətə görə zərərçəkmiş şəxsdən üzr istəmişdir. Həmçinin, dövlət büdcəsinə dəymiş ziyanın 25%-i miqdarında vəsaiti ödəmişdir. Odur ki, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Bərdə şəhəri, Kələntərli qəsəbəsi, Sənaye küçəsi adlanan yerdə torpaq sahəsi və tövləsi var. Həmin torpaq sahəsi və tövlə 2019-cu ildən onun istifadəsindədir. X1 və Təqsirləndirilən şəxs3 da onun həmyerlisidir. Təqsirləndirilən şəxs1 Bərdə rayonunda ət satışı ilə məşğul olmuş, Təqsirləndirilən şəxs3 də ona bu işdə köməklik etmişdir. Təxminən 2024-cü ilin fevral ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs ilə söhbət edərkən kolbasa sexi açmaq istədiyini, bütün avadanlıqları olduğunu, təkcə ucuz qiymətə ət almaq qaldığını bildirmişdir. Sonuncuya Bərdə rayonundan olduğunu və Bərdədə bu işlə məşğul olan tanışları olduğunu, onlarla maraqlanıb xəbər edəcəyini bildirmişdir. Bu barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bildirmişdir. Onlar razılaşıb Elşənə mal əti verə biləcəklərini demişlər. Lakin danışıq zamanı İlkin mal əti satan zaman gəlirin az qalacağını bildirmiş və təklif etmiş ki, Elşənə mal əti adı ilə at əti satsınlar. O da İlkinlə razılaşmışdır. Danışıq zamanı razılaşmışlar ki, atların alınması ilə Ramal və İlkin məşğul olacaqlar. Atlar alındıqdan sonra Bərdə şəhəri, Kələntərli qəsəbəsi, Sənaye küçəsi adlanan yerdə yerləşən fərdi yaşayış evinin həyətindəki tövləyə gətiricilək və orada o və Ramal tərəfindən kəsilərək hissələrə ayrılacaqdır. Aralarında olan vəzifə bölgüsünə əsasən İlkin və Ramal ucuz qiymətə xəstə və qoca atların alınması ilə, Ramal və o isə həmin atların kəsilməsi, soyulması, hissələrə ayrılması ilə məşğul olacaqdır. 2024-cü ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs İlkin və Ramal ilə görüşdürərək tanış etmişdir. Əvvəldən razılaşmalarına əsasən İlkin və Ramal ətin bir kilosunun qiymətini 10 manata təklif etmişlər. 13 fevral 2024-cü il tarixdə Elşənin sifarişi əsasında ona 560 manat dəyərində ət satılmışdır. Elşən həmin ətləri dana əti olaraq sifariş etməsinə baxmayaraq ona satılmış ətlər at ətləri olmuşdur. Elşənə ətlər verildikdə sonuncu İlkinə 560 manat pul vermişdir. Daha sonra 22 fevral 2024-cü il tarixdə yenidən Elşənin istəyi ilə ona 640 manat dəyərində at əti satılmışdır. Həmin ətləri də Elşən dana əti olaraq sifariş etmişdir. Lakin Elşənin məlumatı olmadan ona at əti satmışlar. 26 fevral 2024-cü il tarixdə Ramal Elşən ilə görüşmüşlər. Elşənə 1000 manat dəyərində at əti vermişlər. Elşən zənn etmişdir ki, bu ət məhsulları da hər dəfəsində olduğu kimi dana ətidir. Lakin onun məlumatı olmadan ona at əti satmışlar. Elşən aldığı ətlərə görə 1000 manat pulu onun yanında Ramala vermişdir. 29 fevral 2024cü il tarixdə Elşənin istəyi ilə ona 1600 manat dəyərində ət məhsulları satmışlar. Ət məhsulları yenə də at əti məhsulları olsa da, həmişəki kimi Elşənin bundan məlumatı olmamışdır və Elşən həmin ət məhsulların dana əti məhsulları olmasını zənn etmişdir. Həmin ətə görə Elşən pul vəsaitini nağd şəkildə Ramala vermişdir. 02 mart 2024-cü il tarixdə saat 03 radələrində Elşən ilə özünə məxsus həyətin qarşısında görüşmüşlər. Elşən onlardan ət almağa gəlmişdir. Elşən gələnə qədər İlkin və Ramal atları alıb gətirmiş və bundan sonra o Ramal ilə atları soyaraq hissələrə ayırmış və bundan sonra onlar oradan çıxıb getmişlər. Elşən gəldikdə həyətin qarşısına çıxmış və onlar görüşdükdə Elşən ona alacağı ətə görə 1000 manat pul vermişdir. O pulu sayaraq cibinə qoymuşdur. Elşən ilə razılaşmalarına əsasən ona 1000 manat müqabilində dana əti verməli idi. Elşənlə söhbət edərkən qəfil mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirmişlər. Cibində olan ət satmaq üçün Elşəndən aldığı 10 ədəd 100 manatlıq əskinası çıxararaq polis əməkdaşına təqdim etmişdir. Həmin pul vəsaitləri sayıldıqdan sonra seriya nömrələri video qeydiyyata alınmış və polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan sonra onun iştirakı ilə tövəyə baxış keçirilmişdir. Orada onun həmin gün kəsdiyi və Elşənə satmaq üçün nəzərdə tutduğu at və eşşək ətləri, cəsədləri, orqanları aşkar edilmişdir. Həmin vaxt tövlədə “07" baş at və “01” baş eşşək kəlləsi aşkar edilmişdir. Aldığı bütün pulları aralarında bölmüşlər. Hazırda Zərərçəkmiş şəxs vurduğu ziyanı ödəmiş, əlavə olaraq dövlət büdcəsinə öz payına düşən hissədə 316 manat məbləğində pul ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Etdiyi hərəkətə görə zərərçəkmiş şəxsdən üzr istəmişdir. Həmçinin, dövlət büdcəsinə dəymiş ziyanın 25%-i miqdarında vəsaiti ödəmişdir. Odur ki, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, uzun illərdir qəssablıqla məşğul olur. Təqsirləndirilən şəxs1 uzun illərdir tanıyır, onun qonşuluğunda yaşayır. Onun fermasında 200 başdan artıq donuzu olmuşdur. Onun heyvanlarına baxmış və kəsim vaxtı onları kəsmişdir. Təqsirləndirilən şəxs2 da onun həmyerlisidir. 2024-cü ilin fevral ayının əvvəlində Orxan ona bir nəfər müştərinin ət almaq istədiyini bildirmişdir. O da bu barədə İlkinə məlumat vermişdir. Onlar əvvəl ona mal əti vermək istəmişlər. Lakin sonradan İlkin mal əti versələr gəlirin az qalacağını bildirmiş və təklif etmişdir ki, həmin şəxsə at əti versinlər. Onlar belə qərara gəlmişlər ki, dana əti almaq istəyən həmin şəxsə daha ucuz qiymət başa gələn at əti satsınlar və gəliri aralarında bölsünlər. Razılaşmaya əsasən İlkin və o atları tapıb almalı, bundan sonra Orxanla birlikdə həmin atları kəsib soymalı idilər. 2024-cü ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs onlarla görüşərək dana əti almaq istədiyini bildirmişdir. Əvvəldən razılaşmalarına əsasən onlar ətin bir kilosunun qiymətini 10 manata təklif etmişlər. 13 fevral 2024-cü il tarixdə Elşənin sifarişi əsasında ona 560 manat dəyərində ət satılmışdır. Elşən həmin ətləri dana əti olaraq sifariş etməsinə baxmayaraq ona satılmış ətlər at ətləri olmuşdur. Elşənə ətlər verildikdə, Elşən İlkinə 560 manat pul vermişdir. 22 fevral 2024-cü il tarixdə yenidən Elşənin istəyi ilə ona 640 manat dəyərində ət satılmışdır. Həmin ətləri də Elşən dana əti olaraq sifariş etmişdir. Lakin Elşənin məlumatı olmadan ona at əti satmışlar. Yadında qaldığı qədər həmin vaxt Elşən 540 manat pulu nağd şəkildə vermiş, qalan 100 manat pul isə İlkinin kart hesabına göndərilmişdir. 26 fevral 2024-cü il tarixdə Orxanla o Elşən ilə görüşmüşdür. Elşənə 1000 manat dəyərində ət məhsulları vermişlər. Elşən elə zənn etmişdir ki, bu ət məhsulları da hər dəfəsində olduğu kimi dana ətidir. Lakin onlar onun məlumatı olmadan ona at əti satmışlar. Elşən aldığı ətlərə görə 1 000 manat pulu ona vermişdir. 29 fevral 2024-cü il tarixdə Elşənin istəyi ilə ona 1600 manat dəyərində ət məhsulları satmışlar. Ət məhsulları yenə də at əti məhsulları olsa da, həmişəki kimi Elşənin bundan məlumatı olmamış və Elşən həmin ət məhsulların dana əti məhsulları olmasını zənn etmişdir. Həmin ətə görə Elşən pul vəsaitini nağd şəkildə ona vermişdir. 02 mart 2024-cü il tarixdə İlkinlə atları alıb Orxanın fermasında kəsmişdir. Elşən gələnə qədər onlar ətləri soyaraq hissələrə ayırmış və oradan çıxıb getmişdir. Orxan isə Elşənə ət satmaq üçün orada gözləmişdir. Sonradan məlumatı olmuş ki, polislər gəlmiş və Orxanı tutmuşlar. Hazırda Zərərçəkmiş şəxs vurduğu ziyanı ödəmiş, əlavə olaraq dövlət büdcəsinə öz payına düşən hissədə 316 manat məbləğində pul ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Etdiyi hərəkətə görə zərərçəkmiş şəxsdən üzr istəmişdir. Həmçinin, dövlət büdcəsinə dəymiş ziyanın 25%-i miqdarında vəsaiti ödəmişdir. Odur ki, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 329-cu maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub elan edir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, özünə kolbasa sexi açmaq qərarına gəlmişdir. Ona görə də ucuz ət axtarmışdır ki, ziyanı az olsun. Bununla bağlı məsləhət görmüşlər ki, Bərdə rayonundan ucuz mal əti almaq mümkündür. Tanışları vasitəsilə Təqsirləndirilən şəxs2 adlı şəxslə əlaqə saxlamışdır. Danışıq zamanı Orxan Bərdə rayonunda ət işinə baxan tanışları olduğunu bildirmiş və onu İlkin və Ramal adlı şəxslərlə tanış etmişdir. Onlarla görüşərək kolbasa sexi açacağını, buna görə də ucuz və keyfiyyətli dana əti almaq istədiyini bildirmişdir. Həmçinin o bildirmiş ki, bir neçə ton ət alacaqdır və ona görə də ətin qiyməti biraz ucuz olsun. Aralarında olan danışıq zamanı ona bildirmişlər ki, dana ətinin bir kiloqramını ona 10 manata satacaqlar. O soruşduqda ki, niyə belə ucuz verirlər, sonuncu ona demişdir ki, gələcəkdə bir neçə ton alacağına görə belə ucuz verir. Keyfiyyətini soruşduqda demişdir ki, heç bir problemi yoxdur və salamat, təmiz mal ətidir. O həmin şəxslərin sözlərinə inanmış və bundan sonra həmin şəxslərdən ət almağa başlamışdır. 13 fevral 2024-cü il tarixdə Ramal və İlkin ilə Bərdə rayonu Kələntərli qəsəbəsi, Sənaye küçəsində görüşərək onlardan ət almışdır. O ətlərin keyfiyyəti barədə maraqlandıqda Ramal və İlkin bildirmişlər ki, keyfiyyətli dana ətidir və heç bir problemi yoxdur. Həmin görüşdə o İlkinə 560 manat pul vermişdir. Bundan sonra 22 fevral 2024-cü il tarixdə Bərdə rayonu ərazisində yenidən həmin yerdə Ramal və İlkin ilə görüşərək onlardan ət almışdır. Həmin vaxt o İlkinə 540 manat pul vermiş və qalıq qalan 100 manatı kartına göndərəcəyini bildirmişdir. Buna görə də İlkin ona 4098 0944 2299 4382 saylı kart hesabını vermiş və o da həmin hesaba 100 manat sonradan pul göndərmişdir. Əti alarkən o keyfiyyəti barədə, dana əti olub-olmadığını maraqlandıqda Ramal və İlkin ona bildirmişdir ki, ətin heç bir problemi yoxdur, keyfiyyətli dana ətidir. 26 fevral 2024-cü il tarixdə Bərdə rayonunda Orxan və Ramal adlı şəxslərlə görüşüb onlardan ət almış və qarşılığında Ramala 1000 manat pul vermişdir. Sonuncu dəfə 29 fevral 2024-cü il tarixdə Ramal və Orxan adlı şəxslərlə Bərdə rayonunda həmin yerdə görüşmüş və onlardan ət alaraq 1600 manat pul vermişdir. Həmin məbləği də Ramala vermişdir. O bu ətləri aldıqdan sonra soyuducuya yerləşdirmişdir ki, orada xarab olmadan qalsın. xx.xx.2024-cü il tarixdə səhər saatlarında soyuducuda olan ətlərə baxdıqda görmüşdür ki, ətin rəngi qəribədir, qızarmış formadadır. Həmçinin ətlərə diqqətlə baxdıqda mal ətinə oxşamadığını görmüşdür. Buna görə də o belə bir ehtimal yaranmışdır ki, Orxan, Ramal və İlkin onu aldadaraq keyfiyyətli mal əti adı ilə ona keyfiyyətsiz başqa heyvana məxsus əti satmışlar. Bu şübhənin yaranması səbəblərindən biri də ətin ona bazar qiymətindən çox ucuz satılması olmuşdur. Ona görə də 01 mart 2024-cü il tarixdə başına gələn hadisə barədə polis orqanına məlumat vermiş və növbəti dəfə Orxan adlı şəxs ilə 02 mart 2024-cü il tarixdə ət alacağını bildirmişdir. Həmin alqı-satqıda iştirak edəcəyinə və polisə bu cinayətkarın ifşa olunmasında köməklik edə biləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə o əməliyyat xərcləri üçün nəzərdə tutulmuş puldan 1000 manat pul verilmişdir. Çünki sonuncu dəfə Orxandan ət alarkən demişdir ki, xx.xx.2024-cü il tarixdə ona 1000 manatlıq ət verəcəkdir. Ona görə də əvvəlcədən kserosurəti çıxarılmış əməliyyat xərcləri üçün ayrılmış 10 ədəd 100 manatlıq əskinasdan ibarət 1000 manat pulu da götürüb polis əməkdaşları ilə birlikdə Bərdə rayonu, Kələntərli qəsəbəsi, Sənaye küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına getmişdir. Polis əməkdaşları kənarda dayanıb müşahidə etmişlər. O Orxan ilə onun evinin qarşısında görüşmüş və alacağı ətə görə ona 1000 manat pul vermişdir. Bu zaman polis əməkdaşları yaxınlaşmışlar və videoçəkiliş formasında baxış keçirmişlər. Baxış zamanı əvvəlcədən kserosurəti çıxarılmış əməliyyat xərcləri üçün ayrılmış 1000 pulu Orxan cibindən çıxararaq polis əməkdaşına təqdim etmişdir. Bundan sonra Orxanın ətləri kəsdiyi tövləyə polis əməkdaşları ilə baxış keçirərkən orada “07” ədəd at, “01” ədəd uzunqulaq kəlləsinin olması müəyyən olunmuşdur. Baxış zamanı Orxan bu ətləri Ramal və Emil ilə birlikdə kəsməsini bildirmişdir. Bu ətləri Orxan ona satmaq üçün kəsmişdir. Bundan sonra əmin olmuşdur ki, Orxan, Ramal və İlkin onu aldadaraq ona keyfiyyətli dana əti əvəzinə keyfiyyətsiz, istifadəyə yararsız at və uzunqulaq ətləri satmışlar. Hadisə nəticəsində ona ümumilikdə 3800 manat maddi ziyan vurulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlində təqsirləri məhkəmə istintaqı zamanı özlərinin etirafedici ifadələri ilə, eləcə də işdə olan təkzibolunmaz digər mötəbər dəlillərlə və iş materialları ilə tam olaraq sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxslərə elan olunmuş ittiham məhkəmə istintaqı ilə öz təsdiqini tamamilə tapmış, onların törətdiyi əməl düzgün olaraq CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə tövsif olunmuşdur. Bununla belə məhkəmə zərərçəkmiş şəxsin teleqramını nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və onlar cinayət məsuliyyətindən azad edilməlidirlər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İttiham aktından, cinayət işinin materiallarından və Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş teleqramdan görünür ki, cinayət əməli nəticəsində vurulan ziyan, yəni 3800 (üç min səkkiz yüz) manat məbləğində pul Zərərçəkmiş şəxs tam olaraq ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Bərdə terminalının 31 iyul 2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 vurulmuş ziyanın iyirmi beş faizi miqdarı olan 950 (doqquz yüz əlli) manat məbləğində pulun ona aid 316 (üç yüz on altı) manatını dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Bərdə terminalının 31 iyul 2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 vurulmuş ziyanın iyirmi beş faizi miqdarı olan 950 (doqquz yüz əlli) manat məbləğində pulun ona aid 316 (üç yüz on altı) manatını dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Bərdə terminalının 31 iyul 2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs3 vurulmuş ziyanın iyirmi beş faizi miqdarı olan 950 (doqquz yüz əlli) manat məbləğində pulun ona aid 316 (üç yüz on altı) manatını dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73- 2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. 72-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1 və 43.1.2-ci maddələrinə görə, məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.2ci maddələri ilə olan cinayət təqibinə xitam verilməli və onlar cinayət məsuliyyətindən azad edilməlidirlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan 07 ədəd at başı, 01 ədəd uzunqulaq başı və digər hissələri, Zərərçəkmiş şəxs təqdim etdiyi ət məhsulları qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan əməliyyat tədbirində istifadə olunmuş “A51544767”, “C83739854”, “C94294660”, “C69353001”, “A94266911”, “A53391558”, “A51790797”, “C35207507”, “C92608047”, “C05347492” seriyalı 10 ədəd 100 manatlıq pul əskinaslarının Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün fonduna təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 73, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Nəticəvi hissə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışdığından və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdığından və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışdığından və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan 07 ədəd at başı, 01 ədəd uzunqulaq başı və digər hissələri, Zərərçəkmiş şəxs təqdim etdiyi ət məhsulları qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan əməliyyat tədbirində istifadə olunmuş “A51544767”, “C83739854”, “C94294660”, “C69353001”, “A94266911”, “A53391558”, “A51790797”, “C35207507”, “C92608047”, “C05347492” seriyalı 10 ədəd 100 manatlıq pul əskinaslarının Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün fonduna təhvil verilməsi və 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar