Məhkəmə qərarları › İş №1(021)-137/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-137/2025

23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-137/2025 23.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının 09 ay 06 gününü çəkməkdən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri Koroğlu küçəsi ev 7-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahısına əsasən 1 (bir) ədəd şəffaf sellofan bükümdə və 1 (bir) ədəd göy rəngli sellofan bükümdə ümumi təmiz çəkisi xeyli miqdar hesab edilən 0,238 qram çəkidə narkotik vasitə olan heroini və 1 (bir) ədəd gümüşü kağız bükümdə və 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə ümumi təmiz çəkisi xeyli miqdar hesab edilən 0,164 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib qanunsuz olaraq üzərində saxlamış, 19 iyun 2025-ci il tarixdə saat 1850 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə şəhəri Koroğlu küçəsində şübhəli şəxs qismində saxlanılıb üzərinə yoxlama və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə və 1 (bir) ədəd göy rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,094 qram və 0,144 qram olmaqla, ümumi təmiz çəkisi xeyli miqdar hesab edilən 0,238 qram çəkidə narkotik vasitə olan heroin və 1 (bir) ədəd gümüşü kağız bükümdə və 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,025 qram və 0,139 qram olmaqla ümumi təmiz çəkisi xeyli miqdar hesab edilən 0,164 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onu toya dəvət etmişlər. Bərdə şəhərində yerləşən Mədəniyyət evinin yanından keçərkən polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onu saxladıqları yerdə qolundan tutub saxlamış, daha sonra üzərinə baxış keçirmiş və narkotik vasitələri aşkar edərək götürmüşlər. Həmin vaxt üzərində iki növ narkotik vasitə olmuşdur. Narkotikləri iki yerə bölmüşdür ki, toyda istifadə etsin. Narkotikləri özü iki yerə bölmüşdür ki, istifadə edəndə çox olmasın. Hər iki narkotiki qarışdırıb istifadə etmək olmur, reaksiya gedir. Üzərində olan narkotiklər 4 bükümdə olmuşdur. Özünü təqsirli bilir. İbtidai istintaq zamanı ona heç bir qanunsuz təzyiq və təsir olmamışdır. Artıq 4 aydır narkotikdən istifadə etmir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub elan edir. Təqsirləndirilən şəxs qeyd olunan ifadəsində göstərmişdir ki, şübhəli şəxs qismində tutulanadək ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Koroğlu küçəsi ev 7 ünvanında yaşamışdır. Rəsmi olaraq heç yerdə işləməmişdir. 1997-ci ildən narkotik vasitədən istifadə edir, hazırda da narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Lakin narkotik vasitənin və psixotrop maddənin hər hansı növünü heç kimə təklif etməmiş və satmamışdır. Əvvəllər bir neçə dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş, sonuncu dəfə isə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30 dekabr 2023-cü il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarına əsasən cəzanın 09 ay 06 gününü çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. Təxminən 2- 3 gün əvvəl Bakı şəhərində olarkən «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 1 (bir) büküm narkotik vasitə olan heroini 50 manata və 1 (bir) büküm psixotrop maddə olan metamfetamini 50 manata olmaqla, ümumilkidə 100 (bir yüz) manat müqabilində almışdır. O, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qarışdırıb iynə yolu ilə bədəninə vurmuşdur. xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən «Mətin» şadlıq sarayında keçirilən toy məclisində iştirak etdikdən sonra həmin şadlıq sarayının ayaqyolunda narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etmək üçün hərəsindən bir az götürüb bir bükümün içərisinə qoymuşdur. Digər bükümlərdə olan narkotik vasitə olan heroin və metamfetamini üzərində saxlamışdır. Həmin narkotik vasitənin üzərində olması barədə heç kimin məlumatı olmamışdır. 19 iyun 2025-cü il tarixdə, təxminən saat 1853 radələrində Bərdə şəhəri Koroğlu küçəsi ilə piyada gedərkən həmin narkotik vasitə və psixotrop maddə onun əynində olan qara rəngli şalvarın sol yan cibində olmuşdur. Həmin vaxt 3 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirdikdən sonra üzərində narkotik vasitə olmasında şübhəli olduğundan üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi barədə hüquq vəzifləri izah edilmişdir. Həmin vaxt o, polis əməkdaşlarına üzərinə baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra mülki geyimdə olan özünü təqdim etmiş polis baş leytenantı Şahid1 ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa könüllü təqdim etməyini bildirmişdir. O da könüllü olaraq əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı bükülülərdə olan narkotik vasitəni və psixotrop maddəni çıxarıb təqdim etmişdir. Həmin vaxt polis baş leytenantı Şahid1 digər mülki geyimdə olan polis əməkdaşlarının və onun iştirakı ilə qeyd etdiyi bükülülərə baxış keçirilən zaman 1 (bir) ədəd göy rəngli sellofan bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə, 1 (bir) ədəd qırmızı rəngli bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1 ədəd ağ rəngli sellofanın içərisində 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroin və 1 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Bundan sonra Şahid1 tərəfindən içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilərkən ümumi çəkisi 0,80 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşı Şahid1 tərəfindən içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin 1 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri DİN-nin 94 saylı möhürü ilə möhürləndikdən sonra Şahid1 tərəfindən götürülmüşdür. Daha sonra onun üzərinə yoxlama və götürülmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən özünə məxsus olan 1 (bir) ədəd «Redmi» markalı mobil telefon, 15 (on beş) manat pul, 1 (bir) ədəd alışqan, əynində olan şalvarın sol yan cibindən isə 1 (bir) ədəd «Prima» markalı siqaret və 1 (bir) ədəd alışqan aşkar edilsə də, lakin üzərindən qanunla qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Həmin vaxt ona məxsus olan 1 ədəd alışqan, 1 ədəd «Redmi» markalı mobil telefon və 1 (bir) ədəd «Prima» markalı siqaret qutusu qaytarılıb özünə verilmişdir. Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyini soruşmuş, həmin vaxt o, həmin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri ərazisində «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən alması barədə məlumat vermişdir. Bundan sonra üzərinə yoxlama və götürülmə aparılması başa çatdığından videoçəkiliş dayandırıldıqdan sonra o, polis əməkdaşları tərəfindən Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Polis şöbəsinin inzibati binasında olarkən Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Vüsal Bayramov tərəfindən şübhəli şəxs qismində tutulmağı barədə qərar qəbul edilmiş və hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona dövlət hesabına vəkil Müdafiəçi təqdim olunmuşdur. Polis əməkdaşı tərəfindən vəkili Müdafiəçi iştirakı ilə ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt polis baş leytenanı Şahid1 1 (bir) ədəd ağ rəngli zərfin içərisində olan üzərindən aşkar edilərək götürülmüş içərisində ümumi çəkisi 0,80 qram çəkidə narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini baş təhqiqatçı, polis mayoru Vüsal Bayramova təqdim edib həmin narkotik vasitəni və psixotrop maddəni 19 iyun 2025-ci il tarixdə, saat 1853 radələrində Bərdə şəhəri Koroğlu küçəsində şübhəli şəxs qismində saxlanılab üzərində yoxlama və götürülmə aparılan zaman üzərindən aşkar edilərək götürüldüyünü bildirmişdir. Həmin vaxt o, könüllü olaraq qeyd olunan xüsusatları bir daha təsdiq edərək polis baş leytenantı Şahid1 təqdim etdiyi içərisində ümumi çəkisi 0,80 qram çəkidə narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər kütlənin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Şahid1 tərəfindən videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürülmə keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən özünə məxsus olan 1 (bir) ədəd «Redmi» markalı mobil telefon, 15 (on beş) manat pul, 1 (bir) ədəd alışqan, əynində olan şalvarın sol yan cibindən isə 1 (bir) ədəd «Prima» markalı siqaret və 1 (bir) ədəd alışqan aşkar edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş 1 (bir) ədəd «Redmi» markalı mobil telefon baş təhqiqatçı, polis mayoru Vüsal Bayramov tərəfindən iş üçün əhəmiyyət kəsb etdiyindən 1 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri DİN-nin 94 saylı möhürü ilə möhürlənmişdir. Üzərindən aşkar edilmiş digər əşyalar isə özünə qaytarılıb verilmişdir. Bununla da onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışıdr. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Bərdə rayon sakini kimi tanıyır. Sonuncunu Bərdə şəhəri Koroğlu küçəsində saxlamış, üzərinə vizual görüntü ilə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən öz istifadəsi üçün saxladığı heroin və metamfetamin aşkar etmişlər. Sonuncu narkotiki öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik aludəçisidir, xəstədir, narkotik cinayətinə görə dəfələrlə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən onlara heç bir müqavimət göstərməmiş, narkotik vasitəni özü təqdim etmiş, polisin qanuni tələblərinə tabe olmuşdur. Sonuncunun narkotik vasitə satması barədə onlara heç bir məlumat daxil olmamışdır. Məlumat ona daxil olmuş, qrup rəhbəri özü olmuşdur. Məlumat narkotik vasitəni üzərində saxlaması ilə bağlı daxil olmuşdur. Təqsirləndirilən şəxs Bərdə şəhəri Koroğlu küçəsində saxlasalar da, həmin yer küçənin ortası olduğundan yaxınlıqda olan “Şahmat evi”nin arxasına gətirərək baxışı orda keçirmişlər. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir qanunsuz təzyiq və təsir edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid Bərdə Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub elan etdi. Şahid2 həmin ifadəsində göstərmişdir ki, 19 iyun 2025-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə Bərdə Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra tərəfindən Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün, yəni, 19 iyun 2025-ci il tarixdə saat 1850 dəqiqədə tərələrindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri Koroğlu küçəsində şübhəli şəxs qismində saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin əməkdaşları olmaları barədə məlumat verdikdən sonra üzərində narkotik vasitələrin saxlanmasında və gəzdirilməsi barədə əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qəbul edilmiş qərarla tanış etdikdən sonra üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi barədə məlumat verib hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs üzərində qadağan edilmiş hər hansı bir əşya varsa könüllü təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı ümumilikdə 4 (dörd) ədəd bükümləri çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 1 (bir) ədəd gümüşü rəngli kağız bükümün içərisinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetaminin, 1 (bir) ədəd qırmızı rəngli sellofan bükülünün içərisinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetaminin, 1 (bir) ədəd şəffaf sellofan bükümün içərisinə baxış keçirilən zaman narkotik vasitə olan heroinin və 1 (bir) ədəd göy rəngli sellofan bükümün içərisinə baxış keçirilən zaman narkotik vasitə olan heroinin olması aşkar edilmişdir. Bundan sonra qeyd edilən ümumilikdə 4 (dörd) ədəd bükümlər elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 0,80 qram olması müəyyən edilmişdir. Həmin bükümlər 1 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 94 saylı möhürü ilə möhürləndikdən sonra polis kapitanı Şahid1 tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə yoxlama və götürülmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd «Redmi» markalı mobil telefon, 15 (on beş) manat pul və 1 (bir) ədəd alışqan, əynində olan şalvarın sol yan cibindən isə 1 (bir) ədəd «Prima» markalı siqaret qutusu aşkar edilsə də lakin üzərindən qanunla qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Həmin vaxt 1 (bir) ədəd alışqan, 1 (bir) ədəd «Redmi» markalı mobil telefon və 1 (bir) ədəd «Prima» markalı siqaret qutusu qaytarılıb Təqsirləndirilən şəxs verilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni haradan əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini Bakı şəhəri ərazisində yerləşən «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlama və götürülmə aparılması başa çatdığından videoçəkiliş dayandırıldıqdan sonra Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinin inzibati binasında olan zaman Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Vüsal Bayramov tərəfindən şübhəli şəxs qismində tutulmağı barədə qərar qəbul edilmiş və hüquqlarının müdafiə edilməsi məqsədi ilə dövlət hesabına Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim olunmuşdur. Baş təhqiqatçı, polis mayoru Vüsal Bayramov tərəfindən vəkil Müdafiəçi və baxışda iştirak edən iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt polis kapitanı Şahid1 1 (bir) ədəd ağ rəngli zərfin içərisində olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində ümumi çəkisi 0,80 qram çəkidə narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini baş təhqiqatçı, polis mayoru Vüsal Bayramova təqdim edib həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini 19 iyun 2025-ci il tarixdə, saat 1850 radələrində Bərdə şəhəri Koroğlu küçəsində şübhəli şəxs qismində saxlanılıb üzərində yoxlama və götürülmə aparılan zaman üzərindən aşkar edilərək götürülməsi barədə məlumat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da könüllü olaraq qeyd olunan xüsusatları bir daha təsdiq edərək polis kapitanı Şahid1 təqdim etdiyi içərisində ümumi çəkisi 0,80 qram çəkidə narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürülmə keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd «Redmi» markalı mobil telefon, 15 (on beş) manat pul və 1 (bir) ədəd alışqan, əynində olan şalvarın sol yan cibindən isə 1 (bir) ədəd «Prima» markalı siqaret qutusu və 1 (bir) ədəd alışqan aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd «Redmi» markalı mobil telefon baş təhqiqatçı, polis mayoru Vüsal Bayramov tərəfindən iş üçün əhəmiyyət kəsb etdiyindən 1 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyub qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 94 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar isə qaytarılıb özünə verilmişdir. Bununla da, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 20 iyun 2025-ci il tarixli, 16/564 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində ‘‘Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki: -1 (bir) ədəd gümüşü kağız bükümdə və 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,025 qram, 0,139 qram, ümumi təmiz çəkisi 0,164 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, kimyəvi tərkiblərinə görə eynidirlər. -1 (bir) ədəd şəffaf sellofan bükümdə və 1(bir) ədəd göy rəngli sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,094 qram, 0,144 qram, ümumi təmiz çəkisi 0,238 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, kimyəvi tərkiblərinə görə eynidirlər. -Metamfetaminin təmiz çəkisi 0,164 qram, tədqiqata sərf edildi 0,02 qram (hər birindən 0,01 qram), qalıq 0,144 qramdır. -Heroinin təmiz çəkisi 0,238 qram, tədqiqata sərf edildi 0,04 qram (hər birindən 0,02 qram), qalıq 0,198 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 28 iyul 2025-ci il tarixli, 1177 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 18 avqust 2025-ci il tarixli, 18-1-28/2-2000/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Bərdə RMX-nın X2 kabinetində dispanser qeydiyyatındadır. -İsmayılov X7 Rayon Mərkəzi X1 Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 20 iyun 2025-ci il tarixli, 489 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahısına əsasən 1 (bir) ədəd şəffaf sellofan bükümdə və 1 (bir) ədəd göy rəngli sellofan bükümdə ümumi təmiz çəkisi xeyli miqdar hesab edilən 0,238 qram çəkidə narkotik vasitə olan heroini və 1 (bir) ədəd gümüşü kağız bükümdə və 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə ümumi təmiz çəkisi xeyli miqdar hesab edilən 0,164 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib qanunsuz olaraq üzərində saxlaması, 19 iyun 2025-ci il tarixdə saat 1850 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Koroğlu küçəsində şübhəli şəxs qismində saxlanılıb üzərinə yoxlama və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə və 1 (bir) ədəd göy rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,094 qram və 0,144 qram olmaqla ümumi təmiz çəkisi xeyli miqdar hesab edilən 0,238 qram çəkidə narkotik vasitə olan heroin və 1 (bir) ədəd gümüşü kağız bükümdə və 1 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,025 qram və 0,139 qram olmaqla ümumi təmiz çəkisi xeyli miqdar hesab edilən 0,164 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən, məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikasının Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 11 iyul 2025-ci il tarixli 2055 nömrəli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Koroğlu küçəsi ev 7-də yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 11 iyul 2025-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının 05 aprel 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməsi hökm edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, məhkim Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 09 ay 06 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması qərara alınmışdır. Təqsirləndirilən şəxs əvvəllər CM-nin eyni maddəsi ilə məhkum olunması onu göstərir ki, həmin hökmlə təyin edilmiş cəzanın Təqsirləndirilən şəxs islah təsiri olmamışdır və sonuncu ümumiyyətlə cinayət törətməyə meylli şəxsdir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs məhkumluğunu nəzərə alaraq, CM-nin 83.1-ci maddəsinə əsasən cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla, təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, 4(021)-98/2025 saylı qərarından görünür ki, təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilməsi, həbs etmənin başlanğıcının xx.xx.2025-ci il tarixdən hesablanması, qərarın icrasının Bərdə Rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin başlanğıcı 19 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 20 iyun 2025-ci il tarixli 16/564 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat 80 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 60,80 (altmış manat 80 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,144 qram çəkidə psixotrop maddə metamfetamin və 0,198 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,144 qram çəkidə psixotrop maddə metamfetamin və 0,198 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat 80 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar