Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-138/2022 01.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1981-ci ildə Ağdam rayonu, Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağdam Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 11 ay 10 gün cəzasını çəkib qurtarmamış, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla X4 və Texnologiya Kollecinin yataqxanasında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların küllü miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,527 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 1(bir) ədəd qızılı rəngli kağız bükümdə qanunsuz əldə edərək üzərində saxlamış, 25 mart 2022-ci il tarixdə saat 20 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisində şübhəli şəxs qismində saxlanılaraq Bərdə rayon Polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sol yan cibindən qeyd edilən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, uzun müddətdir ki, arabir psixotrop maddə olan metamfetamindən istifadə edir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Bərdə şəhəri, Pambıqçılıq Texnikomunun yaxınlığında olan 6 saylı məktəbin həyətində piyada gəzərkən kolluq ərazidə bir ədəd siqaret qutusunun olduğunu görmüşdür. Siqaret qutusu təzə olduğundan güman etmişdir ki, həmin qutunun içərisində siqaret vardır. Bu məqsədlə qutuya baxdıqda qutunun içərisində siqaretlə yanaşı bir ədəd qızılı rəngli kağız bükümün olduğunu görmüşdür. Bükümə baxdıqda içərisində psixotrop maddə hesab edilən metamfetamin olduğunu görmüşdür. Əvvələr psixotrop maddə metamfetamin istifadə etdiyindən həmin bükümü özü ilə götürmüşdür ki, ehtiyacını ödəsin. Metamfetamini əynindəki qara rəngli gödəkçənin sol yan cibinə qoyub saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisində etibarnamə ilə idarə etdiyi “Hyundai” markalı, 77 DN-210 dövlət qeydiyyat nişanlı avtomobildə olarkən polis əməkdaşları onu saxlayaraq şübhəli şəxs qismində avtomobili ilə birlikdə Bərdə rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibində saxladığı bir ədəd qızılı rəngli kağız bükümdə olan psixotrop maddə metamfetamin üzərindən aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Bundan sonra idarə etdiyi “Hyundai” markalı, 77 DN-210 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçrilməyə başlanılmış, lakin, avtomobilindən hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Bərdə rayon Polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 mart 2022-ci il tarixdə Bərdə rayonu Pambıqçılıq Texnikumunun yataqxanasında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması və idarə etdiyi “Hyundai” markalı 77 DN-210 dövlət qeydiyyat nişanlı avtomobildə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq idarə etdiyi avtomobil ilə birlikdə Bərdə rayon Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisinin, onun və digər polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd qızılı rəngli kağız bükümü çıxardaraq masaya qoymuşdur. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin, hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd qızılı rəngli kağız bükümə baxış keçrildikdə içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması müəyyən olunmuşdur. Həmin 1(bir) ədəd qızılı rəngli kağız büküm içərisində olan psixotrop maddə metamfetamin ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 1 (bir) ədəd qızılı rəngli kağız büküm ağ rəngli bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra video çəkiliş dayandırılmadan Təqsirləndirilən şəxs saxlanıldığı Bərdə rayon Polis şöbəsinin inzibati binasının həyətində dayanıqlı vəziyyətdə olan “Hyundai” markalı 77 DN-210 dövlət nömrə nişanlı avtomobilə baxışın keçiriləcəyi bildirilərək proses iştirakçılarına həmin avtomobilə baxışın keçrilməsi üçün polis şöbəsinin həyətinə dəvət edilmişlər. Proses iştirakçıları ilə birlikdə Bərdə rayon Polis şöbəsinin həyətində dayanıqlı vəziyyətdə olan “Hyundai” markalı 77 DN-210 dövlət nömrə nişanlı avtomobilin yanında dayanaraq şübhəli şəxs Təqsirləndirilən şəxs həmin avtomobilə baxışın keçrilməsi üçün etirazının olub-olmaması sorğu edilmişdir. Təqsirləndirilən şəxs avtomobilinə baxışın keçrilməsinə heç bir etirazının olmadığını bildirdikdən sonra cibindən çıxardığı açarla avtomobilinin qapısını açaraq avtomobilinə baxışın keçirilməsini xahiş etmişdir. Bundan sonra tərəflərindən avtomobilə baxış keçirilmiş, ancaq hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 16/341 saylı 26 mart 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,527 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,527 qram, tədqiqata sərf edildi 0,08 qram, qalıq 0,447 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Disponserinin 619 saylı 10 may 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların küllü miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,527 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 1(bir) ədəd qızılı rəngli kağız bükümdə qanunsuz əldə edərək üzərində saxlaması, 25 mart 2022-ci il tarixdə saat 20 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisində şübhəli şəxs qismində saxlanılaraq Bərdə rayon Polis şöbəsinə gətirilməsi və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sol yan cibindən qeyd edilən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan X4 və Texnologiya kollecinin 55 saylı 28 aprel 2022-ci il tarixli arayışdan və Ağdam rayon İHB-nın Seyidli kənd İƏD üzrə nümayəndəsinin eyni tarixli xasiyyətnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkündür, müvəqqəti olaraq X4 və Texnologiya kollecinin yataqxanasında məskunlaşmışdır. Yataqxanada yaşadığı müddət ərzində özünü bacarıqlı, nizam-intizamlı bir gənc ailə başçısı kimi göstərmiş, ərazinin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ərazidə ağsaqqalların və fəalların dərin hörmətini qazanmışdır. Ağdam rayonu Seyidli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində insanlara qarşı həmişə hörmət və ehtiramla yanaşmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Ağdam rayonundan məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 1(013)-21/2021 saylı 22 iyun 2021-ci il tarixli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmış və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bərdə şəhəri, Bakı küçəsi Pambıqçılıq texnikumunun yataqxanasını hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a qədər tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazi hüdudlarım tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanını iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya şöbəsinin 60/01 saylı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 1(013)-21/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və xx.xx.2021-ci il tarixdə gəlib qeydiyyatdan keçmişdir. Bunmdan əlavə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq olunaraq cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəzasının 01 il 15 gününü çəkmiş və 11 ay 10 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, əməlindən peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Ağdam rayonundan məcburi köçkün olmasını nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11(on bir) ay 10(on) günün iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla 05(beş) ay 20(iyirmi) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 25 mart 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 27 mart 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayon Polis şöbəsinin MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixdən 27 mart 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən hökmün icrasının təmin edilməsi üçün onun barəsində “həbs” qismində qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 26 mart 2022-ci il tarixli 16/341 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 30,40 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bərdə rayon Polis şöbəsində saxlanılan 0,447 qram çəkidə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə olduğu 02(iki) gün müddət təyin edilmiş ümumi cəzadan çıxılmaqla üzərində qəti cəza 05(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11(on bir) ay 10(on) günün iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla 05(beş) ay 20(iyirmi) gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və onun barəsində “həbs” qismində qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında dərhal həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bərdə rayon Polis şöbəsində saxlanılan 0,447 qram çəkidə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-138/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-138/2022
01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver