Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-139/2022 18.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxx 1992-ci ildə Ağsu rayonu, Ərəbuşağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağsu rayonu, Ərəbuşağı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 aprel 2022-ci il tarixdə saat 05 radələrində Bərdə rayonu, Alpoud kəndi ərazisində yerləşən “Mal Bazarı” ticarət obyektində zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus bir baş diri çəkisi 110 kiloqram olan 550 (beş yüz əlli) manat dəyərində inəyi gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 aprel 2022-ci il tarixdə saat 05 radələrində Bərdə rayonu, Alpout kəndi ərazisində yerləşən “Mal Bazarı” ticarət obyektində zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus bir baş diri çəkisi 200 kiloqram olan 1000 (bir min) manat dəyərində dananı gizli olaraq talayaraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, “Qazel” markalı 56 BD-777 dövlət qeydiyyat nişanlı avtomobili var. Avtomobil ilə müxtəlif yüklər daşıyaraq pul qazanır. 08 aprel 2022-ci il tarixdə gecə saatlarında Bərdə rayonu Alpoud kəndinə heyvan satmaq üçün gəlmişdir. Gətirdiyi bir baş dananı bazarda sata bilməmiş, getmək qərarına gəlmişdir. Cibində artıq pulu olduğundan iki baş heyvan almaq qərarına gəlmiş, tanımadığı şəxslərdən bir baş inək və bir baş dana almış və özünə məxsus “Qazel” markalı avtomobilin yük hissəsinə mindirmişdir. Bazardan çıxmaq üçün bazarın qapısına yollanmış, qapıdan çıxmaq istədikdə tanımadığı şəxs avtomobilinə yaxınlaşaraq avtomobilində oğurluq heyvan olmasını demişdir. Zərərçəkmiş şəxs1 və Elşad Həsənov avtomobilinə yaxınlaşmışlar. Elşada və Kamandara malları aldığını desədə, sonuncular ona inanmamışlar. Onu bazarda olan polislər Bərdə rayon Polis şöbəsinə gətirmişlər. Hər iki heyvanı polisə təqdim etmiş, heyvanlar zərərçəkmiş şəxslərə təhvil verilmişdir. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərmişdir ki, maldarlıq ilə məşğul olaraq pul qazanır. 07 aprel 2022-ci il tarixdə saat 2320 radələrində yaşadığı evdən çıxaraq Bərdə rayonu Alpoud kəndində yerləşən Mal Bazarına yollanmışdır. Həmin bazara özü ilə birlikdə 01 baş dana və 04 baş inək aparmışdır. Bazarda 01 baş dana və 04 baş inəyi özünə məxsus “Qazel” markalı avtomobilə bağlamışdır. 08 aprel 2022-ci il tarixdə gecə saatlarında özünə məxsus 01 baş dananı və 03 baş inəyi satmışdır. Saat 0510 radələrində mal bazarında avtomobilinin yanında söhbət etmişdir. Yorulub avtomobilin arxasında oturmuşdur. 5-10 dəqiqə sonra arxaya çönüb inəyinin yerində olmadığını görmüşdür. İnəyinin oğurlanmasını başa düşmüşdür. İnəyini ipdən açıb aparmışlar. İnəyini bazarda axtarmaq istəmiş və bazarda mallara baxmağa başlamışdır. Avtomobillərə baxdıqda “Qazel” markalı avtomobildə tanımadığı şəxsin inəyini apardığını görmüşdür. Avtomobili saxlatmış, Təqsirləndirilən şəxs inəyi və dananı aldığını bildirmişdir. Həmin yerə Elşad adlı şəxs gəlmiş, o da inəyinin oğurlandığını bildirmiş və Qazelə baxdıqda ona məxsus bir baş inəyi tanımışdır. Bazarda olan polis əməkdaşı Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, Kamal Mürsəlovdan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərmişdir ki, maldarlıqla məşğul olaraq pul qazanır. Şahid1 oğludur. İri buynuzlu heyvanları saxlayır, lakin yaşı çox olduğundan oğlu Elşad mal-qaranı mal bazarına aparır. 08 aprel 2022-ci il tarixdə saat 0010 radələrində oğlu Elşadı 04 baş iri buynuzlu heyvan ilə birlikdə Bərdə rayonu Alpout kəndində yerləşən mal bazarına yola salmışdır. Saat 07 radələrində Elşad ona zəng edərək bir baş danasının oğurlanmasını və həmin dananı sonradan bazarda oğurluq edən şəxs ilə birlikdə tapmasını demişdir. Dərhal polis şöbəsinə yollanmış və polis şöbəsində olarkən Kamandar adlı tanışını görmüşdür. O, özünə məxsus bir baş dananı tanımışdır. Oğlu Elşaddan isə oğurluq edən şəxsin Kamil olmasını öyrənmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, Kamal Mürsəlovdan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, atası Ərşad ilə maldarlıqla məşğul olaraq pul qazanır. 08 aprel 2022-ci il tarixdə saat 0010 radələrində yaşadığı evdən çıxaraq Bərdə rayonu Alpoud kəndində yerləşən Mal Bazarına yollanmışdır. Həmin bazara özü ilə birlikdə 04 baş mal aparmışdır. Danaları “Qazel” markalı avtomobilə bağlamış, saat 0510 radələrində mal bazarında bir baş dananı satmış və alverə davam etmişdir. Arxaya çönüb gətirdiyi danalara baxdıqda həmin danalardan birinin yerində olmadığını görmüşdür. Dananın oğurlanmasını başa düşmüşdür. Danasını bazarda axtarmaq istəmiş və bazarda mallara baxmağa başlamışdır. Mal bazarının qapısının ağzında Kamandar adlı şəxsi görmüşdür. Bu zaman orada olan şəxslər Kamandarın bir baş inəyinin oğurlanmasını demişlər. Qazelə baxdıqda ona məxsus bir baş danasını tanımışdır. Bu barədə mal bazarında olan polis əməkdaşına məlumat vermiş, polis əməkdaşları Təqsirləndirilən şəxs Bərdə rayon Polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. 08 aprel 2022-ci il tarixdə gecə saatlarında Kamil “Qazel” markalı 56 BD-777 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu Alpout kəndində yerləşən mal bazarına bir baş mal satmağa yollanmışdır. Həmin gün səhər saatlarında onun mobil telefonuna tanımadığı şəxs zəng edərək Kamilin idarə etdiyi avtomobildə oğurluq bir baş inək və bir baş dana olduğunu, onun Kamilə neçə baş mal verdiyini demişdir. Zəng edən şəxsə Kamilə bir baş mal verdiyini bildirmişdir. Bərdə rayon Polis şöbəsinə gəlmiş, oğlu Kamilin oğurluq etdiyini öyrənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2614 saylı 12 may 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən iribuynuz heyvanların 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir:- bir baş diri çəkisi 200 kiloqram olan, 1-2 yaşlarında dana 1000,00 manat; bir baş diri çəkisi 110 kiloqram olan, 2-3 yaşlarında inək 550,00 manat. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən bir baş inək və bir baş dana oğurlamaması, tanımadığı şəxslərdən satın alması barədə vermiş olduğu ifadəyə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, bu zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və işdə olan digər sübutlarla, habelə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə təkzib olunur. Beləliklə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 aprel 2022-ci il tarixdə saat 05 radələrində Bərdə rayonu, Alpoud kəndi ərazisində yerləşən “Mal Bazarı” ticarət obyektində zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus bir baş diri çəkisi 110 kiloqram olan 550 (beş yüz əlli) manat dəyərində inəyi gizli olaraq talayaraq oğurluq etməsi; -bundan başqa onun, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 aprel 2022-ci il tarixdə saat 05 radələrində Bərdə rayonu, Alpout kəndi ərazisində yerləşən “Mal Bazarı” ticarət obyektində zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus bir baş diri çəkisi 200 kiloqram olan 1000 (bir min) manat dəyərində dananı gizli olaraq talayaraq oğurluq etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. İş materiallarında olan Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ərəbuşağı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 205 saylı 22 aprel 2022-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağsu rayonu Ərəbuşağı kəndində yaşayır. Təqsirləndirilən şəxs ailə və məişətdə özünü nümunəvi aparır. Kənddə yaşadığı müddətdə özünü düzgün aparmış, ümumi qaydalara riayət etmiş, heç bir qanun pozuntusuna yol verməmişdir və nümunəvi bir gənc olmuşdur. O, kəndin xeyir və şər işlərində yaxından iştirak edir. Dövlətin keçirdiyi tədbirlərdə yaxından iştirak edir və hökumətin apardığı uğurlu siyasəti dəstəkləyir. Dövlət sirrini saxlamağı bacarır. Təqsirləndirilən şəxs hal-hazırda Ağsu rayonunun Ərəbuşağı kəndində yaşayır, bu günə kimi onun haqqında icra nümayəndəliyinə heç bir ərizə, şikayət daxil olmamışdır. İş materiallarında olan Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 dekabr 2019-cu il tarixli AZ-İV 329536 saylı və 08 fevral 2022-ci il tarixli AZ-İV 695659 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, 30 noyabr 2019-cu ildə anadan olmuş X3 və 21 yanvar 2022-ci ildə anadan olmuş X4 ata qrafasında atası kimi Təqsirləndirilən şəxsdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 1(061)-01/2022 saylı 23 iyun 2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata “Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə və CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, vurulmuş zərərin ödənilməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, habelə onun məsuliyyətini yüngülləşdirən halları yəni, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 08 aprel 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinin istintaq bölməsinin qətimkan tədbirinin seçilməsi barədə 09 aprel 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Bərdə rayon Polis şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci ildən 09 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 12 may 2022-ci il tarixli 9/2614 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdən 09 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağsu rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-139/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-139/2022
18.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver