Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-139/2023 11.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, 05 avqust 1991-ci ildə Laçın rayonu Hacıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu Hacıxanlı kəndində qeydiyyatda olan və Bərdə rayonu Təhlə kəndi 195 saylı qəsəbədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal edilmiş 01 ədəd 40892 nömrəli, 5,6 mm kalibrli olmaqla tək-tək atan TOZ-8 modelli, odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı olan, lüləsi və qundağı, lülə altı yastığı sonradan kustar üsulla tapança dəstəyinə düzəldilmiş ov tüfəngini əldə edib yaşadığı ünvanda saxlamış, 09 fevral 2023-cü il tarixdə saat 18 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 01 ədəd SSRİ dövlətində Tula silah zavodunda istehsal edilmiş 01 ədəd 40892 nömrəli, 5,6 mm kalibrli olmaqla tək-tək atan TOZ-8 modelli, odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı olan, lüləsi və qundağı, lülə altı yastığı sonradan kustar üsulla tapança dəstəyinə düzəldilmiş ov tüfəngini Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Təhlə kəndi 195 saylı qəsəbədə yerləşən fərdi yaşayış evinin qonaq otağından aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 1710 radələrində yaşadığı evdə olarkən, həyətinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları yaşadığı evə baxış keçirəcəklərini bildirmiş və buna etiraz edib-etmədiyini soruşmuşlar. Polis əməkdaşlarına evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Polis əməkdaşları videoçəkiliş aparılmaqla yaşadığı ünvana baxış keçirmişlər. O, fərdi yaşayış evinin yataq otağında, çarpayının üzərində olan döşək və yorğanların aşağı hissəsində olan sarı rəngli döşəyin altında 1 ədəd tüfəngdən kəsilmiş odlu silah olduğunu bildirmişdir. Polis əməkdaşları həmin çarpayının üzərində olan döşək və yorğanları götürüb kənara qoymuşlar. Çarpayının üzərində olan 1 ədəd göy parça üzlüyün arasında qara rəngli “TOS8” markalı silah aşkar olunmuşdur. Həmin silah polis əməkdaşları tərəfindən götürülmüşdür. Silaha baxış keçirilmiş, lakin üzərində hər hansı bir nişanə və ya nömrə yazılmadığı müəyyən olunmuşdur. Təhqiqatçı silahı 1 ədəd ağ rəngli sintetik kisənin içərisinə qoyub götürmüş və ekspertiza tədqiqatına göndəriləcəyi bildirilmişdir. Təhqiqatçı silahı haradan əldə etməyini soruşmuş, silahın babası X1 yadigar qaldığını bildirmişdir. Törətdiyi əməlindən peşmandır. Gəncliyinin və ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 fevral 2023-cü il tarixdə Bərdə RPŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı yaşadığı ünvanda saxlaması barədə məlumatlar daxil olduğu üçün Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və sonuncu Bərdə rayonu Təhlə kəndi 195 saylı qəsəbədə yaşadığı evin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş və baxış keçirilməsi ilə bağlı etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını demişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində videoçəkilişdən istifadə olunacağı izah edilmiş, sonuncuya yaşadığı ünvanda hər hansı qanunsuz əşya və ya predmetin olubolmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında yerləşən çarpayının üzərində olan döşək və yorğanın altında 1 ədəd “Toz 8” markalı silahın olduğunu bildirmiş, həmin yerdən həqiqətən 1 ədəd göy parça üzlüyün arasında qara rəngli “TOZ-8” silahı aşkar olunmuşdur. Həmin 1 ədəd “Toz 8” markalı silah təhqiqatçı tərəfindən ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra protokol tərtib edilərək ucadan oxunmuş və digər iştirakçılar ilə birlikdə protokolu imzalamışlar. Məhkəmədə şahid qismində ifadə vermiş Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 10 fevral 2023-cü il tarixli 23/115 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 40892 nömrəli silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 5,6 mm kalibrli, tək-tək atan TOZ-8 modelli ov tüfəngidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur. Lakin həmin ov tüfənginin lüləsi və qundağı, lülə altı yastığı sonradan kustar üsulu ilə düzəldilmiş tapança dəstəyinə dəyişdirilmişdir və hal hazırda öz təyinatını itirmiş 5,6 mm kalibrli tapança formasında olan tək-tək atan ov tüfənginin kəsiyidir, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 27 mart 2023-cü il tarixli 23/241R nömrəli rəyindən görünür ki, tədqiqata əsasən, təqdim edilmiş ümumi uzunluğu 217 mm olan əşya “40892” nömrəli TOZ-8 modelli, yivli ov tüfənginin lüləsindən kəsilərək, fiqurlu formada taxta materialdan kustar üsulla hazırlanmışdır. Həmin əşya 5,6 mm kiçik çaplı “dairəvari alışan” patronlarla, tək-tək atəş açmaq xarakteristikasına malikdir. -TOZ-8 modelli yivli ov tüfənglərdən 5,6 mm kalibrli ştat patronları ilə atəş açılan zaman güllənin maksimal uçma uzunluğu 1200-1600 metr, öldürücü qüvvəyə isə təxminən 800 metr məsafəyə qədər malik olur. Belə ki, güllənin 1200-1600 metr məsafəyə uçmasına və təxminən 800 metr məsafəyə qədər öldürücü qüvvəyə malik olması TOZ-8 modelli yivli ov tüfənglərinin lüləsinin və lülənin iç hissəsində olan 4 ədəd yivlərin uzunluğundan da asılıdır. Lakin təqdim edilmiş əşyanın lüləsinin uzunluğunun 200 millimetr olması və həmin lülənin içərisində yivlərin olmaması (TOZ-8 modelli silahın lüləsinin uc hissəsindən təxminən 440 mm uzunluqda olan hissə kəsildiyindən həmin lülənin yiv olan hissəsi də kəsilmişdir) səbəbindən həmin əşyanın istehsalçı zavod tərəfindən müəyyən edilən xarakteristikalara (maksimal atəş məsafəsi, maksimal öldürücü qüvvəyə malik olması) malik deyildir. Təqdim edilən əşyanın kustar üsulla hazırlanmasına görə həmin əşyanın öldürücü-məhv etmə gücünün və həmin əşyadan atışmış güllənin maksimal uçuş məsafəsini təyin etmək mümkün olmadı. Belə ki, kustar üsulla hazırlanmış silahlar üçün normativ xarakteristika göstəriciləri malik deyildir. -Tədqiqata təqdim edilmiş əşyanın lüləsi sonradan kustar üsulla kəsilmiş “40892” nömrəli TOZ-8 modelli ov tüfənginin lüləsi olduğundan və həmin lülənin lülə qutusunun uc hissəsinin daxili diametri - 5,62 patron yuvasının daxili diametri 5,65 mm olduğundan təqdim edilmiş əşyanın yalnız 5,6 mm kalibrli kiçik çaplı “dairəvari alışan” patronlarla, təktək atəş açmaq xarakteristikasına malikdir. Həmin əşyadan əvəzedici patronlarla atəş açmaq mümkün deyil. -Tədqiqata təqdim edilmiş əşyadan eksperimental atəşlərdən sonra sürgüsünü əl vasitəsilə arxaya çəkdikdə, silahın tullayıcı gilizi patron yuvasından təxminən 1-3 metr məsafədə sağ aşağı istiqamətdə tullayır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal edilmiş 01 ədəd 40892 nömrəli, 5,6 mm kalibrli olmaqla tək-tək atan TOZ-8 modelli, odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı olan, lüləsi və qundağı, lülə altı yastığı sonradan kustar üsulla tapança dəstəyinə düzəldilmiş ov tüfəngini əldə edib yaşadığı ünvanda saxlaması, 09 fevral 2023-cü il tarixdə saat 18 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində SSRİ dövlətində Tula silah zavodunda istehsal edilmiş 01 ədəd 40892 nömrəli, 5,6 mm kalibrli olmaqla tək-tək atan TOZ-8 modelli, odlu yivli texniki cəhətdən saz və atəş üçün yararlı olan, lüləsi və qundağı, lülə altı yastığı sonradan kustar üsulla tapança dəstəyinə düzəldilmiş ov tüfənginin Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Təhlə kəndi 195 saylı qəsəbədə yerləşən fərdi yaşayış evinin qonaq otağından aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Bərdə rayon Mənzil-Kommunal İstismar Sahəsinin 13 fevral 2023-cü il tarixli 212 saylı arayışından görünür ki, Laçın rayonundan məcburi köçkün Təqsirləndirilən şəxs Bərdə rayonu Təhlə kəndi ünvanında yerləşən 195 yerlik məcburi köçkün qəsəbəsi mənzil 63-də müvəqqəti məskunlaşmışdır. Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Bərdə rayon Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi 13 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Laçın rayonundan məcburi köçkün Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda səhvini başa düşür və əməlindən peşimandır, Laçın rayonundan məcburi köçkündür, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs Laçın rayonundan məcburi köçkün olması və yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 01 aprel 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş mаteriаllаrındаn görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməmişdir. O, gəncdir və törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşmandır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, Laçın rayonundan məcburi köçkündür. İşdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Bu isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs gəncliyi, əvvəllər cinayət törətməməsi və məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və bir daha qanunazidd əməllər törətməyəcəyinə vəd verməsi onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan: Şübhəli şəxsin tutulması barədə 09 fevral 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 fevral 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan keçmiş SSRİ dövlətinin Tula silah zavodunda istehsal edilmiş 01 ədəd 40892 nömrəli, 5,6 mm kalibrli, tək-tək atan TOZ-8 modelli, odlu, yivli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, lüləsi və qundağı, lülə altı yasdığı sonradan kustar üsulla tapança dəstəyinə düzəldilmiş ov tüfəngi hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0600-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd keçmiş SSRİ dövlətinin Tula silah zavodunda istehsal edilmiş 01 ədəd 40892 nömrəli, 5,6 mm kalibrli, tək-tək atan TOZ-8 modelli, odlu, yivli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, lüləsi və qundağı, lülə altı yasdığı sonradan kustar üsulla tapança dəstəyinə düzəldilmiş ov tüfəngi hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-139/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-139/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver