Məhkəmə qərarları › İş №1(021)-139/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-139/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-139/2024 30.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1992-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək yaşadığı ünvanda saxlama cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 1,327 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 01 ədəd sellofan bükümdə qanunsuz olaraq əldə edib yaşadığı ünvanda saxlamış, 25 aprel 2024-cü il tarixdə saat 13 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Mollalı kəndi ərazisində saxlanılaraq həmin kənddə yerləşən yaşadığı evə baxış keçirilən zaman həmin evin yataq otağında çarpayının üzərindəki döşəyin altından dərman qutusunun içərisində 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,327 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək yaşadığı evdən aşkar edilmiş maddənin psixotrop maddə olan metamfetamin deyil, adi duz olduğunu və həmin duzdan alçaya batıraraq axşamlar yediyini ifadə etmiş, sadəcə polis əməkdaşları tərəfindən həmin duzun metamfetamin kimi təqdim edildiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində polis əməkdaşlarının axşama kimi onun evində olmasını, əgər evindən aşkar edilən maddə psixotrop maddədirsə onun da polis əməkdaşları tərəfindən evinə qoyulduğunu qeyd etmiş, çox əvvəlki zamanlarda narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, son vaxtlar ümumiyyətlə istifadə etmədiyini və uzun müddətdir ki, bu maddədən uzaq olduğunu, polis əməkdaşlarının onun cinayət əməlini törətməsini etiraf etdiyi təqdirdə məhkəmədə ona qandal veriləcəyini və narahatlığa heç bir əsas olmamasını qeyd etmişdir. Buna görə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə ibtidai istintaqda verdiyi ifadədən fərqli ifadə verməsini, yəni əvvəlki ifadəsi ilə cari verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olmasını nəzərə alaraq CPM-in 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etdi. Belə ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Mollalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur və əvvəllər məhkum olunmamışdır. O, iki ildir ki, tapdıqca psixotrop maddələrdən istifadə edir. Təxminən 10 gün bundan əvvəl dəqiq tarixini və saatını xatırlamadığı vaxtda Bərdə rayonu, Mustafağalı kəndində kəndin mərkəzi ilə piyada gedərkən yolun kənarında yerdə kağız bükülü tapmış, həmin kağız bükümü açanda içərisində bir ədəd sellafon bükümdə “patı”, yəni metamfetaminə bənzər psixotrop maddə olduğunu görmüşdür. Əvəllər də həmin psixotrop maddədən istifadə etdiyi üçün dərhal onu tanımışdır. O, həmin psixotrop maddəni istifadə etmək məqsədi ilə yaşadığı evə gətirib yataq otağında, ona məxsus çarpayıdakı döşəyinin altına qoymuşdur. 24 aprel 2024-cü il tarixdə saat 13 radələrində Bərdə rayonu, Mollalı kəndində yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq yaşadığı ünvanda və üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşlar, həmin vaxt o, üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını, ancaq yaşadığı evdə psixotrop maddə olduğunu bildirmiş, evə daxil olmağa razılığı ilə bağlı ərizə vermişdir. Polis əməkdaşları onun yaşadığı evin həyətinə daxil оlmuş, sonra yaşadığı evə daxil olaraq videoçəkilişlə baxış keçirmişlər. Yaşadığı evdə onun yatdığı otaqda çarpayının üzərində döşəyin altına qoyduğu içərisində psixotrop maddə оlаn sellofan bükümü göstərərək polis əməkdaşlarına təqdim etmiş, baxış keçirilərək dərman qutusunun içərisindən bir ədəd sellofana bükülmüş metamfetamin aşkar olunmuş, həmin bükülü elektron tərəzidə çəkilmiş, çəkisinin 1,45 qram olduğu müəyyən olunmuş, sonra kağız zərfə qoyularaq bağlanmış və üzəri möhürlənmiş, həmin zərfin üzərinə o və digər iştirakçılar imza etmişlər. Bundan sonra evə baxış yekunlaşdırılmış, protokol tərtib edilmiş, protokola o və digər iştirakçılar imza etmişlər. Bundan sonra o polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, təqdim olunmuş siyahı ilə tanış olmuş, müdafiəçi qismində Müdafiəçi seçmişdir. Onun iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt üzərindən heç bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Həmçinin o, əvvəllər hər hansı ruhi-əsəb və psixi xəstəliyi olmadığını bildirmiş, həmin psixotrop maddə olan metamfetamini təxminən 10 gün bundan əvvəl dəqiq tarixini və saatını xatırlamadığı vaxtda Bərdə rayonu, Mustafaağalı kəndində yerdən tapmışdır. O, iki ildir ki, tapdıqca psixotrop maddə olan metamfetamindən istifadə edir, həmin psixotrop maddədən hər hansı bir şəxsə verməmiş və satmamış, nə də yaşadığı ünvanda olması barədə heç kimə heç nə deməmişdir. Həmçinin o, ona qarşı polis əməkdaşlarından hər hansı zor və ya zor tətbiqi hədəsi edilmədiyini qeyd etmiş, iş üzrə alınmış məhkəmə-kimyəvi ekspertizası rəyi ilə tanış olduqdan sonra rəylə razılaşdığını, həmçinin özünü təqsirli bildiyini və tutduğu əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvvəkili, polis kiçik leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 24 aprel 2024-cü il tarixdə saat 12:30 radələrində Bərdə rayonu, Mollalı kəndində yaşayan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması və istifadəsi ilə məşğul olması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də Bərdə RPŞ-nin əməliyyat müvəkkili Şahid1 Nazim oğlu tərəfindən xx.xx.2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 13:00 radələrində Bərdə rayonu, Mollalı kəndində yaşadığı evin yaxınlığında saxlanılmaqla Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Bəhruz Nuriyevin, onun və digər polis əməkdaşları Şahid1 və Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evə video çəkilişlə baxış keçirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin evdə narkotik vasitə olub-olmaması soruşulduqda sonuncu evin özünə aid yataq otağında narkotik vasitə olmasını bildirmiş, bundan sonra o və digər polis əməkdaşları Təqsirləndirilən şəxs iştirakı ilə həmin evə, ardınca yataq otağına daxil olmuş, Təqsirləndirilən şəxs həmin otaqdakı özünə aid çarpayının üzərindəki döşəyin altından silindrik kiçik plastik qabın içərisindən 1 ədəd sellofan bükümü təqdim edərək içərisində “patı” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə həmin kütləyə baxış keçirilmiş, həmin kütlənin ağ, duzşəkilli, spessifik iyə malik psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, elektron tərəzidə çəkildikdən sonra ümumi çəkisinin 1,45 qram olması təsdiqini tapmışdır. Həmin kütlə tərkibinin və çəkisinin müəyyən olunması məqsədilə ekspertizaya təqdim olunmaqdan ötrü təhqiqatçı Bəhruz Nuriyev tərəfindən ağ rəngli kağız zərfə qoyularaq DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, bu formada qablaşdırılmaqla götürülmüşdür. Daha sonra həmin evdən hər hansı bir şübhəli əşya, predmet aşkar edilməmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəyə bənzər kütləni 10 gün əvvəl Bərdə rayonu, Mustafaağalı kəndində yerdən tapdığını və özü istifadə etdiyi üçün saxladığını bildirmiş, bununla da evə baxış keçirilməsi təhqiqatçı Bəhruz Nuriyev tərəfindən yekunlaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş, Bərdə RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Bəhruz Nuriyev tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarışda o və digər polis əməkdaşları Şahid1, Şahid3, habelə Müdafiəçi iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı narkotik maddə, əlavə olaraq əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşkar edilməmiş, bununla da şəxsi axtarış keçirilməsi təhqiqatçı Bəhruz Nuriyev tərəfindən yekunlaşdırılmışdır. Həmçinin o Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı olmadığını bildirmiş, Təqsirləndirilən şəxs konkret olaraq kimlərəsə narkotik vasitə və ya psixotrop maddə satmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Bərdə RPŞ-nin KTQ-nin baş inspektorkriminalisti, polis kapitanı Şahid3 və məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmədiyindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvvəkili, polis leytenantı Şahid1 Nazim oğlu məhkəmədə dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarına əlavə edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, 24 aprel 2024-cü il tarixdə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən həmin evin yataq otağında çarpayının üzərindəki döşəyin altından dərman qutusunun içərisində 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,327 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 25 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 12 dəqiqə 42 saniyə müddətində davam edən videogörüntülərdə 24 aprel 2024-cü il tarixdə Bərdə rayonu Mollalı kəndində Təqsirləndirilən şəxs yaşadığı evə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən baş vermiş proseslər öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, 24 aprel 2024-cü il tarixdə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları və vəkili Müdafiəçi iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan MTE və PA PHŞ-in Bərdə rayon Şöbəsinin məhkəmə tibb eksperti Şahin Verdiyev tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş 26 aprel 2024cü il tarixli 328 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyinə əsasən vət.Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 25 aprel 2024-cü il tarixli 16/472 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində, “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş maddi sübut” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,327 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Narkoloji Dispanserin 15 iyul 2024-cü il tarixli 1229 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, onun əvvəllər hər hansı məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 201 nömrəli arayışdan və 25 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Mollalı kəndində atası və anası ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin qanuniliyinin yoxlanılması barədə Bərdə rayon Məhkəməsinin 5(021)-75/2024 saylı 26 aprel 2024-cü il tarixli qərarından görünür ki, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Nazim oğlu tərəfindən qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi” barədə 24 aprel 2024-cü il tarixli qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan 05 iyun 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1,327 qram psixotrop maddə olan metamfetaminin satış məqsədilə saxlanması və Təqsirləndirilən şəxs psixotrop maddəni aldığı şəxsləri müəyyən etmək və istintaqa təqdim etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-28/2-861/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1992-ci il təvəllüldü Təqsirləndirilən şəxs Bərdə RMX-nın Polikilinikasının Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş üzrə Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında ona məxsus çarpayının üzərində olan döşəyin altındakı dərman qutusunun içərisindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,327 qram olmuş, ekspertizadan sonra tədqiqata 0,05 qramının sərf olunmuş, qalıq çəkisi 1,277 qram psixotrop maddə olan metamfetamin, yaşadığı ünvana baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 1,327 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 01 ədəd sellofan bükümdə qanunsuz olaraq əldə edib yaşadığı ünvanda saxlamış, 25 aprel 2024-cü il tarixdə saat 13 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Mollalı kəndi ərazisində saxlanılaraq həmin kənddə yerləşən yaşadığı evə baxış keçirilən zaman həmin evin yataq otağında çarpayının üzərindəki döşəyin altından dərman dərman qutusunun içərisində 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,327 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətlər saxlama kimi başa düşülməlidir. Qərara əsasən törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam şəkildə sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini qərəzli hesab edir və özünü müdafiə xarakterli olaraq qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs 1,327 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edərək yaşadığı evdə saxlaması işdə olan sübutlar, yəni evə baxış keçirilməsi və götürmə aparılması haqqında protokol, protokola əlavə edilmiş evə baxış keçirilməsi və götürmə prosesini özündə əks etdirən videoçəkilişin əks olunduğu DVD disk, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadəsi, şahidlərin ifadələri, əməliyyat axtarış tədbirinin qanuniliyinin yoxlanılmasına dair məhkəmənin qərarı, ekspertin rəyi və digər mötəbərlə sübutlarla təsdiq edilir. Həmçinin, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən işdə olan sübutları təkzib edən və şəxsin cinayət əməlinin törədilməsində təqsirsizliyini təsdiq edən hər hansı mötəbər sübutlar da məhkəməyə təqdim edilməmişdir. İşdə olan sübutlar isə Təqsirləndirilən şəxs təqsirli olmasına dəlalət edir. Bundan başqa təqsirləndirilən şəxsdən aşkar edilmiş maddənin psixotrop maddə olub-olmaması diskdəki videogörüntü ilə deyil, ekspertin rəyi ilə müəyyən edilir ki, ekspert rəy verərkən ona CM-nin 297-ci maddəsi ilə nəzərdə tutulmuş yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq edilmiş və iltizama imza etmişdir. Belə olduğu təqdirdə ekspertin də yalan rəy verməsi iş materialları ilə sübut olunmadığından Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham əsaslıdır və qanunidir. Belə ki, AR.CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkumluğunun olmaması və ailənin yeganə qazanc gətirən şəxs olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Təqsirləndirilən şəxs оğlunun əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş 01 ədəd kağız bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.277 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 3 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 24 aprel 2024-cü il tarixdən 26 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş 01 ədəd kağız bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.277 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 3 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar