Məhkəmə qərarları › İş №1(021)-14/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-14/2025

13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-14/2025 13.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 10 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 01 il 08 ay 14 gün çəkilməmiş cəzası qalmış, ünvan 2-də qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 5,50 qram çəkidə tərkibində narkotik maddələr olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 01 ədəd kibrit qutusunda qanunsuz olaraq əldə edib üzərində saxlamış, 21 fevral 2024-cü il tarixdə saat 13 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞnin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 5,50 qram çəkidə tərkibində narkotik maddələr olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. Təxminən 5 ildir ki, təsadüfi hallarda, yəni tapdıqca narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, Bərdə rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 10 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onu 21 fevral 2024-cü il tarixində səhər saatlarında saxlayıb polis şöbəsinə aparmışlar, onun üzərində narkotik vasitə olmayıb, işgəncələr verib üzərinə narkotik vasitə qoyub çəkiliş aparıb məcburi olaraq izahat yazıb imza etdirmişlər. Üzərində şəxsi axtarış aparılan zaman, eləcə də RPŞ-də izahat və ifadə verərkən ona qarşı zor tətbiqi hədəsi edilmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə-bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri və digər istintaq sənədləri ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində iştirak edən Bərdə RPŞ-nin NMQnun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, ifadəsində göstərmişdir ki, 21 fevral 2024-cü il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik maddə əldə etməsi, özündə saxlayaraq daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmiş, ona görə də 21 fevral 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Ondan, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kirminalisti, polis kapitanı Şahid3 və Bərdə RPŞ-nin PPBX-nin polis nəfəri, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra keçirilmiş tədbirlər çərçivəsində digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən edilən Bərdə şəhəri Təqsirləndirilən şəxs prospektinə getmiş, 21 fevral 2024-cü il tarixdə saat 13:10-da həmin yerə çatmış, bu zaman Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb sonuncuya yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, özündə saxlayaraq daşıması ilə məşğul olmasında şübhəli olduğunu deyib polis şöbəsinə dəvət etdikdə sonuncu onlara etiraz etməmiş və Təqsirləndirilən şəxs Bərdə RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Pərvin Səfərli tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarışda müdafiəçi qismində Xanım İsayeva iştirak etmiş, şəxsi axtarış prosesi Bərdə RPŞ-nin KTQ-nin baş inspektorkirminalisti, polis kapitanı Şahid3 tərəfindən video qeydə alınmışdır. X2 Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirdikdə sonuncu əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu masanın üzərinə qoyaraq təqdim etmiş, Təqsirləndirilən şəxs həmin maddənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı sağ yan cibindən 22 manat 10 qəpik, şalvarın sol yan cibindən 01 ədəd alışqan və gödəkcənin sol yan cibindən elektron nəzarət vasitəsi aşkar olunmuşdur. Sadalananlardan başqa qanunsuz əşya və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 8 qram olması müəyyən olunmuş, aşkar edilmiş narkotik vasitəyə bənzər maddə X2 tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış və Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. O və digər iştirakçılar həmin zərflərin üzərinə imza etmiş, bundan sonra şəxsi axtarış prosesi X2 tərəfindən yekunlaşdırılmış, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPXBnin polis nəfəri, polis serjantı Şahid2 və Bərdə RPŞ-nin KTQ-nun baş inspektorkriminalisti, polis kapitanı Şahid3 ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişdirlər. Məhkəmə istintaqı zamanı Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(021)174/2022 saylı hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarix saat 09:00-dan 22 fevral 2024-cü il tarixdə saat 09:00-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Elektron Monitorinq İdarəsinin izləmə sistemindən ərazi xəritəsinin (Bərdə rayonun ərazisində hansı ərazilərdə olması ilə bağlı) məhkəməyə göndərilməsi ilə əlaqədar Bərdə Rayon İcra və Probasiya Şöbəsinə verilmiş sorğu ilə bağlı iş üzrə şahid qismində dindirilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, xəritə 21 fevral səhər saat 09:00-dan 12:00-a dək olan vaxtdır. Son dayanacağı isə Babək küçəsi- Polis Şöbəsi olan küçədir. Cinayət işinin 1-ci vərəqəsində olan 22 fevral 2024-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 40300034 nömrəli cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə Bərdə RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir. Cinayət işinin 3-45-ci vərəqələrində olan materiallardan görünür ki, həmin cinayət işinin başlanmasına səbəb 21 fevral 2024-cü il tarixdə saat 13 radələrində Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və özündə saxlayaraq daşımasında şübhəli bilinən ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs Bərdə şəhəri, Təqsirləndirilən şəxs prospektində şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunuda təmiz çəkisi – 5,50 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 10-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 21 fevral 2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 58-59-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 151-152-ci vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 83-90-cı vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(021)32/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli 21 fevral 2024-cü tarixdən hesablanmışdır. Cinayət işinin 40-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin xx.xx.2024-cü il tarixli 16/251 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürtülmüş narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,50 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Qeyd: Marixuananın təmiz çəkisi-5,50 qram, tədqiqat cəmi sərf edildi-0.08 qram, qalıq 5.42 qram (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 136-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin xx.xx.2024-cü il tarixli 573 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 124-135-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(021)-174/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 10 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 110-111-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 10 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(021)- 174/2022 nömrəli hökmü üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cəzasının 01 il 01 ay 24 gününü çəkmiş və 01 il 08 ay 14 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işinin 97-ci vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verimiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət, lakin narkotikaya meyilli kimi xarakterizə olunmuşdur. Cinayət 127-ci vərəqəsində olan Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-28/2-418/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1984-cü il təvəllüldü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixindən Bərdə RMX-nın polikilinika şöbəsinin Narkoloji kapinetində “Çətənə” narkomoniyası diaqnozu ilə dispanser qeydiyyatındadır. Təqsirləndirilən şəxs Bərdə RMX-nın ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 141-149-cu vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra 1 (bir) ədəd kağız paketdə 01 ədəd kibrit qutusunda qalıq çəkisi 5,42 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon Polis şöbəsinin Maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində işgəncələrə məruz qaldığını bildirmişdir. Məhkəmə tərəfindən bununla bağlı Bərdə Rayon Prokuroluğuna sorğu verilmişdir. Baş Prokuroluğun Xidməti Araşdırmalar İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən Təqsirləndirilən şəxs müraciəti əsasında araşdırma aparılmış və toplanmış material üzrə 13 avqust 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəməyə vəsatət verərək polis əməkdaşları tərəfindən 21 fevral 2024-cü il tarixdə səhər saatlarında saxlanıldığını, lakin şübhəli şəxs qismində tutulma haqqında qərarda 21 fevral 2024-cü il tarix saat 13:10 dəqiqədə tutulması qeyd olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən 04 dekabr 2024-cü il tarixli cavab məktubu ilə sorğuya cavab olaraq bildirilmişdir ki, “Attenti” elektorn monitorinq sistemindən əldə edilmiş məlumata əsasən koordinatlar üzrə məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00-dan başlayaraq Bərdə Rayon Polis Şöbəsində saxlanıldığı müşahidə edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zaman Təqsirləndirilən şəxs üzərində narkotik maddə olmadığını, polis əməkdaşları tərəfindən polis şöbəsində cibinə qoyularaq zorakılıqla boynuna qoyulmasını bildirməsi özünü müdafiə xarakteri daşıdığından əsassız hesab edilməlidir. Belə ki, məhkəmə tərəfindən bununla bağlı Bərdə Rayon Prokuroluğuna sorğu verilmiş, Baş Prokuroluğun Xidməti Araşdırmalar İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən Təqsirləndirilən şəxs müraciəti əsasında araşdırma aparılmış və toplanmış material üzrə 13 avqust 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla himayəsində azyaşlı övladlarının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(021)-174/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 10 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hazırda Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(021)- 174/2022 saylı hökmü üzrə 01 il 08 ay 14 gün çəkilməmiş cəzası qalmışdır. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(021)- 174/2022 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunduğundan cinayətin residivi yaranmadığı müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını və məhkumluğunun ödənilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Hazırda Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(021)-174/2022 saylı hökmü üzrə 01 il 08 ay 14 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət, Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(021)-174/2022 saylı hökmündən sonra baş vermişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 67.2-ci maddəsinə görə hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(021)- 174/2022 saylı hökmü üzrə cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) günü yeni hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesabı ilə hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, 23 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 21 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan psixotrop maddə olan 5,42 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, həmin cəza ilə Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(021)-174/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrumetmə cəzasının 1 (bir) gününə bərabər olmaq hesabı ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan psixotrop maddə 5,42 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar