Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-141/2022 22.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, X1, X2, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, 01 avqust 1989-cu ildə Ağdam rayon Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(021)03/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən edilərək, təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmış, məhkumluğu ödənilmiş, Ağdam şəhər S.S.Axundov küçəsi ev 29-da daimi qeydiyyatda olmaqla, hazırda Ağdam rayon Hacıməmmədli kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına becərmə cinayət əməlini törətmişdir. Belə ki, ittihama görə Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının əvvələrində istintaqa dəqiq məlum olmayan gün və vaxtda əkin mövsümündə Ağdam rayon Əfətli kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olmaqla ehtiyat fondu torpaqları kateqoriyasına aid 11,40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq xüsusi texnikalardan istifadə etməklə cinayətdən məlumatsız Ağdam rayon Əfətli kənd sakini Şahid6 vasitəsi ilə həmin kənd sakini Şahid5 idarə etdiyi Belarus 892 markalı ** BA *** dövlət qeydiyyat nişanlı traktorla şumladaraq taxıl bitkisi yetişdirmək üçün toxum səpib əkib becərməklə kənd təsərrüfatlı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Şahid1 qanunsuz hərəkətləri ilə bağlı bir neçə dəfə yuxarı instansiyalara müraciət etmişdir. Şahid1 dəfələrlə onu qəbul etsə də, o, Şahid1la görüşə getməmişdir. Buna səbəb Şahid1 onu dəfələrlə işlə təmin edəcəyinə söz verib aldatması olmuşdur. 2021-ci ilin noyabr ayının əvvəllərində Ağdam rayon Məhkəməsinin hakimi Mahir Niftəliyev ona zəng edərək xidməti otağına dəvət etmişdir. Həmin vaxt Şahid1 rayon məhkəməsinin hakimi Mahir Niftəliyevin xidməti otağına gəlmişdir. Orada o, Şahid1 və Mahir Niftəliyev olmuşlar. Şahid1 ona niyə şikayətçi olduğunu soruşduqda o, Şahid1 bir vətəndaş kimi aşkar etdiyi qanunsuzluqlar barədə yuxarı instansiya orqanlarına müraciət etmək hüququnun olduğunu bildirmişdir. Şahid1 ona bu yoldan çəkinməyə dəvət etmiş, lakin o, bundan imtina etdikdə Şahid1 ona barışmayacağı təqdirdə bildiyi kimi edəcəyini bildirmişdir. O da bu məsələnin daha çox dərinləşməməsini istədiyi üçün Şahid1la razılaşmış və Şahid1 bacısı Sevincin yaşaması üçün evinin olmadığını bildirmişdir. Şahid1 bacısı Sevincə Ağdam rayonu, Qasımbəyli qəsəbəsi ərazisində yerləşən məcburi köçkün evlərindən birini verdiyini bildirmişdir. Bundan sonra ondan başqa nə probleminin olduğunu soruşduqda o Şahid1 ailəsinin sayının çox olduğunu və gəlir yerinin olmadığını bildirmişdir. Bu zaman Şahid1 ondan nə işlə məşğul ola biləcəyini soruşduqda o, təsərrüfatla məşğul ola biləcəyini bildirmişdir. Bu zaman Şahid1 Daşınmaz Əmlakın Ağdam rayonu üzrə nümayəndəsi Şahid2 zəng edərək Ağdam rayonu, Əfətli kəndi ərazisindən mənə 8 hektar torpaq verilməsini bildirmişdir. O da Şahid1 8 deyil, 10 hektar torpaq sahəsini verməsini xahiş etmişdir. Bu zaman Şahid1 onun xahişini nəzərə alaraq ona 10 hektarlıq torpaq sahəsinin verilməsini tapşırmışdır. Bundan sonra Şahid1 başqa nə kimi probleminin olduğunu soruşduqda heç bir probleminin olmadığını öz minnətdarlığını bildirmişdir. Həmin gün Ağdam MKİS-nin müdiri Valeh adlı şəxs Ağdam rayonu, Qasımbəyli qəsəbəsi ərazisində yerləşən bir otaqlı evin açarlarını gətirib ona vermişdir ki, bacısı Sevincin ev problemi həll olunsun.. Bundan təxminən 3 gün sonra o, istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə vasitəsilə Şahid2 zəng edərək Şahid1 tapşırdığı ona verilməli olan torpaq sahəsi ilə tanış etməsini və müvafiq sənədləşdirilmənin getməsini bildirmişdir. Bundan sonra həmin gün Şahid2 və Ağdam rayon Əfətli kənd İƏD üzrə nümayəndəsi Şahid3la birlikdə Ağdam rayonu, Əfətli kəndinə gəlmişlər və onlar birlikdə həmin kənddə əvvəlki cəbhəboyu zonaya yaxın yerləşən əraziyə getmişlər. Orada o, 10 hektarlıq ərazini göstərərək həmin yerə təsərrüfatla məşğul olmaq istədiyini bildirmişdir. Bu zaman Şahid2 həmin ərazinin minalanmış sahə olmasını ehtimal etdiyini həmin ərazi təmizləndikdən sonra təsərrüfatla işləri görülməsini məsləhət bildiyini bildirmişdir. O, isə həmin ərazinin əvvəllər də örüş sahəsi olduğunu, orada kənd camaatının mal-qara otardığını, hər hansı minanın olmadığını və təsərrüfat işləri aparacağını bildirmişdir. Bundan sonra o, həmin ərazidə 4 gün təsərrüfat işləri aparmış və orada taxıl əkmişdir. Həmin yerin suvarılması üçün torpaq sahəsinin sağ tərəfində yerləşən 39 hektarlıq torpaq sahəsinin sahibi, deyilənə görə Şahid1 qohumu olan X3 istifadəsində olan artezianın əkinə nəzarət edən şəxslər tərəfindən istifadə edilərək o əkdiyi torpaq sahəsini suvarmışlar. Vaqif İsmalyılov ona zəng etmiş ki, onun icazəsi olmadan ona məxsus sudan niyə istifadə etmisən bildirəndə o bildirmişdir ki, bu işdən onun xəbəri yoxdur. Vaqif İsmalyılov isə öz növbəsində Şahid1a zəng edərək guya Akif Şahid1 barəsində söuüş söymüşdür. Bundan qəzəblənən Şahid1 polis orqanına şikayət edərək onun barəsində torpağın qanunsuz becərilməsini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, həmin əraziyə dair müvafiq sənədləşdirmə işləri aparılmadığından heç bir rəsmi sənədləri yoxdur, lakin Şahid1la aralarında şifahi razılaşma olmuşdur. Həmin ərazidə əkin işlərinin görülməsindən həm Ağdam rayon Əfətli kənd bələdiyyəsinin, həm Ağdam rayon İHB-nin Əfətli kənd İƏD üzrə nümayəndəliyin, həm də Şahid2 xəbərləri olmuşdur, lakin ona hər hansı dövlət müəssisəsindən xəbərdarlıq edilməmişdir. O, əkin işlərindən anlayışı olmadığı, Şahlar mütəmadi olaraq öz torpaq sahəsində əkin işləri gördürdüyü, təsərrüfatla məşğul olduğu, təsərrüfatdan yaxşı anlayışı olduğu üçün Şahlardan həmin torpaq sahəsində əkin işlərinə nəzarət etməyi xahiş etmişdir. Həmçinin həmin torpaq sahəsində görülən işlərə dair xərcləri o, Şahlara vermişdir ki, Cavada versin. X12 yaxşı münasibəti olmuş və Cavad işləri Şahlara daha ucuz qiymətə görmüşdür. Rəfayıl və Şahlar ona ümumlikdə 2 ton taxıl vermişlər və onun xahişi ilə həmin taxılı torpaq sahəsinin kənarına boşaltmışlar. O, əkin işlərinə sərf etmək üçün Rəfayılda 500 manat borc pul almış və Rəfayılla və Şahlara söz vermişdir ki, biçin vaxtı verdikləri taxılı artıqlaması ilə qaytaracaqdır. Təqsirləndirilən şəxs əməlində cinayət təkibi olmadığını bildirərək, məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2021-ci ilin dekabr ayından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri vəzifəsində çalışır. Ağdam rayon Əfətli kəndi ərazisində yerləşən dövlət fondu torpağının qanunsuz əkilib-becərilməsi faktı ilə əlaqədar Ağdam rayon polis şöbəsində aparılan araşdırma ilə tanış olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Təqsirləndirilən şəxs tərəfindən qanunsuz əkin işləri aparılmışdır. Dövlət mülkiyyətinə aid olan torpaqların istifadə edilməsi üçün şəxs tərəfindən əvvəlcə ərizə ilə rayon icra hakimiyyətinə müraciət edilməlidir, daha sonra rayon icra hakimiyyəti tərəfindən toplanmış materillar baxılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilir. Həmin materillar əsasında Əmlak Məsələləri Dövlət Xidmətində araşdırma aparılaraq torpaq sahəsinin icarəyə verilməsinin məqsədə uyğun olub-olmaması barədə rəy hazırlanaraq rayon icra hakimiyyətinə göndərilir. Bundan sonra torpaq sahəsinin icraəyə verilməsi ilə bağlı müsbət rəy verilibsə rayon icra hakimiyyəti torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı sərəncam qəbul edir. Daha sonra həmin sərəncam qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin müvafiq ərazi şöbəsinə göndərilir. Bütün bu prosedur qaydalar başa çatdıqdan sonra şəxs torpaq sahəsindən istifadə hüququ əldə edir. Lakin Ağdam rayon Əfətli kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs tərəfindən əkilibbecərilmiş dövlət mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yuxarıda sadalanan qaydada heç bir sənədləşmə işləri aparılmamış, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz əkin işləri aparılmışdır. O, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O, 2021-ci ilin noyabr ayının 28-də işə çıxanda kənd camaatından eşitmişdir ki, Təqsirləndirilən şəxs kənd ərazisində yerləşən dovlət fondu torpağında qanunsuz olaraq əkin işləri aparmışdır. O, dərhal bu barədə kənd bələdiyyə üzvləri Şahid8 və Şahid9ə bu barədə məlumat vermişdir. Bundan sonra onlar birlikdə həmin əraziyə getmişlər. Oraya çatanda həmin dovlət fondu torpağının həqiqətəndə qanunsuz əkilib becərildiyini görmüş və dərhal bu barədə akt tərtib edərək aidiyyəti üzrə rayon icra hakimiyyətinə göndərmişlər. Şahid3 həmçinin ifadəsində göstərmişdir ki, onun Ağdam rayon İcra Hakimiyyəti başçısının Təqsirləndirilən şəxs torpaq verib-verməməsi barədə heç bir məlumatı olmamışdır. Ona Təqsirləndirilən şəxs dövlət fond torpağında qanunsuz əkin işləri aparması barədə kənd camaatı məlumat veridikdən sonra o, Təqsirləndirilən şəxs bu barədə soruşduqda sonuncu özü həmin torpaq sahəsində əkin işləri apardığını etiraf etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 2021-ci ilin noyabr ayının əvvəllərində qudası Rəfayıl ona həmkəndlisi Təqsirləndirilən şəxs 10 hektar torpaq sahəsi götürdüyünü, lakin əkibbecərməyə maddi imkanın olmadığını demişdir. Rəfayıl ona təklif etmişdir ki, Akifə 01 ton taxıl o, 01 ton taxıl isə Rəfayıl versin və biçin vaxtı Akif həmin taxılı onlara artıqlaması ilə qaytaracaq. O da Rəfayılla razılaşıb 01 ton taxılı Rəfayıla vermişdir ki, Akifə versin. Onlar ümumilikdə 02 ton taxılı Akifə vermişlər. Bundan sonra Akif, o və Rəfayıl bir yerdə söhbət edən zaman Akif əkin işlərindən çox anlayışının olmadığını bildirmiş və ondan xahiş etmişdir ki, “sən əkin işləri ilə məşğul olursan, tanıdığın traktor sürücüləri var, ona görə sən zəng elə tapşır həmin torpaq sahəsini şümlasınlar, oraya taxıl səpsinlər”. Özü də həmin vaxt orada olsun ki, əkin işlərinin qaydasında getməsinə nəzarət etsin. O da həmişə əkin işləri gördürdüyü həmkəndlisi Şahid7 zəng edərək həmin torpaq sahəsini şümlamasını xahiş etmişdir. Səhəri gün Şahid7 sürücüsü Vüsal adlı şəxs həmin torpaq sahəsinə gələrək torpaq sahəsini şümlamışdır. Həmin vaxt o, Vüsaldan səhəri gün həmin torpaq sahəsinə taxıl səpməsini xahiş etmişdir. Vüsalda səhəri gün gələrək torpaq sahəsinə taxılı səpmişdir. Bundan sonra o, əkin və səpin işlərinə görə Akifdən alıdığı əvvəlcə 100 manatı, bir neçə gün sonra 450 manatı Şahid7 vermişdir. Şahid6 həmçinin ifadəsində göstərmişdir ki, Akif ona torpağa dair heç bir sənəd göstərməmişdir. Akif ona şifahi olaraq demişdir ki, Ağdam rayon İcra Hakimiyyətinin başçısı həmin torpaq sahəsini Təqsirləndirilən şəxs verib. Onların həmin əkin işlərində iştirakı olmamışdır. Sadəcə olaraq Akif əkin işlərindən anlamadığı üçün ondan xahiş etmişdir ki, tanıdığı traktor sürücülərindən həmin torpaq sahəsini əkilməsini, oraya toxum səpilməsini xahiş etsin və həmin proseslərə nəzarət etsin. Həm də ki, o, daimi olaraq əkin işləri ilə məşğul olduğuna, traktor sürücüsü Şahid7la əvvəllərdən münasibəti olduğuna və Cavadın ona daha ucuz qiymətə iş görəcəyinə görə o, öz adından Şahid7 xahiş etmişdir. O, qudası Rəfayılla birlikdə Akifə hər biri ayrı-ayrılıqda 1 ton olmaqla ümumlikdə 2 ton taxıl vermişlər. Akifdə onlara söz vermişdir ki, biçin vaxtı onların taxılını artıqlaması ilə qaytaracaq. Ona görə Akif ondan əkin işlərindən anlayışı olmadığına görə orada əkin işlərinə nəzarət etməyi xahiş edəndə o verdikləri taxıl daha çox məhsul versin deyə əkin işlərinə nəzarət etmişdir ki, biçin vaxtı Təqsirləndirilən şəxs onlara daha çox taxıl qaytarsın. Həmin torpaq sahəsində əkin və səpin işlərini Cavad adlı həmkəndlisinin traktoru ilə Vüsal adlı sürücüsü görmüşdür. Həmin vaxtı orada o və Rəfayıl olmuşdur. Onlar Akifə taxılı verərkən Akif onlara maşını olmadığı üçün həmin toxumları torpaq sahəsinin kənarına aparmağı xahiş etmişdir. Onlarda qudası Rəfayıla məxsus Ford markalı yük maşını ilə həmin taxılı torpaq sahəsinin kənarına aparıb boşaltmışlar. Vüsalda taxılı səpərkən həmin toxumları əkin sahəsinin kənarından götürmüşdür. Bundan başqa qudası Rəfayılın Akifə əkin işlərinə sərf etməsi üçün 500 manat pul verməsindən məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 2021-ci ilin noyabr ayının əvvəllərində həmkəndlisi Təqsirləndirilən şəxs ona zəng edərək Ağdam rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ona 10 hektar torpaq sahəsi verildiyini, lakin hazırda həmin torpaq sahəsində əkin isləri aparmaq üçün maddi imkanın olmadığını bildirmiş və ondan köməklik göstərməyini xahiş etmişdir. Səhəri gün onlar Təqsirləndirilən şəxslə kənd ərazisində görüşmüşlər. Akif yenidən ona Ağdam rayon İcra hakimiyyəti başçısının ona 10 hektar torpaq sahəsi verdiyini bildirmiş və orada əkin işləri aparmaq üçün maddi köməklik göstərməyini xahiş etmiş və biçin vaxtı ona artıqlaması ilə hörmət edəcəyini bildirmişdir. O da Akifin bu sözlərinə inanıb Akiflə razılaşmış və əvvəlcə ona əkin işləri görsün deyə 500 manat borc pul vermişdir. Bundan sonra o, bu barədə qudası Şahlara demiş və Şahlardan 01 ton taxıl almışdır. Bundan sonra o, Şahlardan aldığı 01 ton taxılla birlikdə ümumilikdə Təqsirləndirilən şəxs 02 ton taxıl vermişdir. Həmin vaxt Akif maşının olmadığını bildirərək həmin taxılları torpaq sahəsinin kənarına aparmağı onlardan xahiş etmişlər. O da qudası Şahlarla birlikdə özünəməxsus Ford markalı yük avtomobili ilə həmin taxılı torpaq sahəsinin kənarına aparıb boşaltmışlar. Akif həmin vaxt yenidən ona biçin vaxtı 500 manat pulunu və verdikləri 02 ton taxılın əvəzində daha çox taxıl qaytaracağını bildirmişdir. Şahid4 həmçinin ifadəsində göstərmişdir ki, Akif ona torpağa dair heç bir sənəd göstərməmişdir. Akif ona şifahi olaraq demişdir ki, Ağdam rayon İcra Hakimiyyətinin başçısı həmin torpaq sahəsini Təqsirləndirilən şəxs verib. Şahlarla onun həmin əkin işlərində iştirakı olmamışdır. Sadəcə olaraq Akif əkin işlərindən anlamadığı üçün Şahlardan xahiş etmişdir ki, tanıdığı traktor sürücülərindən həmin torpaq sahəsini əkilməsini, oraya toxum səpilməsini xahiş etsin və həmin proseslərə nəzarət etsin. Şahlar daimi olaraq əkin işləri ilə məşğul olduğuna, traktor sürücüsü Şahid7la əvvəllərdən münasibəti olduğuna və Cavadın Şahlara daha ucuz qiymətə iş görəcəyinə görə Şahlar öz adından Şahid7 əkin işləri aparılmasını xahiş etmişdir. O, qudası Şahlarla birlikdə Akifə hər biri ayrı-ayrılıqda 1 ton olmaqla ümumlikdə 2 ton taxıl vermişlər. Akifdə onlara söz vermişdir ki, biçin vaxtı onların taxılını artıqlaması ilə qaytaracaq. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, onun özünə məxsus olan traktoru var və Şahid5 həmin traktorla torpaq sahələrində işləyir. O, hər hektarda işə görə Vüsala 5 manat pul ödəyir. Təqsirləndirilən şəxs, Şahid4 və Şahid6 kənd sakini kimi tanıyır, onlarla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 2021-ci ilin noyabr ayının əvvələrində Şahid6 ona zəng edərək Əfətli kəndi ərazisində torpaq sahəsinin olduğunu və həmin torpağın əkilməsini ona bildirmişdir. O da həmin gün Şahid5 əkin işləri aparması üçün həmin əraziyə göndərmişdir. Bundan sonra o da həmin torpaq sahəsinə getmiş və Şahlardan həmin torpaq sahəsinin sənədinin olubolmamasını dəfələrlə soruşmuşdur. Şahlar ona narahat olmamağı, bütün sənədlərin qaydasında olduğunu bildirmişdir. Bundan sonra o, Şahlara inanaraq oradan uzaqlaşmışdır. Həmin gün axşam Vüsal ona Şahların səhəri gün həmin torpaq sahəsinə taxıl səpmək üçün onu dəvət etdiyini bildirmiş və səhəri gün həmin torpaq sahəsinə taxılı səpmişdir. Bundan təxminən 2-3 gün sonra Şahlar ona əkin və səpin haqqı olaraq əvvəlcə 100 manat, sonradan isə dəqiq xatırlamadığı miqdarda pul vermişdir. Şahid7 həmçinin ifadəsində göstərmişdir ki, ona həmin torpaq sahəsində əkin və səpin işləri aparmağı Şahid6 demiş və həmin işlərə görə haqqı da Şahlar ödəmişdir. O, əkin və səpin zamanı ora gedəndə orada Şahid6 olmuşdur. Onun Təqsirləndirilən şəxslə bu barədə heç bir söhbəti olmamışdır. Həmin torpaq sahəsində əkin və səpin işləri aparılmış traktor onun mülkiyyətindədir, lakin həmin traktoru o, idarə etmədiyinə görə sürücülük vəsiqəsi yoxdur. Həmin traktoru Şahid5 idarə edir. O, Vüsala traktoru idarə etməklə bağlı etibarnamə verməmiş, lakin Vaqifin sürücülük vəsiqəsinin olub-olmadığını dəqiq bilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, həmkəndlisi Cavada məxsus BELARUS 892 markalı 02BA069 dövlət qeydiyyat nişanlı traktorla əkin işləri görür və hər hektara görə də Cavad ona 5 manat pul verir. Təqsirləndirilən şəxs, Şahid4 və Şahid6 kənd sakini kimi tanıyır, onlarla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 2021-ci ilin noyabr ayının əvvələrində Şahid7 ona Şahid6 kəndin yuxarı hissəsində torpaq sahəsinin olduğunu və orada əkin işləri aparmaq lazım olduğunu bildirmişdir. O da həmin gün sözügüdən torpaq sahəsinə getmişdir. O, ora çatanda Şahid6 torpaq sahəsinin yanında olduğunu görmüşdür. O, əkin işlərinə başlamazdan əvvəl Şahlardan torpaq sahəsinin sənədlərinin olub-olmamasını soruşmuş, sonuncu ona narahat olmamağı, bütün sənədlərin qaydasında olduğunu demişdir. Bundan sonra o, əkin işlərinə başlamışdır. Təxminən 2-3 saat sonra Şahid7 oraya gələrək traktora tökmək üçün yanacaq gətirmiş, sonra isə oradan uzaqlaşmışdır. O, əkin işlərini yekunlaşdırdıqdan sonra Şahlar ona həmin torpaq sahəsinə toxu səpməyini xahiş etmişdir. O, bu barədə həmin gün axşam Şahid7 məlumat vermiş, bundan sonra səhəri gün həmin torpağa toxum səpmək üçün oraya getmişdir. Həmin vaxtı Şahlar həmin torpaq sahəsində onu gözləmişdir. O, həmin torpaq sahəsində səpin işlərini yekunlaşdırıb oradan uzaqlaşmışdır. Şahid5 həmçinin ifadəsində göstərmişdir ki, ona həmin torpaq sahəsində əkin işləri aparmağı Şahid7 bildirmişdir. Səpin işləri aparılmasını isə ondan Şahid6 xahiş etmişdir. Əkin və səpin zamanı orada Şahid6 və Şahid4 olmuşdur. Onun əkin və səpin işləri ilə bağlı Təqsirləndirilən şəxslə heç bir söhbəti olmamışdır. Onun Şahid7 məxsus BELARUS 892 markalı 02BA069 dövlət qeydiyyat nişanlı traktoru idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi yoxdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 28 noyabr 2021-ci il tarixdə Şahid3 onunla telefon əlaqəsi saxlayaraq Əfətli kəndi ərazisində yerləşən dovlət fondu torpağında Təqsirləndirilən şəxs tərəfindən qanunsuz əkin işləri aparıldığını bildirirək həmin əraziyə baxış keçirilməli olduğunu qeyd etmişdir. Bundan sonra o, Ağdam rayon Hacıturalı kənd bələdiyyəsinin sədri Şahid9 və Şahid3 ilə birlikdə sözügedən torpaq sahəsinə getmişlər. Onlar oraya çatanda həmin torpaq sahəsinin həqiqətəndən şumlanıb taxıl səpildiyini müəyyən etmişlər və dərhal bu barədə akt tərtib edərək rayon icra hakimiyyətinə məlumat vermişlər. Şahid8 daha sonra ifadəsində göstərmişdir ki, Ağdam rayon İcra Hakimiyyəti Başçısının Ağdam rayon məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs əkin işləri ilə məşğul olması üçün 10 hektar torpaq sahəsi verib-verməməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid9 Şahid8 ilə eyniməzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə Şahid1 məhkəməyə teleqram və ərizə göndərərək, üzürlü səbəblərdən, yəni xidməti işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək, onun iştirak olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan olunmuş iş üzrə Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. O, 2021-ci ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə rayon ərazisini gəzərkən Ağdam rayon Məhkəməsinin hakimi Mahir Niftəliyev onunla telefon əlaqəsi saxlayaraq rayon sakini Təqsirləndirilən şəxs yanında olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. O, həmin vaxtı Mahir Niftəliyevə rayon məhkəməsinin yaxınlığında olduğunu və tezliklə rayon məhkəməsinə gələcəyini bildirmişdir. Bundan təxminən 5 dəqiqə sonra o, rayon məhkəməsinin inzibati binasına getmiş və orada Təqsirləndirilən şəxs təkidlə onu dinləməyini xahiş etdiyi üçün o, Təqsirləndirilən şəxs məhkəmənin inzibati binasında qəbul etmiş və dinləmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs bacısının ailə daxili problemləri olduğunu, ondan bacısının ayrı yaşaması üçün ev verilməsini xahiş etmişdir. O, ev verilməsinin onun səlahiyyəti daxilində olmadığını, həmin səlahiyyətin Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsinə aid olduğunu və Təqsirləndirilən şəxs qanuna müvafiq olaraq köməklik göstərilməsi üçün xahiş edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təsərrüfatla məşğul olması üçün ondan icarəyə torpaq verməsini xahiş etmişdir. O, həmin vaxtı Təqsirləndirilən şəxs izah etmişdir ki, torpaq haqqında qanunvericiliyə uyğun olaraq icarəyə torpaq götürmək üçün əvvəlcə ərizəylə rayon İcra Hakimiyyətinə müraciət edilməli, kadastr işləri aparılmalı, buna uyğun rəy hazırlanmalı və bundan sonra müvafiq qərar qəbul edilməlidir. O, Təqsirləndirilən şəxs həmçinin pambıq yığımı başa çatdıqdan sonra bələdiyyə torpaqlarından 5 hektarını yuxarıda qeyd etdiyi qanunvericiliyə uyğun olaraq icarəyə götürə biləcəyini izah etmişdir. Şahid1 daha sonra ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs Ağdam rayon Məhkəməsinin inzibati binasında qəbul edərkən ona pambıq yığımı başa çatdıqdan sonra bələdiyyə torpaqlarından 5 hektarını torpaq haqqında qanunvericiliyə uyğun olaraq icarəyə torpaq götürmək üçün ərizəylə rayon İcra Hakimiyyətinə müraciət etdikdən, kadastr işləri aparıldıqdan, buna uyğun rəy hazırlandıqdan sonra icarə əsasında əldə edə biləcəyini izah etmişdir. 28 noyabr 2021-ci il tarixdə Ağdam RİHB-nın Əfətli kənd üzrə nümayəndəsinin müavini Şahid3, Ağdam rayon Əfətli kənd Bələdiyyəsinin sədri Şahid8 və Ağdam rayon Hacıturalı kənd Bələdiyyəsinin sədri Şahid9 Təqsirləndirilən şəxs, Şahid4 və Şahid6 Ağdam rayon Əfətli kəndi ərazisində yerləşən dövlət fondu torpağında qanunsuz olaraq əkin işləri aparmaları barədə tərtib etdikləri akt rayon icra hakimiyyətinə göndərilmiş və o, bu məsələnin araşdırılması üçün bu barədə Ağdam rayon Polis Şöbəsinə məlumat vermişdir. Məhkəmə iclası zamanı ifadəsi elan olunmuş iş üzrə Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 2021-ci ilin noyabr ayının əvvəllərində o, nəzarət qaydasında rayon ərazisini gəzərkən Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq ondan Əfətli kəndinə nə vaxt gələciyini soruşmüşdür. O da Təqsirləndirilən şəxs hazırda nəzarət qaydasında rayon ərazisində olduğunu və növbəti ərazi olaraq Əfətli kəndində gələcəyini demişdir. Bundan sonra o, Şahid3 və Təqsirləndirilən şəxs Ağdam rayon Əfətli kəndi ərazisində görüşmüşlər. Burada Təqsirləndirilən şəxs onlara Əfətli kəndi ərazisində istifadə etmək üçün torpaq göstərəcəyini bildirmişdir. Onlar birlikdə Təqsirləndirilən şəxslə Əfətli kəndi ərazisində yerləşən dövlət fondu torpaq sahəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs təxminən 10 hektar torpaq ərazisini göstərək həmin ərazini əkib becərmək istədiyini bildirmişdir. Həmin vaxtı Şahid3la o, Təqsirləndirilən şəxs izah etmişlər ki, həmin ərazi minalanmış ola bilər, ona görə də həmin ərazinin minalardan tam təmizlənməsini gözləməli, həmçinin torpaq haqqında qanunvericiliyə uyğun olaraq icarəyə torpaq götürmək üçün o əvvəlcə ərizəylə rayon İcra Hakimiyyətinə müraciət etməli, kadastr işləri aparılmalı, buna uyğun rəy hazırlanmalı və müvafiq qərar qəbul edildikdən sonra orada əkin işləri apara biləcəyini bildirmişlər. Bundan sonra onlar həmin ərazini tərk edərək getmişlər. Cinayət işinin 1-ci vərəqəsində olan Ağdam rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə Ağdam rayon İcra Hakimiyyətindən Ağdam rayon Əfətli kənd sakinləri Təqsirləndirilən şəxs, Şahid4 və Şahid6 Ağdam rayon Əfətli kəndi ərazisində yerləşən dövlət fondu torpağında qanunsuz əkin işləri aparmaları barədə daxil olmuş məlumat əsasında araşdırma aparılmış, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 157-ci vərəqəsində olan Ağdam rayon Polis Şöbəsinin 12 aprel 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinə tövsif edilməsi və istintaqın həmin maddə ilə davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin 205-206-cı vərəqələrində olan Ağdam rayon Polis Şöbəsinin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 218-219-cu vərəqələrində olan Ağdam rayon Polis Şöbəsinin 29 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına ” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 155-156-cı vərəqələrində olan Təqsirləndirilən şəxs qanunsuz əkin işləri apardığı Ağdam rayon Əfətli kəndi ərazisində yerləşən torpaq sahəsinin həqiqətəndə zəbt edilib-edilməməsini, həmin torpaq sahəsinin hansı mülkiyyət növünə aid olmasını və həmin torpaq sahəsinin təyinatını müəyyən etmək məqsədilə “Kadastr və X16 Tədqiqat Mərkəzi” MMC-yə sorğu verilmiş, sorğuya cavab məktubunda göstərilmişdir ki, Ağdam rayonu Əfətli kəndində mübahisələndirilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla ehtiyat fondu torpaqları kateqoriyasına aid kənd təsərrüfatı təyinatlı əkin torpaqlarında yerləşir. Cinayət işinin 12-16-cı vərəqələriində olan xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Əfətli kəndində yerləşən dövlət fond torpağında qanunsuz şumlama, səpin işləri aparmış və həmin torpaq sahəni suvarmaq üçün arxlar çəkmişdir. Cinayət işinin 35-41-ci vərəqələriində olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin "xxxx" MMC-nin Mingəçevir Layihə Tədqiqat İdarəsinin xx.xx.2022-i il tarixli Mütəxəssis rəyindən görünür ki, Ağdam rayonu Əfətli kəndində mübahisələndirilən torpaq sahəsi naturada təyin edilərək mərkəzin elektron məlumat bazasına mövcüd olan TEKUİS məlumatları ilə müqayisələndirilmiş və TEKUİS məlumatlarına əsasən həmin torpaq sahəsi X17 torpaqlarına aiddir. Ölçü zamanı Ağdam rayonu Əfətli kəndində müvəqqəti məskunlaşmış Ağdam şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən şumlama işləri aparılması müəyyən edilmişdir. Cinayət işinin 105-cü vərəqəsində olan Ağdam rayon İcra Hakimiyyəti başçısının Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işinin 109-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə X18 Əsəb Dispanseri tərəfindən verilmiş 171 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Mülayim dərəcədə ifadə olunmuş asteno-depressiv əlamətlərlə nəticələnmiş reaktiv psixoz” diaqnozu ilə X19 Dispanserində dispanser müşahidəsindədir. Cinayət işinin 230-232-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Naziriyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 272 nömrəli xx.xx.2022-ci il tarixli Rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Cinayət işinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Ağdam rayon X6 Hüquqi Şəxs tərəfindən verilmiş 17 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin 145-148-ci vərəqələrində olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 1(021)03/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən edilərək, təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Cinayət işinin 52-53-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 il şərti sınaq müddəti təyin edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır. Cinayət işi materialına əlavə olunmuş axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə könüllü olaraq Ağdam RPŞ-nə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin , şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli olması aşağıdakı qanunların pozması ilə müəyyən olunur. Belə ki, “Torpaq icarəsi”haqqında Azərbaycan Respublikası qanununun 10-1.1-ci maddəsinə əsasən, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir. Həmin qanunun 10-1.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdim olunmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə 10 gün müddətində baxaraq aşağıdakı hüquqi hərəkətlərdən birini edir: 10-1.3.1. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul edir. Bu inzibati akt torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır; 10-1.3.2. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etdikdə, bu barədə rəy hazırlayır, həmin rəy və bu Qanunun 10-1.1-ci və 10-1.2-ci maddələrində nəzərdə tutulmuş sənədlər də əlavə olunmaqla, icarə müqaviləsini bağlamağa razılıq alınması üçün 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 nömrəli fərmanının 2.7-ci bəndinə əsasən həmin Qanunun 10-1.3.2-ci maddəsində, 10-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində və 10-1.6-cı (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur. 2.8-ci bəndinə əsasən isə həmin Qanunun 10-1.1-ci maddəsinin birinci cümləsində, 10- 1.3-cü maddəsində, 10-1.4-cü maddəsinin birinci cümləsində, 10-1.6-cı (ikinci halda) və 10- 1.7-ci maddələrində “orqan (qurum)” dedikdə rayon (şəhər) icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin dispozisiyası qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmanı nəzərdə tutmuşdur. Həmin hərəkətlərin kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsi isə CM-nin 188.3-cü maddəsinin tərkib əlamətlərini yaradır. Məhkəmə qeyd edir ki, qeyd edilən cinayət formal tərkiblidir, yəni torpaq səhəsinin özbaşına hasarlandığı, tutulduğu, dəyişdirildiyi və ya onun becərilməsinə başlandığı andan başa çatmış sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, iki azyaşlı uşağının olmasını, cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(021)03/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən edilərək, təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Beləliklə müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər şərti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini, cinayətin obyektinin kifayət qədər geniş ərazinin əhatə etməsini (11.40 ha) təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin motivini (maddi vəziyyətinin yaxşılaşdırılması), onun aşyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, 29 aprel 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bərdə Rayon Məhkəməsinin 1(021)141/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmuş barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, 17 noyabr 2022-ci il tarixdə könüllü olaraq polis orqanına gəlmiş və aidiyyatı üzrə təhvil verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 17 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-141/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-141/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver