Məhkəmə qərarları › İş №1(021)-141/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-141/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-141/2023 06.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1992-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Ə.Ədilov küçəsi ev 45-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,321 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd «gümüşü» rəngli falqa bükümündə qanunsuz əldə edərək üzərində saxlamış, 20 mart 2023-cü il tarixdə, saat 1045 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd «gümüşü» rəngli falqa bükümündə təmiz çəkisi 0,321 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4 ay olar ki, narkotik vasitə olan heroindən istifadə edir. 19 mart 2023-cü il tarixdə, təxminən saat 14 radələrində yaşadığı evə gedərkən yaşadığı Ə.Ədilov küçəsində yerdə 1 (bir) ədəd gümüşü rəngli kağız bükülünü görüb onu cəlb etdiyi üçün həmin əşyanı yerdən götürüb içərisinə baxdıqda narkotik vasitə olan heroin olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğundan həmin vasitənin heroin olması ona məlum olmuşdur. Bükülünü cibinə qoyduqdan sonra yaşadığı evə getmişdir. Narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır ki, lazım olan vaxtı istifadə etsin. Polis əməkdaşları tərəfindən saxlandığı vaxtadək həmin narkotik vasitə olan heroindən istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 1045 radələrində Bərdə şəhəri Babək küçəsi ilə şəhər istiqamətində hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirmiş və üzərində narkotik vasitə olub-olmaması barədə sorğu etmişlər. Polis əməkdaşlarına 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroini üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları üzərində şəxsi axtarış keçirilməsi üçün onu Bərdə RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində ona könüllü olaraq müdafiəçi seçmək hüququnun olması izah edildikdən sonra ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Polis əməkdaşı onun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi barədə hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə müdafiəçi və digər polis əməkdaşlarının iştirakı ilə üzərində olan əşyaların təqdim edilməsi təklif edilmişdir. O, əynində olan çəhrayı rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə saxladığı həmin narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Daha sonra əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd «KGTEL» markalı mobil telefonu təqdim edib həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Təqdim etdiyi həmin narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkilmiş, ümumi çəkisi gümüşü rəngli bükümlə birlikdə 0,41 qram olmuşdur. Həmin kütlə qablaşdırılıb möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Qeyd olunan mobil telefon da istintaq zərurəti ilə əlaqədar qablaşdırılıb götürülmüşdür. Üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Polis əməkdaşı ondan qeyd olunan narkotik vasitə olan heroini haradan əldə etməsi barədə soruşmuş, narkotik vasitəni 19 mart 2023-cü il tarixdə yaşadığı Ə.Ədilov küçəsində yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Narkotik vasitədən istifadə etdiyi üçün üzərində saxlamışdır. Ata və anası vəfat etmiş, ərindən isə ayrılmışdır. Tək ana kimi azyaşlı oğlu Elcan ilə birlikdə yaşayır. Azyaşlı oğlu Elcan onun himayəsindədir və azyaşlı oğluna ondan başqa baxan kimsə yoxdr. Ailəsinin yeganə qazanc gətirənidir. Əgər ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilərsə, himayəsində olan azyaşlı uşağı yeganə qazanc gətirəndən, o cümlədən ana qayğısından və ümumiyyətlə yeganə himayədarından məhrum olunmaqla onun üçün məhrumiyyətlər yaranar. Tutduğu əməldən son dərəcə peşmandır. Söz verir ki, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacaqdır. Qeyd etdiklərinin, habelə gənc olmasının, qadın olmasının və ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, Bərdə Rayon Polis şöbəsinin X2 sahə polis nəfəri vəzifəsində işləyir. 20 mart 2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan X3 narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 1045 radələrində şübhəli şəxs X1 şəhəri Babək küçəsi ərazisində saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs vəkil təyin edildikdən sonra şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, sonuncu heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddənin olub- olmaması, varsa könüllü olaraq təqdim etməsi təklifi edilmiş, sonuncu üzərində narkotik vasitə olan «kokos» olduğunu bildirərək, əynində olan çəhrayı rəngli gödəkçənin sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş 1 (bir) ədəd kütləni çıxararaq qarşısında olan masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd «KGTEL» markalı mobil telefonu çıxararaq təqdim etmiş və həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütləyə təhqiqatçı tərəfindən baxış keçirilərkən həmin kütlənin narkotik vasitə hesab edilən heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etməsi barədə sorğu etmiş, sonuncu üzərindən aşkar edilmiş həmin kütləni yaşadığı ərazidən bir gün əvvəl, yəni, 19 mart 2023-cü il tarixdə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin kütlə gümüşü rəngli bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə təhqiqatçı tərəfindən 01 (bir) ədəd ağ rəngli zərfə qoyularaq zərfin üzərində qeydlər aparılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd qara rəngli «KGTEL» markalı mobil telefon istintaq zərurəti ilə əlaqədar olaraq 01 (bir) ədəd ağ rəngli zərfə qoyularaq, möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxışda iştirak edən Bərdə RPŞ-nin əməkdaşı Şahid3 tərəfindən baxış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 21 mart 2023-cü il tarixli, 16/332 saylı rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli falqa bükümündə təmiz çəkisi 0,321 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekusorlar”ın siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. -Qeyd: Heroinin təmiz çəkisi 0,321 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,271 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 01 may 2023-cü il tarixli 748 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli PHŞ-6-28/2-380/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” phş-nin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatında yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,321 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd «gümüşü» rəngli falqa bükümündə qanunsuz əldə edərək üzərində saxlaması, 20 mart 2023-cü il tarixdə, saat 1045 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, ünvan 4 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd «gümüşü» rəngli falqa bükümündə təmiz çəkisi 0,321 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının CPM-nin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhəri üzrə Nümayəndəliyinin 01 may 2023-cü il tarixli 2063 saylı arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Ə.Ədilov küçəsi ev 45-də yaşayır. Ailə üzvləri: oğlu 2009-cu il təvəllüdlü X5 ibarətdir. Təqsirləndirilən şəxs Ə.Ədilov küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Onun barəsində Bərdə Şəhər İcra Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində ata himayəsindən məhrum olmuş azyaşlı övladı olmaqla o, ailəsinin yeganə qazanc gətirən şəxsidir. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun himayəsində olan azyaşlı övladını ailənin yeganə qazanc gətirən şəxsindən və ana qayğısından məhrum etməklə həmin azyaşlı uşaq üçün əlavə məhrumiyyət və iztirablar yaradar. Belə olan halda, Təqsirləndirilən şəxs ailəsinin yeganə qazanc gətirən şəxsi olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 22 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş mаteriаllаrındаn görünür ki, Təqsirləndirilən şəxs gənc qadındır. O, əvvəllər cinayət törətməmişdir. Onun himayəsində 2009-cu ildə anadan olmuş Elcan adlı azyaşlı övladı vardır. Törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşmandır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Habelə məhkəmə iclasında Təqsirləndirilən şəxs ailəsinin yeganə qazanc gətirəni olduğunu, onun azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsinin ailəsini, yəni azyaşlı uşağını yeganə qazanc gətirəndən məhrum etməklə onlar üçün məhrumiyyətlər yaradacağını bildirdi və bir daha belə əməl törətməyəcəyinə vəd verərək ona rəhm edilməsini xahiş etdi. İşdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Bu isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs gəncliyi, qadın və tək ana olması, əvvəllər cinayət törətməməsi və məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və bir daha qanunazidd əməllər törətməyəcəyinə vəd verməsi onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Vüsalə Abdullayevə CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan: Şübhəli şəxsin tutulması barədə 20 mart 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 20 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 22 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 mart 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 93.1. və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxs Vüsalə Abdullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 21 mart 2023-cü il tarixli 16/332 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,271 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04(dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,271 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar