Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-142/2022 18.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, dövlət ittihamçısı X2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1987-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri, Vaqif küçəsi ev 62-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun 1-ci siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumilikdə 0,319 qram çəkidə maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlamış, 22 mart 2022-ci il tarixdə saat 1330 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Vaqif küçəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibində olan kibrit qutusunun içərisindən 01 ədəd sellofana bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,319 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 4-5 ildən çox müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 22 mart 2022-ci il tarixdə saat 1330 radələrində Bərdə şəhəri, Vaqif küçəsində piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan üzərində şübhəli əşya və predmet olub-olmamasını soruşmuşlar. Üzərində şübhəli əşya və predmetin olmadığını bildirmiş, polis əməkdaşları onu Bərdə rayon Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində narkotik vasitələri qanunsuz saxlamaqda şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində olan əşyaları könüllü təqdim etməsi bildirmişdir. Əvvəlcə üzərində narkotik vasitə olmadığını demiş, daha sonra polis əməkdaşı onun üzərinə baxış keçirilmişdir. Polis əməkdaşı əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusunun içərisində bir ədəd şəffaf rəngli torbacıqda narkotikə bənzər kütlə aşkar edilmiş, həmin narkotik vasitəyə bənzər kütlənin nə olması ondan soruşulmuş, həmin narkotik vasitənin “kakos” olduğunu və Bərdə şəhəri 3 nömrəli məktəbin yaxınlığından yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş, 0,40 qram olması müəyyən olunmuşdur. Sonra həmin bükülü zərfə qoyularaq möhürlənmişdir. Tutduğu əməldən peşimançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 2017-ci ildən X3 işləyir. 22 mart 2022-ci il tarixdə Bərdə rayon Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilməklə X4 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Onun, Bərdə rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. X4 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun üzərinə baxış keçirilmiş, üzərində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusu aşkar edilmişdir. Kibrit qutusunun içərisinə baxarkən bir ədəd şəffaf rəngli torbacıqda narkotikə bənzət kütlə aşkar edilmişdir. Həmin kütlənin nə olması barədə verilən suala Təqsirləndirilən şəxs “kakos”dur deyərək cavab vermiş və tapdığını bildirmişdir. Bir ədəd selofan torbacıqda olan kütlə elektron tərəzidə çəkilmiş, ümumilikdə 0,40 qram olmuşdur. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddə X4 tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə rayon Polis şöbəsinin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüş, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Şahid1 məhkəməyə teleqram göndərərək xidməti yerini dəyişdiyindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də məhkəmə iclasında Azərbaycan Respublikası CPM-nin 329-cu maddəsinə əsasən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, 2012-ci ildən X3, 2020-ci ildən isə Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Mahiyyəti üzrə bildirir ki, ona Bərdə şəhəri, Vaqif küçəsi ev 62-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri və narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, onun tərəfindən 22 mart 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmiş. Bundan sonra tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Əziz oğlu 22 mart 2022-ci il tarixdə saat 1330 radələrində Bərdə şəhəri, Vaqif küçəsində saxlanılmış və saat 1340-da Bərdə RPŞ-yə gətirilmişdir. Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə X4 tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, Bərdə RPŞ-nin KTQ-nun baş inspektoru kriminalisti, polis baş leytenantı Şahid2 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmış, X4 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə üzərinə tərəfindən baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın sol yan cibində bir ədəd kibrit qutusu aşkar edilmiş, həmin kibrit qutusunun içərisinə baxan zaman bir ədəd şəffaf rəngli torbacıqda narkotikə bənzət kütlə aşkar edilmişdir. Həmin kütlənin nə olması barədə verilən suala Təqsirləndirilən şəxs “kakos”dur deyərək cavab vermiş və tapdığını bildirmişdir. Bir ədəd selofan torbacıqda olan kütlə elektron tərəzidə çəkilərək ümumilikdə 0,40 qram olması müəyyən olunmuşdur. Ardınca şübhəli şəxsin üstü tərəfindən yoxlanılmış, üzərindən və paltarlarından başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddə X4 tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 16/328 saylı 22 mart 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində ‘‘Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotikə bənzər kütlə” yazı və imzalar olan zərfdəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,319 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Heroinin təmiş çəkisi 0,319 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 0,219 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 723 saylı 25 may 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun 1-ci siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumilikdə 0,319 qram çəkidə maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlaması, 22 mart 2022-ci il tarixdə saat 1330 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Vaqif küçəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilməsi, polis şöbəsində sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibində olan kibrit qutusunun içərisindən 01 ədəd sellofana bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,319 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2066 saylı 04 iyun 2022-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Vaqif küçəsi ev 62-də yaşayır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 dekabr 2012-ci il tarixli qərarı ilə 05 ay 10 gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir. - Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 22 mart 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 22 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 24 mart 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 mart 2022-ci il tarixdən 24 mart 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-142/2022 saylı 20 iyul 2022-cı il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1987-ci ildə Bərdə şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Bərdə şəhəri, Vaqif küçəsi 62-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi və barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 24 iyul 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bərdə rayonu ərazisində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə 2 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Bərdə rayon Polis şöbəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 24 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1. və 93.1.4-cü maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 22 mart 2022-ci il tarixli 16/328 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 30,40 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut – 0,219 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə olduğu 02(iki) gün müddət təyin edilmiş ümumi cəzadan çıxılmaqla üzərində qəti cəza 09(doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bərdə rayon Polis şöbəsində saxlanılan 0,219 qram çəkidə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-142/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-142/2022
18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver