Məhkəmə qərarları › İş №1(021)-145/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-145/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-145/2022 26.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X2 iştirakı ilə xx xxxxxx 1967-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 33də qeydiyyatda olan və Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 33, mənzil 20-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 24,67 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 1 (bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümündə qanunsuz əldə edərək üzərində saxlamış, 05 aprel 2022-ci il tarixdə saat 22 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Lək kəndi ərazisində şübhəli şəxs qismində saxlanılaraq Bərdə rayon Polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkcənin sol yan cibindən qeyd edilən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bərdə rayonu Mehdili kəndində su kanalında balıq tutarkən yaxınlıqda yerləşən kolluq ərazidə şübhəli 1(bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümünün olduğunu görmüşdür. Marağını cəlb etdiyi üçün həmin bükümü götürüb açıb baxmışdır. Bükümə baxdıqda bükümün içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuananın olduğunu görmüşdür. Narkotik vasitə istifadə etdiyindən həmin bükümü özü ilə götürmüşdür ki, ehtiyacını ödəsin. Narkotik vasitəni əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoyub saxlamışdır. Lakin, şübhəli şəxs kimi saxlandığı vaxtadək həmin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bərdə rayonu Lək kəndi ərazisində olarkən polis əməkdaşları onu saxlayaraq şübhəli şəxs qismində Bərdə rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibində saxladığı 1(bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümündə olan narkotik vasitə qurudulmuş marixuana üzərindən aşkar olunmuş, polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Bərdə rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 aprel 2022-ci il tarixdə ona Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 33, mənzil 20-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə rayon Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümünü çıxararaq masaya qoymuşdur. Polis nəfəri Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin, hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümünə baxış keçrildikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı balıq tutarkən Bərdə rayonu Mehdili kəndindən tapmış, şəxsi istifadəsindən ötrü üzərində saxlamışdır. 1 (bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümü içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 1 (bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümü 1 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və təhqiqatçı tərəfindən DİN-in 94 saylı möhürü ilə möhürlənərək götürülüb protokola əlavə edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Hafiz oğlu və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 16/388 saylı 06 aprel 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf polietlen torba kəsiyi bükümündə təmiz çəkisi 24,67 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Qeyd: Marixuananın təmiz çəkisi 24,67 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 24,62 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 799 saylı 06 iyun 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 24,67 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 1 (bir) ədəd şəffaf polietilen torba kəsiyi bükümündə qanunsuz əldə edərək üzərində saxlaması, 05 aprel 2022-ci il tarixdə saat 22 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Lək kəndi ərazisində şübhəli şəxs qismində saxlanılaraq Bərdə rayon Polis şöbəsinə gətirilməsi və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkcənin sol yan cibindən qeyd edilən narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 22 aprel 2022-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 33, mənzil 20-də yaşayır. Təqsirləndirilən şəxs Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 06 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 05 aprel 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında 07 aprel 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altın vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə rayon Polis şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1. və 93.1.4-cü maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 06 aprel 2022-ci il tarixli 16/388 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 24,62 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 aprel 2022-ci ildən 07 aprel 2022-ci ilədək tutulduğu 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04(dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 05(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 24,62 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qərx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar