Məhkəmə qərarları › İş №1(021)-145/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-145/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-145/2023 18.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlunun, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1964-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Divanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:23 radələrində idarə etdiyi “Mercedes Benz E240” minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu ərazisindən keçən 18-ci kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, sürücü hərəkətə başlarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, avtomobili manevr etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili manevr etdirməli olduğu halda bunu etməyərək, 50-60 km/saat sürətlə yolun sağ zolağı ilə Yevlax rayon istiqamətində hərəkətdə olan zaman avtomobili sağa doğru istiqamətləndirmiş və arxadan gələn Yevlax rayon istiqamətdində hərəkətdə olan Zərərçəkmiş şəxs 60 km/saat sürətlə idarə etdiyi “Opel Astra” minik markalı **-OM-*** qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə “Mercedes Benz E240” minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə Yevlax şəhər istiqamətinin sağından soluna doğru 3 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “Opel Astra” minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs L2 fəqərə cisminin kompression sınığı, fəqərə cisminin kompression sınığı yastılaşması, deformasiyası, STİR siqnallı sümük iliyi ödemi əlaməti, alt çənə nahiyəsinin əzilmiş cırılmış yarası, sağ saidin yuxarı və orta 1/3-nin ön səthinin qançırı ilə müşayiət edilən sağlamlığın uzun müdətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu Divanlı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. BE CE kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi “Mercedes Benz E240” minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onundur, pul verib almış, etibarnamə ilə idarə etmişdir. Avtomobili “ALİCİ” adlı servisdən kreditlə almış, avtomobilin kreditini tam ödəmişdir, avtomobil onundur. 15 mart 2023-cü il tarixdə saat 15:23 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu ərazisindən keçən 18-ci kilometrliyi ilə idarə etdiyi “Mercedes Benz E240” minik markalı avtomobillə 50-60 km/saat sürətlə yolun sağ hərəkət zolağı ilə Bərdə rayonundan Yevlax rayonu istiqamətində hərəkətdə olmuşdur. Yol polisi postuna çatmamış, yolun sağındakı yanacaqdoldurma məntəqəsini yeni keçib sağ zolaqla isitqamətləri ayıran ağ düz xəttin kənarı ilə hərəkətdə olmuşdur, güzgüdən arxaya baxanda görmüşdür ki, arxadan “Mercedes 190” markalı qeydiyyat nişanlı avtomobil gəlir, sürəti az olduğu üçün yol vermək üçün avtomobili sağa doğru istiqamətləndirən zaman sağından sürətlə keçən “Opel Astra” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sol hissəsi ilə avtomobilinin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində o, xəsarət almamışdır, lakin onunla toqquşmuş avtomobilin sürücüsü Ağamir xəsarət almışdır. Ağamirə köməklik edib, avtomobildən çıxarmışdır. Sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, Ağamiri xəstəxanaya aparmışlar. O, hadisə yerində qalmış, hadisə yerinə polislər və müstəntiq gəlmiş, onun və digər şəxslərin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir, protokola və sxemə imza etmişdir. Hadisə zamanı o, ayıq vəziyyətdə olmuş və avtomobilində sərnişin olmamışdır. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışının gedişində Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə 1(021)- 145/2023 saylı cinayət işinin yenidən istintaqa qaytarılması barədə vəsatət ünvanlanmışdır. Məhkəmə vəsatətə baxaraq tərəflərin fikrini dinlədikdən sonra yerində müşavirə edərək məhkəmə hazırlıq iclasında işin yenidən araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasının CPM-in 303.3-cü maddəsində müəyyən edilmiş cinayət işi üzrə kobud prosessual pozuntulara yol verilməsi səbəbindən, məhkəmə baxışının gedişində isə CPM-in 318.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin vəsatətinə əsasən qaytarıla bilməsinin mümkünlüyünü nəzərə alaraq və göstərilən halların hazırki işdə mövcud olmaması səbəbindən vəsatəti təmin etmədi. Məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bərdə şəhəri, N.Vəzirov küçəsi, ev 11-də ailə üzvlərilə birlikdə yaşayır, iki azyaşlı uşaqları vardır. 2023cü ilin yanvar ayından hal-hazıra kimi NBPİ-nin DYNPİ-nin Yevlax st. X15 ictimai təhlükəsizlik qrupunun baş inspektoru vəzifəsində işləyir. BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisə zamanı idarə etdiyi “Opel Astra” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil onundur, özünə məxsusdur. 15 mart 2023-cü il tarixdə xidməti postu yoxlayıb, idarə etdiyi “Opel Astra” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonundan Yevlax rayonuna işə qayıdırkən, saat 15:23 radələrində idarə etdiyi avtomobillə Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu ərazisindən keçən 18ci kilometrliyi ilə 60 km/saat sürətlə hərəkətdə olan zaman, qarşıda onunla eyni istiqamətdə “Mercedes Benz E240” minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil orta xəttə yaxın hərəkətdə olmuş, sağ hərəkət zolağı boş olmuşdur. Gəldiyi sağ zolaqla həmin avtomobilin sağından ötüb keçərkən həmin avtomobil sağa dönmə işığı yandırmadan sağa doğru istiqamətlənib qabaq sağ hissəsi ilə onun avtomobilinin qabaq sol hissəsindən vuraraq avtomobillər toqquşmuşdur, avtomobili yolun sağına doğru istiqamətlənib yoldan tam kənara çıxıb dayanmışdır. Hadisə nəticəsində xəsarət almışdır. Hadisə yerinə gəlmiş tanımadığı adamlar onu avtomobilindən çıxarmış və hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə Bərdə rayon xəstəxanasına aparmışlar. Hadisə zamanı o, ayıq vəziyyətdə olmuş, spirtli içki qəbul etməmişdir. Hadisə zamanı avtomobilində tək olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etdi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, DİN Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi X4, YPXA-nın yolpatrul inspektoru X2 və adları sadalanan digər hal şahidlərinin və xx.xx.2023-cü il tarixdə saat 15:30-da Yevlax-Ağdam-Laçın yolunun 18-ci kilometrliyində “Mercedes Benz E240” minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Opel Astra” minik markalı **- OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu istiqamətinin yolun sağından soluna doğru 3 metr məsafədə toqquşmuşdur. Hadisə nəticəsində “Opel Astra” markalı avtomobilin əsasən qabaq sol hissəsi və “Mercedes Benz E240” minik markalı avtomobilin qabaq sağ hissəsi əzilmişdir. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. Protokola yolnəqliyyat hadisəsinin sxemi və hadisə yerinin fotoşəkilləri əlavə edilmişdir. Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu ərazisindən keçən 18-ci kilometrliyində quraşdırılmış kameranın 15 mart 2023-cü il tarixli saat 15:23 radələrində olan yaddaşına DİN-in BDYPİ-nin YPXA-nın 723 saylı postunda olan monitorda keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, “Mercedes Benz E240” minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Yevlax rayonu istiqamətində hərəkətdə olan zaman sağa doğru istiqamətlənir və arxadan onunla eyni istiqamətdə hərəkətdə olan “Opel Astra” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlib qabaq sol hissəsi ilə “Mercedes Benz E240” minik markalı avtomobilin qabaq sağ hissəsi ilə toqquşur və “Opel Astra” minik markalı avtomobil sağ yol kənarına çıxır, “Mercedes Benz E240” minik markalı avtomobil isə qarşıda yolun sağ hissəsində dayanır. Daha sonra videogörüntü CD diskə köçürülərək götürülmüşdür. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs barəsində olan sərxoşluq vəziyyətini təyin edən xx.xx.2023-cü il tarixli 254 və 255 nömrəli aktlardan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ayıq vəziyyətdə olmuşlar. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs barəsində olan şəxsiyyət vəsiqəsi,sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və xidməti vəsiqənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1992-ci il tarixdə doğulmuşdur, BC kateqoriyalı sürücülük hüququna malikdir və “Opel Astra” minik markalı ** OM *** qeydiyyat nişanlı avtomobil onun xüsusi mülkiyyətindədir və DİN NBPİ-nin DYNPBİ-nin Yevlax st. XPŞ-nin İctimai təhlükəsizlik qrupunun baş inspektoru vəzifəsində çalışmaqla polis baş leytenantı xüsusi rütbəsindədir. Təqsirləndirilən şəxs barəsində olan şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, xx.xx.2023-cü il tarixli notarial etibarnamənin və alqı-satqı müqaviləsinin surətindən görünür ki, o, xx.xx.1964-cü ildə doğulmuşdur, hazırda Bərdə rayonu, Divanlı kəndində yaşayır və BE CE kateqoriyalı sürücülük vəsiqəsinə malikdir, “Mercedes Benz E240” minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti 2 il müddətinə X6 tərəfindən Təqsirləndirilən şəxs etibar edilmişdir, “Mercedes Benz E240” minik markalı avtomobil Təqsirləndirilən şəxs “Avtosalon 021 Cars” tərəfindən satılmışdır, Alıcı isə aylıq ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Fiziki şəxs X5 tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli zərər dəymiş avtomobilə dair ilkin qiymətləndirmə aktından görünür ki, “Opel Astra” minik markalı buraxılış ili 2009 olan **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 4395 manat ehtiyat hissələrinin və 2400 manat təmir işlərinin dəyəri ilə birlikdə cəmi 6795 manat təşkil edir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən X7 barəsində verilmiş xx.xx.2023-cü il tarixli 519 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Divanlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. DİN-nin BDYPİ-nin Gəncə RQİTBŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-16-5/2- 2264/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs AC 916802 saylı BE CE kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2018-ci il tarixdən, xx.xx.2028-ci il tarixədək verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs Ali Məhkəmənin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 214 maddəsinin 4-cü hissəsi (köhnə redaksiya) ilə təqsirləndirilərək barəsində əmlakı müsadirə olunmaqla 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci ildə CM-nin 50-2-ci maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 04 il 02 ay 03 gün şərti azad edilmiş və xx.xx.2000-ci ildə cəkilmiş cəzası cərimə ilə əvəz edilərək azad edilmşdir. Hazırda məhkumluğu yoxdur. "MTE və PA Birliyi" publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 197 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – L2 fəqərə cisminin kompression sınığı, fəqərə cisminin kompression sınığa yastılaşması, deformasiyası, STİR siqnallı sümük iliyi ödemi əlaməti, alt çənə nahiyəsinin əzilmiş cırılmış yarası, sağ saidin yuxarı və orta 1/3-nin ön səthinin qançırı – küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilərdilər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 04 aprel 2023-cü il tarixli 8/822 nömrəli rəyindən müəyən edilir ki, 1. “Mercedes Benz E240” minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı **-OM- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə aparılmış məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspert tədqiqatının dəyəri 128 manat təşkil etmişdir. Bərdə rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 68/2-18366/2023 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:23 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu ərazisindən keçən 18-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həmin yerdən keçən avtomobilləri və yol-nəqliyyat hadisəsinin baş verməsi barədə hadisənin şahidi olmuş şəxsləri müəyyən etmək mümkün olmamışdır. Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə verilmiş 15 iyul 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:23 radələrində idarə etdiyi “Mercedes Benz E240” minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax- Ağdam-Laçın yolunun Bərdə rayonu ərazisindən keçən 18-ci kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, sürücü hərəkətə başlarkən, yerdəyişərkən, dönərkən manevir təhlükəsiz olmalı, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, avtomobili manevr etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili manevr etdirməli olduğu halda bunu etməyərək, 50-60 km/saat sürətlə yolun sağ zolağı ilə Yevlax rayon istiqamətində hərəkətdə olan zaman avtomobili sağa doğru istiqamətləndirmiş və arxadan gələn Yevlax rayon istiqamətdində hərəkətdə olan Zərərçəkmiş şəxs 60 km/saat sürətlə idarə etdiyi “Opel Astra” minik markalı **-OM-*** qeydiyyat nişanlı avtomobil qabaq sol hissəsi ilə “Mercedes Benz E240” minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə Yevlax şəhər istiqamətinin sağından soluna doğru 3 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “Opel Astra” minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs L2 fəqərə cisminin kompression sınığı, fəqərə cisminin kompression sınığa yastılaşması, deformasiyası, STİR siqnallı sümük iliyi ödemi əlaməti, alt çənə nahiyəsinin əzilmiş cırılmış yarası, sağ saidin yuxarı və orta 1/3-nin ön səthinin qançırı ilə müşayiət edilən sağlamlığın uzun müdətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam şəkildə sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs оğlu ilə barışdığından və dəymiş ziyan ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsindən görünür ki, o zərərçəkmiş şəxslə barışdığından barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və təqsirləndirilən şəxsin fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində CM-nin 263.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 73.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 73.2-ci maddəsi imperativ norma olmaqla, cinayət məsuliyyətindən azad etmənin şərti kimi cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışığı çərçivəsində həm dəymiş maddi zərərin əvəzinin (məsələn, oğurlanmış, zədələnmiş əmlakın qaytarılması və ya onun dəyəri miqdarında pul kompensasiyasının) ödənilməsini, həm də dəymiş mənəvi zərərin bilavasitə ödənilməsi forması olaraq müəyyən kompensasiyanın ödənilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin mətnindən göründüyü kimi, tərəflərin barışması və dəymiş zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin vacib şərtlərindən biridir. Həmin maddələrdə nəzərdə tutulmuş zərərin ödənilməsi dedikdə, zərərin əvəzinin ödənilməsi ilə yanaşı, həmçinin cinayət nəticəsində zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsinə yönəlmiş sair tədbirlər başa düşülməlidir. Cinayət ilə (cinayət nəticəsində) zərərçəkmişə fiziki, maddi və mənəvi zərər vurula bilər. Nəzəriyyədə fiziki zərər dedikdə zərərçəkmiş şəxsin həyat və sağlamlığına vurulmuş zərər nəzərdə tutulur. Fiziki zərər ödənilə bilməz, söhbət yalnız onun pul kompensasiyasından gedə bilər. Maddi zərərə zərərçəkmiş şəxsin maddi vəziyyətində baş verən mənfi nəticələr daxildir. Maddi zərərin ödənilməsinə real zərərin və əldən çıxmış faydanın ödənilməsi daxil ola bilər. Mənəvi zərər isə zərərçəkmiş şəxsin mənəvi dəyərlərinə dəymiş zərərdir. Belə zərər, bir qayda olaraq, pul formasında kompensasiya olunur, lakin onun qeyri-maddi forması da mümkündür: məsələn, üzr istəmək, yalan (yanlış) məlumatları təkzib etmək və s. Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Həmin qərarın nəticə hissəsində yekun olaraq bir daha qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən CM-in 263.1 və 263.1-1-ci maddələri ilə nəzərdə tutulmuş şəxs zərərçəkmiş şəxslə barışmaqla yanaşı ona vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Barışığın əldə edilməsi və ziyanın ödənilməsi zərərçəkmiş şəxsin ərizəsi ilə təsdiq olunmalı, habelə belə ərizənin təqdim edilməsi və bunun CM-in 263-cü maddəsinin “Qeyd”inin 2-ci bəndinə əsasən hansı nəticəyə səbəb olmasının zərər şəkmiş şəxsə izah olunması məhkəmə iclas protokolunda əksini tapmalıdır. CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Bundan başqa təqsirləndirilən və zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdikləri ifadələrindən məlum olur ki, hadisəni törətmiş və ibtidai istintaq zamanı maddi sübut qismində tanınmış “Mercedes Benz E240” minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı **-OM-*** qeydiyyat nişanlı avtomobillər özlərinə yəni mülkiyyətçilərinə qaytarılmışdır. Baxmayaraq ki, bununla bağlı hər hansı qəbz və ya sənəd iş materiallarında mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış “Mercedes Benz E240” minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı **-OM-*** qeydiyyat nişanlı avtomobillər ibtidai istintaq dövründə mülkiyyətçiləri olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsinə baxmayaraq onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin maddə ilə barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ YPX Alayına göndərilməlidir. Belə ki, İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, məhkəmə məsrəfi olmaqla iş üzrə keçirilmiş məhkəmə yolnəqliyyat hadisəsi ekspertizası tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut qismində tanınmış hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut qismində tanınmış hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ YPX Alayına göndərilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesabına ödənilsin. İş üzrə maddi sübut qismində tanınmış “Mercedes Benz E240” minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı **-OM-*** qeydiyyat nişanlı avtomobillər ibtidai istintaq dövründə mülkiyyətçiləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar