Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-147/2022 25.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakı ilə xx xxxxxxxx 1979-cu il tarixdə Laçın rayonu Ələkçi kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonundan məcburi köçkün, Laçın rayonu, Ələkçi kəndində qeydiyyatda olan və Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə 1 ədəd 135554 nömrəli zavod üsulu ilə Almaniya Federativ Respublikasında 1896-cı ildə istehsal olunmuş, üzərində təyinatını dəyişdirən əlavə dəyişiklik edilməyən, saz vəziyyətdə və atəş açmaq üçün yararlı - yəni barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan, “MAUZER” konstruksiyalı, 7.63 mm kalibrli, odlu yivli silah olan tapançanı və həmin odlu silhadan istifadəyə uyğun 35 (otuz beş) ədəd döyüş sursatı olan zavod üsulu ilə istehsal edilmiş, 7.62 mm kalibrli, atəş üçün yararlı “Tokarov” (TT), “MAUZER” konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konstruksiyah tapança pulemyotlar kimi yivli odlu döyüş silahlarında istifadə edilən patronları qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsindəki yardımçı tikilidəki sandıqda qanunsuz saxlamış, 13 aprel 2022-ci il tarixdə, saat 20 radələrində Laçın rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən odlu silah və döyüş sursatları həmin saxlanc yerindən aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməllərini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, təxminən 5-6 il əvvəl Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən su kanalının qamışlığından Mauser markalı silah və 35 ədəd patron taparaq yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə gizlətmişdir. Sandıqda gizlətdiyi silah barəsində nə ailə üzvlərinə, nədə ki, qardaşlarına, yaxınlarına heç bir məlumat verməmişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları evin həyətinə gələrək evdə və ya həyət ətrafında odlu silah olduğunu deyib axtaracaqlarını bildirmişlər. Polis əməkdaşlarına tapdığı 10 atılan silahı olduğunu və evin arxasında yardımçı tikilidə saxladığını bildirmiş, Mauser markalı silahını və silahın patronlarını bükülü vəziyyətdə çıxarıb polislərə təqdim etmişdir. Mauser markalı silahdan özü və ya başqa şəxs istifadə etməmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, Laçın rayonu Ələkçi kənd sakini Təqsirləndirilən şəxs Xoşdan oğlu evində qanunsuz olaraq odlu silah və silaha aid sursat saxlayır. Dərhal təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə rəhbərliyə məruzə olunmuş və qərarla Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarını evin qarşısında qarşılamışdır. Sonuncuya evinə və ətraf həyətyanı sahələrə odlu silah saxlama ilə əlaqədar baxış keçiriləcəyini bildirmişlər. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs silahı könüllü təqdim edəcəyini bildirmişdir. Sonuncu hal şahidlərinin iştirakı ilə evin arxasında olan yardımçı tikilidəki sandığın içərisində saxladığı, bükülü vəziyyətdə olan predmeti çıxarıb sandığın yanına yerə qoyaraq açmağa başlamışdır. Təqsirləndirilən şəxs sarı rəngli sellofan torbanı və parçaları açarkən, həmin predmetin 1 (bir) ədəd “Mauser” markalı odlu silah və 35 (otuz beş) ədəd patron olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş predmetlər qablaşdırılaraq Laçın rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs “Mauser” markalı odlu silahı təqdim edərkən həmin silahın vəfat etmiş atası tərəfindən xatirə kimi saxlaması üçün ona vəsiyyət edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs silah olması barədə məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları yaşadıqları evə gəlmiş, əri Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə evin arxasında olan tikiliyə keçmişdir. Təqsirləndirilən şəxs sandıqdan bağlama çıxarmış, bağlamanı açarkən içində silah olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin silah və sursatı kanalda qamışlıqdan tapmışdır. Polis əməkdaşları silahı aşkar etdikdən sonra bilmişdir ki, Təqsirləndirilən şəxs həmin silahı tapmış və sandıqda saxlamış, bu barədə heç kimə bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7, Şahid8, Şahid5, Şahid6 Şahid4 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının məhkəmə iclasında elan olunmuş 26 aprel 2022-ci il tarixli 3/527; 3/528 saylı ekspert rəyindən müəyyən edilir ki, təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal olunmuş, 7,63 mm kalibrli, 1896cı modelli, “MAUZER” konstruksiyalı, 135554 nömrəli tapançadır-yivli odlu döyüş silahı hesab edilir. Saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, üzərində təyinatı dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. -Tədqiqata təqdim edilmiş 35 (otuz beş) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibrli, “Tokarev” (“TT”) konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konstruksiyalı tapança-pulemyotlarda, həmçinin tədqiqata təqdim edilmiş siyahıdan və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatıdır-patrondur, təyinatı üzrə istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş “MAUSER” modelli, “135554” nömrəli silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan atəş (atəşlər) açılmışdır, lakin müvafiq elmi metodlar olmadığından, atəşin vaxtını müəyyən etmək mümkün deyildir. Beləliklə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə 1 ədəd 135554 nömrəli zavod üsulu ilə Almaniya Federativ Respublikasında 1896-cı ildə istehsal olunmuş, üzərində təyinatını dəyişdirən əlavə dəyişiklik edilməyən, saz vəziyyətdə və atəş açmaq üçün yararlı - yəni barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan, “MAUZER” konstruksiyalı, 7.63 mm kalibrli, odlu yivli silah olan tapançanı və həmin odlu silhadan istifadəyə uyğun 35 (otuz beş) ədəd döyüş sursatı olan zavod üsulu ilə istehsal edilmiş, 7.62 mm kalibrli, atəş üçün yararlı “Tokarov” (TT), “MAUZER” konstruksiyalı tapançalarda, “PPŞ”, “PPS” konstruksiyah tapança pulemyotlar kimi yivli odlu döyüş silahlarında istifadə edilən patronları qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsindəki yardımçı tikilidəki sandıqda qanunsuz saxlamış, 13 aprel 2022-ci il tarixdə, saat 20 radələrində Laçın rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən odlu silah və döyüş sursatları həmin saxlanc yerindən aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 18 aprel 2022-ci il tarixli arayışından və Laçın rayon Şamkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən olunur ki, Laçın rayonundan məcburi köçkün X3 hazırda Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. Təqsirləndirilən şəxs ailəcanlıdır, qohumluqda ünsiyyət saxlamağı bacarır, ümumilikdə camaat arasında yaxşı xarakterizə edilir. İş materiallarında olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X5 1671 saylı 19 aprel 2022-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə “Bərdə RMX” X5 poliklinika şöbəsində “Şəkərli diabet tip 2 insulin tələbi, orta ağır forma dekompensasiyalı. Diabetik polineyropatiya” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 14 aprel 2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməklə peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, şəkərli diabet xəstəsi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən hökmün icrasının təmin edilməsi üçün onun barəsində “həbs” qismində qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 26 aprel 2022-ci il tarixli 3/527; 3/528 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 128(bir yüz iyirmi səkkiz) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan Bərdə rayon Polis şöbəsində saxlanılan- 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,63 mm kalibirli, 1896-cı il modelli, “MAUZER” konstruksiyalı, 135554 nömrəli tapança və 30 ədəd zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibirli patron hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və onun barəsində “həbs” qismində qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında dərhal həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan Bərdə rayon Polis şöbəsində saxlanılan- 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,63 mm kalibirli, 1896-cı il modelli, “MAUZER” konstruksiyalı, 135554 nömrəli tapança və 30 ədəd zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibirli patron hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-147/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-147/2022
25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver