Məhkəmə qərarları › İş №1(021)-150/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-150/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-150/2022 13.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Lək kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun 1-ci siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumilikdə 6,11 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 1 ədəd soyuq silah hesab edilən vurucu-əzici xassəyə malik kasteti (beşbarmağı) qanunsuz olaraq əldə edib üzərində saxlayaraq gəzdirmiş, 05 aprel 2022-ci il tarixdə saat 22:50 dəqiqədə Bərdə RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Lək kəndi ərazisində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd kibrit qutusunun içərisində, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 6,11 qram narkotik vasitə olan qurudulmuş marixuana və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən kastet (beşbarmaq) aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu Lək kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. 1 ildən çox müddətdir narkotik vasitələrdən istifadə edir. Yalnız narkotik vasitə olan marixuanadan istifadə edir. Mahiyyəti üzrə bildirir ki, tutulmamışdan 2-3 gün əvvəl yaşadığı Bərdə rayonu Lək kəndinin yaxınlığında yerləşən qəbirstanlığın yaxınlığından keçərkən yolun kənarından 1 ədəd kibrit qutusu tapmış və kibrit qutusunun içərisinə baxdıqda içərisində marixuana olduğunu görmüşdür. O, həmin kibrit qutusunu içərisində olan narkotik vasitə ilə birlikdə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, 05 aprel 2022-ci il tarixdə saat 22:50 radələrində Bərdə rayonu Lək kəndində piyada hərəkətdə olarkən 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat aldıqlarını demişlər. Həmin vaxt polis əməkdaşlarına üzərində həqiqətən də narkotik vasitə hesab edilən marixuana olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Polis əməkdaşlarının dəvəti ilə onlarla birlikdə Bərdə rayon polis şöbəsinə yola düşmüşlər. Polis şöbəsində ona hüquq vəzifələri izah olunduqdan sonra ona vəkili Müdafiəçi təqdim edildi. Daha sonra narkotik vasitələrin qanunsuz saxlamağında şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə keçirildi. Həmin vaxt ona könüllü olaraq üzərində olan əşyaları təqdim etməyi bildirildi. O, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli Nokia markalı mobil telefon, 1 ədəd 5 barmaq formalı alışqanı və 1 ədəd qatlanan cib bıçağını çıxararaq masanın üzərinə qoymuş, daha sonra o əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd kibrit qutusunu çıxardaraq masanın üzərinə qoyub, içərisində narkotik vasitə olan marixuana olduğunu demişdir. O, həmçinin narkotik vasitəni yaşadığı Bərdə rayonu Lək kəndinin qəbirstanlığının yaxınlığından yerdən tapdığını demiş, həmin kibrit qutusu elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 9,17 qram olması müəyyən olunmuş. Sonra həmin kibrit qutusu zərfə qoyularaq möhürlənmiş. Daha sonra polis əməkdaşı üzərini yoxlamış, lakin üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, onun üzərindən aşkar edilən narkotik vasitəni tutulmamışdan bir neçə gün qabaq Bərdə rayonu Lək kəndində yerləşən qəbirstanlığın yaxınlığında yolun kənarından tapmış və şəxsi istifadəsi üçün saxlamışdır. O, həmin narkotik vasitəni şəxsi istifadə üçün üzərində saxlamışdır. O, heç kimə narkotik vasitə satmamış və heç kimə verməmişdir. Üzərindən aşkar edilərək götürülmüş beşbarmaq formalı alışqanı o, 2-3 il bundan qabaq Bakı şəhəri ünvanını xatırlamadığı mağazadan almış, polis əməkdaşları tərəfindən ona heç bir təzyiq və zor tətbiq olunmamışdır. Hazırda əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə rayon polis şöbəsinin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. 05 aprel 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, mütəmadi şəkildə üzərində narkotik vasitə gəzdirməsi barədə məlumatlar olduğu üçün Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və adı çəkilən şəxs Bərdə rayonu Lək kəndində onun və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 tərəfindən saxlanılaraq saat 23:05 dəqiqədə Bərdə rayon polis şöbəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə rayon polis şöbəsinin KTQ-nun baş inspektor kriminalisti, polis baş leytenantı Şahid3, onun və Bərdə rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli “Nokia” markalı mobil telefon, 1 ədəd 5 barmaq formalı alışqan və 1 ədəd cib bıçağı çıxardaraq masanın üzərinə qoymuş. Daha sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd kibrit qutusunu çıxardaraq masanın üzərinə qoymuş və təqdim etdiyi kibrit qutusunda narkotik vasitə hesab edilən marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi həmin kütləni haradan alması soruşulmuş və Təqsirləndirilən şəxs həmin narkotik vasitəni yaşadığı Bərdə rayonu Lək kəndi ərazisində yolun kənarından tapdığını və narkotik vasitələrdən istifadə etdiyi üçün həmin narkotik vasitəni öz üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüş 1 ədəd kibrit qutusu içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkildi və ümumi çəkisi 9,17 qram olması müəyyən olundu. Daha sonra həmin narkotik vasitə zərfə qoyularaq üzəri möhürlənmiş və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuş. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verədək sonuncun ifadəsində göstərdiyi xüsusatları təstiq etdilər. Cinayət işinin 12-ci vərəqəsində olan Bərdə RPŞ-nin şübhəli şəxsin tutulması haqqında 05 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 49-50-ci vərəqələrində olan Bərdə RPŞ-nin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 61-62-ci vərəqələrində olan Bərdə RPŞ-nin qətimkan tədbirinin seçilməsi haqqında 07 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı X4 azad edilmişdir. Cinayət işinin 35-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin məhkəmə-bioloji ekspertizasının 06 aprel 2022-ci il tarixli 16/389 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,11 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuannadır. Qeyd: Marixuananın təmiz çəkisi-6.11 qram, tədqiqat sərf edildi-0.05 qram, qalıq 6.05 qram (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 84-86-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin məhkəmə-soyuq silah ekspertizasının 24 may 2022-ci il tarixli 16/489 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. (Aparılmış tədqiqatın dəyəri 31.50 manat təşkil edir) Cinayət işinin 87-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 25 may 2022-ci il tarixli 722 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 94-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 96-104-cü vərəqələrində olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 228.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqata sərf olunandan sonra təmiz çəkisi 6,06 qram olan qurudulmuş marixuana, 1 ədəd vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən kastet (beşbarmaq) maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanması təmin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, gənc olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 07 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 07 aprel 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı X4 azad edilmiş, 24 iyun 2022-ci il tarixdə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 228.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət (05 aprel 2022-ci il tarixdən -07 aprel 2022-ci il tarixədək) nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmi 63.90 (altmış üç manat doxsan qəpik) (32.40+31.50) ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 6,06 qram olan qurudulmuş marixuana və 1 ədəd vurucu-əzici xassəyə malik soyuq silah hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixindən 07 aprel 2022-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki ) günün 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 6,06 qram olan qurudulmuş marixuana və 1 ədəd vurucu-əzici xassəyə malik soyuq silah hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 63.90 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar