Məhkəmə qərarları › İş №1(021)-151/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-151/2023

21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-151/2023 21.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Bərdə rayonu, Mollaisalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq olunmaqla üzərində qəti olaraq 01 il 08 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin 12 fevral 2021ci il tarixli qərarı ilə hökm ilə təyin edilmiş cəzanın çəkilməmiş 09 ay 24 gün hissəsi 04 ay 27 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 09 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə rayonu Mollaisalar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 19 sentyabr 2017-ci il tarixdən hesablanmaqla 22 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(021)-5773/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 3(021)-604/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 16 may 2022-ci il, 08 iyun 2022-ci il və 23 avqust 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 04 noyabr 2022-ci il tarixədək 4500,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2011-ci il tarixdə nikah münasibətlərinə girərək ailə qurmuşlar. Onların birgə nikahlarından 2012-ci ildə Şəhram adlı bir uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Gülşən ilə xasiyyətləri uyğun gəlməmişdir. Belə ki, Zərərçəkmiş şəxs onu bir ər kimi sayıb hörmət etmirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2017-ci ilin avqust ayından Zərərçəkmiş şəxs ondan rəsmi olaraq ayrılıb uşağı ilə birlikdə ayrı yaşamışdır. Zərərçəkmiş şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Bərdə şəhərində avtoyuma məntəqəsində təmizləyici kimi işləməklə hər ay 500-600,00 manat qazancı olurdu. Bundan sonra Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(021)-5773/2017 saylı qətnaməsinə əsasən ondan 19 sentyabr 2017-ci il tarixdən hesablanmaqla 22 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1- ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni 04 noyabr 2022-ci il tarixli təqdimatda qeyd edilən cəmi 4500,00 manat aliment borcunu ödəməmişdir. Bərdə Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq olunmaqla üzərində qəti olaraq 1 il 8 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin 12 fevral 2021-ci il tarixli qərarı ilə hökm ilə təyin edilmiş cəzanın çəkilməmiş 09 ay 24 gün hissəsi 04 ay 27 gün azadlıqdan məhrum etmə cəzası ilə Əvəz edilmiş, 09 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azadlığa çıxdıqdan sonra hazıradək Bərdə rayon Mollaisalar kəndində yerləşən qonşu kǝntdən olan seyid İlyas adlı şəxsin avtoyuma məntəqəsini ayda 300,00 manat müqabilində İcarəyə götürərək Cumalar kənd sakini Amid və Gülgəzdi kənd sakini Nurlan adlı şəxsləri işçi olaraq işə götürüb işlətməklə icarə haqqını və işçi haqqını ödədikdən sonra hər günə 35-40,00 manat gəlir əldə edir. Eyni zamanda bundan başqa avtoyuma məntəqəsində işçiləri olduğu üçün usta-malyar kimi işləməklə hər aya 100- 150,00 manat qazanır. Zərərçəkmiş şəxs hirsli olduğu üçün alimenti ödəmir. Onun işi və aylıq qazancı olduğu üçün Məşğulluq mərkəzinə müraciət etməmişdir. Hazırda isə aliment borcu çox olduğu üçün onu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2011-ci il tarixdə nikah münasibətlərinə girərək ailə qurmuşlar. Onların birgə nikahlarından 2012-ci ildə Şəhram adlı bir uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Xəyal ilə xasiyyətləri uyğun gəlməmişdir. Belə ki, Təqsirləndirilən şəxs onu bir arvad kimi sayıb hörmət etmirdi və onu yersiz təhqir edirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2017-ci ilin avqust ayından Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ayrılıb uşağı ilə birlikdə ayrı yaşamışdır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu Bərdə şəhərində avtoyuma məntəqəsində təmizləyici kimi işləməklə 500-600,00 manat qazancı olurdu. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşağının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmiş və o, heç bir yerdə İşləmədiyi üçün uşağı təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə anasının maddi yardımı ilə uşağını saxlayırdı. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(021)-5773/2017 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 19 sentyabr 2017-ci il tarixdən hesablanmaqla 22 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni 04 noyabr 2022-ci tarixli təqdimatda qeyd edilən cami 4500,00 manat aliment borcu yaranmışdır. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(021)-5773/2017 saylı qətnaməsinə Əsasən Təqsirləndirilən şəxs 19 sentyabr 2017-ci il tarixdən hesablanmaqla 22 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Bərdə Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 3(021)-604/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və 04 noyabr 2022-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 4500,00 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(021)-5773/2017 saylı qətnaməsinə Əsasən Təqsirləndirilən şəxs 19 sentyabr 2017-ci il tarixdən hesablanmaqla 22 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Bərdə Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 3(021)-604/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və 04 noyabr 2022-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 4500,00 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 16 may 2022-ci il, 08 iyun 2022-ci il və 23 avqust 2022-ci il tarixli xəbərdarlıq məktubundan, Bərdə Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 3(021)-604/2022 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən qanuni qüvvəyə minmiş Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(021)-5773/2017 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsindən daxil olmuş 27 mart 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 69.3-cü maddəsinə əsasən 01 il 08 ay 18 gün azadlıqın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 12 fevral 2021-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə hökmlə təyin edilmiş cəzanın çəkilməmiş 09 ay 24 gün hissəsi 04 ay 27 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və 09 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X5 Filialının 06 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Filial əməkdaşı tərəfindən Bərdə rayonu, Mollaisalar kənd sakini Təqsirləndirilən şəxs ilə əlaqə saxlamaq mümkün olmadığından, onunla məşğulluq sahəsində göstərilən xidmətlərlə bağlı heç bir iş aparmaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq vətəndaşın yaşadığı ünvana Filiala dəvət məktubu göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2 bəndində qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 19 sentyabr 2017-ci il tarixdən hesablanmaqla 22 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(021)-5773/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 3(021)-604/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 16 may 2022-ci il, 08 iyun 2022-ci il və 23 avqust 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 04 noyabr 2022-ci il tarixədək 4500,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və X4 törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “...cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir.” Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə niyə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz azadlıqdan məhrum etmə cəzasını təyin etməsini onunla əsaslandırır ki, 12 sentyabr 2019cu il, 23 sentyabr 2019-cu il, 10 oktyabr 2019-cu il, 29 oktyabr 2019-cu il, 31 oktyabr 2019cu il, 10 dekabr 2019-cu il, 21 sentyabr 2020-ci il, 08 oktyabr 2021-ci il, 13 yanvar 2022-ci il, 16 may 2022-ci il, 08 iyun 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdar məktublarından, eyni zamanda 25 aprel 2022-ci il tarixli, 3(021)-604/2022 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından, habelə Təqsirləndirilən şəxs fərdi qaydada işlə məşğul olmaqla qazanc əldə edərək alimenti ödəməkdən mütəmadi olaraq boyun qaçırmasından və iş üzrə toplanmış digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən qanuni qüvvəyə minmiş Bərdə Rayon Məhkəməsinin 12 oktybar 2017-ci il tarixli, 2(021)-5773/2017 saylı qətnaməsini qərəzli olaraq icra etməmiş və bu hal da ona əvvəllər təyin edilmiş inzibati həbs tənbeh tədbirinin tətbiqinin onun islah edilməsində yetərli qədər təsirli olmadığını sübut etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin snaksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə məhz nə səbəbə azadlıqdan məhrum etmə cəzasını təyin etdiyini onunla əsaslandırır ki, təqsirləndirilən şəxsin aliment ödəməli olduğu övladına bir dəfə də olsun aliment ödəməmiş, onunla maraqlanmamış, məhkəmədə müxtəlif vədlər verərək borcun aylığa bölündüyü zaman ödəyə biləcəyəni bildirmiş, bundan sonra ümumiyyətlə cəza çəkəcəksə aliment ödəməyəcəyi kimi ziddiyyətli fikirlər səsləndirmişdir. Bundan başqa, şəxsin barəsində bir dəfə inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş, lakin sonuncu bundan heç bir nəticə çıxartmamış, bundan başqa məhkəmə iclaslarına gəlməkdən qərəzli şəkildə boyun qaçırtmışdır. Hal-hazırda təqsirləndirilən şəxsin 04 noyabr 2022-ci il tarixə yığılmış aliment borcu 4500,00 manat təşkil etmişdir. Məhz bu səbəbdən də məhkəmə sanksiyada mövcud olan azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər alternativ cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırıaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qəsdən törədilmiş az ağır cinayətlər olduğundan sonuncu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, məhkəmə iclas zalından dərhal həbs olunmalı və cəzasının əvvəli 21 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut, məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 21 avqust 2023-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar