Məhkəmə qərarları › İş №1(021)-152/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-152/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-152/2023 19.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olmuş, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(021)52/2011 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Bərdə şəhəri ünvan 1-də qeydiyyatda olmaqla Bərdə rayonu, Şorəlli kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 21,59 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonu, Şorəlli kəndində yerləşən evində qanunsuz olaraq saxlamış, 10 aprel 2023-cü il tarixdə saat 21 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı fərdi yaşayış evindən 1(bir) ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 21,59 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri, Füzuli küçəsi, ev 25-də qeydiyyatda olsa da hazırda Bərdə rayonu, Şorəlli kəndində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. O, uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Lakin marixuanadan başqa narkotik vasitələrin başqa növlərindən istifadə etməmişdir. Narkotik vasitənin hər hansı növünü heç kimə təklif etməmiş və satmamışdır. O, 2022-ci ilin yay aylarında xatırlamadığı gündə «Qarabağ» kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndindən keçən hissəsində balıq tutarkən həmin kanalın kanarında 1 (bir) ədəd kiçik ölçüdə çətənə kolunun bitdiyini görmüşdür. Həmin vaxt çətənə kolunun yarbaqlarını yığaraq gələcəkdə istifadə etmək üçün yaşadığı evə gətirmiş və yarpaqlarını qurutmuşdur. Daha sonra müxtəlif vaxtlarda həmin narkotik vasitə olan qurudulmuş marixuanadan şəxsi istifadəsi üçün istifadə etmişdir. Lakin həmin narkotik vasitədən heç kimə satmamış və bağışlamamışdır. Həmçinin onda narkotik vasitə olması barədə heç kimə məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində o, yaşadığı evdə olan zaman həyətdən səs gəldiyi üçün həyətə çıxmışdır. Həmin vaxt həyətinin giriş qapısının qarşısında dayanmış şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra onun yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumatlarının olduğunu və ondan yaşadığı evə videoçəkiliş vasitəsi ilə baxış keçirilməsinə hər hansı etirazının olub-olmamasını soruşmuşlar. Həmin vaxt onun yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizəsi alınmışdır. Bundan sonra polis əməkdaşı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və yaşadığı evdə, eləcə də həyətyanı sahədə qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub-olmaması, vardırsa könüllü təqdim etməyi təklifi edilmişdir. Həmin vaxt o, yaşadığı fərdi yaşayış evinin içərisində yerləşən hamam otağında şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə hamam otağında əlüzyuyanın arxa hissəsində şəxsi istifadəsi üçün saxladığı 01 (bir) ədəd şəffaf rəngli polietilen torbada narkotik vasitə olan qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən qeyd olunan kütlə baxış keçirildikdən sonra həmin 01 (bir) ədəd şəffaf rəngli polietilen torbada narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərək polietilen torba ilə birlikdə ümumi çəkisinin 25.09 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra qeyd olunan narkotik vasitə 01 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və üzəri tərəflərindən imzalandıqdan sonra ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən fərdi yaşayış evinin digər otaqlarına baxış keçirilsə də lakin qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra o, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olan zaman üzərində şəxsi axtarış keçiriləcəyi barədə hüquq və vəzifələri izah edilmiş və üzərində olan əşyaların təqdim edilməsi təklifi edilmişdir. Həmin vaxt o, üzəridə olan özünə məxsus içərisində siqaret olan qara rəngli «Winston» markalı siqaret qutusunu və yaşadığım evə məxsus 1 (bir) ədəd dəmir halqaya taxılmış 2 (iki) ədəd açarı təqdim etdikdən sonra əynində olan qara rəngli cinsi şalvarın sağ yan cibindən 9 (doqquz) ədəd 100 (yüz) manatlıq, 1 (bir) ədəd 5 (beş) manatlıq və 2 (iki) ədəd 1 (bir) manatlıq pul əskinasları olamaqla ümumilikdə 907 (doqquz yeddi) manat pulu çıxarıb könüllü olaraq masanın üzərinə qoymuşdur. Daha sonra üzərində axtarış aparılsa da, lakin heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş həmin əşyalar əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bununla da şəxsi axtarışın keçirilməsi dayandırılmış və bu barədə protokol tərtib edildikdən sonra o, baxışda iştirak edən iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, yaşadığı evdə saxladığı 01 (bir) ədəd şəffaf rəngli polietilen torbada narkotik vasitə olan qurudulmuş marixuananı 2022-ci ilin yay aylarında xatırlamadığı gündə «Qarabağ» kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsindən balıq tutarkən 1 (bir) ədəd çətənə kolunun bitdiyini gördüyü üçün həmin kolun yarpalarını yığaraq şəxsi istifadəsi üçün yaşadığı evə gətirmişdir. Bundan sonra həmin yarpaqları qurudaraq qeyd olunan polietilen torbanın içərisinə yığıb şəxsi istifadəsi üçün istifadə etmişdir. Buna görə də həmin narkotik vasitəni aşkar edilən yerdə saxlamışdır. Lakin bu barədə heç kimin məlumatı olmamışdır. Eyni zaman da həmin vasitədən hər hansı bir şəxsə verməmiş, satmamış və satmaq fikri olmamışdır. Polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilərkən ona qarşı hər hansı zor və ya fiziki qüvvə tətbiq olunmamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru xüsusi rütbəsindədir. 10 aprel 2023-cü il tarixdə Bərdə RPŞ-nə Bərdə rayonu, Şorəlli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində və yaşadığı fərdi yaşayış evində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Şorəlli kəndində yerləşən fərdi yaşayış evinə o, digər polis əməkdaşları ilə birlikdə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısında Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq yaşadığı evdə saxlaması barədə şübhəli olduğundan fərdi yaşayış evinə videoçəkiliş vasitəsi ilə baxış keçirləcəyini bildirmişdir. Bundan sonra Bərdə rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı Misir Misirli tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilərək baxış keçirilməsinə etirazının olub-olmaması və yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs isə yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını və yaşadığı fərdi yaşayış evinin hamam otağında şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təqdim etməsini bildirdikdən sonra birlikdə fərdi yaşayış evinə daxil olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs evin içərisində yerləşən hamam otağında yerləşən əl-üzyuyanın arxa hissəsindən 01 (bir) ədəd şəffaf rəngli polietilen torbanı çıxarıb könüllü şəkildə təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün həmin yerdə saxlaması barədə məlumat vermişdir. Həmin vaxt qeyd olunan polietilen torbanın içərisinə baxış keçirilən zaman torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qeyd olunan marixuananı haradan əldə etməsi barədə sorğu etmişdir. Təqsirləndirilən şəxs isə həmin narkotik vasitəni 2022-ci ilin yay aylarında xatırlamadığı gündə «Qarabağ» kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndinin ərazisindən keçən hissəsində balıq tutarkən kanalın kənarında 01 (bir) ədəd kiçik ölçüdə çətənə kolunun bitdiyini gördüyü üçün həmin kolun yarpaqlarını yığaraq gələcəkdə şəxsi istifadəsi üçün yaşadığı evə gətirərək həmin yarpaqları qurutduqdan sonra mütəmadi olaraq istifadə etdiyini, qalıq hissəsini aşkar olunan yerdə saxladığını, bu barədə heç kimin məlumatı olmadığını və hər hansı bir şəxsə satmaması barədə məlumat vermişdir. Bundan sonra təqdim edilən qurudulmuş marixuanaya bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərək ekspertizaya göndərilməsi üçün qablaşdırılıb götürülmüşdür. Daha sonra digər otaqlara baxış keçirilsə də lakin, əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçrilməsi ilə əlaqədar hər hansı bir suallarının olub-olmaması sorğu edilmiş, lakin iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Həmin vaxt təhqiqatçı Misir Misirli tərəfindən Təqsirləndirilən şəxs vəkil təyin edildikdən sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması barədə sorğu edilmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmaması barədə məlumat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyanın və ya predmetin olubolmaması, vardırsa könüllü təqdim etməsi təklifi edilmişdir. Təqsirləndirilən şəxs isə üzərində heç bir qeyri-qanuni əşya və ya predmetin olmadığını bildirərək əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən içərisində siqaret olan qara rəngli «Winston» markalı siqaret qutusunu və 1 (bir) ədəd dəmir halqaya taxılmış 2 (iki) ədəd açarı təqdim etdikdən sonra əynində olan qara rəngli cinsi şalvarın sağ yan cibindən 9 (doqquz) ədəd 100 (yüz) manatlıq, 1 (bir) ədəd 5 (beş) manatlıq və 2 (iki) ədəd 1 (bir) manatlıq pul əskinasları olamaqla ümumilikdə 907 (doqquz yeddi) manat pulu çıxarıb könüllü olaraq masanın üzərinə qoymuş və həmin əşyaların özünə məxsus olduğunu demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılsa da, lakin heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin əşyalar əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarılmışdır. Həmin vaxt təhqiqatçı tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir suallarının olub-olmaması barədə sorğu edilmişdir. Lakin iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış başa çatdığından videoçəkiliş dayandırılmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Hafiz oğlu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Cinayət işinin 1-ci vərəqəsində olan 11 aprel 2023-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində və yaşadığı fərdi yaşayış evində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 21 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən 1(bir) ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 21,59 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 19-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 10 aprel 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 61-62-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 73-74-cü vərəqələrində olan 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 47-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin 11 aprel 2023-cü il tarixli 16/408 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə..» yazılar və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 21,59 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd:Qurudulmuş marixuana təmiz çəkiləri-21.59 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-21.54 qram. (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 101-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 726 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 11-112-ci vərəqəsində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(021)52/2011 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 107-108-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2012-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsini çəkmək üçün 5 saylı Ağstafa MTCM-nə köçürülmüşdür. Cinayət işinin 113-cü vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli, 7262 nömrəli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 114-cü vərəqəsində olan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli, 7262 nömrəli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatdadır. (çətənə xx.xx.2017) Cinayət işinin 92-ci vərəqəsində olan Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon ünvan 1 ünvanında yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuş, lakin narkotikaya meyilli olduğu göstərilmişdir. Cinayət işinin 115-123-cü vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra 1(bir) ədəd şəffaf rəngli polietilen torbada, qalıq təmiz çəkisi 21,54 qram maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və fərdi yaşayış evinə baxış, şəxsi axtarış və götürmə aparılması haqqında protokollar, həmin baxışların keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd «DVD» disklər 20 iyun 2023-cü il tarixli toplanmış «sübutların qiymətləndirilməsi haqqında qərar»la cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 1 (bir) ədəd şəffaf rəngli polietilen torbada, qalıq təmiz çəkisi 21,54 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılmış və fərdi yaşayış evinə baxış keçirilməsi, şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd «DVD» disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 12 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 12 aprel 2023-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 21.54 qram qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixindən 12 aprel 2023-cü il tarixinədək kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 21.54 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar