Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-152/2024 07.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Xanlar rayonu, Samux kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib 01 il islah işləri cəzasına məhkum edilmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 67.1, 69.3 və 68 –ci maddələrinə əsasən 01 il 5 ay 04 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək CM 67.1-ci madəsi hökmdən xaric edilmiş və CM 66.5-ci maddəsinə əsasən qəti olaraq üzərində 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 1,041 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Mikayıl Müşviq küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində tünd göy rəngli şalvarın sağ ön cibindən 1(bir) ədəd ağ, qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,041 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, subaydır. 1 ildir ki, marixuanadan istifadə edir, psixotrop maddə olan metamfetamindən istifadə etməmişdir. Narkotikdən istifadə zamanı heç kimə verməmiş və satmamışdır. 25 may 2024-cü il tarixdə yaşadığı küçənin yaxınlığında yerləşən xəstəxananın həyətində yerdən 01 ədəd büküm tapmış və həmin bükümə baxan zaman duza oxşar maddə olduğunu görərək götürmüşdür. Bundan biraz sonra Bərdə şəhəri, Mikayıl Müşviq küçəsində əmisi X4 ilə dayanan zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub-olmadığını soruşduqda üzərində “patı”, yəni metamfetamin olduğunu bildirmişdir. Sonra onu polis şöbəsinə dəvət etdikdə əmisi Nazim Balakişiyev də onunla bərabər polis şöbəsinə getmiş, polis şöbəsində öz istəyi ilə Bərdə Rayon vəkil bürosunun vəkili Müdafiəçi dəvət olunmuş və şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olması soruşulduqda könüllü olaraq üzərində saxladığı bir bükümdə olan psixotrop maddəni masanın üzərinə qoymaqla təqdim etmiş, bundan başqa ona məxsus olan bir ədəd “Redmi” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman üzərindən əlavə olaraq hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Sonra üzərindən aşkar edilmiş kütləyə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları həmin kütlənin psixotrop maddə hesab edilən metamfetaminə bənzəməsini bildirmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 1,32 qram olması müəyyən olunmuşdur. Bükülü proses iştirakçılarının iştirakı ilə müvafiq qaydadda 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş, proses iştirakçıları ilə birlikdə həmin qablaşdırmanın üzərinə imza etmiş və qablaşdırmanın ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Təqdim etdiyi bir ədəd “Redmi” markalı mobil telefon istintaqa təqdim edilmək üçün qablaşdırılaraq götürülmüş, üzərindən başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Özünü təqsirli bilmiş, tutularkən və üzərində şəxsi axtarış keçirilən zaman heç bir qanunsuzluğa məruz qalmamışdır. O, heç kimə psixotrop maddə satmamış, nə də heç bir kəsə verməmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvvəkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, ifadəsində göstərmişdir ki, 25 may 2024-cü il tarixdə ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmiş və 25 may 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Həmin məlumatı Bərdə rayon polis şöbəsinin rəhbərliyinə məruzə etdikdən sonra ondan, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvvəkili, polis leytenantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbiri çərçivəsində adları çəkilən digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs olacağı Bərdə şəhəri M.Müşviq küçəsinə getmişlər. 25 may 2024-cü il tarixdə saat 15:30-da həmin yerə çatmış və bu zaman Təqsirləndirilən şəxs əmisi X4 ilə birlikdə piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış, Təqsirləndirilən şəxs özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, özündə saxlayaraq daşıması ilə məşğul olmasında şübhəli olduğunu deyib polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarına etiraz etməmiş və polis əməkdaşları tərəfindən Bərdə RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs yanında əmisi Nazim Balakişiyev də polis şöbəsinə gəlmiş, polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarışda müdafiəçi qismində Müdafiəçi iştirak etmişdir. Şəxsi axtarış prosesi Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən video qeydə alınmış, təhqiqatçı X11 Cəmilliyə hüquq və vəzifələri izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirdikdə sonuncu masaya doğru yaxınlaşaraq üzərində olan tünd göy rəngli şalvarın sol cibindən qara rəngli “Redmi” markalı mobil telefonu və şalvarın sağ cibindən 01 ədəd kağız bükümündə olan maddəni stolun üzərinə qoyaraq “patı” olduğunu bildirmişdir. Bir ədəd kağız bükümdə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 1,32 qram olması müəyyən olunmuş, prosses iştirakçılarının iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş, o və digər iştirakçılar həmin qablaşdırmanın üzərinə imza etmişlər. Həmçinin qara rəngli “Redmi” markalı mobil telefon təhqiqatçı İftixar Səfərov tərəfindən müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və üzəri proses iştirakçıları tərəfindən imza edildikdən sonra istintaq əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman başqa əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet əşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni yaşadığı ünvanın yaxınlığında yerləşən xəstəcananın yaxınlığındakı çaylaq ərazisində yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və gütürmə istintaq hərəkəti başa çatmış və videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvvəkili, polis leytenantı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 eyni məzmunlu ifadələr verərək polis əməkdaşı X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işi başlanması və aidiyyatı üzrə göndərilməsi barədə 26 may 2024-cü il tarixli Qərardan görünür ki, ********* nömrəli cinayət işi 26 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin 5-44-cü vərəqələrində olan materiallardan görünür ki, ********* nömrəli cinayət işinin başlanılmasına səbəb xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-yə Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanmasında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üzərindən, yəni əynində olan tünd göy rəngli şalvarın sağ ön cibindən 1(bir) ədəd ağ, qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,041 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamın aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 11-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 25 may 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 25 may 2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 55-56-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2024cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 68-69-cu vərəqələrində olan 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 82-83-cü vərəqələrində olan MTE və PA Birliyi PHŞ-nin Bərdə rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 413 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 41-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin 26 may 2024-cü il tarixli 16/611 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd ağ, qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,041 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in siyahısına (1-ci siyahı) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 1,041 qram, tədqiqata sərf edildi-0,08 qram qalıq-0,961 qram. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 113-cü vərəqəsində olan Gəncə şəhəri Narkoloji Dispanserin 03 avqust 2024-cü il tarixli 1293 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 110-112-ci vərəqələrində olan Tərtər Rayon Məhkəməsinin 1(061)02/2021 saylı xx.xx.2021-ci il tarixli Hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 /iki/ il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Tərtər Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 6 /altı/ ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində 2 /iki/ il 2 /iki/ ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən əvvəllər Bərdə Rayon Məhkəməsinn 23 oktyabr 2019cu il tarixli hökmü ilə CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiq 1 /bir/ il islah işləri cəzasının cəkiləməmiş qalan 11 /on bir/ ay 24 /iyirmi dörd/ gün müddəti CM- nin 68-ci maddəsinə uyğun hesablanılmaqla 2 /iki/ ay 28 /iyirmi səkkiz/ gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş 2 /iki/ il 2 /iki/ ay müddətinə cəzaya qismən birləşdirilməklə ona 2 /iki/ il 3 /üç ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 04 iyun 2020-c il tarixdən bu günədək həbsdə saxlanıldığı 9/doqquz/ ay 6/altı/ gün müddət hazırkı hökmlə təyin edilmiş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 /bir/ il 5/beş ay 4/dörd/ gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin 85-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib 01 il islah işləri cəzasına məhkum edilmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 67.1, 69.3 və 68 –ci maddələrinə əsasən 01 il 5 ay 04 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək CM 67.1-ci madəsi hökmdən xaric edilmiş və CM 66.5-ci maddəsinə əsasən qəti olaraq üzərində 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 79-cu vərəqəsində olan Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-28/2-1033/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1994-cü il təvəllüldü Təqsirləndirilən şəxs Bərdə RMX-nın Polikilinikasının Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 78-ci vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4-də yaşayır, yaşayış yeri üzrə müsbət, lakin narkotikaya meyilli kimi xarakterizə edilmişdir. Cinayət işinin 120-128-ci vərəqələrində olan 12 avqust 2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 1 (bir) ədəd kağız paketdə ağ, qızılı kağız bükümdə qalıq çəkisi 0,961 qram psixotrop maddə olan metamfetamin və təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi görüntülərini özündə əks etdirən 01(bir) ədəd «DVD» disk iş üzrə maddi sübut kimi tanınmışdır. Maddi sübut kimi tanınmış 0,961 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Bərdə rayon polis şöbəsinin Maddi sübutların saxlanması otağına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər dəfələrlə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini, məhkəmə istintaqı zamanı hazırkı cinayət işi üzrə ifşa olunana qədər narkotik vasitə olan marixuanadan dəfələrlə istifadə etdiyini dilə gətirməsini, cəmiyyət üçün təhlükəli olmasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 27 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 27 may 2024-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm elan olunduğu andan ləğv olunmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 07 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,961 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğunun 25 may 2024-cü il tarixindən 27 may 2024-cü il tarixinədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclasında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan təmiz çəkisi 0,961 qram olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-152/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-152/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver