Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-152/2025 18.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx xxxxxxxx 1988-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, X16 Məktəbində qarmon müəllimi işləyən, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri Şəhriyar küçəsi ev 5-də qeydiyyatda olan və faktiki Bərdə şəhəri Səttarxan küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2025-ci il tarixli Qanununun 1-ci Siyahısına əsasən, xeyli miqdarda, yəni 5,03 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhəri Səttarxan küçəsində yerləşən fərdi yaşayış evinin qonaq otağında pəncərənin qarşısında ağ rəngli telefon saxlamaq üçün nəzərdə tutulan kisənin içərisində saxlamış, Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X2 əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2025-ci il tarixdə, saat 2340-da yaşadığı evin yaxınlığında saxlanılaraq xx.xx.2025-ci il tarixdə, saat 0001-dən 0010dək onun yaşadığı yuxarıda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin qonaq otağında pəncərənin qarşısında ağ rəngli telefon saxlamaq üçün nəzərdə tutulan kisənin içərisində qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxladığı 0,54 qram, 0,40 qram, 0,47 qram, 0,46 qram, 0,46 qram, 0,46 qram, 0,46 qram, 0,42 qram, 0,46 qram, 0,44 qram, 0,46 qram olmaqla, ümumilikdə 11 ədəd ayrı-ayrı xırda kağız bükümlərdə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumilikdə 5,03 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, İcra hakimiyyəti binasının qarşısından keçərkən Ulu Öndərin şəklinin cızılıb sallandığını görmüş və bu barədə məqalə yazmışdır. 24 iyun 2025-ci ildə gecə saatlarında siqaret almaq üçün mağazaya getmişdir. Atası zəng edərək harada olduğunu soruşmuş, atasına mağazaya getdiyini demiş, atası həyətində polislərin olduğunu bildirmişdir. Dərhal evə qayıtmış və bir neçə polis nəfərinin həyətində, evində olduğunu görmüşdür. Polis əməkdaşları narkotik vasitə gətirərək narkotik vasitəni üstünə götürməsini, əks halda arvad-usağını polis şöbəsinə aparacaqlarını bildirmişlər. Ona görə də məcbur olub olmayan şeyi etiraf etmişdir. Evdə müşahidə kameraları olmuş, polis əməkdaşları yaddaş qurğularını söküb aparmışlar. Zəng edib aparatı istəmiş, bir müddət sonra aparatı ona vermişlər. Lakin aparatın bütün yaddaşını pozmuşlar. Siqaret almaq üçün ***-**** metr kənarda olan mağazaya getmişdir. Bacısı evi ilə qonşudur, bacısının həyətindən onun həyəti görünür. Həyətə girəndə polis əməkdaşı Zaminlə qarşılaşmış, qapıda 4 nəfər polis əməkdaşı görmüşdür. Atası evin qarşısında olmuş, atasını içəri buraxmamışlar. Evə girəndə yoldaşının üstünə qışqıra-qışqıra nəsə danışdıqlarını görmüşdür. Narkotiki hardan götürdüklərini bilməmiş, ona narkotiki guya divanın altından tapdıqlarını demişlər. Qorxusundan heç bir yerə şikayət etməmiş, həbsdən çıxandan sonra vəkilə bu barədə heç nə deməmişdir. Heç vaxt narkotik vasitə istifadə etməmişdir. Həbsdə olandan 1 ay sonra onu ekspertdən keçirmişlər. İbtidai istintaq zamanı izahat verərəkən müstəntiq ayaq üstə müdafiəçinin arxasında dayanıb əli ilə onu hədələmişdir ki, nə demişdirsə onu imzalasın. Məhkəmənin növbəti iclasında Təqsirləndirilən şəxs göstərdi ki, məhkəmənin əvvəlki iclasında polis əməkdaşlarına qarşı əsəbi olduğundan bu cür ifadə vermişdir. Əslində ibtidai istintaq zamanı verdiyi ifadəsi doğrudur. Ona qarşı heç bir təzyiq və ya təsir olmamışdır. Səhvini başa düşür, əməlindən peşmandır. Himayəsində iki azyaşlı övladı var. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Sonuncu həmin ifadəsində göstərmişdir ki, Bərdə şəhər Uşaq Musiqi Məktəbində qarmon müəllimi işləyir. “Nəşə” kimi tanıdığı narkotik vasitədən 8-9 aydır ki, istifadə edir. Narkotik vasitə olan qurudulmuş marixuananı siqaret kağızında çəkmək yolu ilə istifadə edir. Tutulmamışdan 3-4 gün əvvəl yaşadığı Bərdə şəhəri Səttarxan küçəsində dəmiryol xəttinin yaxınlığında həyətində saxladığı ördəklərə ot yığarkən ağ rəngli telefon kisəsinin olduğunu görüb götürdükdən sonra açıb içərisinə baxan zaman həmin telefon kisəsinin içərisində 11 (on bir) ədəd kağız bükümdə “nəşə” kimi tanıdığı narkotik vasitənin olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğundan həmin 11 (on bir) ədəd kağız bükümlərdə olan narkotik vasitəni götürüb yaşadığı evdə qonaq otağında pəncərənin qarşısına qoymuş, lakin həmin narkotik vasitədən istifadə etməmişdir. xx.xx.2025-ci il tarixdə, gecə saatlarında yaşadığı evin yaxınlığında tək olarkən polis əməkdaşları ona yaxınlaşıb Bərdə RPŞ-nin əməkdaşları olmaları barədə məlumat vermişlər. Bundan sonra polis əməkdaşları ona narkotik vasitə əldə edib saxlamaqda şübhəli olması barədə məlumat verib yaşadığı evdə narkotik vasitə olub-olması barədə soruşulmuşdur. O, artıq yaşadığı evdə saxladığı narkotik vasitə barədə polislərin dəqiq məlumatının olmasını başa düşmüşdür. Ona görə də yaşadığı evdə narkotik vasitə olmasını inkar etməmişdir. Həmin vaxt polis əməkdaşları ondan yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşmuş, o, etirazının olmadığını demişdir. Buna görə də onun etirazının olmaması barədə ərizəsi alınmışdır. Bundan sonra yaşadığı evə polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsi ilə baxış keçirilən zamanı o, yaşadığı evinin qonaq otağında pəncərənin qarşısında telefon kisəsinin içərisində narkotik vasitə olan həmin 11 (on bir) ədəd kağız bükümləri polis əməkdaşlarına təqdim etmişdir. Hər büküm ayrı-ayrılıqda baxış keçirilərək elektron tərəzidə çəkilmişdir. Hərəsi müxtəlif çəkilərdə olmuş, çəkiləri dəqiq xatırlamır. Ancaq, ümumi çəkisi 7 qrama yaxın olmuşdur. Sonra həmin bükümlər zərfin içərisinə qoyulub zərfin üzəri möhürlənmiş və qeydlər aparılmışdır. Orada olan şəxslər zərfin üzərinə imza etmiş, o da imzası ilə təsdiq etmişdir. Sorğu-sual zamanı narkotik vasitələri 2-3 gün əvvəl yol kənarında yabanı halda bitən nəşə kollarının yarpaqlarından toplayıb qurutduğını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Sonra onu Bərdə RPŞ-nə gətirmişlər. Burada ona vəkil çağrılmışdır. Vəkil gəldikdən sonra videoqeydiyyat aparılaraq üzəri axtarılmışdır. Üzərində heç nə olmadığına görə bircə mobil telefonu götürülmüşdür. Sonra onun izahatı alıb müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, xx.xx.2025-də Təqsirləndirilən şəxs narkotik vasitəsindən istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs əməlini etiraf etmiş və kisədə olan 11 büküm narkotik vasitəni özü könüllü təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin narkotik vasitə sənədləşdirilərək götürülmüşdür. Təxminən 7 qrama yaxın narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vaitəni arvadının pul kisəsində gizlətmişdir. 11 büküm narkotik vasitə olub. Təqsirləndirilən şəxs elə bir insandır ki, narkotik onun olmasa heç vaxt etiraf etməzdi ki, narkotik onundur. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə onlarda məlumat olmuş, lakin əllərində sübut olmadığına görə saxlaya bilməmişlər. Təqsirləndirilən şəxs sübutlar məhv olsun deyə telefonu format edib, sındırmışdır. Təqsirləndirilən şəxs Bərdədə narkomanların ən öndə gedənlərindən biridir. Sadəcə satışı ilə bağlı sübut əldə edə bilməmişdir. Qohum-əqrəba müdaxilə etməsin deyə, əməliyyat zamanı bütün ətrafa polis əməkdaşları yerləşdirmişlər. Təqsirləndirilən şəxs evinə özünün iştirakı ilə baxış keçirmişlər. Təqsirləndirilən şəxs onlara təqdim etdiyi müşahidə aparatına baxanda görüntü olmamış, bütün görüntü silinmişdir. Ona görə də aparat sonuncuya geri qaytarılmışdır. Evin kamerasını onlar silməmiş, Təqsirləndirilən şəxs bütün görüntünü özü silib gətirib onlara vermişdir. Əməliyyat məlumatı ona daxil olmuş, əməliyyata özü rəhbərlik etmişdir. Əməliyyat məlumatı narkotik vasitəni saxlanması, satışı, dövriyyəsi ilə bağlı daxil olmuşdur. Satışı və dövriyyəsi ilə məşğul olması barədə sübut əldə edə bilmədiyinə görə, raporta saxlaması barədə məlumat daxil olduğunu qeyd etmişdir. Əməliyyatı yay ayında, axşam saatlarında keçirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Bərdə Rayon Polis Şöbəsinin təminat hissəsinin polis nəfəri Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 24 iyun 2025-ci il tarixli, 16/577 saylı Rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində ‘‘Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 11 ədəd kağız bükümdə olan marixuanaya bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki 11(on bir) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,54 qram, 0,40 qram, 0,47 qram, 0,46 qram, 0,46 qam, 0,46 qram, 0,46 qram, 0,42 qram, 0,46 qram, 0,44 qram, 0,46 qram, ümumi təmiz çəkisi 5,03 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və eynidirlər. -Marixuananın ümumi təmiz çəkisi 5,03 qram, tədqiqata sərf edildi 0,22 qram (hər birindən 0,02 qram), qalıq 4,81 qramdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2025-ci il tarixli, 5/677 saylı Kompüter texniki ekspertizası Rəyindən görünür ki, təqdim edilmiş “Redmi 9C” markalı “M2006C3MG” modelli mobil smartfonun yaddaşından toplanmış mövcud olan məlumatlar (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayıllar və sairə) müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5-677” adlı qovluqda 01 (bir) ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. -Rəyin “Tədqiqat prosesinin təsviri” hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Redmi 9C” markalı “M2006C3MG” modelli mobil smartfonun yaddaşında hər hansı bir (“WhatsApp”, proqram təminatı, “İnstagram”, “TikTok” və digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 22 avqust 2025-ci il tarixli, 1323 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 24 iyun 2025-ci il tarixli, 505 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli 18-1-28/2-1548/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın X3 və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclasında özünü təqsirli bilməyərək narkotik vasitəni polis əməkdaşlarının yaşadığı evə qoyduğunu bildirsə də, növbəti məhkəmə iclasında özünü təqsirli bilərək, polis əməkdaşlarına əsəbi olduğundan bu cür ifadə verdiyini bildirmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi barədə ibtidai istintaq zamanı verdiyi ifadəsini əsaslı hesab etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış sübutlarla da öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2025-ci il tarixli Qanununun 1-ci Siyahısına əsasən, xeyli miqdarda, yəni 5,03 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhəri Səttarxan küçəsində yerləşən fərdi yaşayış evinin qonaq otağında pəncərənin qarşısında ağ rəngli telefon saxlamaq üçün nəzərdə tutulan kisənin içərisində saxlaması, Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X2 əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2025-ci il tarixdə, saat 2340-da yaşadığı evin yaxınlığında saxlanılaraq xx.xx.2025-ci il tarixdə, saat 0001-dən 0010-dək onun yaşadığı yuxarıda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən evin qonaq otağında pəncərənin qarşısında ağ rəngli telefon saxlamaq üçün nəzərdə tutulan kisənin içərisində qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxladığı 0,54 qram, 0,40 qram, 0,47 qram, 0,46 qram, 0,46 qram, 0,46 qram, 0,46 qram, 0,42 qram, 0,46 qram, 0,44 qram, 0,46 qram olmaqla ümumilikdə 11 ədəd ayrı-ayrı xırda kağız bükümlərdə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumilikdə 5,03 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən, məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda istinad olunan qanunvericilik normasının tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhər icra nümayəndəliyi tərəfindən verilmiş 22 avqust 2025-ci il tarixli 552 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Səttarxan küçəsində yaşayır. Ailə üzvləri: arvadı-1988ci il təvəllüdlü X1, oğlu-2016-cı il təvəllüdlü X5 və oğlu-2017-ci il təvəllüdlü X6 ibarətdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 19 avqust 2016-cı ildə anadan olmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 26 iyun 2017-ci ildə anadan olmuşdur. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 01 iyul 2025-ci il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Habelə məhkəmə iclasında Təqsirləndirilən şəxs səhvini başa düşdüyünü, əməlindən peşman olduğunu bildirmiş, ona rəhm edilməsini məhkəmədən xahiş etmişdir. Bütün bunlar isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs səhvini başa düşməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 24 iyun 2025-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 23 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin 03 (üç) ay həddində, yəni 23 sentyabr 2025-ci il tarixədək müəyyən edilməsi, həbs etmənin başlanğıcının 23 iyun 2025-ci il tarixdən saat 23:40-dan hesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin sonunadək, yəni 23 sentyabr 2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs üzərinə ev dustaqlığı qətimkan tədbiri dövründə qanunla müəyyən edilmiş hallar istisna olmaqla yaşadığı ünvandan axşam saat 23:00-dan səhər saat 06:00-dək kənara çıxmamaq, yaşadığı ərazinin hüdudlarını tərk etməmək və istintaq orqanının çağrışlarına vaxında gəlmək vəzifəsi və məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifələri qoyulması qərara alınmışdır. CM-nin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 24 iyun 2025-ci il tarixli, 16/577 nömrəli və 25 iyul 2025-ci il tarixli 5/677 nömrəli bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 210,80 (iki yüz on manat 80 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 210,80 (iki yüz on manat 80 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 4,81 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 iyun 2025-ci il tarixdən 18 noyabr 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 4,81 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 210,80 (iki yüz on manat 80 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-152/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-152/2025
18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver