Məhkəmə qərarları › İş №1(021)-153/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-153/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-153/2023 17.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1976-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edərək saxlama cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,610 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, 17 aprel 2023-cü il tarixdə saat 20:20 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Bakı küçəsində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,610 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,565 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlamış, 20 may 2023-cü il tarixdə, saat 11 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri Koroğlu küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan idman gödəkcəsinin sol yan cibində saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,565 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, Bərdə şəhərində anadan olmuşdur, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177 və 234.1-ci maddələri ilə məhkum olmuş, sonuncu dəfə isə xx.xx.2018-ci il tarixdə Bərdə rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2019-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə Aərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 02 ay vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2019-cu il tarixdə cəza müddəti bitmişdir. Əvvəllər narkotik vasitə istifadə etmiş, sonradan istifadə etməmiş, ancaq son 1 il 6 ay olar ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Narkotik vasitə və psixotrop maddə istifadə edən zaman heç kimə təklif etməmiş və satmamışdır. xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri Dəmiryol vağzalının yaxınlığında piyada gedərkən yerdən 1 ədəd qızılı rəngli kağız bükülü tapmış, içərisinə baxdıqda içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüş, sonra isə həmin kağız bükümü götürüb öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 20:20 radələrində Bərdə şəhəri Bakı küçəsində dayanarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını, barəsində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, istifadəsi və üzərində saxlaması barədə məlumat əldə etdiklərini və onlarla birlikdə polis şöbəsinə getməsini bildirmişlər. Etiraz etməyərək polis şöbəsinə gəlmiş, Polis şöbəsində ona vəkil təqdim olunaraq vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış keçirilərkən ona üzərində olan qanunsuz əşya və ya predmetin olub olmaması soruşulmuş, o, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qızılı rəngli kağız bükümü çıxardaraq masanın üzərinə qoyaraq kağız bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu demiş, bundan sonra üzərində başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, şifahi sorğu zamanı həmin psixotrop maddə olan metamfetaminə bənzər maddəni 17 aprel 2023-cü il tarixdə Bərdə şəhəri dəmiryol vağzalının yaxınlığında tapdığını bildirmişdir. Bundan sonra vəkilin iştirakı ilə üzərindən aşkar edilmiş 1 ədəd qızılı rəngli kağız bükülü içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilərək ağ rəngli zərfdə qablaşdırılaraq möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan başqa, 19 may 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Bərdə şəhəri, Koroğlu küçəsinin yaxınlığından keçən dəmir yol xəttinin kənarı ilə gedərkən bir ədəd kibrit qutusunun yerdə olduğunu görüb götürmüş, kibrit qutusunun içərisinə baxanda içərisində boz rəngli bükümün olduğunu və narkotik vasitə olan heroinin olduğunu görmüş, narkotik vasitələrin istifadəçisi olduğu üçün həmin narkotik vasitəni cibinə qoymuş, sonra yaşadığı evə getmişdir. 20 may 2023-cü il tarixdə saat 11 radələrində yaşadığ evdən çıxdıqdan sonra küçədə olarkən yəni Bərdə şəhəri, Koroğlu küçəsində mülki geyimli şəxsələr ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş, onu üzərində qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun hüquqlarını müdafiə etmək üçün dövlət hesabına Müdafiəçi təyin olunmuş, Müdafiəçi iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan adidas koftasının sol yan cibində olan 1 ədəd bükümü masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bükümün içərisinə baxılan zaman narkotik vasitənin heroin olduğu aşkar edilmiş və elektron tərəzidə çəkilərək, qablaşdırılmış və möhürlənmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid4 ifadəsində göstərdi ki, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Ona Bərdə şəhəri, Koroğlu küçəsi, döngə 9, ev 3-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, tərəfindən 17 aprel 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilərək Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmiş, bundan sonra tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə saat 20 radələrində Bərdə şəhəri Koroğlu küçəsində olan zaman saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş, Polis şöbəsində Təqsirləndirilən şəxs Müdafiəçi kimi dəvət edilməklə təhqiqatçı Pərvin Səfərli tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, bundan sonra onun, Bərdə RPŞ-nin digər əməkdaşı polis serjantı Məhəmməd Həsənovun, polis kapitanı Şahid3 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, təhqiqatçı X15 Hüseynova hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs həmin maddənin “şüşə” adı ilə tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə elektron tərəzi vasitəsilə çəkilərək təhqiqatçı Pərvin Səfərli tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bərdə RPŞ-nin Kriminalistik-Tədqiqatlar qrupunun ekspert-kriminalisti vəzifəsində xidmət edir, polis kapitanıdır. Mahiyyəti üzrə bildirir ki, Bərdə şəhəri, Koroğlu küçəsi, döngə 9, ev 3-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən 20 may 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmiş, bundan sonra tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə saat 11 radələrində Bərdə şəhəri Koroğlu küçəsində olan zaman saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş, Polis şöbəsində Təqsirləndirilən şəxs Müdafiəçi kimi dəvət edilməklə təhqiqatçı Eşqin Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, bundan sonra onun, Bərdə RPŞ-nin digər əməkdaşı polis kapitanı Şahid2, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, təhqiqatçı X16 Hüseynova hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan idman gödəkcəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs həmin maddənin kakos adı ilə tanıdığı narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr elektron tərəzi vasitəsilə çəkilərək təhqiqatçı Eşqin Məmmədov tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilmiş Şahid1, Şahid2 və X1 ifadələrindən görünür ki, adıçəkilən şahidlər də mahiyyəti üzrə eyni məzmunlu ifadə verib, Şahid4 və Şahid3 ifadəsində göstərilənləri təsdiq etmişlər. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 18 aprel 2023-cü il tarixli 16/425 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,610 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 21 may 2023-cü il tarixli 16/532 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,565 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 17 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, 17 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək qablaşdırılıb götürülmüşdür. 20 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, 20 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan idman gödəkcəsinin sol cibindən bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan heroin aşkar edilərək qablaşdırılıb götürülmüşdür. 230300089 nömrəli cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilməsi zamanı 11 dəqiqə 18 saniyə çəkiliş olmuş, çəkiliş zamanı Bərdə rayon X7çısının, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı yəni əynində olan qara rəngli cins şalvarın sol yan cibində 1 ədəd qızılı rəngli kağız bükümündə ümumi çəkisi 0,75 qram olan ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı psixotrop maddələrdən istifadə etməsini, üzərində psixotrop maddələr saxlamasını və həmin psixotrop maddələri yaşadığı küçənin yaxınlığından keçən dəmiryol xəttinin kənarından tapdığını bildirmişdir. Aşkar edilmiş psixotrop maddələrə bənzəyən kütlələr qablaşdırılmış və elektron tərəzidə çəkilmişdir. Baxış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış, narkotik vasitələr və psixotrop maddələr istintaq hərəkəti çəkiliş zamanı qeydə alınmışdır. 230300112 nömrəli cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilməsi zamanı 12 dəqiqə 29 saniyə çəkiliş olmuş, çəkiliş zamanı Bərdə rayon X7çısının, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan idman gödəkcəsinin sol yan cibində 1 ədəd şəffaf sellofan bükümündə ümumi çəkisi 0,80 qram olan ilk baxışdan narkotik vasitə olan heorinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitələrdən istifadə etməsini, üzərində narkotik vasitələri saxlamasını və həmin narkotik vasitəni yaşadığı küçənin yaxınlığından keçən dəmiryol xəttinin kənarından tapdığını bildirmişdir. Aşkar edilmiş ilk baxışdan narkotik vasitələrə bənzəyən kütlələr qablaşdırılmış və elektron tərəzidə çəkilmişdir. Baxış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış, narkotik vasitələr və psixotrop maddələr istintaq hərəkəti çəkliş zamanı qeydə alınmışdır. 230300089 nömrəli cinayət işinin materiallarına əlavə edilmiş 20 aprel 2023-cü il tarixli cinayət işi üzrə əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, tapşırığa uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamış, narkotik vasitələri satmış olduğu şəxslərin dairəsi müəyyən edilməmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri əldə etməsi haqqında əməliyyat məlumatı vardır. Təqsirləndirilən şəxs saxladığı narkotik vasitələrin digər şəxslərlə cinayətkar əlbirliyi müəyyən olunmamışdır. 230300112 nömrəli cinayət işinin materiallarına əlavə edilmiş 22 may 2023-cü il tarixli cinayət işi üzrə əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, tapşırığa uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamış, narkotik vasitələri satmış olduğu şəxslərin dairəsi müəyyən edilməmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri əldə etməsi haqqında əməliyyat məlumatı vardır. Təqsirləndirilən şəxs saxladığı narkotik vasitələrin digər şəxslərlə cinayətkar əlbirliyi müəyyən olunmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində Bərdə RPŞ-nin İBdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır. Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji kabinetində dispanser qeydiyyatdındadır (opioidlərin qəbulu nəticəsində psixi davranış pozuntusu xx.xx.2013, xx.xx.2022, xx.xx.2023). Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 27 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə 1 il, 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə Nizami rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 02 ay vaxtından əvvəl şərti azad olunub. xx.xx.2019-cu ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılıb. Bərdə rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli 1(021)-30/2018 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 7(007)-287/2019 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, ona qəti olaraq təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 02 (iki) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 27 may 2023-cü il tarixli 921 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. 30 may 2023-cü il tarixli Bərdə şəhər İcra Hakimiyyəti başçısının Bərdə şəhər İƏDÜ nümayəndəsinin 4555 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Koroğlu küçəsi 9/3-də yaşayır və həmin tarixli xasiyyətnamədən görünür ki, o, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Qərara əsasən törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,610 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, 17 aprel 2023-cü il tarixdə saat 20:20 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Bakı küçəsində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,610 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,565 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlamış, 20 may 2023-cü il tarixdə, saat 11 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri Koroğlu küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan idman gödəkcəsinin sol yan cibində saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,565 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı AR.CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların İ siyahısına əsasən narktoik vasitə hesab edilən heroinin miqdarı 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Həmin qanununun İİ siyahısına əsasən psixotrop maddə hesab edilən metamfetaminin miqdarı 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin əvvəllər eyni növ cinayət əməlini törətməsini və müxtəlif müddətdə azadlıqdan məhrum etmə cəzasına məruz qalmasını, lakin həmin cəzadan nəticə çıxarmayaraq və islah olunmayaraq yenidən eyni növ cinayəti törətməsini və azadlıqda qalmasına baxmayaraq narkomaniya xəstəliyindən məcburi müalicə almamasını, habelə ardıcıl olaraq 2 epizodda narkotik vasitə və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə cinayət əməlini törətməsini nəzərə alır. AR.CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, hazırki işdə CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hallara təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması və məhkumluğunun olmaması, əməlindən səmimi peşman olması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:40-da Bərdə rayon X7 Bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən AR.CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. İş materiallarında olan 20 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:40-da Bərdə rayon X7 Bölməsinin təhqiqatçısı, polis kapitanı mayoru X4 tərəfindən AR.CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(021)-115/2023 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 17 aprel 2023-cü il tarixdən 19 aprel 2023-cü şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli həbs edilmək üçün tutulduğu tarix olan xx.xx.2023-cü il tarixdən etibarən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və X13 saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,485 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,560 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 60,80 manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 17 aprel 2023-cü il tarixdən 19 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və X13 saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,485 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,560 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar