Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-154/2021 14.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. Təqsirləndirilən şəxs: xx xxxx 1993-cü ildə Bərdə rayonu Körpüqıran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Füzuli hərbi məhkəməsinin 05.09.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1, 62-ci maddələri ilə 100 manat cərimə cəzasına məhkum olunmuş və hazırda məhkumluğu ödənilmiş, Bərdə rayonu Körpüsındıran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 06 may 2021-ci il tarixdə səhər saat 11-radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə bazar” adlanan bazarın ərazisində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əli ilə bir dəfə Zərərçəkmiş şəxs üz nahiyyəsinə qəsdən vuraraq Zərərçəkmiş şəxs alt çənənin sol yarısının İİİ dişin laxlaması ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayından 2021-ci ilin mart ayına qədər hissə hissə olmaqla Zərərçəkmiş şəxs 15000 manatlıq tərəvəz alaraq satış edib borcunun çox hissəsini geri qaytarmışdır. Hazırda İntizara 1400 manat borcu qalmışdır. Lakin, bir qədər ziyanlıq etdiyi üçün İntizarın pulunu vaxtında qaytara bilməmişdir. İntizar ondan bir neçə dəfə borcu istəsə də o, İntizara ziyanlıq etdiyini, buna görə pulu vaxtında qaytara bilmədiyini bildirmişdir. 06.05.2021-ci il tarixdə təxminən saat 11-radələrində Bərdə rayonu Köhnə bazar ərazisində meyvə tərəvəz satışı ilə məşğul olmuşdur. Bu zaman İntizar ona yaxınlaşaraq onun ünvanına nalayiq ifadələr işlədib pulunu tələb etmişdir. İntizar onu nalayiq ifadələrlə söyüb təhqir etdiyi üçün o, İntizarı sakitləşdirməyə çalışmışdır. Həmin vaxt İntizar onun meyvə tərəvəz satdığı vitrini dağıtmaq istəyən zaman şəriki Elvin buna imkan verməmişdir. İntizar onu orada olan stul ilə vurmaq istəyən zaman şəriki Elvin stulu onun əlindən almış və bu zaman stul Elvinin öz ehtiyyatsızlığı nəticəsində başına dəymişdir. Bundan sonra o, əsəbləşərək əli ilə İntizarın üz nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Daha sonra İntizar oradan uzaqlaşaraq çıxıb getmişdir. Zərərçəkmiş şəxslə barışmamışdır. Ondan üzr istəyir. Halhazırda əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı Möysüm ilə Bərdə şəhəri “təzə bazar” adlanan bazarda meyvə-tərəvəz ticarəti ilə məşğul olur. Barəsində şikayət olunan Təqsirləndirilən şəxs rayon adamı kimi tanıyır. Belə ki, Bayraməli Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “köhnə bazar” adlanan bazarda meyvə-tərəvəz ticarəti ilə məşğul olur. Bayraməli ilə münasibətləri daima normal olmuş, aralarında heç vaxt düşmənçilik və ya ədavətləri olmamışdır. Cari ilin əvvəllərində Bayraməliyə satıb pulunu verməsi üçün müəyyən miqdarda meyvə-tərəvəz vermişdir. Bayraməli mütəmadi olaraq ona borclu olduğu puldan hissə-hissə ödəniş etmişdir. O, cari ilin fevral ayının ortalarında Bayraməli ilə ticarət əlaqələrini dayandırmış və Bayraməlinin ona 1450 manat pul borcu qalmışdır. Elə həmin vaxtdan Bayraməli ona olan pul borcunu verməkdən yayınmağa başlamış və hər gün bir bəhanə ilə pulu verməkdən yayınmışdır. Hətta o, bir neçə dəfə Bayraməli ilə bu barədə söhbət etmiş, lakin, bir nəticə alınmamışdır. Sonuncu dəfə 06 may 2021-ci il tarixdə təxminən saat 11-radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “köhnə bazar” adlanan bazarda Bayraməlinin yanına gedib pulunu istəmişdir. Bu vaxt Bayraməli ilə aralarında münaqişə yaranmış və Bayraməli üz nahiyyəsinə əli ilə bir dəfə yumruq zərbəsi vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra o, oradan uzaqlaşıb getmiş və aidiyyəti üzrə Bərdə RPŞ-nə müraciət etmişdir. Halhazırda təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid2 və Şahid1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə Bərdə şəhəri “köhnə bazar” adlanan bazarda meyvə-tərəvəz ticarəti ilə məşğul olur. Sonuncu dəfə 06.05.2021-ci il tarixdə təxminən saat 11-radələrində işlədiyi bazarda olarkən İntizar adlı qadın onların yanlarına gəlmiş və Bayraməli ilə sözlə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı İntizar adlı qadın Bayraməlini sözlə təhqir etməsi səbəbilə Bayraməli əli ilə həmin qadının üz nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra İntizar adlı qadın stulu götürüb Bayraməliyə vurmaq istəyəndə o, stulu İntizarın əlindən almış və bu zaman öz ehtiyyatsızlığı nəticəsində əlində olan stul baş nahiyyəsinə dəymiş, lakin, heç bir xəsarət almamışdır. Bundan sonra İntizar adlı qadın oradan uzaqlaşıb getmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Həyat yoldaşı İntizar ilə o, Bərdə şəhəri “təzə bazar” adlanan bazarda meyvə-tərəvəz ticarəti ilə məşğul olur. Barəsində şikayət olunan Təqsirləndirilən şəxs rayon adamı kimi tanıyır. Belə ki, Bayraməli Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “köhnə bazar” adlanan bazarda meyvə-tərəvəz ticarəti ilə məşğul olur. Bayraməli ilə münasibətləri daima normal olmuş, aralarında heç vaxt düşmənçilik və ya ədavətləri olmamışdır. Cari ilin əvvəllərində həyat yoldaşı İntizar Bayraməliyə satıb pulunu verməsi üçün müəyyən miqdarda meyvə-tərəvəz vermişdir. Bayraməli mütəmadi olaraq həyat yoldaşı İntizara borclu olduğu puldan hissə-hissə ödəniş etmişdir. Həyat yoldaşı İntizar cari ilin fevral ayının ortalarında Bayraməli ilə ticarət əlaqələrini dayandırmış və Bayraməlinin həyat yoldaşına 1450 manat pul borcu qalmışdır. Elə həmin vaxtdan Bayraməli həyat yoldaşına olan pul borcunu verməkdən yayınmağa başlamış və hər gün bir bəhanə ilə pulu verməkdən yayınmışdır. Hətta o, da bir neçə dəfə Bayraməli ilə bu barədə söhbət etmiş, lakin, bir nəticə alınmamışdır. Sonuncu dəfə 06.05.2021-ci il tarixdə təxminən saat 12:20 radələrində işlədiyi bazarda olarkən həyat yoldaşı İntizar ona yaxınlaşmışdır. O, həyat yoldaşı İntizarın ağzının qan olmasını görüb nə baş verməsini soruşmuşdur. Həyat yoldaşı İntizar ona bildirmişdir ki, 06.05.2021-ci il tarixdə təxminən səhər saat 11-radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “köhnə bazar” adlanan bazarda Bayraməlinin yanına gedib pulunu istəmişdir. Bu vaxt Bayraməli ilə aralarında münaqişələri yaranıbdır və Bayraməli həyat yoldaşı İntizarın üz nahiyyəsinə əli ilə yumruq zərbəsi vuraraq ona xəsarət yetiribdir. O, baş verənləri biləndən sonra əsəbləşmiş və Bayraməlinin yanına gedib söhbət etmək istəmiş, lakin, həyat yoldaşı İntizar ona artıq polisə müraciət etməsini bildirmiş və onu sakitləşdirmişdir. Cinayət işinə əlavə edilmiş “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin 06.05.2021-ci il tarixli 371 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alt çənənin sol yarısının İİİ dişin laxlaması küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 06.05.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25.06.2021-ci il tarixli 1013 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Körpüsındıran kəndində yaşayır. Həmçinin, həmin tarixli xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən dаxil оlmuş 08.06.2021-ci il tаrixli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli hərbi məhkəməsinin 05.09.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1, 62-ci maddələri ilə 100 manat cərimə cəzasına məhkum olunmuşdur. 06.05.2021-ci il tarixdə AR CM-nin 128 maddəsində nəzərdə tutulan cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 06 may 2021-ci il tarixdə səhər saat 11-radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə bazar” adlanan bazarın ərazisində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əli ilə bir dəfə Zərərçəkmiş şəxs üz nahiyyəsinə qəsdən vuraraq Zərərçəkmiş şəxs alt çənənin sol yarısının İİİ dişin laxlaması ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Həmçinin, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 128-ci maddəsinin sanksiyasında daha yüncül cəzasnın da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun himayəsində iki azyaşlı uşağının olmasını CMin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə, işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz. Məhkəmə həmçinin qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(021)-154/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-154/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver