Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-155/2025 09.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 2004-cü ildə Rusiya Federasiyası Perm vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri Qarabağ küçəsi ev 108-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 13 may 2025-ci il tarixdə saat 12 radələrində Borsunlu-Tərtər-Hindarx yolunun Bərdə rayonu Şahvəlilər kəndi ərazisindən keçən 73-cü kilometrliyində texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə əsasında idarə etdiyi “VAZ 21015” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdam rayonundan Bərdə rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək əks istiqamətdən gələn sürücü X3 idarə etdiyi “VAZ 2107” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət yoluna çıxdıqda yol hərəkəti qaydalarını pozaraq yolun əks hərəkət istiqamətinə çıxıb yenidən öz hərəkət yoluna qayıdan Akif Əhmədovun idarə etdiyi avtomobillə qarşı-qarşıya toqquşaraq ehtiyatsızlıqdan Akif Əhmədova kəskin daxili və xarici qanitirmə, döş qəfəsinin qapalı küt travması, ağ ciyərlərin yaralanmaları və qabırğaların çoxsaylı sınıqları, sol körpücük sümüyünün, sol budun yuxarı 1/3-nin, sol ayağın bayır topuq sümüklərinin qapalı sınıqları, sol bazunun aşağı 1/3-nin və dirsək çuxurunun ön səthinin, sağ diz oynağının ön səthinin, sağ baldırın orta 1/3-nin ön səthinin, sağ saidin yuxarı 1/3-nin arxa səthinin, bel nahiyəsinin sıyrıqları, sol diz oynağının ön səthinin, sol baldırın yuxarı və orta 1/3-nin ön-bayır səthlərinin sağ baldırın orta 1/3-nin ön səthinin əzilmiş yaraları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Akif Əhmədovun yol-nəqliyyat hadisəsi zamanı aldığı döş qəfəsinin qapalı küt travması ilə əlaqədar çoxsaylı qabırğa sınıqları ilə ağ ciyərin yaralanması və bədənin çoxsaylı küt travmaları nəticəsində baş vermiş qanitirmədən 21 may 2025-ci il tarixdə Bərdə rayonunda xəstəxanada ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, etibarnamə əsasında idarə etdiyi, özünə məxsus “VAZ-21015” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə 13 may 2025-ci il tarixdə saat 12 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsindən Bərdə rayonuna qayıdarkən, qarşıdan onun hərəkət zolağı ilə avtomobil gəldiyini görmüşdür. Qəza işlıqlarını yandırıb söndürmüş, həmin şəxs avtomobili yolun soluna çəkmiş və ehtiyat zolağına keçmişdir. Akif Əhmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yaxınlaşarkən qəfildən onun yoluna çıxmış və toqquşmuşlar. Həmin vaxt o,Ağdam rayonu Quzanlı qəsəbəsində dostunun bacısını düşürüb qayıtmış, avtomobili saatda təxminən 60- 65 km sürətlə idarə etmişdir. Hadisədən sonra özündə olmamış, orada olan adamlar “VAZ- 2107” markalı avtomobilin sürücüsünü yoldan çıxarmışlar. O, təhlükəni görən kimi qəza işığını yandırıb-söndürüb işarə etmiş, ancaq sürəti azaltmamışdır. Hadisə nəticəsində özü də xəsarət almışdır. Hadisə yerinə toplaşan adamlar əvvəlcə Akif Əhmədova, daha sonra isə ona kömək etmişlər. Zərərçəkmiş tərəfə yardım etmək cəhdləri olmuş, lakin onları qəbul etməmişlər. Hadisə Bərdə rayonu Şahvəllər kəndinin yolunun çıxacağında olmuşdur. Qarşıdan gələn avtomobili təqribən 50 metr məsafədən görmüşdür. Təqsirləndirilən şəxs növbəti məhkəmə iclasında göstərdi ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, sonuncuya lazımi köməkliyi göstərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbi yoxdur. Ona rəhm edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Soyuqbulaq ərazisində soğan sahəsində işləyərkən ona məlumat vermişlər ki, qardaşı Akif Əhmədov avtoqəza törətmişdir, xəstəxanadadır. Dərhal xəstəxanaya gəlmiş, xəstəxanaya çatanda qardaşı sağ olmuşdur. Hadisədən 9 gün sonra qardaşı xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxsin babasına qardaşının xəstəxanada olduğunu, ona yardım etməsini demiş, lakin heç kim gəlməmişdir. 9500 manat kredit götürüb qardaşını müalicə etdirmişdir. Təqsirləndirilən şəxs və yaxınları heç biri gəlməmiş, onlara yardım göstərməmişlər. İbtidai istintaqı aparan müstəntiq təqsirləndirilən şəxsin babasına ona köməklik göstərməsini təklif etsə də, gəlib köməklik göstərən olmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir, cəzalandırılmasını istəyir. Məhkəmənin növbəti iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək göstərdi ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs dostudur. 13 may 2025- ci ildə dostu Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21015 markalı avtomobillə Ağdam rayonu Quzanlı qəsəbəsindən gəlmişlər. Təqsirləndirilən şəxs avtomobili saatda 60-70 km sürətlə idarə etmişdir. Qarşıdan əks istiqamətə, onların hərəkət zolağı ilə avtomobil gəlmiş, avtomobilin üstündə və arxa hissəsində yük olmuşdur. 50-60 metr qalmış həmin avtomobilin sürücüsü sükanı sağa və sola hərəkət etdirərək onların hərəkət zolağına çıxmışdır. Bu səbəbdən də toqquşma baş vermişdir. Akif Əhmədovun idarə etdiyi VAZ-2107 markalı avtomobil əvvəlcə yolun soluna çıxmış, daha sonra onların hərəkət zolağına çıxmış və toqquşma olmuşdur. Qarşılarında başqa maşın olmamışdır. Üz, baş və ayaq nahiyəsindən xəsarət almışdır. Təcili tibbi yardım maşını gəlmiş və onların yanında saxlamışdır. Təcili tibbi yardım maşınına digər maşının yanına gedib yardım göstərməsini demişlər. Akif Əhmədovun idarə etdiyi avtomobil əvvəlcə yolun ehtiyat hissəsinə çıxmış, yenidən yola çıxacağını gözləməmişlər. Toqquşma vaxtı Təqsirləndirilən şəxs avtomobilin sürətini azaltmamışdır. Şahid2 məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə Azərbaycan Respublikasının CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub elan etdi. Şahid2 həmin ifadəsində göstərmişdir ki, BDYPİ-nin YPXA-nın Xİİİ tağımının YPX inspektoru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Borsunlu-Tərtər-Hindarx yolunda xidmətdə olarkən həmin yolun 73-cü kilometrliyində yolnəqliyyat hadisəsi olması barədə məlumat alıb hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda görmüşdür ki, VAZ-2107 markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə VAZ-21015 markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillər qarşı-qarşıya toqquşmuşdur. VAZ-2107 markalı avtomobilin sürücüsü xəsarət aldığı üçün onu Bərdə rayon Diaqnostika Mərkəzinə yola salmışlar. Daha sonra təhqiqatçı Bəhruz Bayramov tərəfindən hadisə yerinə baxış keçirilərək protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 22 may 2025-ci il tarixli, 18 saylı Rəydən görünür ki, X1 meyitinin bədənində aşkar edilmiş xəsarətlər – kəskin daxili və xarici qanitirmə, döş qəfəsinin qapalı küt travması, ağ ciyərlərin yaralanmaları və qabırğaların çoxsaylı sınıqları, sol körpücük sümüyünün, sol budun yuxarı 1/3-nin, sol ayağın bayır topuq sümüklərinin qapalı sınıqları, sol bazunun aşağı 1/3-nin və dirsək çuxurunun ön səthinin, sağ diz oynağının ön səthinin, sağ diz oynağının ön səthinin, sağ baldırın orta 1/3-nin ön səthinin, sağ saidin yuxarı 1/3-nin arxa səthinin, bel nahiyəsinin sıyrıqları, sol diz oynağının ön səthinin, sol baldırın yuxarı və orta 1/3-nin ön-bayır səthlərinin, sağ baldırın orta 1/3-nin ön səthinin əzilmiş yaraları vardır. -Həmin xəsarətlər həyatidirlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir., yol-nəqliyyat hadisəsi nəticəsində sürücü kimi olmaqla törənə bilərlər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. -X1 ölümünə səbəb döş qəfəsinin qapalı küt travması ilə əlaqədar çoxsaylı qabırğaların sınıqları ilə ağ ciyərlərin yaralanması və bədənin çoxsaylı küt travmaları nəticəsində baş vermiş qanitirmə olmuşdur. -X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 10-12 saat əvvəl xx.xx.2025-ci il tarixdə saat 23:00-da xəstəxanada baş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2025-ci il tarixli, 8/1466 saylı Rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2107 markalı **-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21154 markalı **- MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırmamış, yolda 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 13 may 2025-ci il tarixli, 766 saylı Aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. BD223817 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriya sürücülük hüququ vadır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 13 may 2025-ci il tarixdə saat 12 radələrində Borsunlu-Tərtər- Hindarx yolunun Bərdə rayonu Şahvəlilər kəndi ərazisindən keçən 73-cü kilometrliyində texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə əsasında idarə etdiyi “VAZ 21015 ” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdam rayonundan Bərdə rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək əks istiqamətdən gələn sürücü X3 idarə etdiyi “VAZ 2107” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət yoluna çıxdıqda yol hərəkəti qaydalarını pozaraq yolun əks hərəkət istiqamətinə çıxıb yenidən öz hərəkət yoluna qayıdan Akif Əhmədovun idarə etdiyi avtomobillə qarşı-qarşıya toqquşaraq ehtiyatsızlıqdan Akif Əhmədova kəskin daxili və xarici qanitirmə, döş qəfəsinin qapalı küt travması, ağ ciyərlərin yaralanmaları və qabırğaların çoxsaylı sınıqları, sol körpücük sümüyünün, sol budun yuxarı 1/3-nin, sol ayağın bayır topuq sümüklərinin qapalı sınıqları, sol bazunun aşağı 1/3-nin və dirsək çuxurunun ön səthinin, sağ diz oynağının ön səthinin, sağ baldırın orta 1/3-nin ön səthinin, sağ saidin yuxarı 1/3-nin arxa səthinin, bel nayihəsinin sıyrıqları, sol diz oynağının ön səthinin, sol baldırın yuxarı və orta 1/3-nin önbayır səthlərinin sağ baldırın orta 1/3-nin ön səthinin əzilmiş yaraları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Akif Əhmədovun yol-nəqliyyat hadisəsi zamanı aldığı döş qəfəsinin qapalı küt travması ilə əlaqədar çoxsaylı qabırğa sınıqları ilə ağ ciyərin yaralanması və bədənin çoxsaylı küt travmaları nəticəsində baş vermiş qanitirmədən 21 may 2025-ci il tarixdə Bərdə rayonunda xəstəxanada ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli, 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: “Yaşayış yeri və qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2022-ci il tarixdə Bərdə şəhəri Qarabağ küçəsi ev 108-də qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş 07 dekabr 2025-ci il tarixli ərizəsindən görünür ki, onun, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayət və tələbi yoxdur. CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbnin olmaması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 19 may 2025-ci il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını zəruri sayır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 28 iyul 2025-ci il tarixli, 8/1466 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil etmişdir. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan “VAZ-2107” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, “VAZ-21015” markalı **- MU-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkməsinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 716 nömrəli stasionar postunun duracağında saxlanılan “VAZ-2107” markalı **- KG-*** dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, “VAZ-21015” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-155/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-155/2025
09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver