Məhkəmə qərarları › İş №1(021)-156/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-156/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-156/2024 23.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, xx.xx.1996-cı ildə Tərtər Qarnizon Hərbi Tribunalı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242 A, 244 B maddələri ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il Amnistiya qərarının 3-cü maddəsinin 4-cü bəndinə əsasən cəzası 1/2 qədər azaldılıb və 03 il 01 ay 14 gün azadlıqdan məhrum edilmə cəzası saxlanılmış və xx.xx.2002-ci ildə cəzanın sonu ilə əlaqədar azad olunmuş, məhkumluğu olmayan, orta təhsilli, Bərdə rayonu Gülgəzli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Bərdə rayonu Sərkarlar kəndində yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı yumruqla qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbə ilə vuraraq sonuncuya burun kökü nahiyəsinin şişkinliyi, əzilmiş yarası, alının sol yarısının hematoması ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Bərdə rayonu Sərkarlar kəndində yaşayan Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Belə ki onlar təxminən 18 il əvvəl ailə həyatı qurmuş və birgə nigahdan 3 azyaşlı uşaqları vardır. Əvvəllər münasibətləri yaxşı olsa da sonradan aralarında baş vermiş mübahisələr səbəbi ilə boşanmaq qərarına gəlmişlər və buna görədə təxminən 1 il əvvəl Bərdə rayon məhkəməsinə müraciət edərək rəsmi qaydada boşanmışlar. Həmin vaxt 3 azyaşlı uşaqları ana himayəsinə verilmiş, lakin buna baxmayaraq o uşaqlarını görmək üçün ara-sıra Zərərçəkmiş şəxs yaşadığı evə gedib-gəlmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında o övladları ilə görüşmək məqsədi ilə Bərdə rayonu Sərkarlar kəndində yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı evə getmiş və həmin vaxt o həyətdə olarkən Zərərçəkmiş şəxs çağırmış və uşaqları ilə görüşmək istədiyini demişdir, lakin bu zaman Zərərçəkmiş şəxs ona uşaqları ilə görüşməyə icazə verməyəcəyini bildirmiş və buna görədə aralarında sözlə mübahisə baş vermişdir, mübahisə zamanı isə Sərvinaz həyətdə olan ağac parçasını götürərək onu vurmaq istəmiş, lakin bu zaman o Zərərçəkmiş şəxs əlində olan ağac parçasını onun əlindən almış və hirsləndiyi üçün əlinin içi ilə onun sifət nahiyəsinə bir dəfə zərbə ilə vurmuşdur və nəticədə Zərərçəkmiş şəxs burnundan qan axmışdır, daha sonra həyətə azyaşlı qızı Şahid çıxmış və ağlamağa başlamışdır və buna görə də o həyətdən çıxıb öz yaşadığı evə getmişdir. O, keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş verən mübahisə zamanı orda kənar şəxslərin olmadığını və mübahisənin təxminən 2-3 dəqiqə ərzində davam etdiyini bildirdi. Hazırda etdiyi əməldən peşmandır. Hal- hazırda zərərçəkmiş şəxslə barışdıqlarını, ona dəymiş ziyanın ödədiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Bərdə rayonu Gülgəzli kəndində yaşayan Təqsirləndirilən şəxs onun keçmiş əridir. Belə ki, onlar təxminən 18 il əvvəl ailə həyatı qurmuş və birgə nikahdan 3 azyaşlı uşaqları vardır, əvvəllər münasibətləri yaxşı olsa da sonradan aralarında baş vermiş mübahisələr səbəbi ilə boşanmaq qərarına gəlmişlər və buna görədə təxminən 1 il əvvəl onlar boşanmaq üçün Bərdə rayon məhkəməsinə müraciət etmişlər və rəsmi qaydada boşanmışlar, həmin vaxt 3 azyaşlı uşaqları onun himayəsinə vermişdir, lakin buna baxmayaraq keçmiş əri Təqsirləndirilən şəxs ara-sıra uşaqlarını görmək üçün onun yaşadığı evə gəlib-getmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında o azyaşlı övladları ilə birgə öz yaşadığı evdə olarkən həyətdə səs eşitmiş və buna görədə həyətə çıxmış, həmin vaxt keçmiş əri Təqsirləndirilən şəxs həyətdə olduğunu görmüş və nə yaxşı gəldiyini soruşmuş, bu zaman Təqsirləndirilən şəxs ona övladları ilə görüşmək istədiyini bildirmiş, lakin söhbət əsnasında o Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğunu görmüş və buna görədə uşaqları ilə görüşmək üçün ayıq vəziyyətdə gəlməsini istəmiş və həyətdən çıxıb getməsini tələb etmiş, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs onun sözlərinə əhəmiyyət verməyərək övladlarını görmədən getməyəcəyini demişdir, buna görədə onlar arasında sözlə mübahisə yaranmış və mübahisə zamanı o Təqsirləndirilən şəxs həyətdə qovalamaq istəmiş, lakin bu zaman Novruz bir neçə dəfə onun sifət və baş nahiyəsinə yumruqla vuraraq onu döymüşdür və həmin zərbələr nəticəsində onun burnundan qan axmağa başlamış, həmin vaxt azyaşlı uşaqları ağladıqları üçün Təqsirləndirilən şəxs həyətdən çıxıb getmişdir. O keçmiş əri Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında onun yaşadığı evin həyətyanı sahəsində onu döyərkən həmin vaxt orada azyaşlı qızı Şahid olduğunu və onlar arasında mübahisənin təxminən 2-3 dəqiqə ərzində davam etdiyini bildirdi. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 8-9-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının xx.xx.2024-cü il tarixli 661 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər - burun kökü nahiyəsinin şişkinliyi, əzilmiş yarası, alının sol yarısının hematoması - küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 57-57-cİ vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1996-cı ildə Tərtər Qarnizon Hərbi Tribunalı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242 A, 244 B maddələri ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il Amnistiya qərarının 3-cü maddəsinin 4-cü bəndinə əsasən cəzası 1/2 qədər azaldılıb və 03 il 01 ay 14 gün azadlıqdan məhrum edilmə cəzası saxlanılmışdır və xx.xx.2002-ci ildə cəzanın sonu ilə əlaqədar azad olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 54-cü vərəqəsində olan Bərdə RİHB-nın Kolayər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1975-ci ildə Bərdə rayonu Gülgəzli kəndində anadan olmuş, hal-hazırda həmin ünvanda tək yaşayır, Təqsirləndirilən şəxs 3 azyaşlı övladı vardır, lakin buna baxmayaraq uşaqları ana himayəsində yaşayırlar. Təqsirləndirilən şəxs barəsində arvadı Zərərçəkmiş şəxs tərəfindən şifahi şikayət daxil olmuşdur. Təqsirləndirilən şəxs kəndin Ümumi –ictimai işlərində fəal olmuşdur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar