Məhkəmə qərarları › İş №1(021)-159/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-159/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-159/2022 01.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi. Təqsirləndirilən şəxs: xx xxxxxx 1996-cı ildə Bərdə rayonu Alpoud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə rayonu Alpoud kəndində qeydiyyatda olan və Bərdə şəhəri İnstitut Meşəsi adlanan ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunmaqla özgə əmlakını ələ keçirtmək məqsədi ilə Bərdə rayonu “İnstitut Meşəsi” adlanan ərazidə yaşayan bibisi Zərərçəkmiş şəxs evində yaşadığı müddət ərzində 2022-ci ilin iyun ayının əvvəllərindən başlayaraq müxtəlif günlərdə Zərərçəkmiş şəxs evdə olmadığından istifadə edərək evin yataq otağında olan dəmir sandığın içərisindən əvvəlcə 600 manat nəğd pulu, sonra isə 2022-ci ilin iyun ayının sonlarında müxtəlif günlərdə Rusiya istehsalı olan 585 əyarlı 480 manat dəyərində, 6 qram çəkidə 01 ədəd qızıl üzüyü, Rusiya istehsalı olan 585 əyarlı 320 manat dəyərində, 4 qram çəkidə 01 ədəd qızıl boyunbağını və Rusiya istehsalı olan 3 qram çəkidə 240 manat dəyərində 01 dəst qızıl sırğaları oğurlamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisidir. O təxminən 2 aydır ki, Zərərçəkmiş şəxs ilə birgə yaşayır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs ona yaşadıqları evin açarının bir ədədini vermişdir və ona evə rahat girib-çıxması üçün tam şərait yaratmışdır. O heç bir yerdə işləmədiyi üçün Zərərçəkmiş şəxs ona ara-sıra xərclik pulu vermişdir. Zərərçəkmiş şəxs ona yaşadıqları evdə olan yataq otağında dəmir sandığın içərisində pulu və qızıl-zinyət əşyalarının olduğunu demişdir. Sonradan 2022-ci ilin iyun ayının əvvəllərində o, bibisi Zərərçəkmiş şəxs evdə olmayan zaman fürsətdən istifadə edərək maddi sıxıntıları olduğu üçün Zərərçəkmiş şəxs məxsus sandığı açmış və orada 600 manat pulun və qızıl-zinyət əşyalarının olduğunu görmüşdür və o, həmin pulu və qızıl zinyət əşyalarını oğurlamaq qərarına gəlmişdir, lakin bibisi Zərərçəkmiş şəxs əşyalarının və pulunun oğurlandığını bilməməsi üçün o, 600 manat pulu və qızıl-zinyət əşyalarını hissə-hissə götürmək qərarına gəlmişdir. O, əvvəlcə 2022-ciilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs məxsus 600 manat pulu sandıqdan oğurlamışdır və həmin pulu özündə saxlayaraq müxtəlif vaxtlarda xərcləmişdir. Həmin hadisədən bir neçə gün sonra o pulu bitdiyi üçün Zərərçəkmiş şəxs evdə olmamasından istifadə edib sandığı açmış və içərisində olan 1 ədəd qızıl boyunbağını oğurlamışdır və cibinə qoyaraq Bərdə şəhəri Təzə bazar adlanan ərazidə yerləşən tanımadığı şəxsin işlədiyi zərgər mağazasına 150 manata satmışdır, sonra isə həmin pulu öz mənafeləri üçün xərcləmişdir. Sonradan o, Bakı şəhərində yaşayan valideynlərinin yanına getmiş və bir neçə gün orada qaldıqdan sonra yenidən bibisi Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonu İnstitut meşəsi adlanan əraziyə qayıtmış və onunla birgə yaşamağa başlamışdır. Sonradan 2022-ci ilin iyun ayının sonlarında o, bibisinin evdə olmamasından istifadə edib yaşadıqları evdə olan sandıqdan 01 ədəd qızıl üzük və 01 dəst qızıl sırğanı oğurlamışdır və həmin qızılları Bərdə şəhərində yerləşən təzə bazar adlanan ərazidə işləyən zərgər mağazasına 01 ədəd qızıl üzüyü 165 manata, 01 dəst qızıl sırğanı isə 160 manata satmışdır və həmin qızılları satarkən həmin əşyaların oğurluq olmadığını və anasına məxsus olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları evdə olarkən sonuncu sandığı açmış və oradan pul götürmək istəmişdir, bu zaman sandıqda olan 600 manat pulun və qızılların yerində olmadığını aşkar etmişdir, bundan sonra Zərərçəkmiş şəxs ona evdən oğurluq olduğunu demişdir. O əvvəlcə törətdiyi əməli etiraf etməsə də, sonradan Zərərçəkmiş şəxs 600 manat pulunu və qızıllarını oğurladığını səmimi şəkildə etiraf etmişdir. O bibisi Zərərçəkmiş şəxs məxsus qızıl-zinyət əşyalarını satarkən həmin əşyaların oğurluq olduğunu mağazada işləyən şəxsə deməmişdir. Sonda əməlindən peşman olmasını, zərəri tamamilə ödəməsini nəzərə alaraq məhkəmədən barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı əvvəlki məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Təqsirləndirilən şəxs valideynləri hal-hazırda Bakı şəhərində yaşasa da Elməddin təxminən 2 ay onunla birgə yaşamışdır. O evdə olmadığı müddətdə qardaşı oğlu Təqsirləndirilən şəxs rahat evə girib-çıxması üçün evin giriş qapısının açarlarından birini Elməddinə vermişdir. Onun yaşadığı evdə olan yataq otağında özünə məxsus dəmir sandığı vardır və həmin sandıqda 600 manat pulu və 01 ədəd qızıl üzüyü, 01 ədəd qızıl boyunbağı və 01 dəst qızıl sırğaları olmuşdur. O, Elməddinə həmin sandıqda olan pulları və əşyaları barədə demişdir və Elməddinin bu barədə məlumatı olmuşdur. O, sonuncu dəfə evdə olan sandığı təxminən bir ay əvvəl açmış və həmin vaxt ona məxsus əşyalar və 600 manat pul yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində o yaşadığı evdə olarkən pula ehtiyacı olduğuna görə sandığı açmış və oradan pul götürmək istəmişdir, lakin bu zaman sandığa qoyduğu 600 manat pulun və qızılların oğurlanmış olduğunu aşkar etmişdir, bu zaman o qardaşı oğlu Elməddinə bu barədə demişdir, lakin Elməddin həmin qızıllar və 600 manat barəsində heç bir məlumatı olmadığını bildirmişdir, həmin vaxt o, polisə bu barədə məlumat verəcəyini demişdir, bundan sonra Elməddin ona məxsus 600 manat pulu və qızıl-zinyət əşyalarını oğurladığını səmimi etiraf etmiş və buna görə də o Elməddin barəsində şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ona təxminən ümumilikdə 1500 manat maddi ziyan vurmuşdur. Hal-hazırda ona dəymiş ziyan tam ödənilib. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində qanuna uyğun cəza təyin edilməsini xahiş etdi. İş üzrə Şahid məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, cinayət prosesi tərəflərinin fikirlərini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini və onun ifadəsini elan etmək yolu ilə tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir münasibəti və əlaqəsi olmamışdır. O əvvəllər ev təmiri ustası işləmişdir, lakin sonradan səhətində olan narahatlığa görə işləyə bilməmişdir. 2022-ci ilin fevral ayından qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmaq qərarına gəlmişdir. Buna görə də Bərdə şəhəri Təzə bazar adlanan ərazidə yerləşən qızıl mağazasında alver etmək üçün “piştaxta” icarəyə götürüb orada işləməyə başlamışdır. 2022-ci ilin iyun ayının əvvəllərində o işlədiyi köşkdə olarkən saat təxminən 12 radələrində tanımadığı və adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs onun yanına yaxınlaşmış və özünə məxsus qızıl-zinyət əşyasının olduğunu demişdir və həmin qızılı satmaq istədiyini bildirmişdir, bundan sonra həmin şəxs cibində bir ədəd təxminən 2,5 qram çəkisi olan boyunbağını çıxardaraq masanın üzərinə qoymuşdur və həmin əşyanın qızıl olduğunu bildirmişdir. Bundan sonra o özündə olan xüsusi vasitə ilə həmin əşyanı yoxlamış və həqiqətən də qızıl olduğunu görmüş, Təqsirləndirilən şəxs həmin qızılı neçəyə satmaq istədiyini soruşmuş və Təqsirləndirilən şəxs 150 manata satmaq istədiyini demişdir və o da həmin boyunbağını almağa razılıq vermişdir, lakin əvvəlcə Elməddindən qızılın oğurluq olub-olmadığını soruşmuş və bu zaman Elməddin ona qızılın özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Buna görə də o həmin şəxsdən boyunbağını 150 manata almışdır, lakin həmin vaxt o Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini tələb etmiş və həmin sənədin şəklini çəkərək özündə saxlamışdır. Sonradan xx.xx.2022-ci il tarixdə o Təqsirləndirilən şəxs ona satmış olduğu qızıl-zinət əşyasının oğurluq olduğunu öyrənmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazilriyinin Məhkəmə ekspertizası Mərkəzinin 14 iyul 2022-ci il tarixli 9/4932 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən Rusiya istehsalı 585 əyarlı, 3 adda zərgərlik məmulatlarının 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1040.00 manat müəyyən edilmişdir. Həmin zərgərlik məmulatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunmaqla özgə əmlakını ələ keçirtmək məqsədi ilə Bərdə rayonu “İnstitut Meşəsi” adlanan ərazidə yaşayan bibisi Zərərçəkmiş şəxs evində yaşadığı müddət ərzində 2022-ci ilin iyun ayının əvvəllərindən başlayaraq müxtəlif günlərdə Zərərçəkmiş şəxs evdə olmadığından istifadə edərək evin yataq otağında olan dəmir sandığın içərisindən əvvəlcə 600 manat nəğd pulu, sonra isə 2022-ci ilin iyun ayının sonlarında müxtəlif günlərdə Rusiya istehsalı olan 585 əyarlı 480 manat dəyərində, 6 qram çəkidə 01 ədəd qızıl üzüyü, Rusiya istehsalı olan 585 əyarlı 320 manat dəyərində, 4 qram çəkidə 01 ədəd qızıl boyunbağını və Rusiya istehsalı olan 3 qram çəkidə 240 manat dəyərində 01 dəst qızıl sırğaları, ümumilikdə 1040,0 manat dəyərində zərgərlik məmulatları oğurlamışdır. Bundan başqa, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspertin rəyi və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 177.1-ci maddəsi, yəni oğurluq-özgənin əmlakını gizli olaraq talama cinayəti ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 177.1-ci maddəsinin sanksiyasında islah işləri cəzasının da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə daha ağır cəzanın təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə Təqsirləndirilən şəxs cinаyət nəticəsində dəymiş ziyаnı tam ödəməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasındakı cəzalar sırasına iki ilədək müddətə islah işləri cəzası da daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə, işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkum məşğulluq xidməti orqanının ona təklif etdiyi işdən imtina edə bilməz. Məhkəmə həmçinin qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barədə seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlu cəzasını iş yeri üzrə çəksin, cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar