Məhkəmə qərarları › İş №1(021)-159/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-159/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-159/2025 25.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Qəhrəmanlı kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, özgənin xeyli miqdarda əmlakını qəsdən ümumi təhlükəli üsul hesab edilən yandırmaqla məhv etmə məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 2240 radələrində ağır dərəcəli alkoqol sərxoşluq vəziyyətində Bərdə rayonu Qəhrəmanlı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin arxa hissəsinə gəlib evin həyətinə aralıq yolun kənarında yerləşən dəmir hörgülü çəpərdən aşaraq qanunsuz olaraq yaşayış evinin həyətinə daxil olub, evin həyətyanı sahəsində 3385 (üç min üç yüz səksən beş) manat dəyərində olan taxta, dəmir və dam örtüyü materiallarından inşa edilmiş çardağın altına yığılmış Zərərçəkmiş şəxs məxsus bir kipinin qiyməti 4 (dörd) manat olan 1600 ədəd yonca kiplərini və bir kipinin qiyməti 50 (əlli) qəpik olan 400 ədəd saman kiplərini özü ilə gətirdiyi alışqan vasitəsi ilə heç bir əsaslı səbəb olmadan od vurub qəsdən yandırmaqla məhv edərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar hesab edilən 9985 (doqquz min doqquz yüz səksən beş) manat məbləğində maddi ziyan vurmaqla özgənin xeyli miqdarda əmlakını qəsdən ümumi təhlükəli üsul hesab edilən yandımaqla məhv etmə cinayətini törətmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həmin axşam çoxlu miqdarda spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olduğuna görə hadisəni necə törətməsini xatırlamır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Şahid2 ilə qeyri-rəsmi evlidir, iki övladları var. Təxminən 1 ay olar ki, Bərdə rayonu Qəhrəmanlı kəndində qayınatasına məxsus evdə yaşayır. “Azəriqaz” İB-nin Bərdə filialında çilingər vəzifəsində işləmişdir. Hadisənin baş verdiyi 04 iyun 2025-ci ildə axşam saat 20-21 radələrində yaşadığı evə kəndlərindən yaxın adam qonaq gəlmiş, birlikdə yemək yeyib, 3 nəfərə 700 qram tut arağı içmişlər. Qonaq gəlməmişdən əvvəl də 7 bakal pivə içmişdir. Sonra isə qayınatası ilə birlikdə evdən çıxıb qonağı yola salmaq üçün kəndin ortasında getmişlər. Taksi “Oba” marketin yanına gəlmiş, qonağı oradan yola salmışdır. Qayınatası evə qayıtmış, o qayıtmamış, yaxınlıqdakı “Oba” marketdən 1 ədəd pivə alıb içmişdir. Daha sonra zərərçəkmş şəxs Zərərçəkmiş şəxs evinin yanına gedib dəmir tordan keçmiş və ot tayasını yandırmışdır. Zərərçəkmiş şəxsla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. İçkili olduğundan özündə olmamışdır. Yandırdığı yer marketin yaxınlığında olduğundan ora getmişdir. Kibrit özündə olmuş, heç kimdən almamışdır. Marketin yanında olarkən tualetə getmiş və sonra ot tayasını yandırmaq qərarına gəlmişdir. İki ot tayası yandırmışdır. İkinci tayanı necə yandırdığını xatırlamır. Tayaları yandırandan sonra marketin qabağına gəlmişdir. Yanğın yerinə kənd adamları toplaşmış, o da həmin yerə getmişdir. Ancaq tayanı yandırdığını heç kimə deməmişdir. Digər taya Zərərçəkmiş şəxs evindən təxminən 40 metr aralıda olmuş və gedərək həmin tayanı da yandırmışdır. Evə gedərkən onu yolda Asəf görmüş və kim olduğunu soruşmuş, o da özünü təqdim etmişdir. Daha sonra qaçıb evə getmişdir. Polis əməkdaşları gələrək onu evdən aparmışlar. Yandırıcı maddə olmamış, ona heç kim, heç nə deməmiş, öz başına qərar vermişdir. Siqaret çəkdiyi üçün üzərində alışqan olmuşdur. Özündə olmamış, hərəkətlərini bilməmişdir. Atası ilə aralarında söz-söhbət olduğundan atası evində yaşamır. Hazırda dəyilmiş ziyanı ödəməyə imkanı yoxdur, hissə-hissə ödəyə bilər. Səhvini başa düşür, əməlindən peşimandır. Ona rəhm edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, kənddə şəxsi təsərrüfatında heyvan saxlayır. 10000 (on min) manat kredit götürmüş və bu heyvandarlıq işinə xərcləmişdir. Hadisənin baş verdiyi axşam saat 11-in yarısı tövləni təmizləmiş, peyini yığıb çölə çıxarmışdır. Bu vaxt ot tayasının yanında çoxlu adam olduğunu, ot tayasının yandığını görmüş, arabanı qoyub ot tayasının yanına getmişdir. Ot tayasını söndürməyə çalışsalar da, söndürə bilməmişlər. Həmin vaxt ora xeyli sayda qadınlar toplaşmış, baxarkən Təqsirləndirilən şəxs da qadınların içində dayandığını görmüş, sonuncudan şübhələnsə də, heç nə deməmişdir. Özü pensiyaçıdır, uzun illər baytar işləmişdir. Kənddə hamı ona hörmət etmiş, heç kimə ziyanı dəyməmişdir. Ot tayasının yanması nəticəsində ona ümumilikdə 9985 manat məbləğində ziyan dəymişdir. Ziyanın qarşılanmasını istəyir, təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi əridir, iki nəfər övladları var. Axşam saat 17:00 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək evə qonaq gələcəyini bildirmiş, süfrə açmasını tapşırmışdır. Axşam qonaq gəlmiş, atası və əri qonaq ilə birlikdə yeyib-içmişlər. Sonra Eminlə atası qonağı yola salmağa getmişlər. Qonağı yola salandan sonra atası evə qayıtmış, lakin Emin qayıtmamışdır. Atasından Emini soruşmuş, atası Eminin “sən get, mən bir azdan gələcəm” dediyini bildirmişdir. Gecə saat 12-də pəncərədən ətrafda yanğın olduğunu görmüşdür. Onlar getməmiş, yatmışlar. Gecə saat 02-də polis əməkdaşları yaşadıqları evə gəlmişlər. Polis əməkdaşları əvvəlcə qayınatasının evinə gedərək Emini orada axtarmış, daha sonra onların evinə gəlmişlər. Polis əməkdaşları içəri daxil olaraq onu itələmişlər. Həmin vaxt Emin yatılı olmuş, işıqları söndürmüşlər. Eminin telefonuna baxarkən telefonun üzünün qırıldığını görmüş, fikirləşmişdir ki, yəqin uşaq əlindən yerə salanda qırılmışdır. Polis əməkdaşları evə girib işıqları yandıranda görmüşdür ki, Eminin şalvarı cırılıb, ayaqqabısı palçıqdır. Polis əməkdaşları Emini polis şöbəsinə aparmışlar. Həmin vaxt Emindən nə baş verdiyini soruşmuş, sonuncu heç nə deməmişdir. Polis əməkdaşları Emini apardıqdan sonra bilmişdir ki, yanğın hadisəsini Emin törətmişdir. Emin əvvəllər yanğın hadisəsi törətməmişdir. O, Eminə ərə getdikdən sonra əvvəllər qayınatasının evində yaşamışlar. Sonuncu 3 ay əvvəl atası ilə dalaşmış və bu hadisədən sonra köçərək onun atası evində yaşamağa başlamışlar. Emin evdə hamıya qarşı çox yaxşı olmuş, lakin son vaxtlar psixologiyası pozulmuşdur. Emin telefonda özünü ölü adı ilə paylaşmışdır. Sonuncunun son vaxtlar başqa qadınla da münasibəti olmuş, həmin xanımla danışmağa başlayandan başqa şəxslərdən pul almağa başlamışdır. Zərər çəkmiş şəxsə dəymiş ziyanı hissə-hissə ödəyəcəklər, tam ödəməyə imkanları yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Bərdə rayonu Qəhrəmanlı kəndində yaşayır. Həyətində 1200 ədəd ot kipi olmuşdur. Bakı şəhərindən Bərdə rayonuna gələrkən yolda atası zəng etmişlər ki, ot tayaları yanır. Hadisə yay aylarında, gecə vaxtı olmuşdur. Zərərçəkmiş şəxsla onun evinin arasında bir ev var. O, evə çatanda görmüşdür ki, zərərçəkmiş şəxsin ot tayası yanmış, onlara məxsus ot tayası isə yanır, söndürməyə çalışırlar. Ot tayaları tamamilə yanmışdır. 1200 ədəd ot kipi olmuş, bundan bir qismini istifadə etmişlər, 950 ədəd ot kipi qalmışdır. Bütün kiplər yanğın zamanı yanmışdır. Zərərçəkmiş şəxsin ot kiplərinin yandığını görmüşdür. O, evə çatanda Zərərçəkmiş şəxs və onun ot kiplərinin yandığını, yanğınsöndürənlərin ot tayalarını söndürməyə çalışdıqlarını görmüşdür. Polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayandan sonra bilmişdir ki, ot tayalarını sonuncu yandırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, Ağdam rayonunda fəhlə işləyir. Zərərçəkmiş şəxs onun əmisidir. Axşam evdə olarkən atası Zərərçəkmiş şəxs ot tayasının yandığını demiş, hamısı həmin yerə getmişlər. Yanğınsöndürənlər gəlmiş, yanğını söndürməyə çalışmışlar. Sonra demişlər ki, qonşuluqda yaşayan Rafiq Məmmədovun da ot tayası yanır. Hamı Rafiqin ot tayasının yanına getmiş, o isə su içmək üçün evə qayıtmışdır. Su içib qayıdarkən ağ paltarlı şəxsin aralıqdan çıxdığını görmüş, elə bilmişdir ki, Atakişidir. Atakişi deyib səslənsə də, həmin şəxs Atakişi olmadığını, Emin olduğunu demişdir. Getmək istəyərkən evdən çağırmışlar ki, çəpərləri yanır. Həmin vaxt həmin yerdən Emin çıxdığına görə sonuncudan şübhələnmiş, arxasınca getsə də, Emin qaçıb getmiş, onu saxlaya bilməmişdir. Polis əməkdaşlarının köməkliyi ilə çəpəri söndürmüşlər. Həmin vaxt kənddə iki ot tayası yandırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs kürəkənidir, lakin qızı Aysu ilə rəsmi nikahları yoxdur. Təqsirləndirilən şəxs və onun qızı Aysunun iki uşaqları vardır. Belə ki, Təqsirləndirilən şəxs qızı Aysu ilə evlənəndən sonra Hacallı kəndində atasına məxsus olan evdə yaşamışlar. Sonuncunun atası ilə aralarında narazılıq olmuş, bundan sonra təxminən 3-4 ay əvvəl onun yaşadığı evə köçərək onlarda yaşamağa başlamışlar. xx.xx.2025-ci ildə evdə qonaq olmuş, Emin və qonaq ilə birlikdə yemək yeyib, araq içmişlər. Sonra çıxaraq qonağı kəndin mərkəzində olan mağazanın yanından yola salmışlar. Özü evə qayıtmış, Emin isə mağazanın yanında qalmışdır. Evə gəldikdən sonra spirtli içkinin təsirindən tez yatmışdır. Polis əməkdaşları onun evinə gəldikdə oyanmış, polis əməkdaşları evə daxil olaraq Emini aparmışlar. Sonradan polis şöbəsində bilmişdir ki, Emin həmkəndliləri Zərərçəkmiş şəxs və Rafiq Məmmədovun ot tayalarını yandırmışdır. Əvvəllər Emində hər hansı qeyri-adi hərəkətlər görməmiş, sonuncu özünü normal aparmışdır. Eminin ot tayalarını yandırdığını görməmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs evdən apararkən onun şalvarının cırıq olub-olmadığını görməmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 25 iyul 2025-ci il tarixli, 475 saylı Rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən törətmiş olduğu əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. - Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq (əqli cəhətdən geri qalma) və ya sair psixi xəstəlik müəyyən edilmir. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ƏQ-0052/2025 saylı Rəyindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın, yəni 1600 ədəd yonca kiplərinin, 400 ədəd saman kiplərinin, taxta, dəmir və dam örtüyü materiallarından inşa edilmiş çardağa yanğın nəticəsində dəymiş zərərin ümumilikdə real bazar dəyəri 9985 (doqquz min doqquz yüz səksən beş) manat təşkil edir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 05 iyul 2025-ci il tarixli, 1074 nömrəli Aktdan görünür ki, Təqsirləndirilən şəxs ağır dərəcəli alkoqol sərxoşluğu əlaməti aşkar edilmişdir. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 26 iyul 2025-ci il tarixli 18-1-28/2-1725/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını qəsdən ümumi təhlükəli üsul hesab edilən yandırmaqla məhv etmə məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 2240 radələrində ağır dərəcəli alkoqol sərxoşluq vəziyyətində Bərdə rayonu Qəhrəmanlı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin arxa hissəsinə gəlib evin həyətinə aralıq yolun kənarında yerləşən dəmir hörgülü çəpərdən aşaraq qanunsuz olaraq yaşayış evinin həyətinə daxil olub, evin həyətyanı sahəsində 3385 (üç min üç yüz səksən beş) manat dəyərində olan taxta, dəmir və dam örtüyü materiallarından inşa edilmiş çardağın altına yığılmış Zərərçəkmiş şəxs məxsus bir kipinin qiyməti 4 (dörd) manat olan 1600 ədəd yonca kiplərini və bir kipinin qiyməti 50 (əlli) qəpik olan 400 ədəd saman kiplərini özü ilə gətirdiyi alışqan vasitəsi ilə heç bir əsaslı səbəb olmadan od vurub qəsdən yandırmaqla məhv edərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar hesab edilən 9985 (doqquz min doqquz yüz səksən beş) manat məbləğində maddi ziyan vurmaqla özgənin xeyli miqdarda əmlakını qəsdən ümumi təhlükəli üsul hesab edilən yandımaqla məhv etmə cinayətini törətməsi məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən, məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda istinad olunan qanunvericilik normasının tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli AZ-İV 762839 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, 01 sentyabr 2022-ci ildə anadan olmuş X3 “ata” qrafasında atası kimi X1 qeyd edilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 mart 2025-ci il tarixli AZ-V 086286 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, 15 fevral 2025-ci il tarixdə anadan olmuş X4 “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 21 iyul 2025-ci il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Habelə məhkəmə iclasında Təqsirləndirilən şəxs səhvini başa düşdüyünü, əməlindən peşman olduğunu bildirmiş, ona rəhm edilməsini məhkəmədən xahiş etmişdir. Bütün bunlar isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs səhvini başa düşməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 05 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2025-ci il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSYnə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 4(021)-103/2025 saylı qərarından görünür ki, təqdimat və vəsatət qismən təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay həddində həbs qətimkan tədbiri seçilməsi, həbs etmənin başlanğıcının xx.xx.2025-ci il tarixdən hesablanması, qərarın icrasının Bərdə Rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(021)-133/2025 saylı qərarından görünür ki, təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 1 (bir) ay müddətində, yəni 05 sentyabr 2025-ci il tarixindən 05 oktyabr 2025-ci il tarixədək uzadılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin başlanğıcı 05 iyul 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar