Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-166/2024 30.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X24 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 2000-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Nizami rayonu Atatürk prospekti 197/13/53-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 1330 radələrində St.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Alpout kəndindən keçən 60-cı kilometrliyində idarə etdiyi “Ford Transit 100” yük markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olub 10-15 km/saat sürətlə sola doğru dönən vaxt "X22" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozaraq, yəni o, yol ayrıcından kənarda sola və geriyə dönərkən relssiz nəqliyyat vasitələrinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunu etməyərək qarşı hərəkət yoluna çıxıb əks istiqamətdən 60-70 km/saat surətlə hərəkətdə olan Şahid1 idarə etdiyi “Daimler Chrysler C240” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonu istiqamətində yolun sağ kənarından soluna doğru 0.6 metr məsafədə toqquşmuş, daha sonra “Daimler Chrysler C240” markalı avtomobil istiqamətini dəyişərək qabaq sol tərəfi ilə toqquşma nöqtəsindən 2.4 metr sağ tərəfdə ehtiyat hissədə dayanmış X10 məxsus “VAZ 21063” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan sərnişini Zərərçəkmiş şəxs travmatik subaroxnoidal qansızma, travmatik epidural qansızma, kəllə tağının sınığı, gicgah sümüyünün, hər iki təpə sümüyünün sınıqları xəsarətləri ilə müşayiət edilən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, “Daimler Chrysler C240” markalı avtomobilin sərnişini X3 ağır kəllə-beyin travması, baş beyin qişasına, qişaaltı, baş beyin toxumasına və mədəciklərinə qansızma ilə baş beyin toxumasının əzilməsi, kəllə əsası sümüklərinin və xəlbir sümüyünün sınıqları, sol qaş nahiyəsinin əzilmiş yarası, hər iki gözətrafı nahiyəsinin qançırları, burun, almacıq sümüklərinin sınıqları, sol bazu, sol baldır nahiyələrinin sıyrıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, idarə etdiyi “Ford Transit 100” yük markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Həmin avtomobili pulunu verib alsa da etibarnamə ilə idarə edir. Onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Zərərçəkmiş şəxs onun tanışıdır, sonuncu ilə birlikdə səyyar qaydada yataq dəstləri satırlar. Bərdə rayonunda yerləşən mal bazarına getmək üçün xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs onlara gəlmişdir. Avtomobili Sənan sürmüş, birlikdə Bərdə rayonuna gəlmiş, mal bazarında Sənanla alver etmişlər. Saat 11 radələrində avtomobildə yatıb yuxusunu almışdır. Bazardan çıxandan sonra avtomobili onun sürəcəyi barədə Sənanla razılaşmışlar. Saat 1330 radələrində avtomobili sürüb bazardan çıxarmış, St.Mingəçevir-Bəhrəmtəpə yolu ilə Mingəçevir şəhəri istiqamətində hərəkət edib qarşıda yolun solunda olan mağazanın qarşısında avtomobili saxlamaq istəmişdir. Mağazanın qarşısında qarşıdan gələn avtomobili gözləməyib, birbaşa sola dönmüş, bu zaman avtomobilinin qabaq sağ tərəfi ilə qarşıdan gələn “Daimler Chrysler C240” markalı **-OC- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ilə toqquşmuşdur. Zərbənin təsirindən avtomobili sağa doğru gedərək qarşıda olan meyvə piştaxtasına dəyib dayanmışdır. “Daimler Chrysler C240” markalı avtomobil isə fırlanıb yolun kənarında dayanmış “VAZ 21063” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfindən toqquşmuşdur. Toqquşmadan sonra Sənan və digər avtomobildə olan qadın sərnişin xəsarət aldığından onları Təcili tibbi yardım avtomobili ilə X11 aparmışlar. Özü də Sənanın yanında getmişdir. Xəstəxanaya çatanda digər avtomobildə olan qadın sərnişin öldüyü üçün morqa aparıldığını eşitmişdir. İdarə etdiyi avtomobillə 50-60 km/saat surətlə hərəkət edib mağazanın qarşısında avtomobilin surətini aşağı salmış, təxminən 10-15 km/saat sürətlə sola doğru dönmüşdür. Avtomobillər İmişli rayonu istiqamətində sağ zolaqda toqquşmuşlar. Səhvini başa düşür, əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs isə sağlamlığının bərpası üçün lazımı köməkliyi göstərmişdir. Sonuncunun ondan şikayəti yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını və ona rəhm edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X19 ifadəsində göstərdi ki, mərhum X5 onun anasıdır. Şahid1 bacısı Arzunun əridir, onlar Ağcabədi rayonunda yaşayırlar. Bacısı Arzu ailəsi ilə birlikdə onlara qonaq gəlmiş, xx.xx.2024-cü il tarixdə Xəzər Arzu ilə birlikdə Ağcabədi rayonuna qayıdanda anası Nübayə də onlarla birlikdə getmişdir. Saat 14 radələrində Xəzərə zəng etdikdə sonuncu qəza baş verdiyini, Bərdə rayonuna gəlməyini söyləmişdir. Bərdə rayonuna gələndə Xəzərin idarə etdiyi “Daimler Chrysler C240” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan gələn “Ford Transit 100” yük markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin onların hərəkət yoluna çıxması nəticəsində hadisə baş verdiyini, nəticədə anasının hadisə yerində vəfat etdiyini öyrənmişdir. Həmin gün anasının meyitini Bərdə RMX-nın morqundan təhvil alıb, səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Baxçakürd kənd qəbristanlığında dəfn etmişlər. Hadisənin ehtiyatsızlıqdan baş verdiyini başa düşürlər. Hazırda Təqsirləndirilən şəxslə barışmışlar, ondan şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X19 məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə təqdim edərək ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, ona qarşı heç bir iddia, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 3-4 aydır tanıyır. Birlikdə səyyar qaydada yataq dəstləri satmışlar. xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Ruzinin idarə etdiyi “Ford Transit 100” yük markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonuna mal bazarına alverə getmişlər. Saat 1330 radələrində mal bazarından çıxıb St.Mingəçevir-Bəhrəmtəpə yolu ilə Mingəçevir şəhəri istiqamətində hərəkət etmişlər. Ruzi avtomobili mağazanın qarşısına döndərəndə qarşıdan gələn avtomobili gözləməyərək, birbaşa sola dönmüş, bu zaman avtomobilin qabaq sağ tərəfi ilə qarşıdan gələn “Daimler Chrysler C240” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ilə toqquşmuşdur. Zərbənin təsirindən avtomobildən yerə düşmüşdür. Təcili Yardım avtomobili onu Bərdə Rayon Diaqnostika Mərkəzinə aparmışdır. Oradan onu Gəncə şəhərində yerləşən xəstəxanaya aparmışlar. Təxminən 10 gün huşu özünə gəlməmişdir. Hadisə barədə heç nə xatırlamır, bu barədə Ruzi ona danışmış və hadisənin videogörüntüsünə baxmışdır. Bu müddət ərzində Təqsirləndirilən şəxs onun müalicəsi üçün cəmi 6000 manata yaxın pul xərcləmişdir. Lakin o tam sağalmadığından həkimlərin deməsinə görə uzun müddətli müalicə olunmalıdır. Özünün və ailəsinin onun müalicə xərclərini ödəməyə maddi imkanları yoxdur. Təqsirləndirilən şəxs hazırda şikayəti olmasa da, gələcəkdə onun müalicəsinin xərclərini ödəməsini istəyir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını, onun həbs olunmasını istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, idarə etdiyi “Daimler Chrysler C240” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. xx.xx.2024-cü il tarixdə saat 1130 radələrində Goranboy rayonunda qayınanası X3 yaşadığı evdən Ağcabədi rayonuna yola düşmüşlər. Nübayə arxa sol sərnişin yerində, arvadı Şahid2 arxa sağ sərnişin yerində əyləşmişdir. xx.xx.2020-ci il təvəllüdlü qızı X12cağında yatmışdır. Saat 1330 radələrində St.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Alpout kəndindən keçən hissəsində avtomobili 60-70 km/saat surətlə Ağcabədi rayonu istiqamətində idarə edərkən qarşıda hərəkətdə olan “Ford Transit 100” markalı 20-DU 303 dövlət qeydiyyat nişanlı avtomobilçox yaxın məsafədən qəfildən onun yoluna doğru dönmüşdür. Dərhal əyləci basıb sükanı sağa doğru çəkmiş, lakin qəzadan yayınmaq mümkün olmamışdır. Onun avtomobilinin qabaq sol tərəfi ilə həmin avtomobilin qabaq sağ tərəfi toqquşmuş, avtomobili yolun sağ ehtiyat hissəsində dayanmış “VAZ-2106” markalı avtomobilə dəyib dayanmışdır. Dərhal avtomobildən düşüb azyaşlı övladını və arvadını avtomobildən çıxarmış, onları yoldan keçən avtomobillə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yola salmışdır. Sonra qayınanası Nübayəni avtomobildən çıxarıb yerə uzandırmışdır. Təcili Yardım avtomobili gələrək Nübayəni aparmış, başqa avtomobillə onun arxasınca getmişdir. Xəstəxanaya çatanda Nübayənin artıq öldüyünü öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, St.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Alpout kəndindən keçən hissəsində yolun kənarında meyvə-tərəvəz satmaqla məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 1330 radələrində piştaxtanın yanında olan vaxt yolda “Ford Transit 100” markalı **-DU-*** dövlət qeydiyyat avtomobil mağazanın qarşısına dönmüş, Ağcabədi şəhəri istiqamətində hərəkətdə olan “Daimler Chrysler C240” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxıb onunla toqquşmuş, daha sonra “Ford Transit 100” markalı **-DU- *** dövlət qeydiyyat avtomobil piştaxtasına tərəf gəlmişdir. Avtomobil yavaş surətlə gəlib piştaxtaya dəyib dayanmışdır. Toqquşma nəticəsində hər iki avtomobilin sərnişinləri xəsarət almış, yaxında olan şəxslər onları Bərdə Rayon Xəstəxanasına aparmışlar. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: “Məhkəmə-Tibbi Ekspertiza və X15” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 19 aprel 2024-cü il tarixli, 25 saylı Rəydən görünür ki, X1 meyitinin bədənində aşkar edilmiş xəsarətlər - ağır kəllə-beyin travması, baş beyin qişasına, qişaaltına, baş beyin toxumasına və mədəciklərinə qansızma ilə baş beyin toxumasının əzilməsi, kəllə əsası sümüklərinin və xəlbir sümüyünün sınıqları, sol qaş nahiyəsinin əzilmiş yarası, hər iki gözətrafı nahiyəsinin qançırları, burun, almacıq sümüklərinin sınıqları, sol bazu, sol baldır nahiyələrinin sıyrıqları vardır. -Həmin xəsarətlər həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtoqəza hadisəsi nəticəsində sərnişin kimi olmaqla törənə bilərlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. -X1 ölümünə səbəb başın küt travması ilə əlaqədar kəllə əsası sümüklərinin sınıqları ilə baş-beyin qişasına, qişaaltına, baş-beyin toxumasına və mədəciklərinə qansızmalar olmuşdur. -X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyidin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. -X1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbutir turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotizazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2024-cü il tarixli 1414/K). “Məhkəmə-Tibbi Ekspertiza və X15” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 22 iyun 2024-cü il tarixli, 470 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-travmatik subaroxnoidal qansızma, travmatik epidural qansızma, kəllə tağının sınığı, gicgah sümüyünün, hər iki təpə sümüyünün sınıqları, küt əşyanın(əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2024-cü il tarixli, 8/1658 saylı Rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Ford Transit 100” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X22» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Daimler Chrysler C240” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. -Sürücü Şahid1 avtomobili hərəkət surəti 3.24 "maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq surətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində «X22» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. -İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 21063” markalı **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 19 aprel 2024-cü il tarixli, 523 saylı Aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. AE136277 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriya sürücülük hüququ vadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 04 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyata durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli 4813 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyata durmur. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 1330 radələrində St.Mingəçevir- Bəhrəmtəpə yolunun Bərdə rayonu Alpout kəndindən keçən 60-cı kilometrliyində idarə etdiyi “Ford Transit 100” yük markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri istiqamətində 60 km/saat surətlə hərəkətdə olub 10-15 km/saat surətlə sola doğru dönən vaxt "X22" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozaraq, yəni o, yol ayrıcından kənarda sola və geriyə dönərkən relssiz nəqliyyat vasitələrinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunu etməyərək qarşı hərəkət yoluna çıxıb əks istiqamətdən 60-70 km/saat surətlə hərəkətdə olan Şahid1 idarə etdiyi “Daimler Chrysler C240” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonu istiqamətində yolun sağ kənarından soluna doğru 0.6 metr məsafədə toqquşması, daha sonra “Daimler Chrysler C240” markalı avtomobil istiqamətini dəyişərək qabaq sol tərəfi ilə toqquşma nöqtəsindən 2.4 metr sağ tərəfdə ehtiyat hissədə dayanması, X10 məxsus “VAZ 21063” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə ehtiyatsızlıqdan sərnişini Zərərçəkmiş şəxs travmatik subaroxnoidal qansızma, travmatik epidural qansızma, kəllə tağının sınığı, gicgah sümüyünün, hər iki təpə sümüyünün sınıqları xəsarətləri ilə müşayiət edilən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, “Daimler Chrysler C240” markalı avtomobilin sərnişini X3 ağır kəllə-beyin travması, baş beyin qişasına, qişaaltı, baş beyin toxumasına və mədəciklərinə qansızma ilə baş beyin toxumasının əzilməsi, kəllə əsası sümüklərinin və xəlbir sümüyünün sınıqları, sol qaş nahiyəsinin əzilmiş yarası, hər iki gözətrafı nahiyəsinin qançırları, burun, almacıq sümüklərinin sınıqları, sol bazu, sol baldır nahiyələrinin sıyrıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli, 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı Xidmət Sahəsi tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli 213 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Atatürk prospekti 197, bina 13, mənzil 53də yaşayır. Ailə üzvü anası 1953-cü il təvəllüdlü X2 ibarətdir. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı Xidmət Sahəsi tərəfindən verilmiş Xasiyyətnamə ilə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 yanvar 2019cu il tarixli AZ-İ 994774 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X7 xx.xx.2019-cu ildə ölmüşdür. CM-nin 59.1.11 və 59.1.12-ci maddələrinə əsasən, cinayət törətmiş şəxsin cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə tibbi yardım göstərilməsi üçün onların xəstəxanaya aparılmasına köməklik etməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, digər Zərərçəkmiş şəxs sağlamlığının bərpası üçün lazımi köməklik göstərməsi, Zərərçəkmiş şəxs ondan şikayət və tələbnin olmaması onun cəzasını yüngülləşdirən hallardır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs atası ölmüşdür, himayəsində 1973-cü il təvəllüdlü xəstə anası vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 08 avqust 2024-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını zəruri sayır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 23 iyul 2024-cü il tarixli, 8/1658 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan “Ford Transit 100” yük markalı **-DU-*** dövlət qeydiyyat nişanlı,” Daimler Chrysler C240” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21063” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınamlıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkməsinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə Gəncə Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-166/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-166/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver