Məhkəmə qərarları › İş №1(021)-167/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-167/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-167/2021 17.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçis Müdafiəçi2 iştirakı ilə 11 avqust 1993-cü ildə Bərdə rayonu Gərənə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu Xaçındərbənd kəndində qeydiyyatda olan və Bərdə rayonu 866 saylı qəsəbə, bina 1, mənzil 25-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 30 aprel 2021-ci il tarixdə saat 0330 radələrində Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu, Gərənə kəndində yerləşən evin həyətinə hasardan tullanaraq qanunsuz daxil olub, həyətdə olan tövləyə qapıdan daxil olmaqla, tövlədən iki baş 3-5 ay yaşı olan dişi cinsli diri çəkisi təxminən 22 kiloqram olan qoyunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 218,00 (iki yüz on səkkiz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, 29 aprel 2021-ci il tarixdə axşam saatlarında yaşadığı qəsəbədə çayxanada oturub saat 22 radələrində yaşadığı evə getmişdir. Evdə olarkən asan qazanc əldə etmək qərarına gəlmişdir. Ağlına Sabirin evində saxladığı qoyunlar gəlmiş və qoyunları oğurlamaq qərarına gəlmişdir. Saat 03 radələrinə telefonunda zəngli saatı qurub yatmışdır. 30 aprel 2021-ci il tarixdə saat 03 radələrində telefonunda zəngli saat çaldıqdan sonra durub, əynini geyinib gizlincə evdən çıxmış, piyada Gərənə kəndinə getmişdir. Gərənə kəndində saat 0330 radələrində Sabirə məxsus evin yanına gedib mişar daşından olan hasarın qutardığı yerdə qoyulan şiferin üzərində evin həyətinə hasardan tullanıb daxil olmuşdur. Həyətdə tövləyə yaxınlaşıb tövlənin taxtadan olan hasarına qapısını açıb sonra ağ taxta qapıdan tövləyə daxil olmuşdur. Tövlənin qapısı həmin vaxt açıq olmuşdur. Tövlənin içərisində 12-13 baş qoyun olmuşdur. Tövlədən 2 baş quzunu götürüb məhləyə daxil olduğu yerdən eyni qaydada geri düşmüşdür. Bir-bir quzuların hasat rolunu oynayan şiferin üzərindən atmışdır. Küçədə quzuları əvvəlcədən üzərində götürdüyü iplə bağlayıb yaşadığı qəsəbəyə getmişdir. 15 nömrəli binanın arxasında quzuları ağaca bağlayıb taksi axtarmağa getmişdir. Yaşadığı qəsəbədə taksi kimi fəaliyyət göstərən Pərviz adlı şəxsin evinə getmişdir. Pərvizin anası onu qarşılayıb Pərvizi nə üçün axtardığını soruşmuş, sonuncuya Ağcabədidə yerləşən mal bazarına getməyi demişdir. Pərvizin anası Pərvizə zəng edərək Pərvizi evə çağırmışdır. Pərviz evə gəldikdə Pərvizin balıq tutmağa getməsini öyrənmişdir. Pərvizə Ağcabədi mal bazarına getməyi demiş, sonuncu onunla 20 manat müqabilində razılaşmışdır. Pərvizə avtomobili 15-ci binanın arxasına sürməyi demişdir. Avtomobil 15-ci binanın arxasına çatdıqda, quzuları Pərvizə məxsus VAZ-2106 markalı 04 BP-446 dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsini qoymuşdur. Ağcabədi mal bazarına gedərkən Pərvizə Bərdə rayonu Alpout kəndində yerləşən mal bazarına sürməyi demişdir. Mal bazarında saat təxminən 04 radələrində quzuları tanımadığı şəxsə 160 manat müqabilində satmışdır. Quzuları satdıqdan sonra pulun üstündən 22 manat götürüb taksiyə vermişdir. Həmin taksi ilə yaşadığı qəsəbəyə getmişdir. Qalan 138 manat pulu kafe ve restoranlarda xərcləmişdir. Maddi imkanı olmadığından zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək işi ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyini, lakin onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikasının CPM-nin 329 və 330-cu maddələrinə əsasən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Bərdə rayonu Gərənə kəndində yerləşən fərdi yaşayış evinin həyətində tövləsi var. Həmin tövlədə 13 baş xırda buynuzlu heyvanlar saxlayır. 30 aprel 2021-ci il tarixdə saat 0530 radələrində xırda buynuzlu heyvanlarını oğlu Sahil ilə birlikdə Bərdə rayonu Alpout kəndində yerləşən mal bazarına aparmaq üçün tövləyə getmişdir. Bu zaman tövlədə olan heyvanları saydıqda 2 baş dişi cinsindən çəkisi 21-23 kiloqram olan 3-5 ay yaşı olan xırda buynuzlu heyvanların tövlədə olmadığını aşkar etmişdir. Bundan sonra naməlum şəxs və ya şəxslərin evin həyətinə düşərək tövlənin qapısını açıb tövlədən 02 baş xırda buynuzlu heyvanlarını oğurlaması anlamış və bu barədə polis şöbəsinə məlumat vermişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı qəsəbə sakini qismində tanıyır, sonuncu ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Özünün “VAZ 2106” markalı 04 BP-446 dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 30 aprel 2021-ci il tarixdə saat 02 radələrində Tarzan, Elmir və Elşən adlı şəxslər ilə birlikdə balıq tutmaq üçün “Qarabağ” kanalına getmişdir. Kanalda balıq ovladığı zaman anası zəng edərək yaşadığı evə bir nəfər şəxsin gəldiyini, Ağcabədi rayonunda yerləşən mal bazarına getmək üçün taksi lazım olduğunu demişdir. Balıq ovuna getdiyi şəxslərlə birlikdə 866 saylı qəsəbəyə qayıtmışdır. Yaşadığı binanın arxasına keçdikdə Bəhramı görmüşdür. Bəhram onun yanına gələrək Ağcabədi rayonunda yerləşən mal bazarına getmək lazım olduğunu demişdir. Sonuncuya 20 manat müqabilində gedə biləcəyini demiş, Bəhram onunla razılaşmışdır. Bəhram ona 15 nömrəli binanın arxasına getməyi, oradan özünə məxsus quzuları götürəcəyini demişdir. Binanın arxasına çatdıqda avtomobili saxlayıb yerə düşmüşdür. Avtomobilin yük hissəsini açmış və Bəhram iplə bir-birinə bağlanmış iki baş xırda buynuzlu heyvanı gətirib avtomobilin yük hissəsinə qoymuşdur. Bundan sonra Bəhramla Ağcabədi rayonuna getmişlər. Yolda olarkən Bəhram Bərdə rayonu Alpoud kəndində olan mal bazarına sürməsini demişdir. Avtomobili Alpoud kəndində olan mal bazarına sürmüşdür. Saat 04 radələrində mal bazarında Bəhram quzuları 160 manat müqabilində onun yanında tanımdığı iki nəfər şəxsə satmışdır. Bundan sonra Bəhram ilə qəsəbəyə qayıtdıqda Bəhram ona əvvəlcədən danışdığı kimi 20 manat pul və əlavə olaraq siqaret pulu kimi 2 manat pul vermişdir. Bəhramın 02 baş quzunu oğurlamasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 30 aprel 2021-ci il tarixdə Bərdə rayon Polis şöbəsinə Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu Gərənə kəndində yerləşən evin həyətində olan tövlədən 02 baş xırda buynuzlu heyvanının oğurlanmasını barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında verilmiş əməliyyat tapşırığına uyğun olaraq tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirlərinin nəticəsində Zərərçəkmiş şəxs məxsus 02 baş xırda buynuzlu heyvanın Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Oğurluq hadisəsini Təqsirləndirilən şəxs tək törətmiş və hadisədən sonra 02 baş xırda buynuzlu heyvanı Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarında satmışdır. 02 baş xırda buynuzlu heyvanın və həmin heyvanları almış şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3586 saylı 29 iyun 2021-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiq edilən iki baş xırda buynuzlu heyvanların, 30 aprel 2021-ci il tarixə, respublikadaxili orta bazar satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən – iki baş 3-5 ay yaşı olan dişi cinsli, diri çəkisi 22 kq olan qoyun 218,00 manatdır. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 30 aprel 2021-ci il tarixdə saat 0330 radələrində Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu, Gərənə kəndində yerləşən evin həyətinə hasardan tullanaraq qanunsuz daxil olub, həyətdə olan tövləyə qapıdan daxil olmaqla, tövlədən iki baş 3-5 ay yaşı olan dişi cinsli diri çəkisi təxminən 22 kiloqram olan qoyunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 218,00 (iki yüz on səkkiz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon Mənzil-Kommunal İstismar Sahəsinin 2740 saylı 14 sentyabr 2021-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Xaçındərbənd kəndindən məcburi köçkündür. Hazırda Bərdə rayonu 866 yerlik qəsəbə, bina 1, mənzil 25-də qeydiyyatda olmaqla müvəqqəti yaşayır. Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddətdə qonşuları ilə heç bir münaqişəsi olmamışdır. O, xaraktercə sadə və vətənpərvərdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-46/2016 saylı 30 iyun 2016-cı il tarixli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 dekabr 2016-cı il tarixdən 20 dekabr 2016-cı il tarixədək həbsdə olduğu 3 gün və stasionar məhkəmə psixatrik ekspertizasının keçirilməsi ilə əlaqədar 29.04.2016-cı il tarixdən 20.05.2016-cı il tarixədək stasionar tibb müəssisəsində saxlanıldığı 22 gün, cəmi 25 gün müddət nəzərə alınıb ona təyin olunmuş cəza yüngülləşdirilərək üzərində qəti olaraq 1000 manat miqdarında cərimə cəzası saxlanılmışdır. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya şöbəsinin 125/01 saylı 18.10.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs cərimə cəzasını ödəyərək müvafiq qəbzləri təqdim etdiyi üçün 18.07.2018-ci il tarixdə Bərdə rayon İcra və Probasiya şöbəsinin cərimə cəzasına məhkum olunmuş şəxslərin qeydiyyat kitabından çıxarılmışdır. Azərbaycan Respublikasının CM-nin 83.3 və 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, o, məhkum olunmamış şəxsdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, habelə onun məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 29 iyun 2021-ci il tarixli 9/3586 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0700-dək təkr etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar