Məhkəmə qərarları › İş №1(021)-168/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-168/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-168/2023 12.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli "Amnistiya" qərarının 2.4-cü bəndinə əsasən azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri, Fizuli küçəsi ev 25də qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükmündə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,913 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 29 may 2023-cü il tarixdə saat 10:50 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Ə.Ədilov küçəsində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,913 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, subaydır və Bərdə şəhəri, M.Hüseynzadə küçəsi döngə 2 ev 12-də yaşayır. Əvvəllər Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Bundan başqa Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. 2016-cı ildən narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitələrdən istifadə edən zaman heç kimə təklif etməmiş və satmamışdır. Anası Şahid4 Bakı şəhəri, Qara Qarayev metrosunun yaxnlığında yerləşən ağ ciyər xəstəxanasında müalicə alır. Buna görə də o, Bakı şəhərində səyyari ticarətlə məşğul olub həmin xəstəxanada anasına köməklik etmiş və ara bir anasının yanında qalmışdır. xx.xx.2023-cü il tarixdə o, Bakı şəhəri, Qara Qarayevdə yerləşən xəstəxanaya küçə ilə piyada gedərkən yerdə sellofan bükülü görüb həmin sellofan bükülünü yerdən götürüb içərisinə baxdıqda narkotik vasitə heroindən istifadə etdiyi üçün bükülünün içərisində heroin olduğunu görmüşdür. Bundan sonra o, narkotik vasitə olan heroini öz şəxsi istifadəsi üçün cibinə qoyaraq üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evlərinə baxmaq üçün gəlmiş və həmin gecə evdə qalmışdır. xx.xx.2023-cü il tarixdə, saat 10:50 radələrində Bərdə şəhəri, Ə.Ədilov küçəsi ilə piyada hərəkətdə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etdikləri bildirimşlər. Həmin vaxt polis əməkdaşlarına həqiqətən də üzərində narkotik vasitə hesab edilən heroin olduğunu və həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər, polislərlə birlikdə rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində olan zaman ona vəkil təqdim olunmuş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən ondan üzərində olan qanunsuz əşya və ya predmetin olub olmaması vardırsa təqdim etməsi təklifi edilmişlər. Həmin vaxt o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş kütləni çıxardıb masanın üzərinə qoymuş və həmin bükülünün içərisində olan kütlənin narkotik vasitə heroin olması və bundan başqa üzərində başqa heç bir qanunsuz əşya və ya predmetin olmadığını bildirmişdir. Polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onun və vəkilin iştirakı ilə üzərindən aşkar edilmiş 1 (bir) ədəd sellofan kəsiyi büküm içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,5 qram olması müəyyən edilmişdir. Həmin sellofan kəsiyi bükümündə olan kütlə elektron tərəzidə çəkildikdən sonra ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bununla da onun üzərinə şəxsi axtarış keçirilməsi başa çatmışdır. Törətdiyi əlməldən peşmandır. Əməldən peşman olmasını nəzərə alınıb ona həbslə əlqədar olmayan cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı xüsusi rütbəsindədir. ünvan 1 yaşayan, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də 29 may 2023-cü il tarixdə saat 10:50 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Ə.Ədilov küçəsində onun və digər polis əməkdaşları tərəfindən saxlanılaraq Bərdə RPŞnə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi dəvət edilməklə Bərdə rayon X7 bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, onun, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3 və Bərdə RPŞ-nin KTQ-nun baş inspektoru, polis kapitanı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CMin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon X7 bölməsinin təhqiqatçısı, polis kapitanı Bəhruz Nuriyev tərəfindən izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklifi edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan kəsiyi bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Sonra təhqiqatçı Bəhruz Nuriyev tərəfindən həmin bükümün içərisinə baxış keçirərkən narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan sonra həmin 1 (bir) ədəd sellofan kəsiyi bükümün içərisində olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 1,5 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə ağ rəngli bir ədəd zərfin içərisinə qoyularaq qablaşdırılmış və üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də digər hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etməsi barədə sorğu edilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütləni Bakı şəhərində yolun kənarından yerdən tapması barədə məlumat vermişdir. Daha sonra təhqiqatçı Bəhruz Nuriyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs, ona və baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar olaraq hər hansı bir suallın olub-olmaması barədə sorğu edilmiş, lakin, Təqsirləndirilən şəxs, o, və iştirakçılar tərəfindən hər hansı sual daxil olunmamışdır. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilmiş Şahid2 və Şahid3 ifadələrindən görünür ki, həmin şahidlər də mahiyyəti üzrə Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərilənləri təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, şəkər və ağ ciyər xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs oğludur. Elçin əvəllər narkotik vasitə istifadə etdiyinə və oğurluq etdiyi üçün məhkum edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsini, narkotik vasitəni üzərində və ya yaşadığı evdə saxlamasını görməmişdir. 28 may 2023-cü il tarixdə saat 15 radələrində Bərdə RPŞ-nin əməkdaşları oğlu Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğuna görə polis şöbəsinə aparılması barədə məlumat verilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin 30 may 2023-cü il tarixli 16/562 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut..» sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,913 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların» siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in 1-ci siyahısının İ bəndinə daxildir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 01 avqust 2023-cü il tarixli, 1277 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə haqqında 29 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə ümumi çəkisi 1,5 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd «DVD» diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X9 arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X13 daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatındadır. (qeydiyyatda marixuana xx.xx.2017) Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 03 avqust 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X4 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli qərar ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli «Amnistiya» qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə, qalıq təmiz çəkisi 0,863 qram maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd «DVD» disk 04 avqust 2023-cü il tarixli toplanmış «sübutların qiymətləndirilməsi haqqında qərar»la cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(021)-124/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(021)-150/2023 saylı “əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Bərdə rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı X3 tərəfindən qəbul edilmiş 19 aprel 2022-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Qərara əsasən törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükmündə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,913 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 29 may 2023-cü il tarixdə saat 10:50 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Ə.Ədilov küçəsində şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,913 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı AR.CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların İ siyahısına əsasən narktoik vasitə hesab edilən heroinin miqdarı 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin əvvəllər eyni və müxtəlif növ cinayət əməllərini törətməsini və müxtəlif müddətdə azadlıqdan məhrum etmə cəzalarına məruz qalmasını, lakin həmin cəzalardan nəticə çıxarmayaraq və islah olunmayaraq yenidən eyni növ cinayəti törətməsini və azadlıqda qalmasına baxmayaraq narkomaniya xəstəliyindən məcburi müalicə almamasını nəzərə alır. AR.CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, hazırki işdə CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hallara rast gəlinmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs оğlunun əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar sırasına cinayətlərin sadə residivinin olması müəyyən edilməmişdir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:10-da Bərdə rayon X7 Bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən AR.CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(021)-124/2023 saylı qərarı ilə barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu tarix olan xx.xx.2023-cü il tarixdən etibarən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq qalan 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,863 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmənin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 29 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq qalan 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,863 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına ödənilsin. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar