Məhkəmə qərarları › İş №1(021)-17/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-17/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-17/2025 27.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Tovuz rayonu, Girzan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Tovuz rayonu, Hunanlar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 yanvar 2024-cü il tarixdə saat 20 radələrində sərxoş vəziyyətdə ictimai yer hesab edilən Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus “Leyli” şadlıq sarayında təşkil olunmuş qardaşı Şahid1 nişan məclisində qonaq qismində iştirak edərkən ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə şadlıq sarayında olan insanlara heç bir əhəmiyyət verməyib məclis sahibi X3 onun əyləşdiyi masaya yenidən spirtli içki gətirməməsini bəhanə edərək hər hansı bir əsaslı səbəb olmadan ünvansız nalayiq söyüşlər işlədib, səs-küy salaraq, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə əyləşdiyi 250 manat dəyərində masanı yumruqla qəsdən vurub sındırmaqla və sarayın mətbəxində yerləşən 50 manat dəyərində pəncərənin şüşəsini əli ilə qəsdən vurub sındırmaqla ümümilikdə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 300 manat dəyərində maddi ziyan vurması ilə nəticələnən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu, Hunanlar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir. Fərdi əməklə məşğul olur, ailəlidir, 1 övladı var. Mahiyyəti üzrə qeyd etmişdir ki, Şahid1 onun qardaşıdır. Hüseyn təxminən 5-6 ay bundan əvvəl Bərdə rayon sakini Şəmsiyyə adlı qadınla tanış olaraq ailə həyatı qurmaq qərarına gəlmişdir. 2024-cü ilin yanvar ayında Hüseyn ilə Şəmsiyyənin Bərdə rayonunda nişan mərasimi keçirilməli imiş. Şəmsiyyənin anası Familə nişandan əvvəl onlara tez-tez zəng edərək nişan keçiriləcək restoranda masanın birinin 40 manat olduğunu, hazırlıqlı gəlməli olduqlarını söyləmişdirlər. 14 yanvarda onlar nişan üçün Bərdəyə gəlmişdirlər. O da dostları ilə birlikdə Bərdə rayonunda yerləşən Leyli şadlıq sarayına gəlmişdir. Nişan saat 18:00-da başlamışdır, ancaq o, saat 19:00-da məclisə çatmışdır. Onlar əyləşəndə masada yemək-içməyin zəif olduğunu görmüşdürlər. 10 nəfərlik masaya cəmisi 1 ədəd 0,7 litrlik araq qoyulmuşdur. O dostları ilə araq içdikdən sonra ofisiantdan araq gətirməsini istəmiş və cibinə nəmər qoymuşdur. Ofisiant isə mətbəxə gedib-qayıdandan sonra araq qalmadığını, məclis sahibinin araq vermədiyini bildirmişdir. O isə bundan əsəbləşərək mətbəxə getmişdir. Mətbəxə getdikdə gəlinin atası Habilin orada olduğunu görmüşdür. O, məclisin sahibi olduğuna görə Habildən araq istəmişdir ki, onun oturduğu süfrəyə göndərsinlər. Habil isə aqressiv cavab verərək “araq zad yoxdu, kimin ürəyi araq istəyirsə getsin özü alsın” söyləmişdir. Habilin bu sözləri ona pis təsir eləmiş, o da əsəbləşmişdir. Bu zaman onların arasında mübahisə baş vermişdir. Habil ona arağın yerini bilmədiyini söyləmiş və arağı “evin kişisi”ndən istəməli olduğunu bildirmişdir. O isə kimi nəzərdə tutduğunu soruşduqda Habil həyat yoldaşı Familəni nəzərdə tutduğunu söyləmişdir. Bu zaman o daha da əsəbləşrək mətbəxin çıxışında olan şüşəyə yumruqla vurmuşdur. Bu zaman məclisin digər iştirakçıları yaxınlaşaraq onu aralaşdırmaq üçün gəlmiş, bu zaman o, əsəbiləşərək nalayiq ifadə işlətmişdir. Daha sonra onunla gələn dostları onu restorandan çıxardaraq sakitləşdirməyə çalışmışdırlar. Daha sonra o, yenidən masaya qayıtmışdır. Ancaq hirsi soyumadığı üçün o, masaya yumruqla vurmuş və masa qırılmışdır. Daha sonra isə dostları onu götürərək Bakı şəhərinə aparmışdırlar. Həmçinin Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə 14 yanvar 2024-cü il tarixində Bərdə şəhərində yerləşən Leyli şadlıq sarayında saat 19:00 radələrində baş vermişdir, səbəbi isə məclisdə onun əlavə araq istəməsi, məclis sahibinin isə araq olmadığını söyləməsi olmuşdur. Hadisə təxminən 5 dəqiqə çəkmiş, hadisəni bütün məclis iştirakçıları görmüşdürlər. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, dəymiş ziyanı ödəməsini nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış keçirmə, ifadənin yerində yoxlanılması protokolu, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Evlidir, iki övladı var. Bərdə şəhəri, Heydər Əliyev prospekti 105 ünvanında yerləşən Leyli şadlıq sarayının sahibidir. Həmin şadlıq sarayında şifahi razılaşma əsasında toy, nişan və başqa mərasimlərin təşkili ilə məşğul olur. Mahiyyəti üzrə qeyd etmişdir ki, 2023-cü ilin dekabr ayının axırında Bərdə rayonunda yaşayan Tamara adlı qadın, onun qızı Püstə, Püstənin qızı, qızının nişanlısı və oğlu şadlıq sarayına gələrək banket zalına baxmış və yanvar ayının 14-də nişan keçirəcəklərini bildirmişdirlər və ondan həmin tarixə boş yer olub-olmamasını soruşmuşdurlar. Həmçinin yeməklərin qiymətləri ilə maraqlanmışdırlar. Bu zaman həmin şəxslər ona valideynləri ilə razılaşdıqdan sonra xəbər edəcəklərini bildirmişdirlər. 05 yanvar 2024-cü il tarixində Püstənin qızı və qızının nişanlısı onun yanına gələrək, 14 yanvar tarixində nişan keçirmək üçün razılaşdıqlarını bildirmişdirlər və menuya baxaraq yeməklərini seçmişdirlər. Onun yanından gedərkən beh göndərəcəklərini bildirmişdirlər. Bir neçə gün sonra Püstənin həyat yoldaşı və qardaşı şadlıq sarayına gələrək ondan menunun şəklini istəmiş və o da menunu onlara təqdim etmişdir. Toydan bir neçə gün sonra o, bəyə zəng edərək hələ də heç kimin pul vermədiyini söyləmişdir. Həmin şəxs isə cavabında pulu ödəyəcəklərini bildirmişdir. 14 yanvar 2024-cü il tarixində səhər saatlarında Püstə adlı qadın, həyat yoldaşı, qohumu olduğunu söyləyən Arif adlı şəxs və tanımadığı bir qadın şadlıq sarayına gələrək aqressiv şəkildə ona bildirmişdirlər ki, “biz məclisdən qalacaq hər bir şeyi yığıb aparacayıq”. O isə buna etiraz etməyərək razılaşmışdır. Sonra isə aqressiv olduqları üçün üzr istəyərək oradan uzaqlaşmışdırlar. Bir neçə saat sonra həmin şəxslər ona araq lazım olduğunu bildirmişdirlər və o, məclis üçün biri 10 manata olmaqla 48 ədəd araq almışdır. Məclis başladıqdan sonra məclis sahiblərinin arasında münaqişə yaranmağa başlamışdır. Belə ki, bəyin qardaşı Fəqan adlı şəxs ofisiantdan araq istəmişdir. Ofisiant isə araq götürmək üçün mətbəxə gələrkən gəlinin atası araq olmadığını bildirmişdir. Bu zaman Fəqan adlı şəxs ilə gəlinin atası arasında münaqişə başlamışdır. O isə həmin şəxslərin dalaşmağına icazə verməmişdir. Münaqişə zamanı Fəqan adlı şəxs mətbəxin pəncərəsini və banket zalının masasını sındırmışdır. Fəqan daha sonra zaldan çıxaraq səs-küy yaratmağa davam etmişdir. Biraz sonra isə zala qayıdaraq əyləşmişdir. Fəqan zaldan uzaqlaşdıqdan təxminən yarım saat sonra toy yekunlaşmışdır. Toy yekunlaşdıqdan sonra o, Püstə adlı qadına yaxınlaşaraq məclisin pulunu istəmişdir. Püstə isə pul olmadığını bildirmişdir. O, səbəbini soruşduqda Püstə toydan ziyan etdiyini söyləmişdir. O, məclisin ümümi xərcini hesablayaraq 3800 manat olduğunu söyləmişdir. Bu zaman həmin şəxslər onunla hədəqorxu və təhqirlə danışmağa başlamışdırlar. Buna görə də qardaşı Aqil Səfərəliyev polis şöbəsinə məlumat vermişdir. Hadisə yerinə əməliyyat-istintaq qrupu yaxınlaşmışdır. Daha sonra məclis sahiblərindən biri ona 790 manat pul ödəmişdir. Həmçinin Zərərçəkmiş şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Fəqan adlı şəxsin ona məxsus restoranın mətbəxinin şüşəsini və masasını sındırması nəticəsində ona ümümilikdə 350 manat ziyan dəymişdir. Məclis sahibləri ona ümümilikdə 3800 manat pul verməli olduqları 790 manatını ona ödəmişdirlər. Həmçinin məhkəməyə ərizə təqdim edərək bildirdi ki, ona dəymiş ziyan ödənilmişdir. Ondan heç bir şikayət və tələbim yoxdur. Əizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu, Hunanlar kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Mahiyyəti üzrə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Özü təxminən 5-6 ay bundan əvvəl Bərdə şəhər sakini Şəmsiyyə adlı şəxs ilə tanış olaraq ailə həyatı qurmaq qərarına gəlmişdir. 14 yanvar 2024-cü il tarixində onların nişanı olmalı imiş. Şəmsiyyənin anası Püstə nişan üçün Bərdə şəhərində yerləşən Leyli şadlıq sarayı ilə razılığa gəlmişdir. 14 yanvar 2024-cü il tarixində 18:00-da nişan mərasimi başlamışdır. Təxminən bir saat sonra isə qardaşı Fəqan dostları ilə birlikdə nişana gəlmişdir. Bir müddət oturduqdan sonra qardaşı Fəqan içmək üçün əlavə araq istəmişdir. Lakin ofisiant araq olmadığını bildirdiyi üçün Fəqan mətbəxə gələrək Şəmsiyyənin atası Habildən araq istəmişdir. Habil isə araq olmadığını bildirdikdə Fəqan əsəbiləşərək Habil ilə mübahisə eləmiş və mətbəxin şüşəsini yumruqla vuraraq sındırmışdır. Daha sonra dostları Fəqanı restorandan çıxarmışdır. Bir az sonra isə Fəqan yenidən restorana qayıtmış və oturduğu masaya yumruqla vuraraq masanı sındırmışdır. Daha sonra isə dostları Fəqanı evə aparmışdır. Məclis yekunlaşdıqdan sonra isə Şəmsiyyənin anası Püstə restoranın pulunu ödəyə bilməmişdir. Restorana cəmisi 790 manat pul ödəmiş və ümümilikdə 2750 manat borclu qalmışdırlar. Məhkəm istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 istintaq vermiş olduğu ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəm istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Lək kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Mahiyyəti üzrə qeyd etmişdir ki, X2 onun qızıdır. Şəmsiyyə təxminən 5-6 ay bundan əvvəl Bakı şəhər sakini Hüseyn adlı şəxs ilə tanış olaraq ailə həyatı qurmaq qərarına gəlmişdir. Aralarında olan razılığa əsasən onlar 2024cü ilin yanvar ayında nişan etməli imişlər. Buna görə də şadlıq sarayı axtarmaq qərarına gəlmişdirlər. Bir neçə restorana baxdıqdan sonra onlar nişanı Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Leyli şadlıq sarayında keçirmək üçün şadlıq sarayı ilə görüşməyə getmişdirlər. O, yoldaşı Cəfərov Habil ilə birlikdə restoranı danışmağa getmişdir. Restoran sahibi Arif ilə aralarındakı razılğa əsasən onun 80 nəfər qonağı gəlməli imiş və hər qonağa görə o, Arifə 40 manat, ümümilikdə isə 3200 manat pul ödəməli olmuşdur. Məclis 14 yanvar 2024-cü il tarixində saat 18:00-da başlamışdır. Ancaq onun nəzərdə tutduğu qonaqlardan bir çoxu məclisə gəlməmişdir. Məclis başladıqdan bir müddət sonra Hüseynin qardaşı Fəqan ofisiantdan araq istəmiş, ofisiant isə araq olmadığını söyləmişdir. Daha sonra Fəqan mətbəxə gələrək yoldaşı Habildən araq istəmiş, Habil araq olmadığını söylədikdə, Fəqan əsəbiləşərək mətbəxin şüşəsinə yumruqla vurmuş və şüşə sınmışdır. Sonra isə Habil ilə mübahisə etməyə başlamış və nalayiq ifadələr işlətmişdir. Daha sonra məclis iştirakçıları Fəqanı çölə çıxartmışdır. Bir az sonra Fəqan yenidən məclisə qayıtmış və oturduğu masaya yumruqla vurmuş və masa sınmışdır. Sonra isə Fəqanın dostları Fəqanı evə aparmışdırlar. Məclis yekunlaşdıqda nəzərdə tutduğu qonaqlar gəlmədiyi üçün cəmisi 790 manat pul yığılmışdır. Bu səbəbdən də o, restoran sahibi Arifə cəmisi 790 manat pul ödəyə bilmişdir. Onun ümumilikdə restorana 2750 manat borcu qalmışdır. Məhkəm istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Qarabağ qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Mahiyyəti üzrə qeyd etmişdir ki, o, günəmuzd olaraq restoranlarda, məclislərdə ofisinat kimi işləyir. 14 yanvar 2024-cü il tarixində “Xaxol” adı ilə tanınan Leyli şadlıq sarayının sahibi Zərərçəkmiş şəxs ona və dostu Sultana zəng edərək bu gün orada məclis olacağını bildirmiş və onun gəlibgəlməyəcəyini soruşmuşdur. O isə etiraz etməyək gələcəyini söyləmişdir. Məclis saat 18:00-da başlamışdır. O, məclis sahiblərindən heç birini tanımamışdır. Məclis başladıqdan bir müddət sonra tanımadığı sonradan adının Fəqan olduğunu öyrəndiyi bəyin qardaşı mətbəxə yaxınlaşaraq gəlinin atasından araq istəmişdir. Gəlinin atası isə Fəqana sərt cavab verərək araq olmadığını bildirmişdir. Bu zaman Fəqan ilə gəlinin atası arasında mübahisə yaranmışdır. Fəqan nalayiq ifadələr işlətməyə başlamış və sərxoş halda yumruqla mətbəxin şüşəsini sındırmışdır. Daha sonra dostları Fəqanı məclisdən çıxarmışdır. Bir az sonra Fəqan yenidən məclisə qayıtmış və masaya yumruq vurmuşdur. Zərbənin təsirindən masa sınmışdır. Daha sonra isə Fəqan adlı şəxs oradan uzaqlaşmışdır. Bir az sonra məclis yekunlaşmışdır. Məclis yekunlaşdıqda isə məclis sahibləri pulu verməyəcəklərini bildirmişdirlər. Amma bir az sonra məclis sahiblərindən biri 790 manat pul vermişdir. Ancaq qalan pulu verməkdən imtina etmişdir. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş, bu hərəkətlər digər şəxslərin narahatçılğına səbəb olmuş, bu hərəkətlərdən sonra məclis dağılmışdır. Məhkəm istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 istintaq vermiş olduğu ifadəsində Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 05 fevral 2024-cü il tarixli cinayət işi başlanması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 05 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin 8-28-ci vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına əsas və səbəb 14 yanvar 2024-cü il tarixdə Bərdə şəhərində yerləşən Zərərçəkmiş şəxs məxsus “Leyli” şadıq sarayında Bakı şəhər sakini Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək vətəndaşlar üzərində zor tətbiq olunması hədəsi ilə, həmçinin Zərərçəkmiş şəxs məxsus restoranın içərisində olan masanı və mətbəxin pəncərəsini qəsdən vurub sındıraraq xuliqanlıq etməsinə əsaslı şübhələrin olması faktı və həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Cinayət işinin 50-51-ci vərəqələrində olan 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 53-cü vərəqəsində olan 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin 57-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 59-60-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 04 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 103-104-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 119-120-ci vərəqələrində olan 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Bərdə Rayon Məhkəməsinin 1(021)-113/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, təqsirləndirilən şəxs tapılanadək və bu barədə məhkəməyə məlumat verilənədək cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. Cinayət işində olan Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2024-cü tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-yə təhvil verilmiş, onun barəsində tərtib olunmuş axtarış işinə xitam verilmişdir. Cinayət işində olan Bərdə Bərdə Rayon Məhkəməsinin 1(021)-17/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(021)-17/2025 saylı cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 33-34-cü vərəqələrində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 130-131-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 130-131-ci vərəqəsində olan Bərdə Ticarət Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli 36 nömrəli məktubundan görünür ki, 2024-cü ilin yanvar ayında Bərdə Ticarət Mərkəzində ölçüsü 100x80 sm ölçüdə olan pəncərə şüşəsinin orta bazar qiyməti 50 manat, diametri 180 sm olan taxta materialından hazırlanmış 12 nəfərlik dairəvi masanın orta bazar qiyməti isə 250 manat təşkil edir. Cinayət işinin 135-ci vərəqəsində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Tovuz Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 29 aprel 2024-cü il tarixli 18-1-76/2-440/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Tovuz RMX” PHŞ-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin 137-138-ci vərəqələrində olan Tovuz rayon İHB-nın Hunanlar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu, Hunanlar kəndində qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ailəlidir, bir övladı var. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, dəymiş zərəri ödəməsini, zərəçəkmiş şəxslə barışmasını, ailəli olmasını və himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər məhkumluğunun olmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində 19 fevral 2024-cü il tarixli qərarla axtarış elan edilmiş, 04 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuş, 06 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Bərdə RPŞnin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyindən Bərdə Bərdə Rayon Məhkəməsinin 1(021)-113/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-yə təhvil verilmiş, onun barəsində tərtib olunmuş axtarış işinə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdən- 06 aprel 2024-cü il tarixədək və 07 noyabr 2024-cü il tarixdən -27 yanvar 2025-cü il tarixinədək həbsdə saxlanmış 2 ay 22 gün müddət nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı və məhkəmə iclas zalından dərhal azad olunmalıdır. . Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdən-06 aprel 2024-cü il tarixədək və 07 noyabr 2024-cü il tarixdən -27 yanvar 2025-cü il tarixinədək həbsdə saxlanmış 2 ay 22 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar