Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-170/2025 19.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Bərdə rayonu, Dəymədağıldı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, məhkum edilməmiş, Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2964/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)-1018/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək 4860 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadələri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 2010-cu il ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş və nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahlarından 2011-ci ildə Ülvi adlı bir uşaqları anadan olmuşdur. 2016-cı ilin fevral ayında Zərərçəkmiş şəxs ondan ayrılıb uşağı ilə birlikdə ayrı yaşayır. Zərərçəkmiş şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə yaşadıqları kəndinin ərazisində ailə üzvləri ilə birlikdə mülkiyyətində olan 1,70 hektar pay torpaq sahəsini hər ili 700 manat olmaqla icarəyə vermiş və Bərdə rayon ərazisində müxtəlif kəndlərdə fəhlə olaraq günəmuzd hər günə 15,00 manat olmaqla hər aya 450 manat qazanc əldə etmişdir. Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, xəbərdarlıq edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2025-ci il tarixli təqdimatda qeyd edilən cəmi 4860 manat aliment borcu yaranmışdır. 2021-ci ilədək əlillik dərəcəsi olmuş, mütəmadi olaraq aldığı pensiyadan tutulmalar olmuş, hazırda işsizdir, əlilliyi ləğv edilmişdir, himayəsində xəstə anası və bacısı vardır. Yaranmış borcu ödəmək iqtidarında deyil. Zərərçəkmiş şəxsin ifadələri: Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2010-cu il ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar və nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahlarından 2011-ci ildə Ülvi adlı bir uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Təqsirləndirilən şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs onu heç bir səbəb olmadan döyüb söyürdü və onu bir arvad kimi sayıb hörmət etmirdi. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2017-ci ilin avqust ayında Təqsirləndirilən şəxs ilə ayrılıb uşağı ilə birlikdə ayrı yaşayır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu yaşadıqları kəndin ərazisində ailə üzvləri ilə birlikdə mülkiyyətində olan pay torpaq sahəsində əkin biçinlə məşğul olmaqla hər ilə 5000 manat qazanc əldə etmiş və Bərdə rayon ərazisində müxtəlif kəndlərdə fəhlə olaraq günəmuzd hər günə 20 manat olmaqla hər aya 600 manat qazanc əldə etmişdir. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşağının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmiş və o, heç bir yerdə işləmədiyi üçün uşağı təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə qardaşının maddi yardımı ilə uşağını saxlayırdı. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2964/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2025-ci il tarixli təqdimatda qeyd edilən cəmi 4860 manat aliment borcu yaranmışdır. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bərdə Rayon İcra və Probasiya şöbəsinin icra məmuru vəzifəsində işləyir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2964/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün xx.xx.2024-cü il tarixdə şifahi və rəsmi xəbərdarlıq olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)-1018/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 08 (səkkiz) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2025-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 4860 manat məbləğində aliment borcu yaranmışdır. Eşitdiyinə görə Təqsirləndirilən şəxs Bərdə rayon ərazisində müxtəlif kəndlərdə günəmuzd fəhlə olaraq işləməklə hər günə 30 manat qazanmaqla hər aya 900 manat qazanc əldə edir. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdiklərini təsdiq etmişdir. Cinayət işinin materiallarına istinadlar: Bərdə Rayon Məhkəməsinin 2(021)-2964/2018 nömrəli mülki iş üzrə xx.xx.2018-ci il tarixli Qətnaməsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay 90 manat sabit məbləğdə pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 3(021)-1018/2024 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. (cild 1, iş vərəqləri 26-28) xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2964/2018 saylı qətnaməsi üzrə ödənilməmiş aliment borcunun ödənilməsini təmin etməyəcəyi halda Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmağına dair barəsində toplanmış materiallar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi barədə xəbərdar edilmişdir. (cild 1, iş vərəqə 32) Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqləri 61-62) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 X5 Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bərdə rayon, Dəymədağıldı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Nazirliyin MEİS-in “Əmək və Məşğulluq" altsistemində işaxtaran və ya işsiz kimi qeydiyyatı mövcud deyildir. (cild 1, iş vərəqə 37) Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə:
1. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, törədilmiş əməl qəsdən törədilmişdir. Törədilmiş əməl Cinayət Məcəlləsinin 15ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir.
2. Belə ki, Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulur.
3. Məhkəmə cinayət işinin materiallarını tədqiq edib, proses iştirakçılarının ifadələrini dinləyib, müəyyən etmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşağı olmuşdur, nikah pozulandan sonra Bərdə Rayon Məhkəməsinin 2(021)-2964/2018 nömrəli mülki iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs üzərinə uşaq yetkinlik yaşına çatanadək hər ay 90 manat alimentin ödənilməsi öhdəliyi qoyulmuşdur. Həmin qətnaməni icra etmədiyinə görə Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 3(021)-1018/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilmiş, barəsində 8 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh seçilmişdir. İcra orqanı tərəfindən borcluya xəbərdarlıq edilsə də o, qətnamə ilə müəyyən edilmiş aliment borcunun ödənilməsindən yayınmağa davam etmiş, nəticədə barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinin başlanılmasına səbəb Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimat, əsas isə icra orqanında toplanmış material olmuşdur. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatından görünür ki, təqsirləndirilən şəxsin xx.xx.2025-ci il tarixə 4860 manat borcu vardır.
4. Göründüyü kimi, təqsirləndirilən şəxsin törətdiyi əməl Cinayət Məcəlləsinin 306.1ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərini özündə əks etdirir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə halında bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Bununla yanaşı nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014cü il qərarında qeyd edilmişdir ki, eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir, Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarlarında Cinayət Məcəlləsinin 306-cı maddəsinin “qərəzli icra etməmə” tərkib əlamətinə verilən şərhin əlamətləri təqsirləndirilən şəxsin törətdiyi əməldə öz əksini tapır. Təqsirləndirilən şəxs aliment məbləğini uzun müddət (4860 manat / 90 manat = 54 ay = 4.5 il) ərzində ödəmədiyi, bununla bağlı inzibati məsuliyyətə cəlb edildiyi, icra orqanı tərəfindən ona xəbərdarlıq göndərilərək yeni icra müddətinin təyin edilməsinə baxmayaraq hərəkətsizlik formasında cinayət əməlini davam etdirməsi, eləcə də əmək qabiliyyətli olması, qətnamənin icrasını mümkünsüz edən obyektiv halların olmaması əməlin məhz qərəzli şəkildə törədilməsinin göstəricisidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014cü il tarixli qərarda göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 2 oktyabr 2012-ci il tarixli və 18 dekabr 2014-cü il tarixli Qərarların məzmunundan müəyyən olunur ki, Cinayət Məcəlləsinin “Məhkəmə qərarını icra etməmə” cinayət tərkibi yalnız şəxsin İnzibati Xətalar Məcəlləsinin “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi” (qüvvədə olan İXM-nin 528-ci maddəsi) inzibati xətaya görə məsuliyyətə cəlb edildikdən sonra yaranır. Bu zaman cinayət məsuliyyətinin yaranması İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş şəxsin inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 illik müddət (qüvvədə olan İXM-nin 35-ci maddəsi) ilə məhdudlaşdırılmır.
5. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəllənin) 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə tədqiq olunmuş iş materiallarında olan sənədləri ilə, həmçinin məhkəmədə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələri ilə cinayət əməli sübuta yetirilmişdir.
6. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir.
7. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
8. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 59-ci və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi.
9. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə görə, həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq, Bakı şəhəri Nərimanov Rayon Polis X4 Yerinə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 1 gün ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır.
10. Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
11. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
12. Azərbaycan Respublikasının Ali Məhkəmə Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 20-ci bəndinə əsasən, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2025-ci il tarixdən hesablanmalıdır.
13. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 4 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 44 manat məbləğində pul köçürülməlidir.
14. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Cinayət-Prosessual Məcəllənin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökmetdi:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 1 (bir) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində qəti olaraq 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın.
3. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın.
4. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o məhkəmə iclas zalında dərhal həbs edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına yerləşdirilsin.
5. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
6. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
7. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 44 (qırx dörd) manat məbləğində pul köçürülsün.
8. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
9. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Bayram Məhərrəmov