Məhkəmə qərarları › İş №1(021)-172/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-172/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-172/2022 12.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 2002-ci il tarixdə Saatlı rayonu Qara Nuru kəndində doğulmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Saatlı rayonu Qara Nuru kənində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Binəqədi kəndində yerləşən hərbi şəhərcikdəki fərdi evdə kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ona görə ittiham verilmişdir ki, o, 2021-ci ilin sentyabr ayında “Whatsapp” sosial şəbəkəsində tanış olduğu, aşkar surətdə on altı yaşına çatmayan Bərdə rayon sakini xx xxxxxxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs evlənəcəyini bildirməklə yalan vəd verib aldadaraq 02 yanvar 2022-ci il tarixdə yaşadığı Bərdə rayonundan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə apararaq həmin gün saat 23:00 radələrində təbii yolla cinsi əlaqədə olub qızlıq pərdəsinin tamlığını pozduqdan sonra cinayət əməlini davam etdirərək 03 yanvar 2022-ci il tarixdə saat 07:00 radələrində həmin evdə yenidən Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuş, yenidən evlənmək məqsədilə danışıqlar aparmaq üçün Bərdə rayonuna gələrək Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə kirayədə yaşadığı Bərdə şəhəri S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evində qaldığı 21 aprel 2022-ci il və 22 aprel 2022-ci il tarixlərində saat 14:00 radələrində həmin evin yataq otağında Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmaqla sonuncuya qarşı on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o xx xxxxxxx 2002-ci il tarixdə Saatlı rayonunda anadan olmuşdur, psixoloji, fiziki və əqli qüsuru yoxdur, bu və ya digər xəstəliklərlə bağlı hər hansı xəstəlik keçirməmişdir və heç bir tibb müəssisəsində qeydiyyatda deyil. Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi kəndində yerləşən hərbi şəhərcikdə kirayədə yaşayır. Təxminən 2021-ci ilin sentyabr ayında “Whatsapp” sosial şəbəkəsi vasitəsilə xx xxxxxxxx 2006-cı il təvəllüdlü Bərdə rayon sakini Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Onlar mobil telefon vasitəsilə mütamadi əlaqə saxlamış, Gülcandan yaşını soruşan zaman ona 17 yaşı olduğunu demişdir. Baş vermiş hadisədən təxminən 20 gün əvvəl telefon əlaqəsi saxlayan zaman Gülcan ona “Səni sevirəm, sənə ərə gəlmək istəyirəm” demiş və onunla evlənmək məqsədilə qaçmağı təklif etmişdir. O, Gülcanın təklifi ilə razılaşmış, həmin gündən sonra Gülcanın istifadə etdiyi mobil telefon nömrəsinə zəng çatmamışdır. Bundan 3 gün sonra Gülcan anası və nənəsinin istifadəsində olan mobil telefon nömrələri ilə ona zəng edib evdən qaçacağını demişdir. Gülcana 02 yanvar 2022-ci il tarixdə Bakı şəhərinə gəlməsini, qarşılayacağını bildirmiş, həmin tarixdə Gülcan yenidən zəng edib evdən çıxdığını və Bakı şəhərinə gəldiyini demişdir. Həmin gün Gülcan Bakı şəhərinə gəlmiş, o, Gülcanı qarşılayıb kirayə tutduğu Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi 169 ünvanında yerləşən evə aparmışdır. Evin sahibi Zahid adlı şəxsi aldadaraq Gülcanın bacısı olduğunu və uzaq yoldan gəldiklərini dediyi üçün Zahid evi 20 manat pul qarşılığında bir gecəlik kirayə verməyə razılaşmışdır. Gülcanla 02 yanvar 2022-ci il tarixdə saat 23:00 radələrində və 03 yanvar 2022-ci il tarixdə saat 07:00 radələrində həmin evdə iki dəfə cinsi əlaqədə olmuşdur. Cinsi əlaqə zamanı Gülcanın bakirəliyinin pozulmuş olduğunu bilib kim tərəfindən pozulduğunu soruşduqda, Gülcan ona rayonda idman edərkən pozulduğunu demişdir. Ertəsi gün günorta saatlarında yemək yeyən zaman Gülcan ona evlərinə qayıtmaq istədiyini demiş, Gülcana getməməsini, onunla evlənərək ailə kimi yaşamağı təklif etsə də, Gülcan əsəbi halda gedəcəyini dilə gətirmişdir. Daha sonra Gülcan getmək üçün ondan pul istəmiş, o da cibində olan 18 manat pulun 13 manatını Gülcana vermişdir. Sonra Gülcan çıxıb getmiş və yolda taksi sürücüsünün mobil telefonu ilə zəng edib narahat olmamasını bildirmişdir. Gülcanla evlənmək fikri ciddi olmuş, bununla bağlı anası bir neçə dəfə Gülcanın anası ilə danışaraq razılığa gəlmiş və həm barışmaq, həm də toy danışıqları aparmaq üçün Gülcangilin evinə getməyi planlaşdırmışdır. O, bu məqsədlə 20 aprel 2022-ci il tarixdə Gülcanın ailəsinin yaşadığı Bərdə şəhərində yerləşən evə qonaq getmiş, Gülcanın anası ondan valideynlərinin nə üçün gəlmədiyini soruşduqda, bir-iki gün sonra gələcəkləri cavabını vermişdir. Bundan sonra Gülcanın anası ona evlərində qalmağa icazə vermişdir. Həmin evdə qonaq qaldığı müddətdə iki dəfə, yəni 21 aprel 2022-ci il və 22 aprel 2022-ci il tarixlərində Gülcanın anası işdə olduğu günorta saat 14:00 radələrində Gülcanla yenidən cinsi əlaqədə olmuşdur. Sonra Gülcan valideynlərinin gəlməməsi ilə bağlı mübahisə edərək onu evdən qovmuş, o isə oradan çıxıb öz evlərinə qayıtmışdır. Həmçinin Təqsirləndirilən şəxs dindirilərkən ona verilən suallara cavab olaraq 02 yanvar 2022-ci il və 03 yanvar 2022-ci il tarixlərində Gülcanla öz razılığı ilə cinsi əlaqədə olduğunu, lakin Gülcanın bakirəliyini pozmadığını, həmin vaxt Gülcanın yetkinlik yaşına çatmayan şəxs olmasını bilmədiyini, tanış olan zaman Gülcanın ona 17 yaşının olmasını dediyini, cinsi əlaqədə olarkən Gülcana qarşı heç bir fiziki zor tətbiq etmədiyini, belə bir fikri olmadığını, Gülcanın onunla öz razılığı ilə cinsi əlaqədə olduğunu, sonuncu dəfə Gülcanla 21 aprel 2022-ci il və 22 aprel 2022-ci il tarixlərində Bərdə şəhəri S.Vurğun küçəsində yerləşən evdə cinsi əlaqədə olduğunu bildirmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid3 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə düşmənçilik və ədavəti yoxdur. X9 işi ilə bağlı bir müddət Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində xatırlamadığı ünvanda kirayədə yaşamışlar. 2019-cu ilin iyun ayında atası xəstəliyi ilə Bərdə şəhərinə qayıtmış və 2019-cu ilin iyul ayında öldüyü üçün onlar bir daha Bakı şəhərinə qayıtmamış, Bərdə şəhərində qalmışlar. Ailəsi 1999-cu il təvəllüdlü bacısı Şahid1, 2001-ci il təvəllüdlü qardaşı Şahid2, 1979-cu il təvəllüdlü anası Şahid3 və özündən ibarətdir. Bacısı və qardaşı ailə qurub öz evlərində yaşayır, özü isə anası ilə birlikdə Bərdə şəhəri S.Vurğun küçəsində yerləşən evdə kirayədə yaşayır. 2021-ci ilin sentyabr ayında “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Saatlı rayonu Qara Nuru kəndində anadan olmuş, Bakı şəhərində yaşayan xx xxxxxxx 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ilə tanış olmuş, mobil telefon vasitəsilə mütəmadi əlaqə saxlamış, danışmış, xoş ünsiyyət qurmuşlar. Təqsirləndirilən şəxs onunla ünsiyyəti zamanı ona qarşı fikrinin ciddi olduğunu, evlənmək istədiyini bildirmiş və bu niyyətlə danışmışdır. Təxminən 3-4 ay bu kimi fikirlərlə sevgili kimi ünsiyyət qurduqdan sonra evdən qaçıb Heydərin yanına getməyə razılaşmışdır. Belə ki, 02 yanvar 2022-ci il tarixdə yaşadığı evdən Bakı şəhərinə qaçıb Heydərin yanına getməyi planlaşdırmış, bu planını həyata keçirməklə valideynindən xəbərsiz, gizli şəkildə Bakı şəhərinə getmiş və Heydərlə Bakı şəhəri Yasamal rayonu ərazisində “20 Yanvar” dairəsi adlandırılan yerin yaxınlığında görüşmüş və birlikdə Heydərin həmin ərazidə tanıdığı, kirayə evlərin verildiyi yerə getmişlər. Heydər Yasamal rayonu ərazisində gecələmək üçün ev tutmuş və onlar həmin evdə qalmışlar. Heydər onunla evlənəcəyinə söz verib cinsi əlaqədə olmaq istədiyini bildirmiş, bu sözə inandığı üçün Heydərin onunla cinsi əlaqədə olmasına icazə vermişdir. Beləcə, həmin gün saat 23:00 radələrində Heydərin kirayə tutduğu tanımadığı mənzildə cinsi əlaqədə olmuşlar. Ertəsi gün, yəni 03 yanvar 2022-ci il tarixdə saat 07:00 radələrində Heydər həmin evdə yenə onunla cinsi əlaqədə olmaq istəmiş, bu dəfə də Heydərlə könüllü olaraq cinsi əlaqədə olmuşdur. Heydər ondan niyə bakirə olmadığını soruşduqda o, rayonda idman edənrkən bakirəliyinin pozulduğunu demişdir. Əslində isə bakirəliyini 2020-ci ildə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində qaldığı müddətdə tanış olduğu “Tural” adlı şəxs pozmuşdur. Həmin vaxt yalan deməsi Heydərin ondan ayrılmamasına görə olmuşdur. Bundan sonra bir az söhbətləşmiş və valideynlərinin yanına apararaq onu onlarla tanış etməyi Heydərdən xahiş etmiş, lakin Heydər bunu ertələyib “Uşaq filan olsun, sonra səni apararam, tanış olarsan” demişdir. O, buna əsəbiləşib mübahisə etməyə başlamışdır. Bu zaman hiss etmişdir ki, Heydər onu aldadıb cinsi əlaqədə olmuşdur. 03 yanvar 2022-ci il tarixdə həmin evdə gecələdikdən sonra ertəsi gün, yəni 04 yanvar 2022ci il tarixdə saat 14:00 radələrində Balaxanı qəsəbəsində yaşayan ailə dostu olan, anket məlumatlarını bilmədiyi “Xəyalə” adlı xanımın evinə getmişdir. Bir neçə saat orada oturduqdan sonra anası Xatirə gəlib onu Bərdə şəhərinə aparmışdır. Bərdə rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən araşdırma aparılmağa başlanmış, təxminən bir ay sonra isə o və anası Yasamal rayon Polis İdarəsinə dəvət edilərək araşdırmanın davam etdirildiyi bildirilib izahatı alınmışdır. Bundan bir müddət sonra Heydərin özü onunla, anası isə onun anası Xatirə ilə daha sıx ünsiyyət qurmağa, yaxın münasibət saxlamağa başlamışdır. Söhbətlərdən birində Heydərin də Yasamal rayon Polis İdarəsinə dəvət edilərək izahatının alındığını öyrənmiş və məsələnin mənfi nəticələr doğurmaması üçün Heydərin onunla evlənəcəyini eşitmişdir. Belə ki, mütəmadi olaraq onlarla ünsiyyət quran Heydərin anası barışıq olmasını xahiş edib onların evlənməsi barədə danışmışlar. Bundan sonra anası Xatirə razılığa gələ biləcəklərini bildirib Heydərin ailəsini barışıq, həmçinin toy danışıqları üçün Bərdə şəhərindəki evlərinə dəvət etmişdir. 20 aprel 2022-ci il tarixdə Heydər Bərdə şəhərinə gəlib onların evində qonaq olmuş, anası Heydərdən niyə tək gəldiyini, bu formada danışmadıqlarını, ailəsinin gəlib barışıq edəcəyini və toy barədə danışacaqlarını dedikdə, Heydər valideynlərinin bir-iki günə gələcəklərini bildirmişdir. Buna görə də anası, valideynlərinin gələcəyi vaxtadək Heydərin onların evində qalmasına razı olmuşdur. Bu müddətdə iki dəfə, yəni 21 aprel 2022-ci il və 22 aprel 2022-ci il tarixlərində anasının işdə olduğu vaxtlarda Bərdə şəhəri S.Vurğun küçəsində yerləşən evdə Heydərlə yenidən cinsi əlaqədə olmuşdur. Bir neçə gün keçsə də, Heydərin valideynlərinin barışıq və toy danışığı üçün gəlmədiklərini görüb mübahisə edərək Heydəri evdən qovmuş və bir daha ünsiyyət saxlamamışdır. İlk dəfə 2020-ci ildə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşadığı müddətdə tanış olduğu “Tural” adlı şəxslə təbii yolla cinsi əlaqədə olduğunu, bakirəliyinin məhz həmin vaxt pozulduğunu, bütün cinsi əlaqələrinin öz istəyi, razılığı və icazəsi ilə baş tutduğunu, cinsi əlaqə zamanı ona qarşı hər hansı fiziki və ya mənəvi güc, zor və sair tətbiq edilmədiyini, “Tural” adlı şəxsin anket məlumatları barədə heç bir məlumatı olmadığını, ilk dəfə cinsi əlaqədə olarkən 14-15 yaşı olduğundan hər şeyi dərk etmədiyini, “Tural”-ın sadəcə adını öyrəndiyini, başqa məlumatlarını soruşmadığını, həmin dövrdə mobil telefon işlətmədiyi üçün “Tural” adlı şəxsin mobil nömrəsi barədə heç bir məlumat verə bilməyəcəyini, həm “Tural” adlı şəxslə, həm də Heydərlə cinsi əlaqədə olmazdan öncə onların hər ikisinə təvəllüdü barədə məlumat verdiyini, sonuncu dəfə Heydərlə 22 aprel 2022ci il tarixdə Bərdə şəhəri S.Vurğun küçəsində yerləşən kirayədə yaşadığı evin yataq otağında cinsi əlaqədə olduğunu, Bakı şəhərinə qaçmazdan əvvəl yaşadıqları evdə bacısı X4 ilə mübahisə etdiklərini, mübahisə zamanı Zərifənin əli ehtiyatsızlıqdan göz nahiyəsinə dəydiyindən qızartı əmələ gəldiyini, məhkəmə-tibbi ekspertizasının rəyində qeyd edilən sol gözün ağlı qişasına geniş qansızma xəsarətini bu formada aldığını bildirmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs şikayətçi olmadığını, lakin onunla barışmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısıdır. 02 yanvar 2022-ci il tarixdə saat 15:00 radələrində xalasıoğlu Əli onların evində olan zaman Gülcan Əli ilə birlikdə xalasıgilə getmişdir. Həmin gün saat 17:00 radələrində Əli mobil telefon vasitəsilə ona zəng edib Gülcanı avtobusla yola saldığını bildirmişdir. Bir qədər vaxt keçsə də, Gülcan gəlməmiş, Gülcanın mobil telefonuna zəng etməsinə baxmayaraq telefon bağlı olmuşdur. Daha sonra Əlinin mobil nömrəsinə zəng edərək Gülcanın hədə də gəlib çıxmadığını bildirmişdir. Həmin gün Gülcanı xeyli axtarmış, gedə biləcəyi yerlərə zəng etmiş, lakin gördüm deyən olmamışdır. Buna görə də saat 21:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzi xidmətinə bacısının evdən çıxıb geri qayıtmaması barədə müraciət etmiş, müraciəti əsasında Bərdə rayon polis şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Gülcan 02 yanvar 2022-ci il tarixdə Bakı şəhərində yaşayan sevdiyi oğlan Heydərin yanına gedərək görüşmüş və onlar birlikdə gecələmişlər. Bundan sonra anası Şahid3 Bakı şəhərinə gedərək Gülcanı yaşadıqları evə gətirmişdir. Gülcan könüllü olaraq Heydərin yanına getdiyini və orada cinsi əlaqədə olduqlarını bildirmişdir. 2022-ci ilin aprel ayında Heydər onların yaşadıqları evə gəlmiş və Gülcan ilə ailə quracağını bildirərək iki gün onların evində qalmışdır. Lakin Heydərin valideynləri gəlmədiyi üçün Gülcan tərəfindən evdən qovulmuşdur. Bundan sonra o, Heydəri görməmiş, bacısı ilə Heydər arasında olan sevgi münasibətləri və telefon danışıqlarından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Ailəsi ilə birgə yaşamadığından Təqsirləndirilən şəxs onlarda qalmağından və onun bacısı ilə hər hansı bir münasibətlərinin olmasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. O, evdə qızı ilə tək yaşayır. İşi ilə əlaqədar səhər gedib və gecə qayıdır. Təqsirləndirilən şəxs onlarda iki gün qalıb və valideynlərinin toy danışığına gələcəyini bildirmişdir. Lakin valideynllərinin gəlmədiyini görüb onu evindən qovmuş və evində yaşamasına icazə verməmişdir. Bundan sonra o, Heydəri görməmiş, qızı ilə Heydər arasında olan sevgi münasibətləri və telefon danışıqlarından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xalası oğludur. 02 yanvar 2022-ci il tarixdə xalası Xatirənin yaşadığı evə getmiş, həmin vaxt Gülcan anasından icazə alaraq onunla birlikdə evlərinə gəlmişdir. Təxminən bir saat onların evində oturduqdan sonra Gülcan evə getmək istədiyini bildirmiş, o da Gülcana 1 manat pul verərək avtobusa əyləşdirib yaşadığı evə yola salmışdır. Ancaq təxminən bir saat sonra xalası Xatirə, xalasıqızı Zərifə və xalasıoğlu Baycan onun mobil nömrəsinə zəng edərək Gülcanın hələ də evə gəlib çıxmadığını bildirmişlər. O, Gülcanı bayaqdan yola saldığını, indiyə çatmalı olduğunu demişdir. Sonradan məlum olmuş ki, Gülcan onların evindən çıxıb yaşadığı evə deyil, Bakı şəhərinə sevdiyi oğlanın yanına getmiş, sonradan xalası Xatirə Bakı şəhərinə gedərək Gülcanı evə gətirmişdir. Bundan başqa onun Gülcan və Heydər arasında olan sevgi münasibətləri və telefon danışıqlarından xəbəri olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 02 yanvar 2022-ci il tarixdə saat 11:00 radələrində tanımadığı şəxslər yaşadığı evə gələrək ondan kirayə qalmaq üçün ev istəmişlər. O, həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənəd istəmiş, sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs yanındakı Zərərçəkmiş şəxs ilə bacı-qardaş olduqlarını demişdir. O, gecə bayırda qalmasınlar deyə Heydər və Gülcana qalmaq üçün birotaqlı ev vermiş, bunun qarşılığında Heydərdən 20 manat pul almışdır. Heydər və Gülcan onun evində yalnız bir gecə qalmış və ertəsi gün səhər tezdən çıxıb getmişlər. O, Heydər və Gülcanın sevgili olduqlarından xəbərsiz olmuş, özlərinin deməsinə görə, bacı-qardaş olduqlarını zənn etmişdir. Buna görə də Heydərin Gülcanla hər hansı münasibətdə olduğunu bilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 Bərdə rayon ekspertiza şöbəsinin 05 yanvar 2022-ci il tarixli 08 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - sol gözün ağlı qişasına geniş qansızma küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş olub müddəti 02 yanvar 2022-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqəyə aid hər hansı bir əlamət aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs barəsində təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 08 iyul 2022-ci il tarixli 613 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 08 iyul 2022-ci il tarixli 634 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girməsinə mane ola biləcək hər hansı bir anomaliya aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs barəsində təyin edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 28 iyun 2022-ci il tarixli 1704 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməllər dövründə hər hansı bir xəstəlikdən əziyyət çəkməmişdir. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməllər dövründə öz hərəkətlərinin mənasını dərk etmək, həmçinin ona qarşı törədilən hərəkətləri qavrayıb təsvir etmək qabiliyyətində olmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs halhazırda baş verənləri düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur. Əqli imkanlarına görə onunla baş vermiş hadisəni qavramaq, təsvir etmək, öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı edilən hərəkətlərin mahiyyətini anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Zərərçəkmiş şəxs özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmamışdır. Zərərçəkmiş şəxs qarşı edilən seksual hərəkətlər zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 07 iyul 2022-ci il tarixli 1791 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, o, halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, hövsələsizlik, konfliktə və mübahisəyə meyillilik, inadkarlıq, eqosentrizm və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə və başqalarının təsiri altına düşməyə meyillilik əlamətləri müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 07 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 02 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olduğu ev ünvan 4 ünvanında yerləşən Şahid5 məxsus fərdi yaşayış evidir. Baxış zamanı Şahid5 göstərilən tarixdə gecələmələri üçün Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs verdiyi otağı əli ilə göstərmişdir. Hadisə yerindən sübut əhəmiyyəti kəsb edə biləcək heç bir əşya, predmet, sənəd və sair götürülməmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş iş üzrə 05 avqust 2022-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon Polis Şöbəsinin 10 avqust 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Zərərçəkmiş şəxs ilə 21 aprel 2022-ci il və 22 aprel 2022-ci il tarixlərində Bərdə şəhəri S.Vurğun küçəsində yerləşən evdə cinsi əlaqədə olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Saatlı rayon İcra Hakimiyyəti başçısının Qara Nuru kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 30 avqust 2022-ci il tarixli 787 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X5 rayonu Qara Nuru kəndində qeydiyyatdadır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə mənfi xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 18 fevral 2022-ci il və 24 may 2022-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında “Whatsapp” sosial şəbəkəsində tanış olduğu, aşkar surətdə on altı yaşına çatmayan Bərdə rayon sakini xx xxxxxxxx 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs evlənəcəyini bildirməklə yalan vəd verib aldadaraq 02 yanvar 2022-ci il tarixdə yaşadığı Bərdə rayonundan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə apararaq həmin gün saat 23:00 radələrində təbii yolla cinsi əlaqədə olub qızlıq pərdəsinin tamlığını pozduqdan sonra cinayət əməlini davam etdirərək 03 yanvar 2022-ci il tarixdə saat 07:00 radələrində həmin evdə yenidən Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuş, yenidən evlənmək məqsədilə danışıqlar aparmaq üçün Bərdə rayonuna gələrək Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə kirayədə yaşadığı Bərdə şəhəri S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evində qaldığı 21 aprel 2022-ci il və 22 aprel 2022-ci il tarixlərində saat 14:00 radələrində həmin evin yataq otağında Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmaqla sonuncuya qarşı on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətməsi, seksual xarakterli hərəkətlər etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və təqsirləndirilən şəxsin törətmiş olduğu əməllər ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə hansı cəza növlərinin təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Çünki təqsirləndirilən şəxslərə təyin edilən cəzaların əsas fəlsəfəsi onları yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında vəməsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “...cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir.” Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar mövcud deyildir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.2-ci maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs оğlunun cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissi keçirtməsini, habelə törədilmiş cinayətin obyektiv cəhətini, zərərçəkmiş şəxsin gərgin və emosional psixoloji vəziyyətə salmasını, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin davranışını və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəlsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Çünki Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədlərini təmin edir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsində nəzərdə tutulmuş əməllər qəsdən törədilmiş az ağır cinayətlər olduğundan sonuncu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, məhkəmə iclas zalından dərhal həbs olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X8 barədə seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və sonuncu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut, məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar