Məhkəmə qərarları › İş №1(021)-175/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-175/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-175/2022 12.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Ağdərə rayon Sırxavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmuş, orta təhsilli, Ağdam rayon Sırxavənd kəndində qeydiyyatda olan və Bərdə rayon Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə saat 01 radələrində Bərdə şəhər Ü.Hacıbəyov küçəsində yerləşən kafedə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən yumruqla Zərərçəkmiş şəxs ağız nahiyəsinə bir dəfə vuraraq sonuncuya üst dodaq nahiyəsinin sıyrığı, üst dodaq nahiyyəsinin selikli qişasının əzilmiş yarası, üst çənədə 1 ədəd dişin sınması, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs tanıyır. Onunla heç bir qərəzliliyi və düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bərdə rayon Qəhramanlar parkının yanında olan kafedə dostları Xəyyam və Araz ilə oturub yeyib içərkən, kafeyə Seymur gəlmiş, Seymur onlardan kənarda oturmuş və pivə içməyə başlamışdır. Onlar orada olarkən Seymur tez-tez söyüş söymüş, Seymura kafedə tək olmadığını, söyüşlə danışmamasını demişdir. Saat təxminən 01 radələrində Seymur yenə söyüşlə danışdığı üçün Xəyyamla aralarında mübahisə olmuş və onlar bir qədər danışdıqdan sonra hərəsi öz yerində oturmuşdur. Seymura onunla oturanların onun qonaqları olduğunu, sonra danışacaqlarını demiş və masaya tərəf gəlib oturmaq istəyəndə Seymur yenə söyüş söymüşdür. Bu zaman Seymurun masasına qayıtmış və Seymura bayaqdan neçə dəfə söyüş söyməməsini dediyini bildirmişdir. Həmin vaxt Seymur söyüşü ona söymədiyini demiş və onu sinəsindən itələmişdir. Həmin vaxt əlinin içi ilə Seymurun ağzından bir dəfə vurmuşdur. Sonra Seymur öz masasına oturmuş, o, da hesabı verib oradan çıxmışdır. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir qərəzliliyi və düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Bərdə rayonu Qəhramanlar parkının yanında olan kafeyə gedərkən, Şirxanın da yanında tanımadığı şəxslərlə orada olduğunu və yeyib içdiklərini görmüşdür. Kafedə yeyib-içərkən Şirxanla oturan və adını bilmədiyi şəxslə aralarında sözlü mübahisə olmuş və danışaraq razılaşmışlar. Həmin vaxt Şirxan yanına gəlmiş və onların onun qonaqları olduğunu, sonra öz aralarında danışacaqlarını demişdir. Sonra Şirxan və dostları onun yanından getmiş və öz masalarında oturmuşlar. Sonra Şirxanın dostu qayıtmış və onunla söyüşlə danışmışdır. Şirxana hamının içkili olduğunu, sonra danışacaqlarını demişdir. Bu zaman Şirxan onun yanına gəlmiş və yumruqla onun ağzının üstündən vurmuşdur. Zərbədən o, yerə yıxılmış və orada olanlar onları ayırmışlar. Şirxan və yanında olan şəxslər oradan getmiş, o, kafedə qalmış və əl üzünü yuduqdan sonra yaşadığı evə getmişdir. Hal-hazırda barışmış və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bərdə rayonunda yerləşən Qəhramanlar parkının yanında olan kafedə Şirxan və Arazla oturub yeyib içirkən, Seymur kafeyə gəlmiş və yan masada tək oturaraq pivə içmişdir. Seymur tez-tez söyüşlə danışmış, Şirxan ona bir-iki dəfə irad bildirmişdir. Seymur yenə də söyüşlə danışdığı üçün Seymura istirahət etdiklərini, söyüş söyməməsini demiş, həmin vaxt aralarında kiçik mübahisə olmuş və danışaraq razılaşmışlar. Daha sonra Şirxan Seymurun yanına getmiş və qonaqları olduğunu, səs küy olmasını istəmədiyini demişdir. Lakin Seymur içkili olduğu üçün buna məhəl qoymayaraq yenə söyüşlə danışmışdır. Şirxan Seymurun yanına getmiş, bayaqdan neçə dəfə ona söyüşə görə xəbərdarlıq etdiyini bildirmiş, həmin vaxt Seymur söyüşü Şirxana söymədiyini demiş və Şirxanın yaxasından itələmişdir. Şirxan da onun ağzından əli ilə vurmuşdur. Daha sonra Şirxan onun üstünə getməmiş, masaya qayıdaraq hesabı ödəmiş və onlar birlikdə kafedən çıxmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bərdə rayonunda yerləşən Qəhramanlar parkının yanında olan kafedə Şirxan və Xəyyamla oturub yeyib içirkən Seymur kafeyə gəlmiş, Seymur onlardan bir qədər aralı oturmuş və pivə içməyə başlamışdır. Seymur tez-tez söyüşlə danışmış, Şirxan ona söyüşlə danışdığına görə bir-iki dəfə irad bildirmişdir. Sonra Seymur söyüşlə danışmağa davam etdiyi üçün Xəyyamla mübahisə etmiş və sonra danışaraq razılaşmışlar. Daha sonra Şirxan Seymurun yanına getmiş və qonaqları olduğunu, sonra danışacaqlarını demişdir. Şirxan Seymurun yanından öz masalarına gələndə Seymur yenə söyüşlə danışmışdır. Şirxan Seymurun yanına geri qayıtmış və bayaqdan neçə dəfə ona söyüşə görə xəbərdarlıq etdiyini demişdir. Seymur söyüşü Şirxana söymədiyini demiş və Şirxanın yaxasından itələmişdir. Həmin vaxt Şirxan da onun ağzından bir dəfə əli ilə vurmuşdur. Daha sonra Şirxan onun üstünə getməmiş, masaya qayıdaraq hesabı ödəmiş və onlar kafedən çıxmışlar. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala əlavə edilmiş “MTE və PA” ETT Birliyinin Bərdə rayonlar arası zona mərkəzinin xx.xx.2022-ci il tarixli 686 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – üst dodaq nahiyəsinin sıyrığı, üst dodaq nahiyyəsinin selikli qişasının əzilmiş yarası, üst çənədə 1 ədəd dişin sınması küt əşyanın təsirindən törənmişdir, ola bilsin yumruqla, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnaməyə cavab arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin qərarı ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilərək həbs edilmiş, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Materiala əlavə edilmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixil hökmü ilə Azərbaycan Respublikası 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı il “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, cəzaçəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmış cəzasının sonu xx.xx.2022-ci ilədək olan Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 2 ay 14 gün müddət çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə geçən gecə saat 01 radələrində Bərdə şəhərində yerləşən kafedə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ağzından yumruqla vuraraq Seymura üst dodaq nahiyəsinin sıyrığı, üst dodaq nahiyyəsinin selikli qişasının əzilmiş yarası, üst çənədə 1 ədəd dişin sınması ilə müşayət olunan xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş və ayrıca olaraq məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ona vurulmuş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs оğlu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 40-cı maddəsinə əsasən, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda və zərərçəkmiş şəxsə dəyən ziyan ödənildikdə təqsirləndirilən şəxsin barəsində cinayət təqibi həyata keçirilməyə və cinayət təqibinə xitam verilə bilər. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs barədə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və haqqındakı məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə cinayət təqibinə xitam verilməli olduğundan barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Əsli ilə düzdür Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar