Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-176/2023 10.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bərdə rayonu, Leninabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Samux kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, yəni əkib yetişdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının sonuna Bərdə rayonu, Samux kəndində özünə məxsus fərdi yaşayış evinin həyətində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun İİİ siyahısına əsasən xeyli miqdarda, yəni 3 (üç) ədəd, ümümi təmiz çəkisi 30 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 22 iyun 2023-cü il tarixdə saat 09:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 3 (üç) ədəd, ümümi təmiz çəkisi 30 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri ona məxsus Bərdə rayonu, Samux kəndində yerləşən fərdi yaşayış evinin həyətindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu, Samux kəndində anadan olmuş, hazırda həmin ünvanda yaşayır, evli olmuş, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Əvvəllər məhkum olunmamış, narkotik vasitə olan marixuanadan (nəşə) təzəliklə istifadə etməyə başlamışdır. Mahiyyəti üzrə bildidi ki, marixuna (nəşə) toxumlarını Astara rayonunda balıq tutmağa gedəndə, oradan tanımadığı İran vətəndaşından almışdır. 2023-cü ilin aprel ayının sonlarında həyətində çətənə bitkisinin toxumunu əkmişdir. O, həmin nəşə kolunu pomidor kollarını arasında əkmişdir. Bir neçə dəfə isə o, həmin kolların yarpaqlarından siqaret kimi istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində polis əməkdaşları onun həyətinə gəlib onun narkotik tərkibli bitki əkməyi barədə onlarda məlumat olduğunu bildirmişlər, o, səmimi olaraq etiraf etmiş və polis əməkdaşlarının onun həyətinə baxış keçirmələrinə etiraz etməmişdir. Bu barədə ərizə vermiş, daha sonra polis əməkdaşları aqronomun iştirakı ilə o, etiraf etmişdir ki, həyətində olan qarğı ilə hasara aldığı hissədə pomidor kollarının arasında çətənə bitkisini əkdiyini bildirmişdir. Lakin o, 01 ədəd çətənə kolu əkmiş, onun 2 ədədi həmin kökdən çıxan budaqları olmuşdur. Polis əməkdaşları onun iştirakı ilə həmin əkdiyi çətənə kolunu kökündən çıxardaraq qablaşdırmışdırlar. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmişlər və onlar birlikdə Bərdə rayon polis şöbəsinə gəlmişdirlər. Şöbədə üzərində video çəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişdirlər. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmişdir. O, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişlə üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş heç bir əşya və predment aşkar edilməmişdir. O, narkotik vasitələrdən kəmərləyici dəmirov xəstəliyi ilə əlaqədar istifadə etdiyi üçün həmin kollara qulluq etmişdir. Etdiyi əməldən peşman olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ifadəsində heç kimə narkotik vasitə satmadığını, nə də heç bir kəsə vermədiyini, polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilmədiyini, evinə və üzərinə şəxsi axtarış keçirilərkən, onu gətirən polis əməkdaşları gördüklərini, kənar şəxslər bunu görmədiyini, polislər də onu saxlayanda onun tək olduğunu, yanında heç kəs olmadığını, bunu da kənar şəxslərdən görən olmadığını, əvvəllər narkotik vasitə istifadə etmədiyini, üzərində yaranan “dəmiroy” adlanan xəstəlik səbəbindən spirtli içki içə bilmədiyini, ona görə də narkotik vasitə olan nəşədən istifadə etmək qərarına gəldiyini, istifadəsində 050 *** ** ** saylı mobil nömrə olduğunu, əvvəldən həmin mobil nömrədən istifadə etdiyini bildirdi. Hazırda törətdiyi əməlindən peşman olmasını nəzərə almağı və əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə rayon polis şöbəsinin X1 baş əməliyyat müvəkkili işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 22 iyun 2023-cü il tarixdə Bərdə rayonu Samux kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik tərkibli çətənə kollarının əkib becərməsi və üzərində saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuş və buna görə də, o, və Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı, Şahid3, Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı, Şahid2, Bərdə regional Bitki mühafizə idarəsinin aparıcı aqranomu Şahid4 və Bərdə RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru, X2 ilə birlikdə 22 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Samux kəndində yerləşən fərdi yaşayış evinə getmişlər. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi üçün heç bir etirazının olmamasını bildirdikdən sonra özü səmimi olaraq etiraf etmişdir ki, yaşadığı evin həyətində pomidor kollarının arasında özünün istifadə etməsi məqsədilə çətənə kolları əkmiş, həmin kolları təqdim edə biləciyini demişdir. Bundan sonra onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı həyətyani sahəyə daxil olmuşlar. Təqsirləndirilən şəxs evinin həyətində qarğı ilə hasara alınmış hissəyə daxil olmuş və həmin hissəyə daxil olduqdan sonra içəridə pomidor kolları olması görsənmiş, Təqsirləndirilən şəxs həmin kolların arasından 03 ədəd çətənə koluna bənzər kolları təqdim etmişdir. Baş təhqiqatçı, Vüsal Bayramov tərəfindən həmin kollar hündürlükləri ölçülmüş və ölçülərinin 30 sm, 23 sm və 30 sm olmaları müəyyən edilmişdir. Bundan sonra həmin kollara aqronom Şahid4 tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Şahid4 hər bir kolun dibinə baxaraq kultivasiya edildiyini bildirmişdir. Bundan sonra həmin kollar kökündən çıxarılaraq kisəyə qoyulmuş və DİN-nin 94 saylı möhürü ilə möhürlənmişdir. Bununla da, baxış istintaq hərəkəti başa çatdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs onunla birlikdə Bərdə RPŞ-nin inzibati binasına dəvət edilmişdir. Baş təhqiqatçısı Vüsal Bayramov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarını müdafiə etməsi üçün Bərdə rayon Vəkillər Birosunun vəkili X6 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı, Şahid3, Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı, Şahid2, Bərdə regional Bitki mühafizə idarəsinin aparıcı aqranomu Şahid4 və Bərdə rayon Vəkil Birosunun vəkili X3 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, varsa könüllü olaraq təhvil versin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq üzərində olan bir ədəd mobil telefon, 2 qutu siqaret və bir ədəd alışqanı masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə üzərinə onun tərəfindən baxış keçirilmiş lakin hər hansı bir qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd mobil telefon qablaşdırılaraq götürülmüşdür. İki qutu siqaret və alışqan isə sübut əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o həyətində olan 03 ədəd çətənə kolu əkmiş, həmin kollardan narkotik vasitə kimi istifadə etmək üçün əkmişdir. Şahid1 həmçinin ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş dindirilmiş Şahid3 və X9 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun dediyi xüsusatları təstiq etmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X4 Mərkəzində aparıcı aqronom işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, buna görə də həmin şəxs ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 22 iyun 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Bərdə rayonu, Samux kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək onu şəxsin yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət etmişlər. O, baxış keçirilməsində aqronom kimi iştirak etmişdir. Həmin gün onun və Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Samux kəndində yerləşən fərdi yaşayış evinə yollanmışdırlar. Polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin darvazası qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs evin darvazası qarşısına çıxanda sonuncuya yaşadığı evin həyətində narkotik tərkibli çətənə kollarını kultivasiya etməsi məlumatına görə onun yaşadığı evə baxış keçirilməli olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazları olub-olmamaları soruşulmuş, Təqsirləndirilən şəxs ərizə yazıb imzamaqla buna heç bir etirazı olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə daxil olmuşdur. Baxış keçirilməsinə başlanılan zaman Təqsirləndirilən şəxs bir daha heç bir etirazının olmadığını bildirmiş və ondan yaşadığı fərdi yaşayış evində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü könüllü şəkildə yaşadığı evin həyətində qarğı ilə hasara alınmış hissəyə daxil olmuş və 03 ədəd çətənə koluna bənzər kollar təqdim etmişdir. Ardınca o, həmin kollara baxış keçirib onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Ardınca kollar bir-bir gövdələrindən tutub çıxarılmış və sayılaraq 03 ədəd olduqları müəyyən edilmiş və ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılmışdır. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi başa çatdırılmışdır. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Bundan sonra onlar birlikdə Bərdə RPŞ-nin inzibati binasına gəlmişlər. Cinayət işinin 1-ci vərəqəsində olan 22 iyun 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında Qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-yə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə kollarının əkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 09:00 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayonu, Samux kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyatində əkdiyi ümumi sayı 3(üç) ədəd, ümumi təmiz çəkisi 30 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 21-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 22 iyun 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 22 iyun 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 72-73-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2023cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 84-85-ci vərəqələrində olan 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bərdə RPŞ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 49-52-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin məhkəmə bioloji ekspertizasının 22 iyun 2023-cü il tarixli 16/659 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “.......... Təqsirləndirilən şəxs yaşadığı evinin həyətindən aşkar edilmiş çətənə koluna bənzər birkilər” yazı və imzalar olan 1 ədəd sintetik kisədəki, ümumi sayı 03 ədəd, ümumi təmiz çəkisi 30 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, tərkibinə görə eynidirlər Aqronum rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Qeyd: Çətənə bitkisi 3 ədəd, ümumi çəkisi 30 qram, tədqiqata sərf olundu cəmi-0.06 qram qalıq-29,94 qram . (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 119-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 09 avqust 2023-cü il tarixli 1321 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 98-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 92-ci vərəqəsində olan Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Samux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Samux kəndində yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 117-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 118-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 89-cu vərəqəsində olan 23 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus 1 ədəd “xiaomi redmi” markalı mobil telefonu Bərdə RPŞ-nin İB-nin müstəntiq, polis leytenantı Fərhad Əvəzlidən təhvil almışdır. Cinayət işinin 121-130-cu vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində əkdiyi ümumi sayı 3(üç) ədəd, ekspert tədiqaqtına sərf edildikdən sonra ümumi təmiz çəkisi 29,94 qram olan 03 ədəd bitki nümunələri əkibbecərməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi maddi sübut qismində tanınmış və Bərdə RPŞ-nin saxlancına təhvil verilmiş, həmçinin baxış götürmə, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk də maddi sübut qismində tanınmış cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə qeyd dir ki, Təqsirləndirilən şəxs məhkəmədə 01 ədəd çətənə kolu əkmiş, onun 2 ədədi həmin kökdən çıxan budaqları olmuş verdiyi ifadəsinə aydınlıq gətirilməsi üçün cinayət işinin 18-ci vərəqində olan həyətinə baxış keçirilmə və götürülmə protokolunu əks etdirən videogörüntüyə tərəflərin iştirakı ilə məhkəmə iclas zalında baxış keçirilmiş, görüntüdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həyətində 03 ədəd ayrı olaraq yaxın məsafələrdə torpaqda şaquli vəziyyətdə kollar vadır. Həmin bitkilər çıxarılaraq kisəyə yığılmışdır. Videoçəklişdə hər bir bitki kisəyə qoyularkən kökləri aydın şəkildə görünməmişdir.Bu səbəbdən məhkəmə tərəfindən maddi sübuta baxış keçirilməsi üçün Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 03 ədəd çətənə bitkisinə baxış keçirilməsi üçün həmin maddi sübutu məhkəməyə gətirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 03 ədəd maddi sübut olan çətənə bitkisinin hər birinin kökü vardır. Yəni budaqlar olmadığı müəyyən edilmiş, bu barədə akt tərtib olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs verdiyi ifadəni özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əvvəllər məhkum olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 23 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 23 iyun 2023-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 1 (bir) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində dispanser qeydiyyat alınmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan ekspert tədiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 29,94 qram olan 03 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “xiaomi redmi” markalı mobil telefonun Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixindən 23 iyun 2023-cü il tarixinədək kimi həbsdə saxlanıldığı 01 (bir) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan ümumi təmiz çəkisi 29,94 qram olan 03 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-176/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-176/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver