Məhkəmə qərarları › İş №1(021)-18/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-18/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-18/2024 25.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X30 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı qızının, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Bərdə rayonu Nəcəfqulubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Nəcəfqulubəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, 19 aprel 2023-cü il tarixdə saat 20 radələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Yaşıllıqların götürülməsi qaydası Haqqında» 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarına uyğun olmayaraq meşə fonduna daxil olmayan, X22 İdarəsinin mülkiyyətində olan və ünvan 2i ərazisində qəbristanlığın qarşı tərəfindən keçən suvarma arxının sol sahilində yerləşən dəyəri 650 (altı yüz əlli) manat olan 1 (bir) ədəd diametri 45 sm, dəyəri 900 (doqquz yüz) manat olan 1 (bir) ədəd diametri 50 sm, dəyəri 1650 (bir min altı yüz əlli) manat olan 1 (bir) ədəd diametri 65 sm və dəyəri 2750 (iki min yeddi yüz əlli) manat olan 1 (bir) ədəd diametri 87 sm olan, cəmi 4 (dörd) ədəd yaş halda «Qovaq» cinsinə mənsub ağacları kök boğazından elektrik mişarı vasitəsilə qanunsuz olaraq kəsərək təbiətə ümumilikdə xeyli miqdarda, yəni 5950 (beş min doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, özünə məxsus «Kamaz» markalı yük avtomobili ilə fərdi qaydada yük daşımaqla məşğul olur. Maddi durumu zəif olduğundan yaşadığı evdə qış aylarında odun sobasından istifadə edir. Yaz-yay aylarında qışda yanacaq kimi istifadə etmək məqsədilə odun tədarük edir. 2023-cü ilin mart ayının sonlarında təsadüfən ünvan 2 qəbristanlığının yanından keçərkən qəbristanlığın qarşı tərəfindən keçən suvarma arxının sol sahilində 4(dörd) ədəd yaş vəziyyətdə olan, lakin uc hissələri qurumuş qovaq cinsinə məxsus ağac olduğunu görmüşdür. Ağaclar marağını cəlb etdiyindən ağacları kəsib odun kimi qış aylarında istifadə etmək qərarına gəlmişdir. Ağaclardan ikisi əyilmiş vəziyyətdə olmuş, düşünmüşdür ki, ağaclar qəzalı vəziyyətdədir. Bu məqsədlə qəbristanlığa daxil olmuş, qəbristanlığın giriş hissəsində molla kimi fəaliyyət göstərən Rafiq adlı şəxsə yaxınlaşmışdır. Bir qədər söhbətdən sonra Rafiqə maddi durumumun zəif olduğunu, odun almağa maddi vəziyyətinin çatmadığını, qışda yanacaq odun kimi istifadə etmək üçün qəbristanlığın qarşı tərəfində olan qovaq ağaclarını kəsib aparmaq istədiyini bildirmişdir. Rafiq qəbristanlığın qarşısında olan 2(iki) ədəd qovaq ağacının qəzalı vəziyyətdə olduğunu, lakin həmin ağacları kəsmək üçün müvafiq icazənin alınmasının lazım olduğunu bildirmiş, bu barədə gedib kəndin bələdiyyə sədrinə müraciət etməsini ona tövsiyə etmişdir. Bundan sonra Bərdə rayon Əyricə bələdiyyəsinin sədri Şahid5 ağacları kəsmək istəməsi barədə müraciət etmiş, sonuncu ağacları kəsməsi üçün müvafiq icazənin alınması üçün Ekologiya idarəsinə müraciət etməli olduğunu bildirmişdir. Savadı olmadığından Ekologiya idarəsinə müraciət edə bilməmiş və ağacları heç kimə xəbər vermədən gedib özü kəsmək qərarına gəlmişdir. 19 aprel 2023-cü il tarixdə günorta saatlarında həmkəndlisi Qardaş adlı şəxsə zəng edib ünvan 2ində qəbristanlığın qarşısında qəzalı vəziyyətdə olan bir neçə qovaq cinsinə məxsus ağacların Ekologiya idarəsi tərəfindən kəsildiyini, həmin ağacların ona pay verildiyini bildirmiş, sonuncudan axşam saatlarında özünə məxsus qoşqulu traktorla həmin ağacları oradan yaşadığı ünvana aparmasını istəmişdir. Qardaşa çəkdiyi əziyyətin müqabilində zəhmət haqqı kimi 15 manat pul verəcəyini bildirmiş, sonuncu da onunla razılaşmışdır. 19 aprel 2023-cü il tarixdə saat 20 radələrində özünə məxsus elektrik mişarını götürüb «Kamaz» markalı yük avtomobili ilə ünvan 2ində yerləşən qəbristanlığa getmiş, 1 (bir) ədəd, üç şaxəli qovaq cinsinə məxsus ağacı elektrik mişarı ilə kök boğazından kəsib doğramışdır. Həmin vaxtı orada heç kim olmamışdır. Ağacın bir hissəsini özünə məxsus «Kamaz» markalı yük avtomobilinin yük yerinə yığmış, daha sonra elektrik mişarını «Kamaz» markalı yük avtomobilinə qoymuşdur ki, Qardaş elektrik mişarını görüb ağacları onun kəsdiyini anlamasın. Bir qədər sonra Qardaş idarə etdiyi qoşqulu traktorla olduğu yerə gəlmiş, ağacın qalan hissəsini də Qardaşa məxsus qoşqulu traktorun yük yerinə yığmışdır. Oradan uzaqlaşıb yaşadığı ünvana getmişlər. Yaşadığı ünvanda Qardaş ilə köməkli ağac parçalarını yaşadığı ünvanın həyətinə yığmışdır. Sonuncuya zəhmət haqqı olaraq 15 manat pul vermişdir. Ağacların kəsilməsinin qanunsuz olduğunu bilməmişdir. O, dörd ədəd deyil, bir ədəd ağacı kəsmişdir. Hazırda kəsilmiş ağaclar pöhrələmiş, təbiətə vurulan ziyan bərpa olunmuşdur. Təbiətə vurduğu 5950 (beş min doqquz yüz əlli) manat məbləğində maddi ziyanın 3000 (üç min) manat hissəsini müvafiq hesaba ödəmiş, qalan ziyan məbləğini isə qısa müddət ərzində ödəyəcəyinə söz verir. Onun himayəsində işsiz arvadı və yetkinlik yaşına çatmayan 3 (üç) nəfər qız övladı vardır. O, ailəsinin yeganə qazanc gətirən şəxsidir. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttişi vəzifəsində işləyir. Vəzifəsi idarənin təhkim olunmuş ərazilərində monitorinq aparmaq, qanunsuz ağackəsmə və digər ekoloji pozuntular aşkar etdikdə, bununla bağlı akt tərtib edib aidiyyəti üzrə məruzə etməkdən ibarətdir. ünvan 2ində kənd qəbristanlığından keçən su arxının sahilində 4 ədəd ağacın yaş halda kəsilməsi barədə kənd sakini X2 25 aprel 2023-cü il tarixdə «168-Qaynar xətt» əlaqə mərkəzinə zəng vurub məlumat vermişdir. Həmin məlumat əsasında 01 may 2023cü il tarixdə idarənin əməkdaşları Şahid1 və Zərərçəkmiş şəxs iştirakları ilə əraziyə baxış keçirilmişdir. Savalan Hüseynov idarəyə dəvət edilərkən ağacların kəndin mollası Şahid2 tərəfindən kəsildiyini bildirmişdir. Ona görə də baxışda onların hər ikisi iştirak etmişdir. Baxış zamanı 4 ədəd qovaq ağacının qeyd edilən ərazidə kəsilməsi faktı aşkar edilmişdir. Bununla bağlı Şahid2 da izahatı alınmış, lakin Şahid2 ağacların şəhid bulağını və kənd qəbristanlığını ziayarət edənlərə mane olduğunu görüb bu barədə kənd bələdiyyəsi sədrinə məlumat verdiyini, ağacların kəsilməsindən isə xəbərsiz olduğunu bildirmişdir. Baxış zamanı kəsilmiş ağacların diametrlərınin 45, 50, 65 və 87 sm ölçülərdə olduğu müəyyən edilmişdir. Ağacların kəsildiyi ərazinin kimə məxsus olması ilə bağlı araşdırma aparılmış, məlum olmuşdur ki, ərazi X22 idarəsinin balansındadır, Suvarma kanalının mühafizə zolağında yerləşir. Baxışın nəticələri ilə bağlı akt tərtib edilmiş və digər sənədlərlə birlikdə aidiyyəti üzrə X11 Xidmətinə göndərilmişdir. Ağacların kəsilməsi nəticəsində vurulmuş ziyanın məbləğinin 5950 manat olduğu müəyyən edilmişdir. Dəymiş ziyanın məbləği cinayət məsuliyyəti yaratdığından toplanmış sənədlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi vasitəsilə Baş Prokurorluğa göndərilmişdir. Ziyan Nazirlər Kabinetinin xüsusi müəyyən edilmiş qiymət cədvəli ilə hesablanmışdır. Dəymiş ziyanın 3000 (üç min) manat hissəsi təqsirləndirilən şəxs tərəfindən müvafiq hesaba ödənilmişdir. Qalan ziyanın ödənilməsini tələb edir. Təqsirləndirilən şəxsə hansı cəzanın təyin edilməsini isə məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, 30 ildir kı, X28 Dini Ayinlər üzrə iş icraçısı vəzifəsində işləyir. ünvan 2 qəbristanlığında dini ayinlərin icrasını yerinə yetirib qəbristanlığın təmizliyinə baxır. Yaşadığı ünvan 2 qəbristanlığında suvarma arxının kənarında 4(dörd) ədəd yaş halda qovaq ağacı olmuşdur. Həmin ağaclardan 2(iki) ədədi böyük ölçüdə, 2(iki) ədədi isə kiçik ölçüdə olmuşdur. 2(iki) ədəd böyük ölçülü qovaq ağacı bulağın arxa hissəsində arxın kənarda yerləşmişdir. 2(iki) ədəd kiçik ölçülü qovaq ağacı isə bulaqdan bir qədər kənarda yerləşmişdir. 2023-cü ilin mart ayının sonlarında təsadüfən Təqsirləndirilən şəxs ona yaxınlaşmış, bir qədər söhbətdən sonra ona maddi durumunun zəif olmasını, odun almağa maddi vəziyyətinin çatmadığını, qışda yanacaq kimi istifadə etmək üçün qəbristanlığın qarşı tərəfində olan qovaq ağaclarını kəsib aparmaq istədiyini bildirmişdir. Qəbristanlığın qarşısında olan 2(iki) ədəd qovaq ağacının qəzalı vəziyyətdə olduğunu, ağacı kəsmək üçün müvafiq icazənin alınmasının lazım olduğunu bildirmiş, bu barədə kəndin bələdiyyə sədri Şahid5 müraciət etməsini tövsiyə etmişdir. Natiq ilə birlikdə Bərdə rayonu Əyricə bələdiyyəsinin sədri Şahid5 yanına gedərək Natiqin ağacları kəsmək istəməsi barədə müraciət etmişlər. Şahid5 Natiqə ağacları kəsməyi ilə bağlı icazənin onun səlahiyyətində olmadığını deyib, müvafiq icazənin alınmasına görə Ekologiya idarəsinə müraciət etməli olduğunu izah etmişdir. 20 aprel 2023-cü il tarixdə yaşadığı kənd qəbristanlığına gedərkən 4 (dörd) ədəd qovaq ağaclarının kök boğazından kəsildiyini və kəsilmiş ağacların yerində olmadığını görmüş və anlamışdır ki, ağacları Natiq kəsib. Ağacların kim tərəfindən kəsildiyini və aparıldığını şəxsən görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Şahid3 ifadə verərək göstərdi ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə ağac kəsmə ilə bağlı məlumat daxil olmuşdur. Məlumat əsasında ünvan 2inə getmişlər və Əyricə kənd qəbristanlığının qarşısında 4 ədəd qovaq ağacının kəsildiyini aşkar etmişlər. Ağackəsmə ilə bağlı məlumat vermiş şəxs X5 ağacların molla Rafiq tərəfindən kəsildiyini bildirmişdir. Lakin Şahid2 ağacların deyil, “Şəhid bulağı”nın üstünə düşən ağacın budağının kəsilməsini xahiş etdiyini, bu barədə Bərdə rayonu Əyricə bələdiyyəsinə məlumat verdiyini bildirmişdir. Orada 4 ağac kəsilmiş, başqa ağacların kəsildiyini görməmişdir. Ağacın birinin gövdəsi üzərində 3 ədəd iri budağı olmuş, qalan 3 ədəd isə tək gövdəli, tək budaqlı ağaclar olmuşlar. Ağaclar yerdən bir metr hündürlükdən kəsilmişdir. Ağaclardan biri qəbristanlıq qapısının yanında, digərləri isə 2-3 metr aralı məsafədə olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Orada müəyyən edə bilməmişlər ki, ağacları kim kəsib. Bu barədə hüquq mühafizə orqanlarına məlumat vermişlər. Sonradan müəyyən olunmuşdur ki, ağacları Təqsirləndirilən şəxs kəsmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsində nəzarət və ekoloji monitorinq sektorunun baş məsləhətçi-müfəttişi Şahid1 ifadə verərək göstərdi ki, vəzifəsi təhkim olunmuş ərazilərdə ətraf mühitin mühafizəsi və digər normativ hüquqi aktların tələblərinə riayət edilməsinə nəzarət etməkdən, aşkar edilmiş qanun pozuntuları barədə tədbirlər görməkdən və s. ibarətdir. Regional idarənin rəisi tərəfindən verilmiş əmr əsasında idarənin 7 nəfər əməkdaşına, o cümlədən ona Bərdə rayonu ərazisində ekoloji vəziyyətin qorunmasına nəzarət edilməsi həvalə edilmişdir. ünvan 2 qəbristanlığından keçən su arxının sahilində 4 ədəd ağacın yaş halda kəsilməsi barədə «168-Qaynar xətt» əlaqə mərkəzinə kənd sakini X2 25 aprel 2023-cü il tarixdə zəng vurub məlumat vermişdir. Həmin məlumat əsasında 01 may 2023-cü il tarixdə idarənin əməkdaşları Şahid3 və Zərərçəkmiş şəxs iştirakları ilə əraziyə baxış keçirilmişdir. Savalan Hüseynov idarəyə dəvət edilərkən ağacların kəndin mollası Şahid2 tərəfindən kəsildiyini bildirmişdir. Ona görə də baxışda onların hər ikisi iştirak etmişdir. Baxış zamanı 4 ədəd qovaq ağacının qeyd edilən ərazidə kəsilməsi faktı aşkar edilmişdir. Bununla bağlı Şahid2 da izahatı alınmış, lakin sonuncu ağacların kəsilməsindən xəbərsiz olduğunu bildirmişdir. Baxış zamanı kəsilmiş ağacların diametrlərinin 45, 50, 65 və 87 sm ölçülərdə olduğu müəyyən edilmişdir. Daha sonra ağacların kəsildiyi ərazinin kimə məxsus olması ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, həmin ərazi X22 idarəsinin balansında olan Suvarma kanalının mühafizə zolağında yerləşir. Baxışın nəticələri ilə bağlı akt tərtib edilmiş və digər sənədlərlə birlikdə aidiyyəti üzrə X11 Xidmətinə göndərilmişdir. Ağacların kəsilməsi nəticəsində vurulmuş ziyanın məbləğinin 5950 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, özünə məxsus «Belarus» markalı traktoru, eyni zamanda yük daşımaq üçün traktorun bir ədəd qoşqusu vardır. Traktorla fərdi olaraq yük daşımaqla məşğul olur. Təqsirləndirilən şəxs həmkəndlisidir. Onunla münasibəti daim normal olmuşdur. 19 aprel 2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək ünvan 2 qəbristanlığının qarşısında Ekologiya idarəsi tərəfindən qəzalı vəziyyətdə olan bir neçə qovaq cinsinə məxsus ağacların kəsildiyini, həmin ağacların ona pay verildiyini bildirib, ondan axşam saatlarında özünə məxsus qoşqulu traktorla həmin ağacları oradan yaşadığı ünvana aparmağını xahiş etmiş, sonuncu ona çəkdiyi əziyyətin müqabilində zəhmət haqqı kimi 15 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsla razılaşmış, 19 aprel 2023-cü il tarixdə saat 20 radələrində Natiq ona zəng edərək hazırda olduğu yerə, yəni Əyricə kənd qəbristanlığının qarşısına getməsini istəmişdir. Bir qədər sonra idarə etdiyi qoşqulu traktorla həmin yerə getmişdir. Orada Natiq kəsili halda olan qovaq ağaclarını ona məxsus qoşqulu traktorun yük yerinə yığmışdır. Həmin vaxtı orada heç kim olmamış, Natiqə məxsus “Kamaz” markalı avtomobilin yük yerində kəsili ağaclar olmuşdur. Oradan uzaqlaşıb Natiqin yaşadığı ünvana doğru getmişlər. Yolda onları Bərdə Rayon Polis X31 Polisi bölməsinin əməkdaşları saxlayıb onu traktorla, Natiqi isə “Kamaz” markalı avtomobili ilə birlikdə polis şöbəsinə gətirmiş, Natiq polis şöbəsində kiminləsə danışdıqdan sonra onlar buraxılmış, bundan sonra isə Natiqin evinə getmişlər. Orada Natiq ilə köməkli ağac parçalarını həyətə yığmışlar. Natiq ona zəhmət haqqı olaraq 15 manat pul vermişdir. Həmin ağacları Natiqin özünün kəsməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə rayon X19 sədri Şahid5 ifadə verərək göstərdi ki, 2019-cu il tarixdən Bərdə rayonu X19 sədri vəzifəsində işləyir. 2023-cü ilin mart ayının ortalarında həmkəndlisi və kəndin mollası Şahid2 şifahi şəkildə ona müraciət edərək kənd qəbristanlığının girişində arxın kənarında yerləşən ağacların ziyarətə gedib gələnlərə maneçilik törətməsi barədə məlumat vermişdir. Şahid2 ondan həmin ağacların kəsilməsini və ya hər hansı bir tədbirin görülməsini xahiş etmişdir. Sonuncuya ağacların kəsilməsi üçün bələdiyyənin deyil, ekologiya qurumunun icazəsinin və rəyinin olmasını izah etmiş, bələdiyyə olaraq Regional Ekologiya İdarəsinə müraciət edəcəyini demişdir. 2023-cü ilin mart ayının sonlarında Rafiq və Təqsirləndirilən şəxs birlikdə onun yanına gəlmiş, Natiq ünvan 2 qəbristanlığının qarşısında suvarma arxının yanında olan qovaq ağaclarını kəsmək istəməsi barədə ona müraciət etmişdir. Natiq maddi durumunun zəif olduğunu, odun almağa maddi imkanının olmadığını, qışda yanacaq kimi istifadə etmək üçün qəbristanlığın qarşı tərəfində olan qovaq ağaclarını kəsib aparmaq istədiyini bildirmişdir. Sonuncuya ağacları kəsməyi ilə bağlı icazənin onun səlahiyyətində olmadığını deyib, müvafiq icazənin alınmasına görə Ekologiya idarəsinə müraciət etməli olduğunu bildirmişdir. Sonra Natiq ilə Rafiq birlikdə çıxıb getmişlər. 20 aprel 2023-cü il tarixdə yaşadığı kənd qəbristanlığına gedərkən 4 (dörd) ədəd qovaq ağaclarının kök boğazından kəsildiyini və kəsilmiş ağacların yerində olmadığını görmüşdür. Şahid2la təsadüfən qarşılaşmış, sonuncu ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini ona bildirmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X21 Bölməsinin 19 sentyabr 2023-cü il tarixli 9/6674 saylı Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Azərbaycan Respublikasının 9 saylı RETSİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 77232 saylı Akt və ona əlavə edilmiş hesabat cədvəlinə əsasən Bərdə rayonu,Yeni Əyricə kəndi ərazisində kənd qəbristanlığının qarşı tərəfindən keçən suvarma arxının sol sahilində yerləşən 1 ədəd d=45 sm, 1 ədəd d=50 sm, 1 ədəd d=65 sm və 1 ədəd d=87 sm olmaqla, ümumilikdə 4 ədəd köküstü yaş halda qovaq ağaclarının (tikinti və abadlaşdırma istisna olmaqla) kök boğazından qanunsuz kəsilməsi nəticəsində 2023-cü ilin aprel ayına olan tarixə dəymiş ziyanın ümumi dəyərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli qərarına əsasən nəzəri qaydada 5950 manat məbləğində olduğu müəyyən olunmuşdur (1 ədəd diametri 45 sm olan «Qovaq» cinsinə mənsub ağac 650 (altı yüz əlli) manat, 1 ədəd diametri 50 sm olan «Qovaq» cinsinə mənsub ağac 900 (doqquz yüz) manat, 1 ədəd diametri 65 sm olan «Qovaq» cinsinə mənsub ağac 1650 (bir min altı yüz əlli) manat və 1 ədəd diametri 87 sm olan «Qovaq» cinsinə mənsub ağac 2750 (iki min yeddi yüz əlli) manat). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 27 aprel 2023-cü il tarixli, 77232 nömrəli Aktdan görünür ki, ünvan 2i ünvanında yerləşən Əyricə kənd qəbristanlığının qarşı tərəfindən keçən suvarma arxının sol sahilində aşkar edilmişdir ki, ünvan 2 sakini X1 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı qaynar xətti xidmətinə “kəndin mollası Mamedov Rafiq tərəfindən qəbristanlıqdakı yaş ağacları kəsməsi” faktı ilə bağlı etdiyi xx.xx.2023-cü il tarixli İD 17569 saylı müraciəti əsasında şikayətçi S.Hüseynovun qaynar xətt məktubunda adı və soyadı təqsirkar (ağacları kəsən) şəxs qismində qeyd olunan ünvan 2 sakini Şahid2 və X22 İdarəsinin əməkdaşı X8 iştirakı ilə araşdırma aparılmış, araşdırma zamanı şikayətçi X3 yazılı izahat verərək şikayətin onun tərəfindən edildiyini, şikayət etməkdə məqsədinin Əyricə kənd qəbristanlığında Əyricə kəndinin mollası Şahid2 tərəfindən qanunsuz olaraq yaş ağacların kəsilməsini bildirməsi olmuşdur. Savalan Hüseynov izahatında qeyd etmişdir ki, Əyricə kəndinin mollası Şahid2 şifahi olaraq ağacların onun tərəfindən kəsildiyini etiraf etmişdir. Əraziyə keçirilən baxış zamanı Əyricə kənd qəbristanlığının qarşı tərəfindən keçən suvarma arxının sol sahilində diametrləri 45 sm, 50 sm, 65 sm və 87 sm, cəmi 4 (dörd) ədəd yaş halda “Qovaq” cinsinə mənsub ağacların kök boğazından kəsilərək götürülməsi faktı aşkar edilmişdir. “Baxış aparılması haqqında” 13 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, ədliyyə müşaviri X6 rayonu Əyricə kəndində müxtəlif diametrli 4 ədəd qovaq cinsinə mənsub ağacların qanunsuz kəsilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş materialın araşdırılması ilə əlaqədar 13 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Zərərçəkmiş şəxs, Şahid1 və Şahid3 və hal şahidlərinin iştirakları ilə Bərdə rayonu Bərdə meşəbəylinin 1 saylı dolayının 16-cı kvartalında qeyd edilən əraziyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, baxış aparılan yer ünvan 2ində kənd qəbiristanlığının yaxınlığıdır. Kəsilmiş ağaclar qəbiristanlığın yaxınlığından keçən su arxının ərazisində yerləşir. Baxış zamanı 4 ədəd qovaq ağacının qeyd edilən ərazidə kəsilməsi faktı aşkar edildi. Baxış zamanı aşkar edilmiş kəsilmiş ağacların diametrləri ölçülmüş və müəyyən edilmişdir ki, onlar 45, 50, 65 və 87 sm ölçüdədirlər. O cümlədən, müəyyən edilmişdir ki, ağaclar X22 İdarəsinin balansında olan Suvarma kanalının mühafizə zolağında yerləşmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək dörd ədəd deyil, bir ədəd ağac kəsdiyini, kəsdiyi ağacın isə hazırda pöhrələyərək bərpa olunduğunu qeyd edərək təqsirinin olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bir ədəd deyil, dörd ədəd ağac kəsməsi məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla təsdiq olunduğundan məhkəmə həmin ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə etməsi məqsədi ilə düşünülərək uydurulmuş, həqiqətə uyğun olmayan və məhkəməni çaşdırmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə saat 20 radələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Yaşıllıqların götürülməsi qaydası haqqında» 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarına uyğun olmayaraq meşə fonduna daxil olmayan, X22 İdarəsinin mülkiyyətində olan və ünvan 2i ərazisində qəbrstanlığının qarşı tərəfindən keçən suvarma arxının sol sahilində yerləşən dəyəri 650 (altı yüz əlli) manat olan 1 (bir) ədəd diametri 45 sm, dəyəri 900 (doqquz yüz) manat olan 1 (bir) ədəd diametri 50 sm, dəyəri 1650 (bir min altı yüz əlli) manat olan 1 (bir) ədəd diametri 65 sm və dəyəri 2750 (iki min yeddi yüz əlli) manat olan 1 (bir) ədəd diametri 87 sm olan, cəmi 4 (dörd) ədəd yaş halda «Qovaq» cinsinə mənsub ağacları kök boğazından elektrik mişarı vasitəsilə qanunsuz olaraq kəsərək təbiətə ümumilikdə xeyli miqdarda, yəni 5950 (beş min doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən, məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi-birgə yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 29 avqust 2023-cü il tarixli, 1120 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Nəcəfqulubəyli kəndində yaşayır. Ailə üzvləri: arvadı1986-cı il təvəllüdlü X4, qızı-2006-cı il təvəllüdlü X12, oğlu-2007-ci il təvəllüdlü X13 və qızı-2008-ci il təvəllüdlü X9 ibarətdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi 29 avqust 2023-cü il tarixli Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Bərdə Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 03 oktyabr 2006-cı il tarixli, AZ-İ 839794 nömrəli, 13 sentyabr 2007-ci il tarixli, AZ-İ 983215 saylı və Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 mart 2009-cu il tarixli, AZ-İİ 239160 saylı Doğum haqqında şəhadətnamələrdən görünür ki, 01 avqust 2006-cı ildə anadan olmuş X16, 25 avqust 2007-ci ildə anadan olmuş X17 və 20 oktyabr 2008-ci ildə anadan olmuş X10 “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. 18 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs vurduğu ziyana görə 1000 (bir min) manat məbləğində ödəniş etmişdir. 25 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs vurduğu ziyana görə 2000 (iki min) manat məbləğində ödəniş etmişdir. CM-nin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs təbiətə vurduğu ümumilikdə 5950 manat ziyandan yarısından çoxunu, yəni 3000 (üç min) manat ödəməsi onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur, himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşağı var. O, ailəsinin yeganə qazanc gətirən şəxsidir. Belə olan halda, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 31 avqust 2023-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən hallar, o cümlədən, təbiətə vurduğu ziyanın yarıdan çoxunu, yəni 3000 (üç min) manat məbləğini ödəməsi təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 49.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinin məzmununa əsasən, təqsirləndirilən şəxslərin islah işləri cəzasını çəkməsinin başlanğıcı onun işləməyə başladığı və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 19 sentyabr 2023-cü il tarixli, 9/6674 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X7, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasını iş yeri üzrə çəksin, cəzaçəkmənin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X7, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar