Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-180/2021 25.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 və müdafiəçisi Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15.04.1951-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitunu bitirmişdir. 1975-ci ildə hərbi xidmətini başa vurduqdan sonra Polis orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, Respublikanın Ağdam, Şəki, Goranboy, Bərdə, Ağdaş və Abşeron rayonlarında rəis və müxtəlif vəzifələrdə qüsursuz işləyərək polkovnik-leytenant rütbəsinə qədər yüksəlmiş və 2005-ci ildə yaş həddi ilə əlaqədar təqaüdə çıxmışam. İşlədiyim müddətdə vətənimə, dövlətimə və polis orqanları işçisinə layiq xidmət etmişəm və heç bir inzibati cəza almamışam. Son vaxtlar ona qarşı aparılan qərəzli, böhtan xarakterli və təhqir dolu informasiyalar peşəkar bir polis zabiti və yaşlı bir təqaüdçü kimi onu həddən artıq hədələmiş və nəhayət məhkəməyə müraciət etməli olmuşdur. İsanın şərəf, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyənnaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqları haqqında” Beynəlxalq Pakda, “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ali həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyamız fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin bu hüquqlardan sui-istifadə edən Bərdə rayon sakini X7 onun şərəf və ləyaqərini ləkələyən, onu nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatları kütləvi şəkildə öz facebook səhifəsində yaymaqla məşğuldur. Belə ki, Zahid Mikayılov 2020- 2021-ci illər ərzində kütləvi informasiya vasitəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yayaraq ona böhtan atmış, həmin üsulla onu təhqir edərək şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış və Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Zahid Mikayılovun cinayət əməlləri aşağıdakı sübutlarla təsdiq olunur. 1. Zahid Mikayılov 20.11.2020-ci il tarixli facebook çıxışında belə demişdir: “1992ci ildə Bərdə rayon Polis Şöbəsində rəis işləmiş X5 rayon əhalisinə etdiyi zülm heç kəsin yadından çıxamyıb. Görəsən indi o harda sülənir”. 2. 02 iyul 2021-ci il tarixli çıxışında belə demişdir: “Elçibəyin dövründə 1992-ci ildə qan içən bozqurd X12 Polis rəisi olanda rayon əhalisini polis şöbəsində döydürən əməkdaşlar bu gün də fəallıqdan danışırlar”. 3. 20 avqust 2021-ci il tarixli çıxışında belə demişdir: “1992-ci ildə AXC dövründə Bərdə xalqının qanını içmiş polis rəisi X15 haqda ayrıca çıxışım olacaq. Ürəyi zəif olanların baxması məsləhət deyil”. 4. 2021-ci il tarixli çıxışında belə demişdir: 1992-ci ildə Bərdə rayon polis şöbəsinin rəisi olmuş X13 bü gün Bərdədə hamı faşist əqidəli bir insan qatili kimi tanıyır. X16 işlədiyi dövrdə insanların qanını içən bir polis rəisi kimi yaddaşlarda qalmışdır. İsgəndər Həmidovun vuran əli kimi tanınan Rafiq Əkbərov, o dövrdə hətta Heydər Əliyevə qarşı rəğbəti olan insanları polis şöbəsinə gətizdirib onları vəhşicəsinə döyürdü. O dövrdə Rafiq Əkbərovun kabinetinin divarları insan qanına boyanmışdı. Rafiq Əkbərov hətta insanlara qarşı terror etməkdən belə çəkinmirdi. O vaxt Bərdə şəhər sakini Həsənov Zabilin ailəsinə edilmiş terrorda dediklərimə əyani sübutdur. O dövrdə hörmətli hüquqşünas, sonradan Milli Məclisin sdəri olmuş Murtuz Ələsgərova da qarşı edilmiş terrorda Rafiq Əkbərovun rolu böyük olmuşdur. Rafiq Əkbərov o dövrdə X11 adının çəkilməsinə tam qadağa qoymuşdur. O dövrdə X9 yaşayırdı. Ona həmrəylik məktubu yazmışdır. H.Əliyevə yazdığı məktuba görə ona Bərdə polis şöbəsinə çağıran Rafiq Əkbərovun cəlladları onun 1500 ABŞ dolları alandan sonra onu sərbəst buraxdılar. 11 ay Bərdədə polis rəisi işləyən X15 işlədiyi dövrdə rayon əhalisinə etmədiyi vəhşilik qalmadı. Bu gün ölkə rəsmilərinin Rafiq Əkbərovun o dövrdəki vəhşiliklərinə hüquqi qiymət verməməsi çox təssüf doğurur”. Zahid Mikayılovun kütləvi informasiya vasitəsində ona qarşı atdığı bu böhtan və təhqirin heç birini qəbul etmirəm. Onun məsuliyyətsiz, şər, böhtan dolu bu çıxışları tək ona qarşı deyil, həm də dövlətimizə, onun ləyaqəti dövlət xadimlərinə və hüquq mühafizə orqanlarına qarşı bir həqarətdir. Belə bir şəxs qanunun ən sərt formasında cəzalanmalı və ədalət mühakiməsi qarşısında cavab verilməlidir. Təqdim etdiyi sübutlar Zahid Mikayılovun Azərbaycan Respublikası Cm-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törətməsini təsdiq edir. Ona görə də cəzalanmaslı, təhqir və böhtan dolu çıxışlarına son qoyulmalıdır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək məhkəmədən işin icraata qəbul edilməsini, X4 öz qanunsuz əməllərinə görə CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 müdafiəçisi Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X8 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək məhkəmədən işin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə işə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 46-cı maddəsinin İ bəndinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Konstitusiyanın 47-ci maddəsinin İ bəndinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində qeyd edilmişdir ki, hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 298.5-ci maddəsinə əsəsən, məhkəmənin hazırlıq iclası keçirilənədək cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin baxılmaq üçün verilmiş olduğu hakimlər onlara daxil olmuş sənədləri, o cümlədən cinayət prosesinin tərəflərindən daxil olmuş əlavə sənədləri, vəsatət və ərizələri öyrənirlər. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 299.6.1-ci maddəsinə əsasən, xüsusi ittihamçı məhkəmə baxışı zamanı tədqiq etmək niyyətində olduqları xüsusi ittiham qaydasında şikayət üzrə sübutlar siyahısını məhkəməyə təqdim edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu məzmunun tələblərinə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6 və 302.1.8-ci maddələrində nəzərdə tutlmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayətdə şəxsin CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, hansı məlumatın şikayətdə göstərilən CM-in 147.1 və 148-ci maddələrinin tərkibini yaratdığı konkretləşdirilməmişdir. Yəni barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş şəxsin konkret olaraq hansı əməlinin CM-in 147.1 və ya 148ci maddələrinin tərkibini yaratdığı əsaslandırılmamış, bununla CPM-in 293.3.2-ci maddəsinin tələbi də pozulmuşdur. Belə ki, ərizədə cinayət qanunu ilə nəzərdə tutulmuş konkret olaraq məhz hansı əməlin törədilməsi, onun harada nə vaxt, necə törədilməsi və hansı zərərin törədilməsi göstərilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, şikayətçi öz ərizəsində cinayətin törədilməsinin hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), sənədlərlə və sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayət verən şəxs X14 öz şikayətində X4 onu təhqir etdiyini göstərsə də, ancaq həmin “çıxış”ların kütləviliyinin dərəcəsi, məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə xüsusən qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs “facebok” sosial şəbəkədə olan səhifənin barəsində xüsusi ittiham qaydasında şikayət verən şəxs tərəfindən istifadə (idarə) edildiyini təsdiq edən mötəbər sübutu məhkəmə təqdim etməmişdir. Bu isə ən vacib məqamlardan biri hesab olunur. Belə ki, bu hal məhz əməlin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən törədildiyini sübut edən amildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının 5-ci bəndində göstərilmişdir ki, CM-in 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymağa və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayış etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Xüsusi ittiham qaydasında şikayətdən görünür ki, şikayətdə göstərilən cinayətin harada, nə vaxt və necə törədilməsi, törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi qeyd olunmamışdır. Avropa İnsan hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Avropa Məhkəməsi president qərarlarında qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.). Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-in 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda göstərilənlərə və CPM-in 299, 300.1.3, 302-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(021)-180/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-180/2021
25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver