Məhkəmə qərarları › İş №1(021)-183/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-183/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-183/2022 06.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən - Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi - X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs:-xx xxxxx 1961-ci ildə Bərdə rayonu Qarayusifli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Mehdili kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə, saat 1830 radələrində idarə etdiyi “Mercedes Benz 711D” yük markalı 90 EO-131 dövlət qeydiyyat nişanlı avtomobillə st.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisindən keçən 68-ci kilometrliyində "Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlama, yerdəyişmə, dönmə, ötmə və dayanma zamanı manevri təhlükəsiz aparmalı olduğu halda bunu etməyərək, Bəhrəmtəpə istiqamətinin sağ yol çiynindən 15-20 km/saat sürətlə sola doğru manevr edib həmin istiqamətdə yolun sağ zolağı ilə Zərərçəkmiş şəxs1 140-150 km/saat sürətlə idarə etdiyi “VAZ 21214” minik markalı 99 RE-062 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına daxil olmuş, “VAZ 21214” minik markalı avtomobilin qabaq sağ hissəsi “Mercedes Benz 711D” yük markalı avomobilin qabaq sol hissəsinə dəyərək Bəhrəmtəpə istiqamətində yolun sol çiyni üzərində toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “VAZ 21214” minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ mil sümüyü distal epifizinin oynaq və dorsal səthlərinin sınığı, sol diz oynağının ön səthinin, sağ diz oynağının sol yan səthinin qançırları, sağ mil-bilək oynağının gərilməsi ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, “VAZ 21214” minik markalı avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün yuxarı 1/3-nin yerdəyişmiş sınığı, sağ əl pəncəsinin və çənə nahiyəsinin səthi sıyrıqları ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, fərdi əməklə məşğul olur. BC kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. Hadisə zamanı idarə etdiyi “Mercedes Benz 711D” yük markalı 90 EO-131 dövlət qeydiyyat nişanlı avtomobil şəxsi mülkiyyətindədir. 28 mart 2022-ci il tarixdə axşam saatlarında qudası Şahidla birlikdə idarə etdiyi avtomobillə yaşadıqları evə getmək üçün yola çıxmışlar. Avtomobili özü idarə etmiş, Habil də qabaq oturacaqda oturmuşdur. Onlar Bərdə şəhər istiqamətindən Bəhrəmtəpə istiqamətində hərəkətdə olmuşlar. Avtomobildə təxminən 3 ton taxıl yükü olmuşdur. Saat təxminən 1830 radələrində idarə etdiyi avtomobillə st. Mingəçevir Bəhrəmtəpə yolu ilə Bərdə rayon Mehdili kəndi ərazisi ilə yolun sağ hərəkət zolağı ilə hərəkətdə olmuşdur. Solda yerləşən kəndə gedən yola dönmək üçün avtomobilin sola dönmə işıq siqnalını yandırmış, sağ zolaqda dayanmış, əks istiqqamətən gələn avtomobili buraxmış, avtomobilin güzgüsündən görmüşdür ki, arxadan uzaqdan ağ rəngli “VAZ 21214” minik markalı qeydiyyat nişanını sonradan bildiyi 99 RE-062 dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə gəlir. O, sola dönüb sol zolağın qurtaracağında həmin avtomobil gəlib avtomobilin qabaq sol hissəsindən vuraraq toqquşmuşdur. Nəticədə o, xəsarət almış, lakin Habil xəsarət almamışdır. O, xəsarət aldığı üçün yol avtomobili ilə Bərdə rayon diaqnostika mərkəzinə gedib həkim müayinəsindən keçmişdir. Sonradan bilmişdir ki, qarşı avtomobildə bir uşaq sərnişin xəsarət almışdır. Hadisə zamanı avtomobili 15-20 km/saat sürətlə idarə etmiş, spirtli içki qəbul etməmişdir. Avtomobili ilə toqquşmuş “VAZ 21214” minik markalı avtomobilin sürücüsünü əvvəllər tanımamış, düşmənçiliyi və hər hansı ədavəti olmamışdır. Səhvini başa düşdüyünü, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, bu günkü gündə zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir hissəsini ödəmək istədiyini, lakin zərərçəkmiş şəxslərin təklfi etdiyi məbləğlə razılaşmamasını qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, idarə etdiyi “VAZ 21214” minik markalı 99 RE-062 dövlət qeydiyyat nişanlı avtomobil onundur, etibarnamə ilə idarə edir. 28 mart 2022-ci il tarixdə axşam saatlarında idarə etdiyi avtomobillə bacısı oğlu Zərərçəkmiş şəxs2la birlikdə Bərdə şəhərindən yaşadıqları Lənbəran kəndinə getmək üçün yola çıxmışlar. Avtomobili özü idarə etmiş, Yusif isə avtomobildə qabaqda sağda oturmuşdur. Saat təxminən 1830 radələrində idarə etdiyi avtomobillə st.Mingəçevir-Bəhrəmtəpə yolunun Mehdili kəndi ərazisi ilə 70-75 km/saat sürəltə sağ hərəkət zolağı ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən qarşıda yolun sağ tərəfində sağ yol çiynində markasını və qeydiyyat nişanını sonradan bildiyi “Mercedes Benz 711D” yük markalı 90 EO-131 dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobil onun yoluna daxil olmağa hazırlaşmış, avtomobilin uzaq vuran işıqları ilə işarə etmişdir ki, dayansın yoluna çıxmasın. Həmin yük avtomobili dayanıb yenidən hərəkətə başlamış və sola dönməyə cəhd etmişdir. Ayağını qazdan çəkmiş və tormoz verə bilməmişdir. Avtomobilin qabaq sağ hissəsi yük avtomobilinin qabaq sol hissəsinə dəyərək toqquşmuşdur. Hadisə zamanı o, və bacısı oğlu Yusif xəsarət almışdır. Oradan onları yol avtomobili ilə Bərdə rayon Mərkəzi xəstəxanasına aparmışlar. Onun avtomobili üçün təhlükə Mercedes Benz 711D yük markalı avtomobilin yolun sağından onun yoluna çıxdığı andan yaranmış, həmin anda o, toqquşma yerindən 10 metr məsafədə olmuşdur. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. “Mercedes Benz 711D” yük markalı avtomobilin sürücüsünü əvvəllər tanımamış, düşmənçiliyi ədavəti olmamışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanla bağlı təklif etdiyi məbləğin az olmasını nəzərə alaraq ona vurulmuş zərərin 7800 manat miqdarında olduğunu və həmin məbləğin tam şəkildə ödənilməməsi ilə bağlı sonuncudan şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs3 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 dayısıdır. 28 mart 2022-ci il tartixdə Bakı şəhərindən dayısı Şəhriyargilə qonaq getmək üçün Bərdə şəhərinə gəlmiş, oradan dayısı Şəhriyar onun qarşılamış və axşam saatlarında Şəhriyarın idarə etdiyi “VAZ 21214” minik markalı 99 RE-062 dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Lənbəran kəndinə getmək üçün yola çıxmışlar. Avtomobildə qabaqda sağda oturmuşdur. Saat təxminən 1830 radələrində onlar yolun sağ zolağı ilə öz yolları ilə st.Mingəçevir-Bəhrəmtəpə yolu ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olmuşlar. Mehdili kəndi ərazisi ilə hərəkətdə olarkən qarşıda yolun sağında markasını və qeydiyyat nişanını sonradan bildiyi “Mercedes Benz 711D” yük markalı 90 EO-131 dövlət qeydiyyat nişanlı avtomobil sola doğru onların yoluna çıxmış və dayısının idarə etdiyi avtomobilin qabaq sağ hissəsi yük avtomobilinin qabaq sol hissəsinə dəyərək toqquşmuşdur. Hadisə zamanı o, və dayısı xəsarət almışlar. Onları hadisə yerindən yol avtomobili ilə Bərdə rayon Mərkəzi xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə yazılı müraciət ünvanlanaraq onun sağlamlığına ailəsi tərəfindən 8000 manat pul vəsaitinin xəcləndiyini və bu səbəbdən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra bu yazılı məktubun müraciət xarakterli olmasını, zərərçəkmiş şəxsin mülki iddiaçı qismində tanınması üçün CPM-nin 179-cu maddəsinə əsasən MPM-in tələblərinə uyğun şəkildə iddia ərizəsinin tərtib edilərək məhkəməyə təqdim edilməli olduğu bildirilmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid ibtidai istintaqda ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qudasıdır. 28 mart 2022-ci il tarixdə axşam saatlarında o, qudası Məhəmməd ilə birlikdə Məhəmmədin idarə etdiyi “Mercedes Benz 711D” yük markalı 90 EO-131 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları evə getmək üçün yola çıxmışlar. Avtomobili Məhəmməd idarə etmiş o isə qabaq oturacaqda oturmuşdur. Onlar Bərdə şəhər istiqamətindən Bəhrəmtəpə istiqamətində hərəkətdə olmuş, avtomobildə taxıl yükü aparmışlar. Saat təxminən 1830 radələrində st. Mingəçevir Bəhrəmtəpə yolu ilə Bərdə rayonu Mehdili kəndi ərazisi ilə yolun sağ hərəkət zolağı ilə hərəkətdə olub sola kəndə gedən yola dönmək üçün sağda dayanmışlar. Məhəmməd əks istiqamətdən gələn avtomobili buraxmış, sola dönüb sol zolağın qurtaracağına çatanda arxadan gələn “VAZ 21214” minik markalı 99 RE-062 dövlət qeydiyyat nişanlı avtomobil gəlib onların avtomobilin qabaq sol hissəsindən vuraraq toqquşmuşdur. Hadisə zamanı xsəarət almamış, Məhəmməd isə yüngül xəsarət almışdır. Təqsirləndirilən şəxs yol avtomobilinə minib xəstəxanya getmişdir. Onların avtomobili ilə toqquşmuş “VAZ 21214” minik markalı avtomobilin sürücsü və avtomobildə olan bir azyaşlı uşaq xəsarət almış, onlara köməklik etmiş, yol avtomobili ilə Bərdə rayon Mərkəzi xəstəxanasına yola salmışdır. İş materiallarında olan MTE və PA Birliyinin Bərdə rayonlararası zona mərkəzi publik hüquqi şəxsin verdiyi 209 saylı 08 aprel 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol diz oynağının ön səthinin, sağ diz oynağının sol yan səthinin qançırları, sağ mil-bilək oynağının gərilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sürücü olmaqla törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan MTE və PA Birliyinin Bərdə rayonlararası zona mərkəzi publik hüquqi şəxsin verdiyi 12/209 saylı 22 iyun 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ mil sümüyü distal epifizinin oynaq və dorsal səthlərinin sınığı, sol diz oynağının ön səthinin, sağ diz oynağının sol yan səthinin qançırları, sağ mil-bilək oynağının gərilməsi olmuşdur. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sürücü olmaqla törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan MTE və PA Birliyinin Bərdə rayonlararası zona mərkəzi publik hüquqi şəxsin verdiyi 515 saylı 16 avqust 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sağ bud sümüyünün yuxarı 1/3-nin yerdəyişmiş sınığı, sağ əl pəncəsinin və çənə nahiyəsinin səthi sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin olmaqla törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan MTE və PA Birliyinin Bərdə rayonlararası zona mərkəzi publik hüquqi şəxsin verdiyi 195 saylı 29 aprel 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinədən keçirilən zaman onun alın nahiyəsində səthi qançırı aşkar edilmiş, adına yazılmış xx.xx.2022-ci il tarixli 1482 saylı tibbi arayışda isə ona “sağ İİİ, sol İV-V qabırğaların yerdəyişməyən sınığı” diaqnozu qoyulmuş, təqdim olunan (rentgenoqramma N xx.xx.2022-ci il tarixli) rentgenoqrammanın keyfiyyətsiz olmasına bağlı dəqiq diaqnoz vermək mümkün olmamışdır. Yeni görüntülərlə diaqnoz dəqiqləşməsi aparılmalı olduğu göstərilmiş, məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş-alın nahiyəsinin səthi qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, avtoqəza nəticəsində törənə bilər. Bədən xəsarətinin dərəcəsi isə Təqsirləndirilən şəxs təkrar rentgenoloji müayinədən keçəndən sonra təyin ediləcəkdir. İş materiallarında olan MTE və PA Birliyinin Bərdə rayonlararası zona mərkəzi publik hüquqi şəxsin verdiyi 15/195 saylı 22 avqust 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi keçirilərkən onun alın nahiyəsində səthi qançırı aşkar edilmiş, adına yazılmış xx.xx.2022-ci il tarixli 1482 saylı tibbi arayışda isə ona “sağ İİİ, sol İV-V qabırğaların yerdəyişməyən sınığı” diaqnozu qoyulmuş, lakin rentgenoloji müayinədə “sağ İİİ, sol İV-V qabırğaların yerdəyişməyən sınığı” diaqnozu təsdiq olunmur. Məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş-alın nahiyəsinin səthi qançırı isə küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli 8/798 nömrəli məhkəmə trasoloji ekspertizasının rəyindən müəyyən edilir ki, təqdim edilmiş “Mercedes-Benz 711 D” markalı, 90 EO-131 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sol qanadda, qabaq sol qapıda, qabaq bamperdə, külək qoruyucusunda, qabaq sol farada) və “VAZ- 21214” markalı, 99 RE-062 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotda, qabaq bamperdə, qabaq sağ qanadda, qabaq sağ farada) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməsi, o cümlədən avtomobillərin bir-birləri ilə toqquşması nəticəsində yaranması mümkündür. -İlkin kontakt anında toqquşma “Mercedes-Benz 711 D” markalı, 90 EO-131 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan hissəsi (qabaq sol qanadı) ilə “VAZ-21214” markalı, 99 RE-062 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi (qabaq sağ qanad) arasında təxminən 60-65 dərəcə bucaq altında baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 may 2022-ci il tarixli 8/1067 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən müəyyən edilir ki, Mercedes Benz 711D markalı, 90 EO-131 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -VAZ-21214 markalı, 99 RE-062 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinin YNH-nə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin 17 sentyabr 2022-ci il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi barədə qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 əməli üzrə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə hissəvi xitam verilməsi və onun hadisə zamanı az ağır dərəcəli bədən xəsarətləri aldığından iş üzrə zərərçəkmiş şəxs qismində tanınması, qərarın surətinin Zərərçəkmiş şəxs1 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi üçün BDYPİ-nin YPX Alayına göndərilməsi qərara alınmışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 441 saylı 28 mart 2022-ci il tarixli aktdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 440 saylı 28 mart 2022-ci il tarixli aktdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan AE 202294 saylı sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “BC” katiqoriya sürücülük hüququ vardır. İş materiallarında olan 02 aprel 2022-ci il tarixli Baxış keçirilməsi haqqında protokoldan görünür ki, 28 mart 2022-ci il tarixdə saat 18:30 radələrində Mingəçevir st.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisindən keçən 68-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar VAZ 21214 markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin tərəfindən yol-nəqliyyat hadisəsinin baş verdiyi anın qeydə alındığı videogörüntülərə müstəntiq tərəfindən baxış keçirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə, saat 1830 radələrində idarə etdiyi “Mercedes Benz 711D” yük markalı 90 EO-131 dövlət qeydiyyat nişanlı avtomobillə st.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisindən keçən 68-ci kilometrliyində "Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlama, yerdəyişmə, dönmə, ötmə və dayanma zamanı manevri təhlükəsiz aparmalı olduğu halda bunu etməyərək, Bəhrəmtəpə istiqamətinin sağ yol çiynindən 15-20 km/saat sürətlə sola doğru manevr edib həmin istiqamətdə yolun sağ zolağı ilə Zərərçəkmiş şəxs1 140-150 km/saat sürətlə idarə etdiyi “VAZ 21214” minik markalı 99 RE-062 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına daxil olması, “VAZ 21214” minik markalı avtomobilin qabaq sağ hissəsi “Mercedes Benz 711D” yük markalı avomobilin qabaq sol hissəsinə dəyərək Bəhrəmtəpə istiqamətində yolun sol çiyni üzərində toqquşması, nəticədə onun, ehtiyatsızlıqdan “VAZ 21214” minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ mil sümüyü distal epifizinin oynaq və dorsal səthlərinin sınığı, sol diz oynağının ön səthinin, sağ diz oynağının sol yan səthinin qançırları, sağ mil-bilək oynağının gərilməsi ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, “VAZ 21214” minik markalı avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün yuxarı 1/3-nin yerdəyişmiş sınığı, sağ əl pəncəsinin və çənə nahiyəsinin səthi sıyrıqları ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 136 saylı 08 avqust 2022-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Mehdili kəndində yaşayır. Təqsirləndirilən şəxs özünü həmişə nizam-intizamlı aparmış, ictimai işlərdə fəal iştirak etmişdir. Bərdə rayonu Mehdili kənd icra nümayəndəliyi tərəfindən heç bir cəza almamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmədə etdiyi çıxışında bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 müalicəsi və sağlamlığının bərpası üçün 3000 manat, digər Zərərçəkmiş şəxs1 avtomobilinə vurulmuş maddi zərərin qarşılığı olaraq 2000 manat təklif edilmiş, zərərçəkmiş şəxslərə vurulmuş zərərin digər hissəsinin icbari sığorta haqqında qanunla müəyyən edilmiş qaydada ödənilməli olduğu qeyd edilmiş, lakin zərərçəkmiş şəxslər tərəfindən həmin məbləğin miqdarının az olduğunun qeyd edilməsi səbəbindən hazırki iş üzrə zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs tərəfindən təklif edilən həmin məbləği almaqdan imtina etdiklərini qeyd etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfü axarı zəmnində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərə maddi köməklik göstərməyi təklfi etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 30 mart 2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, islah işləri növündə cəza təyin etməyi və onun aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, hökmün icrasına nəzarət Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun işləməyə başladığı və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (ma.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 282 (bir yüz əlli dörd) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 282 manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1- 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olunmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlaklar hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olunmaqla); cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya ona müvafiq hissəsi və terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrumların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş materiallarında olan AD 912121 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Mercedes-Benz 711D yük” markalı 90 EO-131 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs adına qeydə alınmışdır. İş materiallarında olan AD 703576 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, VAZ-21214 minik markalı 99 RE-062 dövlət qeydiyyat nişanlı avtomobil X3 adına qeydə alınmışdır. İş materiallarında olan ƏN-Vİİİ 356912 nömrəli xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X6 mülkiyyətində olan VAZ-21214 minik markalı 99 RE- 062 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqdaidarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün Zərərçəkmiş şəxs1 etibarnamə vermişdir. Etibarnamə 10 ay 25 gün müddətinə verilmişdir və xx.xx.2023-cü il tarixədək qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İsmayılov Rusiyaya qarşı işində qeyd etmişdir ki, hazırkı işdə sözügedən “əmlak” məhkəmə qərarının ərizəçinin mülkiyyətində maneəsiz istifadə hüququna müdaxilə etdiyini və buna görə 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqini tərəflər mübahisləndirmirlər. Tədbirin Konvensiyanın bu müddəasının birinci və ikinci bəndi ilə əhatə olunub-olunmamasının müəyyən edilməsi qalır. (bax, 29-cu bənd) Məhkəmə həmin yanaşmanı təkrar edir ki, müsadirə tədbiri mülkiyyətdən məhrum etməyə toxunsa belə, 1 saylı Protokolun 1-ci maddəsinin ikinci bəndinin mənasında mülkiyyətdən istifadəyə nəzarəti təşkil edir. Müvafiq olaraq, məhkəmə hesab edir ki, eyni yanaşmaya hazırkı işdə riayət edilməlidir. (bax, İsmayılov Rusiyaya qarşı, 30-cu bənd) Məhkəmənin qənaətincə baxılan cinayət işində də Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində dövlətə hər hansı bir maddi ziyan dəyməmişdir. Buna görə də onun istifadəsində olan VAZ-21074 markalı 90 CL-568 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə olunması məhkum üçün “həddən artıq yük” olmaqla əməlinə qeyri-mütənasibdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan VAZ-21214 minik markalı 99 RE- 062 dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1, Mercedes-Benz 711D yük markalı 90 EO-131 dövlət qeydiyyat nişanlı avtomobilin isə Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərin maddi ziyanın ödənilməsi ilə bağlı müraciətləri nəzərə alınaraq onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə təqsirləndirilən şəxsə qarşı mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə sübt qismində hadisə anının videogörüntüsünü əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01(bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus olan VAZ-21214 minik markalı, 99 RE-062 dövlət qeydiyyat nişanlı avtomobilin və Təqsirləndirilən şəxs mülkiyyətində olan Mercedes-Benz 711D yük markalı 90 EO-131 dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 282 (iki yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülkimühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə hadisə anının videogörüntüsünü əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar