Məhkəmə qərarları › İş №1(021)-184/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-184/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-184/2022 06.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən - Babaşov Fuad Bəhruz oğlunun, Məhkəmə iclasının katibi - X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili X7 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1966-cı ildə Kəlbəcər rayonunun Həsənlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 iyun 2010-cu il tarixli, 1 (101 )-880/2010 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə və 3170 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, həmin cəzanın cərimə hissəsi tam ödənilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağcabədi rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1 (017)-123/2022 saylı hökmü ilə qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə və 2357,90 manat cərimə cəzalarına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Kəlbəcər rayonunun Həsənlər kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, AKTA-6 yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 04 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Ağcabədi rayonunun Poladlı kəndində yaşayan X1 ümumilikdə 2850 manat dəyərində 8 (səkkiz) baş xırdabuynuzlu heyvanlarını və 15 fevral 2022-ci il tarixdə saat 01 radələrində Goranboy rayonunun Qurbanzadə kəndində yaşayan X3 ümumilikdə 1290 manat dəyərində 6 (altı) baş xırdabuynuzlu heyvanlarını gizli olaraq talayıb oğurluq cinayət əməllərini törətdikdən sonra təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 25 fevral 2022-ci il tarixdə saat 23 radələrində Bərdə rayonunun Mehdixanlı kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə, oradan isə həyətdə tikilmiş tövlənin qapısının açıq olmasından yararlanıb qapıya keçirilmiş dəmir keçəcəyi çıxarıb saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq tövlədən Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 9 (doqquz) baş xırdabuynuzlu heyvanlarından ibarət özgə əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1980 (min doqquz yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, 2010-cu ildə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinib 6(altı) il, 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonuna az müddət qalmış buraxılmış, ondan bir müddət sonra cinayət törətməmişdir. 25 fevral 2022-ci il tarixdə tək oğurluq etmək qərarına gəlmiş, həmin gün axşam saatlarında yol maşını ilə Tərtər rayonuna, oradan da Bərdə rayonu ərazisinə gəlmişdir. Tərtər rayonu Xoruzlu kəndi ərazisində yol maşınından düşüb axşam qaranlıq olanda kanal qırağı yolla əkin sahələrinin yanından keçib Bərdə rayonu Mehdixanlı kəndinə gəlmişdir. Kəndə çatanda artıq saat 23 radələri olmuşdur. Meşənin kənarında bir evi görüb evdən oğurluq etmək üçün münasib şəraitin olduğunu düşünüb oradan oğurluq etmək qərarına gəlmişdir. Evə yaxınlaşanda görmüşdür ki, evin yanında tövlə var. Həyətə daxil olub tövləyə yaxınlaşanda qapısında kilid olmadığını görmüşdür. Tövlənin qapısını açanda tövlədə 60-70 baş xırdabuynuzlu heyvanların olduğunu görmüş, tövlədən 9 baş heyvanı ayırıb həyətə, oradan da dəmir darvazanı açıb çölə çıxarmışdır. Heyvanları çölə çıxarıb kanal boyu Tərtər rayonunun kəndlərini keçməklə aralaşmışdır. Tərtər rayonunun Sarov kəndi ərazisinə keçmiş, gecə saat 05 radələrində yolun kənarında oğurladığı heyvanları otararkən, həm də hər hansı bir münasib maşının gəlməsini gözləyərkən baxmışdır ki, boz rəngli QAZ-31 markalı avtomobil gəlir. Avtomobili saxlatmış, Gəncə şəhərinə heyvan bazarına heyvan apardığını bildirmişdir. 30 manata razılaşıb heyvanları QAZ-31 markalı avtomobilin arxa oturacaqları olmayan salonuna və yük yerinə yığmışdır. Heyvanları Göygöl rayonunun Üçtəpə kəndi ərazisində yerləşən heyvan bazarına gətirmiş, tanımadığı sürücüyə də 30 manat yol haqqı vermişdir. Sürücüyə heyvanların onun olmasını bildirmiş, orada heyvanları müxtəlif qiymətə, 140 manata, 150 manata, 160 manata və yadında qalmayan qiymətlərə satıb pullarını da özü xərcləmişdir. Bundan sonra 23 mart 2022-ci il tarixdə Haqverdi və Oktayla birlikdə Goranboy rayonunun Goranlı kəndindən də xırdabuynuzlu heyvan oğurlayıb aparıb satmışlar. Haqverdi ilə danışanda Haqverdiyə demişdir ki, Ağcabədi rayonunun Poladlı kəndinə getsinlər. Haqverdi və Oktayla birlikdə 26 mart 2022-ci il tarixdə Ağcabədi rayonunun Poladlı kəndinə gəlmişlər. Oradan da bir tövlədən 7 baş xırdabuynuzlu heyvanı oğurlamışlar. Haqverdi də maşının yanında durmuş, heyvanları oğurlayıb maşına tərəf gətirmişlər. Heyvanları maşına qoyub Gəncə şəhərinə aparmışlar. Özü maşından düşmüş, Oktayla Haqverdi maşınla heyvanları Gəncə mal bazarına aparıb satmışlar və ona da pul vermişlər. Onları Goranboy rayon Polis şöbəsinin əməkdaşları Goranboydan etdikləri oğurluqlara görə tutmuşlar. 25 fevral 2022-ci il tarixdə Bərdə rayonu Mehdixanlı kəndinə gəlib oradan meşənin kənarında yerləşən tanımadığı şəxsin evinin həyətindəki tövlədən də 9 baş xırdabuynuzlu heyvan oğurlamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı kənddə xırdabuynuzlu heyvanlar saxlayır. Onun və iki oğlu Elbəyi və Nicatın təsərrüfatları eynidir, təsərrüfat başçısı da odur. Onun 70 baş xırdabuynuzlu heyvanları var. Həmin heyvanlardan 29 baş quzunu tövlədə saxlamışdır ki, kökəldib satsın. 25 fevral 2022-ci il tarixdə saat 20 radələrində quzulara ot-yem verib yaşadığı evə getmiş, həmin gün arada heyvanlara baxmış, 26 fevral 2022-ci il tarixdə saat 07 radələrində tövləyə girib quzuların az olmasını görmüş, sayanda bilmişdir ki, quzulardan 9 baş quzu oğurlanmışdır. Evin həyətinə, ətraf yerlərə baxmış, soraqlamış, quzuları tapa bilmədiyi üçün polisə məlumat vermişdir. Polis hadisə yerinə gəlib baxış keçirmiş, lakin quzuları tapa bilməmişdir. Onun oğurlandığı quzularının diri çəkisi 35-40 kiloqram olmuş, 9 aylıq quzular olmuş, birinin qiyməti təxminən 220 manat civarında olmuşdur. Ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq da Şahid2 Çingiz oğlu məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub elan etmişdir. O həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Onlar bir kənddə yaşasalar da ayrı-ayrı evlərdə yaşayırlar. Aralarında olan məsafə təxminən 200 metr olar. 26 fevral 2022-ci il tarixdə saat 09 radələrində qardaşı Nicat mobil telefon vasitəsilə ona zəng edərək digər qardaşı Elbəyinin heyvanlarının oğurlandığını bildirmişdir. O da həmin vaxt özünə məxsus heyvanları sahədə otarmışdır. Yolu uzaq olduğundan heyvanları otlaq sahəsində saxlamışdır. Axşam tərəfi heyvanları yaşadığı evdə tövləyə salıb atası Çingizgilə getmişdir. Orada ona məlum olmuşdur ki, qardaşı Elbəyinin 09 baş xırdabuynuzlu quzusu oğurlanmışdır. O həmin gecə yaşadığı evdə olmuş, qardaşı Elbəyinin quzularının oğurlanmasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan edilmiş Şahid1 Çingiz oğlu da Şahid2 Çingiz oğlunun ifadəsinə oxşar məzmunda ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2009 saylı 20 aprel 2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 09 baş qara və boz rəngli, 9 aylıq erkək və diri çəkisi təxminən 35-40 kiloqram olan xırdabuynuz heyvanların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1980 (9 baş x 220 manat) manat müəyyən edilmişdir. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi və məlumatları əks etdirən sənədlərin cinayət işinin materiallarına əlavə edilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadəsində olmuş 994 70 *** ** ** mobil nömrəsinin istifadəçisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində yerləşdiyi ərazi dairəsinin anten və giriş-çıxış zənglərini əks etdirən məlumatlara nəzər salınmış və həmin məlumatlar printer vasitəsilə A4 formatında çap edilməklə, eyni zamanda həmin məlumatları özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 04 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Ağcabədi rayonunun Poladlı kəndində yaşayan X1 ümumilikdə 2850 manat dəyərində 8(səkkiz) baş xırdabuynuzlu heyvanlarını və 15 fevral 2022-ci il tarixdə saat 01 radələrində Goranboy rayonunun Qurbanzadə kəndində yaşayan X3 ümumilikdə 1290 manat dəyərində 6(altı) baş xırdabuynuzlu heyvanlarını gizli olaraq talayıb oğurluq cinayət əməllərini törətdikdən sonra təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 25 fevral 2022-ci il tarixdə saat 23 radələrində Bərdə rayonunun Mehdixanlı kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə, oradan isə həyətdə tikilmiş tövlənin qapısının açıq olmasından yararlanıb qapıya keçirilmiş dəmir keçəcəyi çıxarıb saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq tövlədən Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə 9 (doqquz) baş xırdabuynuzlu heyvanlarından ibarət özgə əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1980 (min doqquz yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Daha sonra qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Həmin qərara əsasən cinayət məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Eyni zamanda təqsirləndirilən şəxs X5 törətdiyi cinayət əməli vahid niyyətlə əhatə olunmadığından təkrarlıq əlaməti ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Yellicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 avqust 2022-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Yellicə İnzibati Ərazi X4 Həsənlər kəndində daimi qeydiyyatdadır. Hazırda müvəqqəti olaraq Daşkəsən rayonu Quytul kəndində məskunlaşıb yaşayır. Təqsirləndirilən şəxs insanlarla münasibəti normaldır. Nümayəndəliyə onun haqqında şikayət və narazılıq, hər hansı bir qeyri-etik məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs normal ailə başçısıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, Kəlbəcər rayonundan məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 177-ci maddəsinin yarımbəndlərində nəzərdə tutulmuş əməlləri törətdiyinə görə məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 1(076)-80/2022 saylı 30 iyun 2022-ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 gün müddət hazırkı hökmlə ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində 02 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən ona yeni hökmlə təyin olunmuş 02 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-880/2010 saylı 18 iyun 2010-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş və hazırda çıkilməmiş qalan 2357,90 manat cərimə cəzası ilə tam birləşdirilməsi və üzərində qəti olaraq 02 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası və 2357,90 manat cərimə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş 2357,90 manat cərimə cəzasının Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməsi hökm edilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 1(017)-123/2022 saylı 27 oktyabr 2022-ci il tarixli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli. 1(076)-80/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş iki il beş ay iyirmi yeddi gun müddətə azadlıqdan məhrum etmə cəzası və 2357 (iki min üç yüz əlli yeddi) manat 90 (doxsan) qəpik cərimə cəzası qəti cəza müddətinə hesablanması və Şəmkir Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 1(076)-80/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş iki il beş ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzası və 2357 (iki min üç yüz əlli yeddi) manat 90 (doxsan) qəpik cərimə cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə toplanılaraq Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq dörd il müddətə azadlıqdan məhrum etmə cəzası və 2357 (iki min üç yüz əlli yeddi) manat 90 (doxsan) qəpik cərimə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, azadlıqdan məhrum etmə cəzasının əvvəlinin tutulduğu gündən, yəni 09 aprel 2022-ci il tarixdən hesab edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2357,90 manat cərimə cəzasının müstəqil icra olunması qərara alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, əməlindən peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Kəlbəcər rayonundan məcburi köçkün olmasını nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətdiyinə görə məhkum olunması və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi cinayətin sadə residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 50-ci bəndində göstərilmişdir ki, CM-in 65-ci maddəsi residivə görə təyin edilən cəzanın müddətini residivin növündən asılı etdiyindən, hökmdə residivin hansı növünün müəyyən edildiyi, yəni residivin sadə, təhlükəli və ya xüsusilə təhlükəli olması müvafiq əsaslar gətirilməklə aydın şəkildə göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğunu və təqsirləndirilən şəxsin əməlinin cinayətin sadə residivini yaratdığında məhkəmə CM-nin 65.2-ci maddəsini nəzərə alaraq təqsirləndirilən şəxsə həmin maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi həmin məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 1(076)-80/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 29 noyabr 2021-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 gün müddət təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 02 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 02 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası əvvəllər Ağır Cinayətlərə Dair işlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 iyun 2010-cu il tarixli, 1(101)- 880/2010 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 2357.90 manat cərimə cəzası ilə tam birləşdirilib üzərində qəti olaraq 02 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası və 2357.90 manat cərimə cəzası saxlanılmış, təyin edilmiş cərimə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 30 iyun 2022-ci il tarixdən hesablanması və barəsində Goranboy Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması qərara alınmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 1(017)-123/2022 saylı 27 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli. 1(076)-80/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş iki il beş ay iyirmi yeddi gun müddətə azadlıqdan məhrum etmə cəzası və 2357 (iki min üç yüz əlli yeddi) manat 90 (doxsan) qəpik cərimə cəzası qəti cəza müddətinə hesablanması və Şəmkir Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 1(076)-80/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş iki il beş ay iyirmi yeddi gün müddətə azadlıqdan məhrum etmə cəzası və 2357 (iki min üç yüz əlli yeddi) manat 90 (doxsan) qəpik cərimə cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə toplanılaraq Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq dörd il müddətə azadlıqdan məhrum etmə cəzası və 2357 (iki min üç yüz əlli yeddi) manat 90 (doxsan) qəpik cərimə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, azadlıqdan məhrum etmə cəzasının əvvəlinin tutulduğu gündən, yəni 09 aprel 2022-ci il tarixdən hesab edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2357,90 manat cərimə cəzasının müstəqil icra olunması qərara alınmışdır. Ağcabədi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(017)-123/2022 saylı hökmü qanuni qüvvəsini almışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1 (017)-123/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş dörd il müddətə azadlıqdan məhrum etmə və 2357 (iki min üç yüz əlli yeddi) manat 90 (doxsan) qəpik cərimə cəzalarından hökmün elan edildiyi 06 dekabr 2022-ci il tarixə çəkilməmiş qalan 03 il 07 ay 27 gün azadlıqdan məhrum etmə və 2357,90 (iki min üç yüz əlli yeddi manat doxsan qəpik) manat cərimə cəzası hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin ediləcək cərimə cəzası müstəqil icra olunmalı, cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu vaxtdan, yəni 06 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 20 aprel 2022-ci il tarixli 9/2009 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə sübut qismində tanınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin anten dairəsi və giriş-çıxış zənglərinə dair məlumatları əks etdirən 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə iş materiallarında olan zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş 1980 manat məbləğində maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən Ağcabədi rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(017)-123/2022 saylı hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 il 07 ay 27 gün azadlıqdan məhrum etmə və 2357,90 (iki min üç yüz əlli yeddi manat doxsan qəpik) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və 2357,90 (iki min üç yüz əlli yeddi manat doxsan qəpik) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu vaxtdan yəni, 06 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2357,90 (iki min üç yüz əlli yeddi manat doxsan qəpik) manat cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut qismində tanınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin anten dairəsi və giriş-çıxış zənglərinə dair məlumatları əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci, SAP(XİİS) hesabı, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar