Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-187/2021 06.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi2 Hacıbaba oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 03 il şərti sınaq müddəti olmaqla barəsində narkotiklə bağlı məcburi müalicə tədbirləri təyin edilmiş, məhkumluğu ödənilmiş, Bərdə şəhəri, İ.Qayıbov küçəsi ev 3-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,370 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamış, 22 sentyabr 2021ci il tarixdə saat 13 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə şəhəri, İ.Qayıbov küçəsində müəyyən edilərək polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış aparılan zaman üzərindən, yəni əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,370 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə şəhərində anadan olmuş və tutulanadək ailə üzvləri ilə birlikdə Bərdə şəhəri İ.Qayıbov küçəsi ev 3 ünvanında yaşamışdır. Evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 3 il əvvəl narkotik vasitə hesab edilən heroindən istifadə etməyə başlamışdır. 22 sentyabr 2021-ci il tarixdə səhər saatlarında evdən çıxıb yaşadığım küçə ilə hərəkət edən zaman yolun qırağından 1 ədəd büküm tapdım. Həmin bükümə baxan zaman içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və istifadəçisi olduğu üçün bükümü cibinə qoymuşdur. 22 sentyabr 2021-ci il tarixdə saat 13:00 radələrində yaşadığı evə qayıdan zaman polis əməkdaşları ona yaxınlaşmış, qaçmaq istəsə də, bacarmamışdır. Daha sonra polis əməkdaşları özlərini təqdim edərək üzərində narkotik vasitə saxlaması barədə məlumatlarının olduğunu bildirib onu Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə gəlmiş, ona dövlət hesabına müdafiəçi dəvət edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman səhər saatlarında yaşadığı küçədən tapıb əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibinə qoyduğu bir ədəd sellofan bükümdə olan narkotik vasitəni təhqiqatçıya təqdim etmişdir. Bundan sonra aşkar edilmiş büküm bir ədəd kağız zərfdə qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzəri imzalandıqdan sonra götürülmüşdür. Ardınca şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş, özü və digər iştirakçılar tərəfindən doğru hesab edilərək imzalanmışdır. Üzərində videoçəkiliş aprılmaqla axtarış keçirilən zaman başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Şahid2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, 2017-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. 2020-ci ildən Bərdə rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı xüsusi rütbəsindədir. 22 sentyabr 2021-ci il tarixdə ona ünvan 1 ünvanda yaşayan 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də həmin tarixdə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar polis şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdə saat 13:25-də yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müdafiəçi dəvət edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı Rauf Əlizadə tərəfindən şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra şübhəli şəxsin, müdafiəçisinin, həmçinin Bərdə rayon polis şöbəsinin əməkdaşları Şahid3, Şahid1 və onun özünün iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan büküm, arxa cibindən isə üzərində yazılar olan kağızlar və bir ədəd qara rəngli tibbi maska, köynəyin cibindən isə bir ədəd kibrit qutusu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, ancaq başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofan büküm açılmış və oradan qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu, bükümü Bərdə şəhəri ərazisindən tapdığını və taparkən içərisinə baxıb heroin olmasını gördüyündən şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,41 qram olduğu müəyyən edilmişdir. Bundan sonra büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənərək götürülmüş, şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar isə həmin protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid1 Şahid2 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadələr verdilər. Cinayət işinin 12-ci vərəqəsində olan 22 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 47-ci vərəqəsində olan 24 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 63-65-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4 ( 021)104\2021 saylı 24 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 35-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsindən alınmış 23.09.2021-ci il tarixli 16\ 1004 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən çıxan 1 ədəd büküm..” sözləri və imzalar olan zərfdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,370 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin 90-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji dispanserindən alınmış 28 oktyabr 2021- ci il tarixli 1302 saylı rəydə göstərilir ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində nаrkоmаniya xəstəliyindən əzаb çəkir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı var. Narkolоji kabinetdə qеydiyyаtа alınması məsləhət görülür. Cinayət işinin 91-96-cı vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 28.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 0.370 qram narkotik vasitə olan heroin tədqiqat prosesində tədqiqata 0, 02 qram sərf olunduğundan qalıq olaraq 0.350 qram heroin qaldığından maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsində saxlanması təmin olunmuşdur. Cinayət işinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 03 il şərti sınaq müddəti olmaqla barəsində narkotiklə bağlı məcburi müalicə tədbirləri təyin edilmişdir. Məhkumluğu ödənilmişdir. Cinayət işinin 90-cı vərəqəsində olan Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 28.10.2021-ci il tarixli məktubundan görünür ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli 1(101)1431 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza 03 il müddətinə şərti hesab edilmiş Təqsirləndirilən şəxs sınaq müddəti ərzində nəzarətə götürülmüş və 26.01.2012-ci il tarixdə cəzasının sonu ilə əlaqədar Bərdə Rayon İcra və Probasiya Şöbəsində şərti məhkum edilmiş şəxslərin qeydiyyat kitabından çıxarılmışdır. Cinayət işinin 79-cu vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs narkotikaya meyilli kimi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, ailəli olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini, istifadə etdiyi narkotik vasitəsinin heroin olmasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunu azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 22 sentyabr 2021-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 24 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Buna görə də Təqsirləndirilən şəxs oğlunun cəzasının əvvəli 22 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs oğlunun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Onun barəsində məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan narkotik vasitə olan 0.350 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan təmiz çəkisi 0.350 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(021)-187/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-187/2021
06.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver