Məhkəmə qərarları › İş №1(021)-187/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-187/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-187/2023 11.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxx 1983-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bərdə şəhəri Nüşabə küçəsi ev 9-da qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının əvvəllərində ünvan 3 yaşadığı evin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Аzərbaycan Respublikasının Qanununun İİİ siyahısınа əsasən xeyli miqdarda, yəni 6 (altı) ədəd ümumi təmiz çəkisi 25 qram оlan əkilib-yetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz əkib-yetişdirməklə kultivasiya etmiş, 25 iyun 2023-cü il tarixdə saat 1250 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun tərəfindən kultivasiya edilmiş 6 (altı) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin mart ayının sonlarında Bərdə rayonu ərazisində yerləşən «Qarabağ» kanalının yaxınlığında balıq ovu edərkən çətənə bitkilərinin toxumlarını tapmışdır. 2023-cü ilin iyun ayının əvvəllərində yaşadığı Bərdə şəhəri Nüşabə küçəsi ev 9-da yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində 3 (üç) ədəd dibçəkdə marixuana (nəşə) toxumlarını əkmiş, toxumların 06 ədədi bitmişdir. Həmin kollara xüsusi qulluq göstərmişdir. xx.xx.2023-cü il tarixdə saat 1250 radələrində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları yaxınlaşaraq həyətində narkotik becərməsi barədə məlumat olduğunu bildirmişlər. Polis əməkdaşlarına səmimi etiraf edərək əkdiyi narkotik tərkibli bitkiləri göstərmişdir. Əkdiyi narkotik vasitələri özü istifadə etmək üçün əkmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu bildirdikdən sonra Bərdə Rayon Polis Şöbəsinə getmişlər. Şöbədə üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılacağı barədə məlumat verilmişdir. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Narkotik vasitə əkib-becərdiyinə görə əməlindən peşmandır. Bir daha bu cür qanunsuz hallara yol verməyəcəyinə söz verir. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadə verərək göstərdi ki, 25 iyun 2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 1250 radələrində Bərdə RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis kapitanı Şahid2, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X3 və X4 aparıcı aqronom mütəxəssisi X7 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmaması soruşulmuş, sonuncu heç bir etirazının olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması və əkib-becərməsi barədə şifahi sorğu edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin sağ tərəfində hasarın dibində narkotik vasitə olan çətənə bitkilərini əkibbecərdiyini bildirmişdir. Həmin yerə baxış keçirilərkən 3 (üç) ədəd plastik materialdan olan dibçəyin içərisində ümumi sayı 06 ədəd narkotik tərkibli çətənə koluna bənzər bitkilər aşkar edilmişdir. Bitkilərə mütəxəssis Sahib Əliyev tərəfindən baxış keçirilərkən aqrotexniki qaydalara uyğun olaraq əkilib suvarılması və kultivasiya edilməsi barədə məlumat vermişdir. Həmin bitkilər baxışda iştirak edən iştirakçıların iştirakı ilə torpaqdan çıxarılmışdır. Bitkilər ölçülərkən ən kiçiyinin 23 sm və ən böyüyün isə 55 sm olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bitkiləri haradan əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs həmin bitkilərin toxumlarını 2023-cü ilin mart ayının sonlarında Bərdə rayonu ərazisindən keçən «Qarabağ» kanalından balıq tutarkən yaxınlıqdan tapdığını, şəxsi istifadəsi üçün həmin qablarda əkdiyini və qulluq edərək yetişdirdiyini bildirmişdir. Daha sonra həmin bitkilər ekspertizaya göndərilməsi üçün qablaşdırılıb götürülmüşdür. Sonra təhqiqatçı tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçrilməsi ilə əlaqədar hər hansı bir suallarının olub-olmaması barədə sorğu edilmiş, lakin iştirakçılar tərəfindən hər hansı sual olmamışdır. Bununla da, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış başa çatdığından videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilmiş, orada sonuncunun üzərinə baxış keçirilən zamanı qanunsuz heç bir əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Bərdə Rayon Polis Şöbəsinin KTQ-nin baş inspektoru-kriminalist Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi X4 aparıcı aqronomu Şahid3 ifadə verərək göstərdi ki, 2020-ci ilin fevral ayından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X5 Mərkəzində aparıcı aqronom vəzifəsində işləyir. Onun vəzifəsi Bərdə rayonu ərazisində bitkiçiliklə bağlı xəstəliklərin öyrənilməsi, aşkara çıxarılması və zərərsizləşdirilməsinin təşkil edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 25 iyun 2023-cü il tarixdə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb ünvan 3 Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkibbecərməsi şübhəsi olduğunu bildirərək onu Xəyyam Məməmdovun yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət etmişlər. Baxış keçirilməsində aqronom kimi iştirak etmişdir. Belə ki, həmin gün saat 13 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana getmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat olduğundan yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin sağ tərəfində hasarın dibində narkotik vasitə çətənə bitkilərini əkibbecərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazı olub-olmaması soruşulmuş, sonuncu heç bir etirazı olmadığını bildirmiş, baxış keçirilərkən 3 ədəd plastik materialdan olan dibçəyin içərisində ümumi sayı 06 ədəd olan narkotik tərkibli çətənə koluna bənzər bitkilər aşkar edilmişdir. Bitkilərə baxış keçirmiş və hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydalara uyğun olaraq qulluq edildiyini və suvarıldığını, yəni bitkilərin kultivasya edildiyini müəyyən etmişdir. Polis əməkdaşları həmin bitkilərin gövdələrindən tutub torpaqdan çıxarmış və sayılaraq 6 ədəd narkotik tərkibli çətənə bitkisi olduğu müəyyən edilmişdir. Bitkilər polis əməkdaşları tərəfindən ölçülərkən ən kiçiyinin 23 sm və ən böyüyün isə 55 sm olması müəyyən edilmişdir. Bitkilər ekspertiza tədqiqatına göndərilməsi üçün polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Bərdə Rayon Polis Şöbəsinə aparılmışdır. İş materiallarında olan: “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri Nüşabə küçəsi ev 9-da yerləşən fərdi yaşayış evindən ümumilikdə 6 (altı) ədəd narkotik tərkibli çətənə bitkiləri götürülmüşdür.Həmin istintaq hərəkətinin görüntüləri 01 ədəd DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 iyun 2023-cü il tarixli 16/682 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində ağ kağızda ‘‘Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş...” adlar və imzalar olan sintetik kisədəki 6 (altı) ədəd ümumi təmiz çəkisi 25 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. -Aqronom (mütəxəsis) Şahid3 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. -Çətənə bitkilərinin ümumi çəkiləri-6 ədəd, 25 qram, tədqiqata istifadə olundu cəmi 0,12 qram, qalıq 24,88 qramdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirli yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi X4 aparıcı aqronomu Şahid3 xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bərdə şəhəri Nüşabə küçəsi ev 9-da yaşayan Təqsirləndirilən şəxs aid evin həyətyanı sahəsində dibçəkdə 6 (altı) ədəd narko-xassəli çətənə kolu aşkar olunmuşdur. Həmin narko-xassəli çətənə koluna aqrotexniki qaydalara uyğun olaraq əkilmiş və suvarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 24 avqust 2023-cü il tarixli 1394 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının əvvəllərində ünvan 3 yaşadığı evin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Аzərbaycan Respublikasının Qanununun İİİ Siyahısınа əsasən xeyli miqdarda, yəni 6 (altı) ədəd ümumi təmiz çəkisi 25 qram оlan əkilib-yetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz əkib-yetişdirməklə kultivasiya etməsi, 25 iyun 2023-cü il tarixdə saat 1250 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun tərəfindən kultivasiya edilmiş 6 (altı) ədəd narkotik tərkibli çətənə (kamnabis) bitkisinin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələrin onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli 3803 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Nüşabə küçəsi 9 nömrəli evdə yaşayır. Təqsirləndirilən şəxs yaşadığı ərazidə özünü həmişə yaxşı aparmış, yaşadığı küçədə olan qonşuları ilə yaxşı münasibətdə olmuşdur. Onun barəsində bu günə kimi Bərdə şəhər İcra Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Bərdə Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli 1(021)-149/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə ona təyin olunmuş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər hesablanmaqla 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 7(003)-960/2021 saylı qərarından görünür ki, həmin qərar ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsi, çəkilməmiş 02 ay 06 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilməsi, qərarın dərhal icra edilməsi, qərarın icrasına nəzarətin Bərdə Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin tapşırılması qərara alınmışdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli ********* nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 7 (003)-960/2021 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. O, Bərdə Rayon İcra və Probasiya Şöbəsində nəzarətə götürülmüş və cəzasının sonu ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsində şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs məhkumluğunu nəzərə alaraq, CM-nin 83.1-ci maddəsinə əsasən cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla, təqsirli bilindiyi CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 25 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin 27 iyun 2023-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, Azərbaycan Resbulikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbs etmənin əvvəlinin 25 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin başlanğıcı 25 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 26 iyun 2023-cü il tarixli 16/682 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 24,88 qram çəkidə cəmi 6 (altı) ədəd narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01(bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 24,88 qram çəkidə cəmi 6 (altı) ədəd narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən təqsirləndirilən şəxs tərəfindən rəsmi qaydada aldığı, digər proses iştirakçıları tərəfindən isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar