Məhkəmə qərarları › İş №1(021)-19/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-19/2021

01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-19/2021 01.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cü il tarixdə Bərdə rayonu Dəymədağıldı kəndində anadan оlmuş, Аzərbaycan Respublikası vətəndaşı, оrtа təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs mərhum atası Sabir Kərimovdan yadigar qalmış konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmaqla ilkin təyinatı dəyişdirilmiş 16 kalibrli olmaqla, “ИЖ Е18” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş, “A 66964” nömrəli hamar-yivsiz təklülə odlu silah hesab edilən tüfəng kəsiyini qanunsuz olaraq əldə etməklə Bərdə rayonu Dəymədağıldı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin hamam otağında saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayının sonlarında vəfat etmiş atası Sabir Kərimovdan yadigar qalmış konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmaqla ilkin təyinatı dəyişdirilmiş 16 kalibrli olmaqla, “ИЖ Е18” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş, “A 66964” nömrəli hamar-yivsiz təklülə odlu silah hesab edilən tüfəng kəsiyini qanunsuz olaraq əldə etməklə Bərdə rayonu Dəymədağıldı kəndi ərazisində yerləşən fərdi yaşayış evinin hamam otağında saxlamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Dəymədağıldı kəndində yaşayır. 2009-cu ildə X4 xidmət etməyə başlamışdır. Həmin tarixdən Tərtər rayon polis şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləmişdir. Baş vermiş hadisədən sonra isə tutduğu azad edilmişdir. 06 sentyabr 2020-ci il tarixdə təxminən saat 15:00 radələrində yaşadığı kənd ərazisində atasının vəfat etməsindən qırx gün keçməsi ilə əlaqədar təşkil olunacaq taziə mərasiminə hazırlıq görməklə məşğul olmuşdur. Hadisənin baş verməsindən təxminən iki həftə əvvəl xalası Rənanın nəvəsi İlkin keçiriləcək taziə mərasiminə hazırlıq işlərində kömək etmək məqsədilə Yevlax şəhərindən yaşadığı Bərdə rayonu Dəymədağıldı kəndinə qonaq gəlmişdir. İlkin Bərdə rayonu Dəymədağıldı kəndinə gəldiyi vaxtdan onun evində qonaq kimi qalmışdır. Təxminən saat 15:30 radələrində o, yaşadığı evin həyətyanı sahəsində iş görən zaman darvazanın çöl tərəfindən səs-küy gəldiyini eşitmişdir. Həmin vaxt xalasının nəvəsi İlkin də evdən çıxıb onun yanına gəlmişdir. Diqqətlə dinlədikdə o, qonşuluqda yaşayan Şahid1 səs-küy saldığını eşitmişdir. Həmin vaxt həyətdə qonşular və qohumlar olduğundan o, darvazadan çölə çıxıb Şahid1 nə üçün səs-küy salmasının səbəbini soruşmaq istəmişdir. Ondan öncə isə İlkinin darvazaya yaxınlaşaraq həyətdən çölə çıxdığını görmüşdür. Bir qədər sonra Şahid1 qəflətən yaşadığı evin həyətinə daxil olaraq yerdə olan 1-1,5 metr uzunluğundakı rezin borunu götürüb çölə çıxmışdır. O, söhbətin nədən ibarət olduğunu öyrənmək məqsədilə darvazaya doğru gedərək Şahid1 yaxınlaşmış və bu zaman Aftandilin yerdən götürdüyü boru ilə İlkinin üzərinə getdiyini görmüşdür. Şahid1 əlindəki boru ilə İlkini vurmaq istəyən zaman o, özünü yetirib əlini qarşıya tutmuş və həmin dəmir borunu dartıb Şahid1 əlindən almağa nail olmuşdur. Daha sonra İlkinə evin həyətinə daxil olmasını bildirmişdir. Bundan sonra Şahid1 ona irad bildirməklə yaşadığı evə doğru getməyə başlamışdır. Bu zaman o, çox əsəbiləşdiyinə görə yaşadığı evin həyətinə gedib hamam otağına daxil olmuşdur. Həmin vaxt arvadı Taliyə və həyətdə olan daha bir neçə qohum arxasınca gəlmişlər. Lakin onlar çatıb hamam otağına daxil olanadək artıq otağın küncündə atası Sabir Kərimovdan yadigar qalmış, karton qutunun içərisində mələfəyə bükülmüş vəziyyətdə saxladığı, təklüləli, lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan tüfəngi və biri qırmızı, digəri göy rəngdə olan iki ədəd patronu götürüb hamam otağından çölə çıxmışdır. O, tüfəngi götürdükdən sonra patronlardan birini silahın içərisinə daxil edərək yaşadığı evin daş hasarına yanaşıb yuxarı dırmaşmış və tüfəngin lüləsini Şahid1 qorxutmaq məqsədilə onun ayağının altına tuşlamaqla atəş açmışdır. Atəş atan zaman onunla Şahid1 arasında təxminən 4-5 metr məsafə olmuşdur. Bununla belə açılan atəş nəticəsində Şahid1 hər hansı xəsarət alıb-almadığını görməmişdir. Daha sonra növbəti – ikinci patronu silahın içərisinə daxil edərək havaya tuşlamaqla atəş açmışdır. Onun ikinci atəşi açmaqda məqsədi Şahid1 bir daha geri qayıtmaması üçün qorxutmaq olmuşdur. Atəş açdıqdan sonra o, dırmaşdığı daş hasardan aşağı düşmüşdür. Buna görə də Şahid1 haraya qaçıb getdiyini görə bilməmişdir. İkinci dəfə atəş açdıqdan sonra ara qarışdığından o, silahı əlindən kimin aldığını xatırlamamışdır. Daha sonra hadisə yerinə toplaşmış kənd sakinləri və qohumlar onu sakitləşdirmişlər. Hadisənin baş verməsindən təxminən 25-30 dəqiqə sonra isə polis əməkdaşları yaşadığı ünvana gələrək onu Bərdə rayon polis şöbəsinə aparmışlar. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində hadisənin törədilməsində istifadə edilən tüfəngdən əvvəllər istifadə etmədiyini, hadisə zamanı heç kimə xəsarət yetirmədiyini və özünün də heç bir xəsarət almadığını, hadisəni törətdiyi tüfəngin ona atası Sabir Kərimovdan yadigar qaldığını, patronları isə təxminən 4-5 il əvvəl ov etmək məqsədilə istifadə etmək üçün Bərdə şəhəri ərazisindən aldığını, ancaq hadisə baş verənədək istifadə etmədiyini, hadisə vaxtı istifadə etmiş olduğu tüfəngin lülə və qundaq hissəsinin kimin tərəfindən kəsilərək təyinatının dəyişdirilməsini bilmədiyini, tüfəng atasından yadigar qalarkən də silahın həmin vəziyyətdə olduğunu bildirmiş və hadisə zamanı əynində olan qara rəngli, sadə qısaqol köynək və göy rəngli cins şalvarı könüllü şəkildə istintaqa təqdim etmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanmaşı, şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Dəymədağıldı kəndində yaşayır. 2001-ci ildə Bərdə rayonu Balaqəcər kəndindən olan Ülviyyə Əliyeva ilə ailə qurmuşdur. Həmin nikahdan onların Zərifə adlı qızı və Məhəbbət adlı oğlu dünyaya gəlmişdir. 06 sentyabr 2020-ci il tarixdə günorta saatlarında o, qonşuluqda yaşayan əmisigilin evində olan zaman oğlu Məhəbbətin təxminən iki həftə əvvəl qonşusu Təqsirləndirilən şəxs evinə qonaq gəlmiş İlkin adlı oğlanla söhbət etdiklərini və İlkinin azyaşlı uşaqlardan biri vasitəsilə qızı Zərifəyə söz göndərdiyini eşitmişdir. Buna görə də Təqsirləndirilən şəxs yaşadığı evin darvazası qarşısına gedib oğlu Məhəbbətə və İlkin adlı oğlana səhv etdiklərini bildirmiş və İlkinə bu hərəkətlərinə son qoymasını, özünü yığışdırmasını və qonaq kimi aparmasını tapşırmışdır. Daha sonra Təqsirləndirilən şəxs evinə gələn qonağa tərbiyə verməsini demək üçün yaşadığı evə yollanmışdır. O, Təqsirləndirilən şəxs yaşadığı evin darvazası qarşısında olan zaman yanında kənd içərisində “Möhü” deyə çağırılan oğlu da olmuşdur. Evin açıq vəziyyətdə olan darvazasından həyətə daxil olduqda həyətdə Təqsirləndirilən şəxs çoxlu sayda qohuməqrəbası və qonşuların olduğunu görmüşdür. Daha sonra o, Təqsirləndirilən şəxs yaşadığı evin darvazasından içəri daxil olub yerdə olan 1-1,5 metr uzunluğundakı rezin-kapron qarışığı materialdan hazırlanmış borunu götürərək çölə çıxmaqla İlkinin üzərinə getmişdir. Həmin vaxt onunla İlkin arasında təxminən 2 metr məsafə olmuşdur. O, həmin boru ilə İlkini vurmaq istəyən zaman özünü oraya çatdıran Təqsirləndirilən şəxs borunu əlindən dartıb almış və İlkini yaşadığı evin həyətinə daxil etmişdir. Bunun ardınca o, Təqsirləndirilən şəxs iradlarını bildirərək öz yaşadığı evə doğru getməyə başlamışdır. Bir neçə dəqiqə sonra isə qəflətən atəş səsi eşitmiş və açılan atəş nəticəsində qırmalardan bir neçəsi sol ayağının dabanından dəyməklə ona xəsarət yetirmişdir. O, geriyə çevrilib həmin atəşin Təqsirləndirilən şəxs tərəfindən sonuncunun əlindəki silahdan açıldığını görmüşdür. Buna görə də özünü müdafiə etmək məqsədilə geriyə çevrilərək yerdən götürdüyü iki-üç ədəd daşı ardıcıl şəkildə Təqsirləndirilən şəxs doğru atmışdır. Ancaq həmin daşların Təqsirləndirilən şəxs dəyibdəymədiyini bilməmişdir. Atəş açıldıqdan və daşı atdıqdan dərhal sonra o, qaçaraq yaşadığı evə daxil olmuşdur. Təqsirləndirilən şəxs isə yaşadığı evin hasarının dibində dayanmaqla növbəti – ikinci dəfə havaya atəş açmışdır. O, Təqsirləndirilən şəxs ikinci dəfə atəş açmaqda məqsədinin onu qorxutmaq olduğunu zənn etmişdir. Bir qədər sonra isə Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadığı kəndə gəlmişlər. Bundan başqa o, əvvəllər Təqsirləndirilən şəxs hər hansı silahdan istifadə etməsini görmədiyini, ümumiyyətlə, Təqsirləndirilən şəxs yaşadığı evdə silahın olması barədə heç bir məlumatının olmadığını, hadisə zamanı heç kimə xəsarət yetirmədiyini, özünün isə Təqsirləndirilən şəxs açdığı atəş nəticəsində yalnız sol ayağının daban nahiyəsindən xəsarət aldığını, Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi tüfəngi haradan əldə etməsini bilmədiyini, yerdən 1-1,5 metr uzunluğunda olan borunu götürməkdə məqsədinin İlkini qorxutmaq olduğunu və Təqsirləndirilən şəxs atəş açdığı silaha fikir vermədiyindən silahın əlamətləri barədə bir söz deyə bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Şahid1 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2005-ci ildə Bərdə rayonu Dəymədağıldı kəndində anadan olmuşdur və yaşadığı kənddə yerləşən orta məktəbin onuncu sinfində təhsil alır. Şahid1 onun atası, X2 bacısı, Təqsirləndirilən şəxs isə qonşusudur. Əvvəllər ailəsi ilə Təqsirləndirilən şəxs ailəsi arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Hadisənin baş verməsindən təxminən iki həftə əvvəl qonşuluqda yaşayan Təqsirləndirilən şəxs atasının vəfatı ilə bağlı keçiriləcək taziə mərasimi ilə əlaqədar işlərə köməklik etmək məqsədilə qohumları olan İlkin adlı oğlan Təqsirləndirilən şəxs evinə qonaq gəlmişdir. İlkin yaşadığı kəndə gəldikdən sonra tez-tez onların evinin həyətinə gəlib-getməyə və onunla dostlaşmağa başlamışdır. 06 sentyabr 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində o, yaşadığı evin qarşısındakı küçədə olan zaman dostu Sadiq ona bacısı Zərifənin İlkin ilə münasibətinin olması barədə məlumat vermişdir. Buna görə də o, həmin məsələ ilə bağlı İlkin ilə söhbət etmək qərarına gəlmiş və İlkini həmin yerə çağırmışdır. Onlar üçlükdə bacısı barəsində söhbət edən zaman yaxınlıqda olan atası Aftandil bu söhbəti eşitmiş və onların dayandığı yerə yaxınlaşaraq onun özünü və İlkini danlamışdır. Bunun ardınca atası Aftandil İlkinə bu hərəkətlərinə son qoymasını, özünü yığışdırmasını və qonaq kimi aparmasını tapşırmışdır. Daha sonra atası Təqsirləndirilən şəxs evinə gələn qonağa tərbiyə verməsini demək üçün sonuncunun yaşadığı evə yollanmışdır. X7 Kərimovun yaşadığı evin darvazası qarşısına çatan zaman onun özü də atasının yanında olmuşdur. Ancaq sonradan oradan çıxıb yaşadığı evə doğru getməyə başlamışdır. Bir neçə dəqiqə sonra isə qəflətən iki dəfə ard-arda atəş səsi eşitmişdir. Buna görə də o, dərhal Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə müraciət edərək hadisə barəsində məlumat vermişdir. Atəş açıldıqdan bir neçə dəqiqə sonra isə atası Aftandil yaşadıqları evə gəlib qırmalardan bir neçəsinin sol ayağından dəyməklə xəsarət yetirdiyini demişdir. O, sonradan həmin atəşlərin Təqsirləndirilən şəxs tərəfindən açıldığını bilmişdir. Belə ki, atasının danışdıqlarına əsasən, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə atası arasında İlkin və Zərifə arasında olan münasibətə görə atasının İlkinə xəbərdarlıq etməsi ilə bağlı aralarında mübahisə yaranmış, mübahisə nəticəsində isə Təqsirləndirilən şəxs tüfəngdən açdığı atəşlə atası Aftandilə sol ayaq nahiyəsindən xəsarət yetirmişdir. Onun hadisə ilə bağlı bildikləri yalnız bunlardan ibarət olmuşdur. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi X1 iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, İsmayıllı rayonu Humanitar və Texnologiya Kollecinin ikinci kursunda təhsil alır. Hadisənin baş verməsindən təxminən iki həftə əvvəl yaşadığı Yevlax rayonundan Bərdə rayonu Dəymədağıldı kəndinə gəlmişdir. Onun həmin kəndə gəlməsinin səbəbi anasının xalası Şöhlətin əri Sabir Kərimovun vəfatı ilə bağlı keçiriləcək taziə mərasiminə hazırlıq işlərində kömək etmək istəməsi olmuşdur. O, Bərdə rayonu Dəymədağıldı kəndinə gəldiyi vaxtdan anasının xalası oğlu Təqsirləndirilən şəxs yaşadığı evdə qalmışdır. Təqsirləndirilən şəxs Tərtər rayon polis şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləmişdir və polis baş serjantıdır. Təxminən bir həftə əvvəl o, Təqsirləndirilən şəxs evində olan zaman tanımadığı mobil nömrədən onun mobil telefonuna zəng gəlmişdir. O, həmin zəngə cavab verən zaman zəng edən şəxs qonşuluqda yaşayan Aftandilin qızı olduğunu bildirib adını demişdir. Qız adının “Z” hərfi ilə başladığını bildirsə də, həmin ad tam şəkildə yadında qalmamışdır. O, təkidlə həmin qızdan adını soruşmasına baxmayaraq, qız bütöv şəkildə adını deməkdən imtina etmişdir. Bundan sonra o, həmin mobil nömrəni azyaşlı xalası oğlu Sabirə göstərib kimin nömrəsi olmasını bilibbilmədiyini soruşmuşdur. Ancaq xalası oğlu Sabir də həmin mobil nömrəni tanımamışdır. Daha sonra o, mobil nömrəni telefonunda olan “WhatsApp” sosial şəbəkəsində qeydə almış və həmin nömrənin istifadə etdiyi profildə qoyulmuş şəkildən qızın adını “Zərifə” olaraq xatırladığı qız olmasını və Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayan Aftandil adlı şəxsin qızı olmasını dəqiqləşdirmişdir. 06 sentyabr 2020-ci il tarixdə təxminən saat 15:00-16:00 radələrində o, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində keçiriləcək taziə mərasimi üçün görülən işlərdə köməklik göstərməklə məşğul olmuşdur. Həmin vaxt evin həyətində Təqsirləndirilən şəxs özü və çoxlu sayda qonşular və qohumlar da olmuşdur. O, həyətdə olarkən darvazanın qarşısından səs-küy gəldiyini eşitmişdir. Bu zaman Aftandilin “Möhü” deyə çağırılan oğlu ilə darvazanın qarşısında dayandıqlarını görmüşdür. Aftandil onun üzərinə gəlib ağıllı olmasını bildirmiş, həmin vaxt “Möhü” atasına heç bir şey olmadığını demişdir. Daha sonra Aftandil Təqsirləndirilən şəxs yaşadığı evin darvazasına təpik vurmaqla həyətə daxil olmuş və yerdə olan 1-1,5 metr uzunluğundakı rezin borunu götürüb onun üzərinə gəlmişdir. Həmin vaxt Aftandil ilə onun arasında təxminən 2 metr məsafə olmuşdur. Aftandil əlindəki rezin borunu yuxarı qaldırıb onu vurmaq istəyən zaman özünü həmin yerə çatdıran Təqsirləndirilən şəxs borunu Aftandilin əlindən dartıb almaq istəmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs ilə Aftandil küçədə bir-biri ilə əlbəyaxa olmuşlar. Təqsirləndirilən şəxs əynindəki paltarın yaxasını Aftandilin əlindən dartıb çıxarmaqla sonuncunun əlindən çıxmış və yaşadığı evin darvazasından həyətə daxil olmuşdur. Aftandil isə özünün yaşadığı evə doğru getməyə başlamışdır. Təqsirləndirilən şəxs çox əsəbiləşdiyi üçün yaşadığı evin həyətində yerləşən hamam otağına doğru getmişdir. Onun özü də Təqsirləndirilən şəxs arvadı Taliyə və adlarını xatırlamadığı daha bir neçə nəfər şəxs ilə birlikdə hər hansı səhv hərəkətin qarşısını almaq məqsədilə Təqsirləndirilən şəxs ardınca yollanmışdır. Ancaq onlar hamam otağına daxil olanadək Təqsirləndirilən şəxs otaqdakı karton qutunun içərisində mələfəyə bükülmüş vəziyyətdə olan təklüləli tüfəngi və iki ədəd patronu götürüb çölə çıxmışdır. Təqsirləndirilən şəxs həmin patronlardan birini silahın içərisinə daxil edərək yaşadığı evin daş hasarına dırmaşmış və hasarın digər tərəfinə doğru tuşlayıb atmışdır. Sonradan o, Təqsirləndirilən şəxs silahı qonşusu Aftandilin ayaqlarına tuşladığını və bunu etməkdə məqsədinin Aftandili qorxutmaq olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs özünün dediyinə görə, atəş açan zaman özü ilə Aftandil arasında təxminən 4-5 metr məsafə olmuşdur. Ancaq o, açılan atəş nəticəsində Aftandilin hər hansı xəsarət alıb-almadığını görməmişdir. Təqsirləndirilən şəxs birinci atəşi açdıqdan sonra növbəti – ikinci patronu silahın içərisinə daxil edərək havaya tuşlamaqla atəş açmışdır. İkinci dəfə atəş açdıqdan sonra o, hasardan yerə düşən Təqsirləndirilən şəxs başının söhbətə qarışmasından istifadə edib yaxınlaşaraq tüfəngi Təqsirləndirilən şəxs əlindən almışdır. Daha sonra həmin tüfəngi aparıb Təqsirləndirilən şəxs atəş açdığı hasar ilə üzbəüz yerləşən, yəni evin arxa tərəfindəki hasarın yaxınlığına tullamışdır. Bundan sonra həyətin qarşı tərəfinə gələrək Təqsirləndirilən şəxs bir qədər sakitləşdiyini görmüşdür. Hadisənin baş verməsindən təxminən 25-30 dəqiqə sonra isə polis əməkdaşları kəndə gələrək Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə aparmışlar. Bundan başqa o, Təqsirləndirilən şəxs əvvəllər hadisənin törədilməsində istifadə edilən tüfəngi istifadə etməsini görmədiyini, ümumiyyətlə, Təqsirləndirilən şəxs yaşadığı evdə silahının olması barədə heç bir məlumatı olmadığını, hadisə zamanı heç kimə xəsarət yetirmədiyini və özünün də heç bir xəsarət almadığını, Təqsirləndirilən şəxs tüfəngi haradan əldə etdiyini bilmədiyini, ancaq həmin tüfəngin Təqsirləndirilən şəxs ya atasından, ya da babasından yadigar qaldığını güman etdiyini bildirmişdir. Cinayət işinin 116-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 127-ci vərəqəsində olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 28 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 60-61-ci vərəqələrində olan “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 Bərdə rayon şöbəsinin 17 sentyabr 2020-ci il tarixli 815 nömrəli rəyindən görünür ki, Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol ayaqarxası nahiyədə 1 ədəd toxunub keçən yara, sol baldır, sol ayaq pəncəsi nahiyələrinin kor odlu silah yaraları, patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış atəş (atəşlər) nəticəsində qırmaların təsirindən törənməyə uyğundur, müddəti 06 sentyabr 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin 79-81-ci vərəqələrində olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 03 iyul 2020-ci il tarixli 3/1103; 3/1104 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah 16 kalibrli olmaqla, “ИЖ Е18” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş, “A 66964” nömrəli hamar-yivsiz təklülə odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş pistonlarında vurucunun izi olan 02 (iki) ədəd giliz (zərfdə bir ədəd giliz, silahın patronluğunda bir ədəd) 16 kalibrli olub, həmin kalibrə malik, yivsiz odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal edilmiş patronların atəşlə ayrılmış hissələridir - gilizləridir. Həmin gilizlər “A 66964” nömrəli tüfəng kəsiyindən atılmışdır. Tədqiqata təqdim edilmiş üzərində “Şahid1” məxsus olduğu qeyd edilən bir ədəd mavi rəngli, cins şalvarın üzərində sol ayaqlığın ön, aşağı hissəsində aşağı son kənarından 300 mm yuxarıda, sol yan tikişdən 60 mm sağda bir ədəd 6x5 mm ölçüdə zədə, sol ayaqlığın arxa, aşağı hissəsində aşağı son kənarından 8 mm yuxarıda, sol yan tikişdən 35 mm sağda 420x220 mm sahədə 7x6 mm, 6x5 mm, 3x2 mm və s. ölçülərdə çoxsaylı deşib-keçən zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən geyim əşyaları üzərində olan zədələr giriş zədələri olmaqla hamar-yivsiz odlu silahdan açılan atəş nəticəsində qırmaların təsirindən, 2 metrdən yuxarı məsafədən, arxadan önə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş üzərində “Şahid1” məxsus olduğu qeyd edilən bir ədəd tünd qırmızı rəngli, qara zolaqları olan, qısaqol köynəyin və üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Şahid1” məxsus olduğu qeyd edilən bir ədəd tünd qırmızı rəngli, qara zolaqları olan, qısaqol köynəyin səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir. Cinayət işinin 105-108-ci vərəqələrində olan “cinayət işi üzrə şəxsin əməlinə xitam verilməsi və həmni əməl üzrə cinayət məsuliyyətindən azad edilməsi” haqqında 28.11.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə əməlinə xitam verilmiş və o, qeyd olunan maddə üzrə cinayət məsuliyyətindən azad edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Şahid1 zərərçəkmiş şəxs qismindəki stasusuna xitam verilmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 85-ci vərəqəsində olan Bərdə rayon İcraHakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 87-ci vərəqəsində olan X9 Dispanseri tərəfindən verilmiş 1071 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs X9 Dispanserində dispanser müşahidəsində deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, ailəli olmasını, iki azyaşlıa uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 28 noyabr 2020- ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm elan olunduğu andan ləğv olunmalı, barəsində həbs qətmkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 140 (bir yüz qırx) manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 01 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 140 (bir yüz qırx) manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar