Məhkəmə qərarları › İş №1(021)-190/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-190/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-190/2023 15.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakı ilə, xx xxxxxxxx 1980-ci ildə Bərdə rayonu Hacıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Hacıbəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında Bərdə rayonu Hacıbəyli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Аzərbaycan Respublikasının Qanununun İİİ siyahısınа əsasən xeyli miqdarda, yəni 03 ədəd ümumi təmiz çəkisi 200 qram оlan əkilib-yetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 24 iyun 2023-cü il tarixdə saat 1315 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Hacıbəyli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman onun tərəfindən kultivasiya edilmiş 03 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, məhkəmənin 24 oktyabr 2023-cü il tarixli iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu Hacıbəyli kəndində yaşayır. Babasından ona qalmış 16 kalibirli, tək lüləli ov tüfəngi var. Həmin ov tüfəngindən torpaq sahəsində əkdiyi günəbaxan bitkisini quşlardan qorumaq üçün istifadə edir. Polis əməkdaşları onda ov tüfəngi olduğunu bilib xx.xx.2023cü ildə saat 13 radələrində yaşadığı evə gəlmişlər. Yaşadığı evdə silahla bağlı axtarış edərkən həyətdə olan, yabanı halda bitmiş çətənə kolunu aşkar etmişlər. Polis əməkdaşları ona təsir göstərərək və təzyiq edərək onu silah saxladığına görə 06 ay azadlıqdan məhrum etmə cəzası gözlədiyini bildirmişlər və ona bildirmişlər ki, çətənə kollarını əkdiyini etiraf etsin. O da qorxaraq polis əməkdaşlarının dedikləri ilə razılaşaraq çətənə kolunun onun tərəfindən əkildiyini etiraf etmişdir. Əslində isə çətənə kolunu o əkməmiş, yabanı halda bitmişdir. Məcburən etiraf etmişdir ki, 3 ədəd çətənə kolu olub. İbtidai istintaq zamanı ifadəsi yazılmış, özü də oxuyaraq imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub elan etmiş, sonuncu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir ki, təsadüfi hallarda narkotik vasitə olan qurudlmuş marixuana istifadə edir. 2023-cü ilin may ayının əvvəllərində həyətyanı sahəsində gəzərkən 3 ədəd narkotik vasitə kollarına bənzər bitkilərin həyətə əkdiyi meyvə ağaclarının yaxınlığında bitdiyi görmüşdür. Narkotik vasitə bitkisini tanımadığından həmin bitkilərin diblərini təmizləyərək, həmin bitkilərə qulluq etməyə başlamışdır. Belə ki, həmin bitkilərə müxtəlif vaxtdarla su vermiş, eyni zamanda diblərini belləmişdir. xx.xx.2023-cü il tarixdə saat 1310 radələrində polis əməkdaşları yaşadığı evin yaxınlığına gələrək onu saxlamışlar və yaşayış evinə, həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Yaşadığı evə və həyətyanı sahəsinə baxışın keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bununla əlaqədar olaraq rayon polis şöbəsinə ərizə yazmışdır. Bundan sonra yaşadığı evin həyətyanı sahəsində becərdiyi narkotik bitkilərini polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları tərəfindən həmin kollar qablaşdırılmış və möhürlənərək götürülmüş, ekspertizaya göndəriləcəyi bildirmişlər. Həmin narkotik kollarını öz istifadəsi üçün əkmiş, həmin kollardan hər hansı bir şəxsə verməmiş və ya hər hansı pul və qiymətli əşya müqabilində satmamışdır. Polis əməkdaşları yaşadığı evə baxış keçirmiş, lakin əlavə olaraq hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları onu polis şöbəsinə gətirmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş, lakin üzərindən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixli məhkəmə iclasında ifadəsində törətdiyi əməli etiraf etdi və göstərdi ki, narkotik tərkibli bitkilərə qulluq edərək kultivasiya etdiyinə görə tutduğu əməldən son dərəcə peşmandır. Himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı var və ailənin yeganə qazanc gətirənidir. Əgər ona azadlıqdan məhrum etmə cəzası verilərsə uşaqları maddi cəhətdən tam olaraq baxımsız qalarlar. Söz verir ki, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacaqdır. Qeyd etdiklərinin, habelə ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Bərdə rayonu Hacıbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması, əkib-becərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-ci il tarixdə tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 1310 radələrində yaşadığı Bərdə rayonu Hacıbəyli kəndində yerləşən evinin qarşısında saxlanılmış və sonuncuya yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması, əkib-becərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi zərurəti yarandığı bildirilmişdir. Bərdə RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 Nazim oğlunun, Bərdə RPŞ-nin KTQ-nin inspektoru Şahid3 və Kənd Təsərüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin X7 aparıcı aqronomu Şahid4 iştirakı ilə Bərdə RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X5 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Hacıbəyli kəndində yerləşən fərdi yaşayış evinə baxış və götürmə aparılacağı bildirilmiş və hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə ilə rayon polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahədə narkotik vasitə olub-olmadığı soruşulmuş, sonuncu yaşadığı evin həyətyanı sahəsində olan meyvə bağında narkotik tərkibli bitki əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin sol hissəsində yerləşən meyvə bağında 3 ədəd torpağa əkdiyi narkotik tərkibli çətənə bitkilərini göstərmişdir. Aqronom Şahid4 həmin bitkilərə baxaraq, bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Tərəfindən bitkilər kök hissəsindən çıxarılmış və yerə düzülmüşdür. 03 ədəd bitkilərdən 1-ci bitki 1,30 metr, 2ci bitki 1,15 metr və 3-cü bitki isə 1,10 metr ölçüdə olması müəyyən edilmişdir. 03 ədəd bitkiləri 1 ədəd kisəyə qoyaraq qablaşdırılmış və üzəri DİN-nin 94 nömrəli möhürü ilə möhürlənərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə və evin içərisinə baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının əvvəllərində evin həyətyanı sahəsində gəzərkən 3 ədəd narkotik vasitə kollarına bənzər bitkilərin həyətyanı sahəsində olan meyvə ağaclarının yaxınlığında bitdiyini gördüyünü və narkotik vasitə bitkisini tanımadığından həmin bitkilərin diblərini təmizlədiyini və qulluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasına aparılmış, şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Bərdə RPŞ-nin Kriminalistik-Tədqiqatlar qrupunun ekspert-kriminalisti Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, 2020ci ilin fevral ayından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X8 Mərkəzində aparıcı aqronom işləyir. Vəzifəsi Bərdə rayonu ərazisində bitkiçiliklə bağlı xəstəliklərin öyrənilməsi, aşkara çıxarılması və zərərsizləşdirilməsinin təşkil edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 24 iyun 2023cü il tarixdə Bərdə RPŞ-nin əməkdaşları onunla əlaqə saxlayıb Bərdə rayonu Hacıbəyli kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilər əkibbecərməsi şübhəsi olduğunu bildirərək onu şəxsin yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət etmişlər. Bərdə RPŞ-nin əməkdaşları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Hacıbəyli kəndində yerləşən fərdi yaşayış evinə getmişdir. Polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə daxil olmuşdur. Baxış keçirilməsinə başlanarkən Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Sonuncudan yaşadığı fərdi yaşayış evində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs özü könüllü şəkildə yaşadığı evin həyətində sol yan hissədə meyvə bağında 03 ədəd torpağa əkilmiş vəziyyətdə olan çətənə kollarını təqdim etmişdir. Həmin kollara baxış keçirib onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. 3 ədəd kollar bir-bir gövdələrindən tutub çıxarılmış, uzunluğu ölçülmüş və qablaşdırılmışdır. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən: “Baxış keçirilməsi haqqında” 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Nazim oğlunun, Bərdə RPŞ-nin EKQ-nun baş inspektoru Şahid3, Bərdə Rayon Aqrar İnkişaf Mərkəzinin bitki mühafizəsi idarəsinin aparıcı aqranomu Şahid4 və Bərdə rayonu Hacıbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs məxsus Bərdə rayonu Hacıbəyli kəndində yerləşən yaşayış evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər becərdiyini bildirmiş və həyətdə meyvə ağaclarının yaxınlığında olan 3 (üç) ədəd narkotik vasitə hesab edilən çətənə bitkisinə bənzər bitkiləri göstərərək həmin kolların narkotik tərkibli bitkilər olduğunu bildirmişdir. Baxışda iştirak edən aqronom Şahid4 həmin bitkilərə baxaraq bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu demişdir. Həmin bitkilərə baxış keçirilərək kök hissəsindən çıxarılmış və yerə düzülmüşdür. Bitkilərin hər biri ölçülmüş, 1-ci bitki 1,30 metr, 2-ci bitki 1,15 metr, 3-cü bitkinin isə 1,10 metr ölçüdə olduğu müəyyən edilmişdir. Bitkilər 1 ədəd ağ rəngli kisəyə qablaşdırılaraq, müvafiq qaydada qeydlər edilərək, DİN-nin 94 saylı möhürü ilə möhürlənərək ekspertizaya göndəriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə baxış keçirilmiş, lakin əlavə olaraq hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 16/676 saylı 25 iyun 2023-cü il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitə hesab edilən çətənə bitkisinə bənzər 03 ədəd çətənə kolları” yazı və imzalar olan 1 (bir) ədəd sintetik kisədəki, ümumi sayı 3 (üç) ədəd, ümumi təmiz çəkisi 200 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. -Aqronomun rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. -Qeyd: Çətənə bitkisi 3 ədəd, ümumi çəkisi 200 qram, tədqiqatda istifadə olundu cəmi 0,06 qram, qalıq 199,94 qramdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X13 Mərkəzinin 24 iyun 2023cü il tarixli rəyindən görünür ki, Bərdə rayonu Hacıbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilən zaman 3 (üç) ədəd narkoxassəli çətənə kolu aşkar olunmuşdur. Həmin narkoxassəli çətənə kolunun 3 (üç) ədədinin hər biri ayrıayrılıqda aqrotexniki qaydada kultivasiya olunmuş, suvarılmış və mütəşəkkil qaydada becərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 04 sentyabr 2023-cü il tarixli 1446 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmənin 24 oktyabr 2023-cü il tarixli iclasında Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitki əkib-becərmədiyini, evində ov silahı olduğu üçün qorxaraq 3 ədəd narkotik tərkibli bitkini becərdiyini etiraf etdiyini bildirsə də, məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında verdiyi etirafedici ifadələri ilə tam sübuta yetir ki, o, üç ədəd narkotik tərkibli çətənə bitkisinə aqrotexniki qaydada qulluq edərək onları kultivasiya etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmənin 24 oktyabr 2023-cü il tarixli iclasında verdiyi ifadəsinə tənqidi yanaşır. Beləliklə, Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında Bərdə rayonu Hacıbəyli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Аzərbaycan Respublikasının Qanununun İİİ siyahısınа əsasən xeyli miqdarda, yəni 03 ədəd ümumi təmiz çəkisi 200 qram оlan əkilib-yetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etməsi, 24 iyun 2023-cü il tarixdə saat 1315 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Hacıbəyli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman onun tərəfindən kultivasiya edilmiş 03 ədəd narkotik tərkibli çətənə bitkisinin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan-Qaraqoyunlu kənd İcra Nümayəndəsinin 01 sentyabr 2023-cü il tarixli 1049 saylı arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Hacıbəyli kəndində yaşayır. Təqsirləndirilən şəxs özünü ailədə, cəmiyyətdə, kənddə daim nizam-intizamlı aparmış, yaşadığı kənddə əxlaqlı, tərbiyəli, böyük-kiçik yeri bilən şəxs kimi tanınmışdır. Ona görə də kənd ictimayyəti arasında böyük hörməti var. Ərazidə yaşadığı müddətdə vətənpərvərliyi, əməksevərliyi və işgüzarlığı ilə fərqlənmişdir, təsərrüfat işlərində ailəsinə yaxından köməklik edir. Nümunəvi ailə başçısıdır. Hal-hazırda anası ilə birgə yaşayır, işsizdir. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. AZE seriyalı 11093623 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2008-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. AZE seriyalı 11093631 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2009-cu ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. “Qarabağ Müharibəsi əlilləri, veteranları və Şəhid Ailələri” İctimai Birliyinin 08 may 2015-ci il tarixli Ə 002910 saylı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup müharibə əlilidir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı var, o, ailəsinin yeganə qazanc gətirən şəxsidir, yaşayış yerindən müsbət xarakterizə olunur, İİ qrup müharibə əlilidir. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun himayəsində olan yetkinlik yaşına çatmayan övladlarını ailənin yeganə qazanc gətirən şəxsindən və ata qayğısından məhrum etməklə həmin uşaqlar üçün əlavə məhrumiyyət və iztirablar yaradar. Belə olan halda, Təqsirləndirilən şəxs ailəsinin yeganə qazanc gətirən şəxsi olması, yaşayış yerindən müsbət xarakterizə olunması, İİ qrup müharibə əlili olması CMnin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 03 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş mаteriаllаrındаn görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməmişdir. Onun himayəsində yetkinlik yaşına çatmayan övladları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Habelə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ailəsinin yeganə qazanc gətirən şəxsi olduğunu, onun azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsinin ailəsini, yəni yetkinlik yaşına çatmayan uşaqlarını yeganə qazanc gətirəndən məhrum etməklə onlar üçün məhrumiyyətlər yaradacağını bildirdi və bir daha belə əməl törətməyəcəyinə vəd verərək ona rəhm edilməsini xahiş etdi. İşdə olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Bu isə onun cinayət törətməyə meyilli olmamasını və cəmiyyət üçün tam yararsız olmamasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməməsi və məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və bir daha qanunazidd əməllər törətməyəcəyinə vəd verməsi onun cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olması kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan: Şübhəli şəxsin tutulması barədə 24 iyun 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 26 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 iyun 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsun şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 25 iyun 2023-cü il tarixli 16/676 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat 40 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 3 ədəd, cəmi 199,94 qram çəkidə çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ibtidai istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0600-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 3 ədəd, cəmi 199,94 qram çəkidə çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar