Məhkəmə qərarları › İş №1(021)-191/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-191/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-191/2023 14.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X12 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Bərdə rayonu Gərənə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu Əliağalı kəndində qeydiyyatda olan və Bərdə rayonu Gərənə kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ və İİ Siyahılarına müvafiq olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2 (iki) ədəd ağ rəngli kağız bükümdə və 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,085 qram, 0,075 qram, 0,058 qram, 0,046 qram olmaqla, ümumi təmiz çəkisi 0,264 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,211 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 11 iyul 2023-cü il tarixdə saat 1600 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Nizami küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynindəki göy rəngli cins şalvarın sol yan cibində satış məqsədi olmadan saxladığı 2 (iki) ədəd ağ rəngli kağız bükümdə və 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,085 qram, 0,075 qram, 0,058 qram, 0,046 qram olmaqla, ümumi təmiz çəkisi 0,264 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,211 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1-2 ildir ki, narkotik vasitə hesab edilən marixuanadan, 5-6 aydır ki, patı və heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yerləşən Dərnəgül bazarında olarkən yolun kənarında bir ədəd şəffaf rəngli kağız bükülü və 5 ədəd ağ rəngli kağız bükülü olduğunu görmüş, içərisinə baxdıqda gümüşü rəngli kağızlarda marixuana, 04 ədəd ağ rəngli kağız bükülünün içərisində heroin və 01 ədəd ağ-qara rəngli kağız bükülüdə isə patı olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğundan həmin bükülüləri şəffaf rəngli sellofana yerləşdirib öz şəxsi istifadəsi üçün cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bərdə şəhərinə gəlmiş və həmin gün saat 15 radələrində Bərdə şəhəri Nizami küçəsində piyada hərəkətdə olarkən yolda ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmış, özlərini təqdim edərək Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat aldıqlarını bildirmiş və onu Bərdə RPŞ-nə gətirmişlər. Bərdə RPŞ-də olarkən üzərində narkotik vasitələrin olduğunu, narkotik vasitələri Bakı şəhərində yerləşən Dərnəgül bazarı ərazisindən tapdığını və narkotik vasitələri öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Polis şöbəsində vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, polis əməkdaşları ona üzərində qanunsuz əşya və ya predmetin olubolmamasını soruşmuşlar. Əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükülünün içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən sellofana baxış keçirilmiş və içərisində 03 ədəd gümüşü rəngli kağız bükülü, 04 ədəd ağ rəngli kağız bükülü və 01 ədəd ağ-qara rəngli kağız bükülü aşkar olnumuşdur. Təqdim etdiyi bükülülərə baxış keçirilmiş və 03 ədəd gümüşü rəngli kağız bükümdə marixuana olduğu, 04 ədəd ağ rəngli kağız bükülüdə heroin olduğu və 01 ədəd kağız bükülüdə isə patı olduğu müəyyən olunmuşdur. 03 ədəd gümüşü rəngli kağız bükülü içərisində olan kütlələrlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,18 qram olmuşdur. 04 ədəd ağ rəngli kağız bükülü elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,59 qram olmuşdur. 01 ədəd ağ-qara rəngli kağız bükülü elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,32 qram olmuşdur. Cəmi 08 ədəd kağız bükülülər ağ rəngli zərfdə qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Narkotik vasitələrdən isitfadə etdiyi üçün əməlindən peşmandır. Söz verir ki, bir daha hər hansı qanunsuz əməl törətməyəcəkdir. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis X2 Qrupunun əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması, istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. 11 iyul 2023-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. xx.xx.2023-cü il tarixdə saat 1600 radələrində Təqsirləndirilən şəxs tədbir iştirakçıları tərəfindən Bərdə şəhəri Nizami küçəsində saxlanılmış və rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət olunaraq şübhəli şəxsə təqdim olunmuşdur. Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2, Bərdə RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Şahid3 və Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Sonuncu masaya yaxınlaşmış və əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Şəffaf rəngli sellofan bükülünün içərisinə baxış keçirilərkən, içərisindən 03 ədəd gümüşü rəngli kağız bükülü, 04 ədəd ağ rəngli kağız bükülü və 01 ədəd ağ-qara rəngli kağız bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd gümüşü rəngli kağız bükülüyə baxış keçirilmiş və içərisində marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Daha sonra 01 ədəd ağ-qara rəngli kağız bükülüyə baxış keçirilmiş və içərisində şəffaf rəngli metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd ağ rəngli kağız bükülülərə baxış keçirilmiş və həmin kağız bükülülərin içərisində tünd qəhvəyi rəngli ilkin görünüşdən heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd gümüşü rəngli kağız bükülülər elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,18 qram, 01 ədəd ağ-qara rəngli kağız bükülüdə olan kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,32 qram, 04 ədəd ağ rəngli kağız bükülüdə olan kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,59 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd gümüşü rəngli kağız bükülü, 04 ədəd ağ rəngli kağız bükülü və 01 ədəd ağ-qara rəngli kağız bükülü içərisindəki kütlələrlə birlikdə 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri DİN-nin 94 nömrəli möhürü ilə möhürlənərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 08 ədəd kağız bükülüləri xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olarkən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılıq və ya digər qaydada hər hansı təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Bərdə RPŞ-nin Kriminalistik Tədqiqatlar qrupunun ekspert-kriminalisti Şahid3 və Bərdə RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 12 iyul 2023-cü il tarixli 16/713 saylı rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Bərdə rayonu Gərənə kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ....” sözləri və imzalar olan kağız paketdəki 2 (iki) ədəd ağ rəngli kağız bükümlərdə və 2 (iki) ədəd “gümüşü” rəngli kağız bükümlərdə və ayrı-ayrılıqda təmiz çəkiləri 0,085 qram, 0,075 qram, 0,058 qram, 0,046 qram, ümumi təmiz çəkisi 0,264 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,211 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -3 (üç) ədəd “gümüşü” rəngli falqa bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,26 qram, 0,29 qram, 0,27 qram, ümumi təmiz çəkisi 0,82 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. -Heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”in siyahısına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 15 sentyabr 2023-cü il tarixli 1570 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ və İİ Siyahılarına müvafiq olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2 (iki) ədəd ağ rəngli kağız bükümdə və 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,085 qram, 0,075 qram, 0,058 qram, 0,046 qram olmaqla, ümumi təmiz çəkisi 0,264 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,211 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlaması, 11 iyul 2023-cü il tarixdə saat 1600 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə şəhəri Nizami küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynindəki göy rəngli cins şalvarın sol yan cibində satış məqsədi olmadan saxladığı 2 (iki) ədəd ağ rəngli kağız bükümdə və 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,085 qram, 0,075 qram, 0,058 qram, 0,046 qram olmaqla, ümumi təmiz çəkisi 0,264 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,211 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi vahidi üzrə İcra Nümayəndəsinin 19 avqust 2023-cü il tarixli 1783 saylı Arayışından və Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün kimi Bərdə rayonu Güloğlular kənd İƏD üzrə Gərənə kəndində yaşayır. Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2017-ci ildə anadan olmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2019-cu ildə anadan olmuşdur. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 21 avqust 2023-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 03 iyun 2019-cu ul tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm 24 iyun 2019-cu ildə qanuni qüvvəyə minmişdir. -Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 04 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə Bərdə Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli və 21 noyabr 2023-cü il tarixli qərarları ilə məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs olsa da, o, Bərdə Rayon Məhkəməsinin 03 iyun 2019-cu ul tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrası qaydalarını pozduğuna görə, barəsində verilən təqdimat təmin olunaraq Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 04 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Qeyd edilənlər onu göstərir ki, əvvəlki hökm ilə təyin edilən cəzanın Təqsirləndirilən şəxs üçün islah təsiri yetərincə olmamışdır, o, cinayət törətməyə meylli şəxsdir. Habelə, hazırkı cinayət işinə baxılan zaman Təqsirləndirilən şəxs məhkəmə iclaslarına hər hansı üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində məcburi gətirilmə qərarları çıxarılmış, o cümlədən, Bərdə Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında həbsə alınması qərara alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs davranışı ilə onun törətdiyi əməldən peşman olduğunu müəyyən etmək mümkün deyildir. Əksinə, öz hərəkətləri ilə məhkəmənin normal gedişinə mane olması onun islah olunmaz şəxs olduğunu bir daha təsdiq edir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 11 iyul 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 4(021)-153/2023 saylı qərarından görünür ki, təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qərarına əsasən Müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 4(021)-153/2023 saylı qərarı ilə əvvəli 11 iyul 2023-cü il tarixdən hesablanmaqla seçilmiş 3 (üç) ay müddətinə həbs qətimkan tədbirinin eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, məhkəmə iclas zalında həbsə alınması, həbsin əvvəlinin 07 dekabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 93.1. və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 12 iyul 2023-cü il tarixli 16/713 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,184 qram çəkidə narkotik vasitə heroin, 0,191 qram çəkidə psixotrop maddə metamfetamin və 0,76 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,184 qram çəkidə narkotik vasitə heroin, 0,191 qram çəkidə psixotrop maddə metamfetamin və 0,76 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar