Məhkəmə qərarları › İş №1(021)-192/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-192/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-192/2023 24.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Ağdam rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,xx.xx.2016-cı il tarixdə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə 05 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021ci il tarixdə də Suraxanı rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4 bəndinə əsasən cəzası 06 ay azaldılıb və cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağdam rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu, Lək kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,082 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamış, 23 iyul 2023-cü il tarixdə saat 13:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Lək kəndində saxlanılaraq Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,082 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. 2009-cu ildən 2019-cu ilə qədər X2 ilə ailə həyatı qurmuş və birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X3 olmuşdur. Həyat yoldaşı ilə 2019-cu ildə rəsmi qaydada boşanmışdır. Qızı Nəzrin anası ilə birgə yaşayır. Uzun müddətdir ki, 10 ildən artıqdır ki, narkotik vasitə hesab edilən heroin istifadə etmişdir. Bu səbəbdən bir dəfə məsuliyyətə cəlb edilmiş, mütamadi olaraq narkotik vasitəni üzərində gəzdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yaşadığı Bərdə rayon Lək kəndi ərazisində yerləşən Lək meşəsində gedərkən yaxınlığında bir ədəd kibrit qutusunun yerdə olduğunu görmüşdür. Əvvəl elə düşünmüşdür ki, həmin kibrit qutusu boşdur. Sonra yaxınlaşıb baxdıqda kibrit qutusunun içində bir ədəd gümüşü rəngli bükümün olduğunu və həmin bükümə baxdıqda içərisində narkotik vasitə heroinə bənzər maddənin olmasını müəyyən etmişdir. Narkotik vasitə istifadəçisi olduğundan həmin heroini üzərində götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində həmin heroindən az miqdarda istifadə etmişdir. Lakin, qalığını isə özünə məxsus siqaret qutusunun üzərində olan sellofanın alt hissəsində qoyaraq saxlamışdır. Təxminən saat 13 radələrində kəndlərinin ərazisində gedərəkən polis əməkdaşları onu saxlayaraq onun qanunsuz olaraq narkotik vasitə daşımağında şübhəli olduğunu bildirərək, onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra könüllü olaraq müdafiəşi seçmək hüququnun olduğunu ona bildirmişlər. O, özü Bərdə rayonunda vəkil fəaliyyəti ilə məşğul olan Müdafiəçi tanıdığından ona müdafiəçi təyin olunmasını xahiş etmişdir. Bundan sonra Müdafiəçi Bərdə rayon polis şöbəsinə gəlmiş və ona vəkillik etməyə razılıq vermişdir. Bunun ardınca polis şöbəsində müdafiəçinin və digər şəxslərin iştirakı ilə üzərinə baxış keçrilmişdir. Baxış zamanı o, üzərində olan 01 bükümdə olan narkotik vasitə hesab edilən heroini özü könüllü olaraq təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkilmiş və 1.43 qram olduğu müəyyən olunmuşdur. Ardınca həmin kütlə yanındaca qablaşdırılaraq möhürlənərək götrülmüş və ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin ifadəsində onun başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətmədiyini, psixotrop maddə qəbul etməyini heç kimə demədiyini, heç kimə narkotik vasitə satmadığını, nə də heç bir kəsə vermədiyini, polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilmədiyini, üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşları gördüklərini, kənar şəxslər bunu görmədiklərini, vəkili Müdafiəçi başqa həmin halı kimsə də görmədiyini, polislər də onu saxlayanda tək olduğunu, yanında heç kəs olmadığını, bunu da kənar şəxslərdən görən olmadığını, əvvəllərdə narkotik vasitəni tapdığını, onu kəndlərinin ərazisində gəzərkən təsadüfən tapdığını, istifadəsində sadə Nokia markalı mobil telefon və 051 522 89 22 saylı mobil nömrə olduğunu bildirdi. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid1, ifadəsində göstərdi ki, 2017-ci ildən daxili işlər orqanlarında xidmət edir. 2022-ci ilin iyul ayından Bərdə rayon polis şöbəsinin X1 baş əməliyyat müvəkkili işləyir, polis kapitanı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirmişdir ki, 23 iyul 2023-cü il tarixdə Ağdam rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Lək kəndində yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və buna görə də tərəfindən xx.xx.2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 13:10 radələrində Bərdə rayonu Lək kəndi ərazisində saxlanılmaqla Bərdə RPŞ-yə gətirilmişdir. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə təhqiqatçı Eşqin Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra, onun, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti polis kapitanı Şahid3, Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı X4 və Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bərdə RPŞnin TB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı videoçəkiliş Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti polis kapitanı Şahid3 tərəfindən aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli siqaret qutusunu çıxarıb, həmin siqaret qutusunun üzərində olan şəffaf rəngli sellofanın alt hissəsindən 01 ədəd gümüşü rəngli bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümün içərisində narkotik vasitə hesab edilən heroin olmasını bildirmişdir. Həmin narkotik vasitəni öz istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, həmçinin narkotik vasitə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Bərdə rayonu Lək kəndi meşəsi ərazisində tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli bükümə təhqiqatçı Eşqin Məmmədov tərəfindən baxılmış və kütlənin şabalıdı rəngli olması müəyyən edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və ümumi təmiz çəkisi 1,43 qram olması müəyyən edilmiş və həmin kütlə 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və DİN-nin 94 nömrəl möhürü ilə möhürlənərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bundan sonra proses iştirakçılarına prosesin keçirilməsi ilə əlaqədar olaraq hər hansı bir suallarının olub-olmaması sorğu edilmiş, lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil edilməmişdir. Bununlada Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə başa çatmış və videoçəkiliş dayandırılmışdır. Şahid1 həmçinin ifadəsində şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütləni Bərdə rayonu Lək kəndi ərazisində yerləşən meşəlik ərazidən tapdığını bildidi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadəsi elan olundu. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə verilməsi barədə 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 13:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üzərindən 1(bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 1,082 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 13-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 23 iyul 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs HK-1/2976 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 23 iyul 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 50-51-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 25 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 85-88-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 25 iyul 2023cü il tarixli 4(021)161/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 23 iyul 2023-cü iyul tarixdən hesablanmışdır. Cinayət işinin 36-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 24 iyul 2023-cü il tarixli 16/748 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinə oxşar kütlə..” sözlər və imzalar olan kağız paketdəki, 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 1,082 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd:Heroinin təmiz çəkisi- 1,082 qram, tədqiqata cəmi sərf edildi- 0,05 qram, qalıq- 1,032 qram. (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 118-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 31 avqust 2023-cü il tarixli 1434 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 94-107-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(021)38/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəza çəkməsinin əvvəli 20 may 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 114-117-ci vərəqələrində olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(010)626/2021 saylı qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(021)38/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 6 ay 13 gün hissəsinin 6 ay azaldılması, məhkum Təqsirləndirilən şəxs cəza çəkmə müdətinin əvvəlinin xx.xx.2020ci il tarixdən hesablanması nəzərə alınaraq, onun cəza çəkməkdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 123-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,xx.xx.2016-cı il tarixdə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə 05 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4 bəndinə əsasən cəzası 06 ay azaldılıb və cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmişdir. Cinayət işinin 121-ci vərəqəsində olan Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Qərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Lək kəndində yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 122-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli, Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 130-138-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,082 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 1,032 qram qalmış narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Həmçinin iş üzrə Təqsirləndirilən şəxs üzərinə xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılmasını və götürülməsini əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İşdə olan təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması və götürülməsi haqqında protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və sair istintaq hərəkəti sənədləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin residivi cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 1(021)38/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(010)626/2021 saylı qərarı ilə barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 6 ay 13 gün hissəsi 6 ay azaldılmış və cəza çəkməkdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(021)38/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il müddət keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1- ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2023-cü il il tarixində şübhəli şəxs kimi tutulmuş, 25 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 25 iyul 2023-cü il tarixdə barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Ona görə də, cəzasının əvvəli 23 iyul 2023-cü il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxsn Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN (otuz iki manat qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan təmiz çəkisi 1,032 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsn Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan təmiz çəkisi 1,032 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar