Məhkəmə qərarları › İş №1(021)-193/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-193/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-193/2023 02.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, xüsusi ittihamçı X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1, onun müdafiəçisi X3 iştirakları ilə, X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M ü ə y y ə n e t d i: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və xüsusilə ağır cinayətlərdə əsassız olaraq ittiham etməklə barəsində böhtan, hədəqorxu gəlmə, şəxsi həyatın və iş fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan rüsvayedici məlumatı yaymış X1 Azərbaycan Respublikasının CM-nin 147.2, 148 və 182.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. X6 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X4 onun əridir. Cavabdeh X7 oglu ilə 2015-ci ildə el adəti ilə toy edib evlənmiş, lakin nikahları Bərdə Rayon İHB-nın Hüseynalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 09 aprel 2016-cı il tarixdə 02 № ilə qeydə alınmışdır. Cavabdeh X4 ilə birgə nikahdan 14 may 2016-cı ildə doğulmuş X12 oglu və 01 avqust 2020-ci ildə doğulmuş X10 oglu adında 2(iki) uşaqları vardır. Cavabdeh X4 ilə evliliklərinin ilk illəri yaxşı keçsə də, sonralar cavabdehin və valideynlərinin ona qarşı münasibəti pisləşməyə başlamış və onlar ayrılmalı olmuşlar. 24 oktyabr 2022-ci ildə valideynləri gəlib onu uşaqları ilə birgə öz evlərinə aparmışlar və həmin vaxtdan uşaqları ilə birgə valideynlərinin yanında yaşayır. Valideynləri ilə birgə yaşadığı müddətdə cavabdeh X4 öz həmkəndliləri, o cümlədən onun qohumları arasında onun barəsində şərəf və layaqətini alçaldan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla məşğul olmuşdur. Bu azmış kimi cavabdeh X4 nikahın pozulması barədə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində yenə də onun barəsində şərəf və layaqətini alçaldan və həqiqətə uyğun olmayan məlumatlar yazmışdır ki, həmin məlumatlar da onun həmkəndliləri, onun qohumları, o cümlədən məhkəmə, vəkillər arasında da yayılmışdır. Bu faktın təsdiqi isə cavabdeh X1 «nikahın pozulması barədə» Bərdə Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin mətnindən aydın görünür. Belə ki, həmin iddia ərizəsinin 3-cü abzasının 2-ci cümləsində iddiaçı X7 oglu iddia tələbini əsaslandırmaq üçün onun barəsində şərəf və layaqətini alçaldan və həqiqətə uyğun olmayan aşağıdakı məlumatları yayaraq iddia ərizəsində göstərmişdir: “Cavabdeh Pəri Kazımova ilə əvvəllər mehriban yaşasaq da son vaxtlarda xasiyyətimiz uygun gəlməmiş, bir-birimizi anlamamışıq, o, heç bir səbəb olmadan tez-tez evdə münaqişələr yaratmış, mənimlə mütəmadi mübahisələr etmiş, nalayiq sözlər demiş, uşaqlarla kobud rəftar etmiş, uşaqlara qarşı şiddət göstərmiş, ər kimi mənə hörmət etməmiş, ər-arvad münasibətində riyakarlıq edərək, başqa kişilərlə eşq münasibətlərində olmuş və artıq bir neçə aydır ki, evi tərk edib qaçıb getmişdir”. Beləliklə, Roman Mikayılov «Nikahın pozulması barədə» Bərdə Rayon Məhkəməsinə təqdim etdiyi və hakim Qamət Əbilovun icraatında olan, xx.xx.2023-cü ildə ilk məhkəmə iclası keçirilən, 2(021)-1211/2023 №-li mülki iş üzrə iddia tələbini əsaslandırmaq üçün onun barəsində şərəf və layaqətini alçaldan və həqiqətə uyğun olmayan yuxarıda qeyd edilən məlumatları yayaraq, ona qarşı guya onun əxlaqsız hərəkətlər etməsi barədə məlumatları qohum-əqrəba, qonşular, Bərdə rayon əhalisi, o cümlədən məhkəmə işçiləri və vəkillər arasında yaymışdır. Göstərilən məlumatlar həqiqətə uyğun deyil və cavabdehin hərəkətləri nəticəsində arzu olunmaz vəziyyətə düşmüşdür. Xüsusilə qohum-əqrəba, qonşular, Bərdə rayon əhalisi, o cümlədən məhkəmə işçiləri və vəkillər arasında yayılmış bu əsassız məlumatlar onun işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaltmış, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaratmış və bununla da ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Qeyd olunan səbəblərə görə çəkdiyi mənəvi iztirablar nəticəsində sinir xəstəliyinə tutulmuşdur, özünü öldürmək səviyyəsinə çatmışdır. Habelə cavabdehin hərəkətləri nəticəsində ona fiziki iztirablar formasında da mənəvi zərər vurulmuşdur. Törədilmiş cinayətlə bağlı bildirir ki, valideynləri ilə birgə yaşadığı müddətdə cavabdeh Roman Mikayılov öz həmkəndliləri, onun qohumları arasında onun barəsində şərəf və layaqətini alçaldan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla məşğul olmuşdur. Bu azmış kimi cavabdeh Roman Mikayılov nikahın pozulması barədə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində yenə də onun barəsində şərəf və layaqətini alçaldan və həqiqətə uyğun olmayan məlumatlar yazmışdır ki, həmin məlumatlar da onun həmkəndliləri, onun qohumları, həmçinin məhkəmə, vəkillər arasında da yayılmışdır. Bu faktın təsdiqi isə cavabdehin «nikahın pozulması barədə» Bərdə Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin mətnindən aydın görünür. Roman Mikayılovun öz həmkəndliləri, onun qohumları arasında onun barəsində şərəf və layaqətini alçaldan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla məşğul olması nəticəsində ona mənəvi iztirablar formasında 10000 manat zərər vurulmuşdur. Bununla da Roman Mikayılov Azərbaycan Respublikasının CM-nin 147.2, 148 və 182.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X6 xüsusi ittiham qaydasında şikayətin forma və məzmununa riayət etməmişdir. Belə ki, ərizədə cinayətin harada və hansı şahid ifadələri ilə təsdiq olunması qeyd olunmamışdır. Şikayətdə dəfələrlə vurğulanmışdır ki, “cavabdehin hərəkətləri nəticəsində arzu olunmaz vəziyyətə düşmüşdür. Xüsusilə qohum-əqrəba, qonşular, Bərdə rayon əhalisi, o cümlədən məhkəmə işçiləri və vəkillər arasında yayılmış bu əsassız məlumatlar onun işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaltmış, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaratmış və bununla da ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir”. Lakin xüsusi ittihamçı qeyd olunan hallar barədə şikayətinə heç bir sübut əlavə etməmişdir. Xüsusi ittihamçı yalnız Roman Mikayılovun məhkəməyə ünvanladığı iddia ərizəsi ilə kifayətlənmişdir. Lakin CM-nin 147.2, 148 və 182.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi barədə şikayətdə göstərməmiş və bu barədə sübut əlavə etməmişdir. Bundan başqa X5 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə cavab vermir. Xüsusi ittihamçı şikayət ərizəsində X2 digər maddələrlə bərabər Azərbaycan Respublikasının CMnin 182.1-ci maddəsi ilə də cəzalandırılmasını xahiş etmişdir ki, bu da CM-nin 37.2-ci maddəsinin tələblərinə ziddir. CM-nin 182.1-ci maddəsi ilə cinayət təqibi xüsusi ittiham qaydasında deyil, ictimai-xüsusi ittiham qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM): 37.1-ci maddəsinə görə cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. 37.2-ci maddəsinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. CPM-nin: 302.1-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Qeyd olunanlara əsasən, məhkəmə belə hesab edir ki, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2, 148 və 182.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, ona qanunamüvafiq qaydada cəza təyin edilməsi barədə X5 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2, 148 və 182.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək məhkəməyə verilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzaya məhkum edilməsi barədə hökm çıxarılmasına dair X5 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar