Məhkəmə qərarları › İş №1(021)-194/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-194/2022

21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-194/2022 21.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlunun, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: X1, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1978-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bərdə rayon Qarayusifli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 02 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində Bərdə rayon Qarayusifli kəndində, Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmində yaranmış münaqişə zamanı həmin münaqişə sonradan dava-dalaşa çevrilmiş, dava-dalaş zamanı Xaliq İsrafilov yumuruqla bir dəfə Zərərçəkmiş şəxs sağ gözünün alt nahiyyəsinə qəsdən vurduğu üçün sonuncuya sağ almacıq sümüyünün basılmış sınığı, sağ gözyüvasıüstü nahiyənin qançırı, sağ gözün ağlı qişasına qansızma ilə müşayət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs X2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə rayon Qarayusifli kəndində yaşayır və rəsmi olaraq heç yerdə işləmir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir və sonuncunun etdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Bərdə rayon Qarayusifli kəndində olan zaman Zərərçəkmiş şəxs və sonuncunun xalası oğlu Şahid söhbət etdiklərini görərək həmin şəxslərə yaxınlaşmışdır. Zərərçəkmiş şəxs əvvəllər onun ünvanına kobud sözlər dediyini eşitdiyi üçün bu barədə sonuncuya irad bildirmişdir. Lakin, Zərərçəkmiş şəxs onun ünvanına kobud sözlər demədiyini bildirərək ona kobud cavab vermişdir. Həmin səbəbdən onunla aralarında mübahisə yaranmış və mübahisə zamanı o, əsəbləşdiyi üçün yumuruqla bir dəfə Zərərçəkmiş şəxs sağ gözünün alt nahiyyəsindən vurduğu üçün Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Bundan sonra o, dava-dalaşı davam etməyərək həmin yerdən uzaqlaşmışdır. Hadisə, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Bərdə rayon Qarayusifli kəndində baş vermiş, hadisə zamanı əsəbləşdiyi üçün yumruqla bir dəfə Zərərçəkmiş şəxs sağ gözünün alt nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. Hadisə, 3-5 dəqiqə ərzində baş vermiş, hadisə zamanı Şahid onların yanında olmuşdur. Etdiyi əməldən peşmandır. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bərdə rayon Qarayusifli kəndində yaşayır və rəsmi olaraq heç yerdə işləmir. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində xalası oğlu Şahid ilə Bərdə rayon Qarayusifli kənd ərazisində söhbət edən zaman həmkəndlisi X2 onlara yaxınlaşaraq əvvəllər onun ünvanına kobud ifadələr işlətdiyini demişdir. Lakin, o, Xaliq İsrafilova onun ünvanına kobud ifadələr işlətmədiyini bildirmişdir. Buna baxmayaraq Xaliq İsrafilov onunla mübahisə edərək üzərinə gəlmiş və qəflətən yumuruqla sağ gözünün alt nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt o, yerə yıxılmış və Xaliq İsrafilov dava-dalaşı davam etməyərək həmin yerdən uzaqlaşmışdır. Hadisə, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Bərdə rayon Qarayusifli kəndində baş vermiş, hadisə zamanı həmkəndlisi Xaliq İsrafilov yumuruqla bir dəfə sağ gözünün alt nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. Hadisə, 3-5 dəqiqə ərzində baş vermiş, hadisə zamanı xalası oğlu Şahid onların yanında olmuşdur. X4 vuraraq xəsarət yetirdiyi üçün cinayət məsuliyyətinə cəlb olunması olmuşdur. Hal-hazırda X2 ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid göstərdi ki, Bərdə şəhər Bakı küçəsində yaşayır. Zərərçəkmiş şəxs onun xalası oğludur. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Müşfiq ilə Bərdə rayon Qarayusifli kəndində söhbət edın zaman tanıdığı Xaliq İsrafilov onlara yaxınlaşmış və Müşfiqə onun ünvanına kobud sözlər danışdığını demişdir. Həmin səbəbdən Müşfiq ilə Xaliq İsrafilovun arasında münaqişə yaranmış və münaqişə zamanı Xaliq qəflətən yumuruqla Müşfiqin sağ gözünün alt nahiyyəsindən vurduğu üçün Müşfiq yerə yıxılmışdır. Daha sonra Xaliq İsrafilov həmin yerdən uzaqlaşmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala əlavə edilmiş “MTE və PA” ETT Birliyinin Bərdə r/a zona mərkəzinin xx.xx.2022-ci il tarixli 828 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sağ almacıq sümüyünün basılmış sınığı, sağ gözyuvasıüstü nahiyənin qançırı, sağ gözün ağlı qişasına qansızma küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2022-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, X2 02 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində Bərdə rayon Qarayusifli kəndində, Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmində yaranmış münaqişə zamanı həmin münaqişə sonradan dava-dalaşa çevrilmiş, dava-dalaş zamanı Xaliq İsrafilov yumuruqla bir dəfə Zərərçəkmiş şəxs sağ gözünün alt nahiyyəsinə qəsdən vurduğu üçün sonuncuya sağ almacıq sümüyünün basılmış sınığı, sağ gözyüvasıüstü nahiyənin qançırı, sağ gözün ağlı qişasına qansızma ilə müşayət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və məhkəməyədək sadələşdirilmiş icraatın digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə X5 оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, X5 оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş və ayrıca olaraq məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, ona vurulmuş ziyan ödənildiyindən X5 оğlu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə təqsirləndirilən şəxs barəsində başlanmış məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs X1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, zərərçəkmiş şəxslə barışmışdır və ona vurulmuş ziyanı tam ödəmişdir. Buna görə barəsində başlanmış məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, təqsirləndirilən şəxs X2 Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 73.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 73.2-ci maddəsi imperativ norma olmaqla, cinayət məsuliyyətindən azad etmənin şərti kimi cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışığı çərçivəsində həm dəymiş maddi zərərin əvəzinin (məsələn, oğurlanmış, zədələnmiş əmlakın qaytarılması və ya onun dəyəri miqdarında pul kompensasiyasının) ödənilməsini, həm də dəymiş mənəvi zərərin bilavasitə ödənilməsi forması olaraq müəyyən kompensasiyanın ödənilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin mətnindən göründüyü kimi, dəymiş zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin vacib şərtlərindən biridir. Həmin maddələrdə nəzərdə tutulmuş zərərin ödənilməsi dedikdə, zərərin əvəzinin ödənilməsi ilə yanaşı, həmçinin cinayət nəticəsində zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsinə yönəlmiş sair tədbirlər başa düşülməlidir. Cinayət ilə (cinayət nəticəsində) zərərçəkmişə fiziki, maddi və mənəvi zərər vurula bilər. Nəzəriyyədə fiziki zərər dedikdə zərərçəkmiş şəxsin həyat və sağlamlığına vurulmuş zərər nəzərdə tutulur. Fiziki zərər ödənilə bilməz, söhbət yalnız onun pul kompensasiyasından gedə bilər. Maddi zərərə zərərçəkmiş şəxsin maddi vəziyyətində baş verən mənfi nəticələr daxildir. Maddi zərərin ödənilməsinə real zərərin və əldən çıxmış faydanın ödənilməsi daxil ola bilər. Mənəvi zərər isə zərərçəkmiş şəxsin mənəvi dəyərlərinə dəymiş zərərdir. Belə zərər, bir qayda olaraq, pul formasında kompensasiya olunur, lakin onun qeyri-maddi forması da mümkündür: məsələn, üzr istəmək, yalan (yanlış) məlumatları təkzib etmək və s. Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Həmin qərarın nəticə hissəsində yekun olaraq bir daha qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə cinayət təqibinə xitam verilsin. X2 cinayət məsuliyyətindən azad edilsin. X2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar