Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-20/2022 24.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs X4 hüquqi varisi Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1962-ci il tarixdə Bərdə rayonu Dəymədağıldı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan, qardaşı Zərərçəkmiş şəxs2 məxsus, etibarnamə olmadan ayıq şəkildə BC251776 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Opel Astra” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 27 aprel 2021-ci il tarixdə saat 08:30 radələrində Bərdə rayonu Dəymədağıldı kəndinin mərkəzindən Bərdə-Ağdam magistral avtomobil yolu istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, əsasən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, avtomobili etibarnamə ilə idarə etməli olduğu halda bunlara əməl etməyərək yol hərəkəti qaydalarını pozub yolun sağ kənarında dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs1 məxsus “VAZ-21070” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini vuraraq ehtiyatsızlıqdan 755 (yeddi yüz əlli beş) manat maddi ziyan yetirdikdən sonra həmin avtomobilin qabaq tərəfində dayanan piyada X7 vuraraq sonuncuya koma, beyin ödemi, hemiparez ilə müşayiət olunan ağır kəllə beyin travması, beyin əzilməsi, sağ gözün travması, kəllə əsasında sınıq, döş qəfəsi və qarının küt travması, sağ baldır sümüklərinin sınığı, baş beyin toxumasının əzilməsindən sonra inkişaf etmiş baş beyin toxumasının absesi və empieması ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək ehtiyatsızlıqdan piyada Tural Bədəlovun ölümünə səbəb olmaqla, həmçinin idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus “Opel Astra” markalı **- NS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 1415 (bir min dörd yüz on beş) manat maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bacısı Nənəgül ilə birlikdə Bərdə rayonu Dəymədağıldı kəndində yaşayır. Subaydır və əvvəllər məhkum olunmamışdır. Nəqliyyat vasitələrini idarə etmək üçün “B1BC1C” dərəcəli sürücülük vəsiqəsi vardır. “Opel Astra” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə ilə qardaşı Zərərçəkmiş şəxs2 məxsusdur. Lakin həmin avtomobili qardaşı Firdovsinin icazəsi ilə daim özü idarə etmişdir. 27 aprel 2021-ci il tarixdə saat 08:30 radələrində yaşadığı kəndin mərkəzindən keçən yol ilə Bərdə-Ağdam magistral avtomobil yolu istiqamətində avtomobillə təxminən 50-60 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin yol qrabil örtüklü olduğu üçün həmkəndlisi Məhərrəmin evinin qarşısına az qalmış avtomobilin idarəetməsini itirmiş, əyləcdən istifadə etməklə avtomobilin hərəkət istiqamətini tənzimləmək istəsə də, bunu bacarmamışdır. Nəticədə, əvvəlcə, idarə etdiyi avtomobilin sağ qabaq tərəfi ilə Məhərrəmin evinin qarşısında hərəkətsiz vəziyyətdə dayanmış “VAZ-21070” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol arxa tərəfini, ardınca isə həmin avtomobilin qarşı tərəfində dayanan, sonradan adını bildiyi piyada X7 vurmuşdur. Tural Bədəlov zərbənin təsirindən bir neçə metr qarşıda yola yıxılmışdır. Piyadanı vurduqdan dərhal sonra avtomobildən düşmüş və ətrafdakı şəxslərin köməyi ilə Turalın üzünə su çiləmişdir. Daha sonra Turalı həmkəndlisi Zaura məxsus avtomobil ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Orada Turala ilkin tibbi yardım göstərilərkən polis əməkdaşları ona yaxınlaşmış və o, yol-nəqliyyat hadisəsi törətdiyini etiraf etmişdir. Əlavə olaraq o, hadisə baş verən zaman avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etdiyini, avtomobilin idarəetməsini itirdiyi üçün hadisədən yayına bilmədiyini, hadisə baş verən zaman yolda başqa heç bir avtomobilin olmadığını və onun hərəkətinə maneə yaratmadığını, spirtli içkilərdən istifadə etmədiyi üçün hadisə zamanı özünün tam ayıq vəziyyətdə, idarə etdiyi avtomobilin isə texniki cəhətdən saz vəziyyətdə olduğunu, hadisə zamanı avtomobildə tək olduğunu və başqa heç bir yükün olmadığını bildirdi. Zərəçəkmiş şəxsin hüquq varisinə 6500 manat məbləğində pul ödəmişdir.Əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasnda zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, X11 onun əridir. 27 aprel 2021-ci il tarixdə saat 09:00 radələrində qohumları ona mobil telefon vasitəsilə zəng edərək Turalın yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını, vəziyyətinin ağır olduğunu demişlər. Hadisədən sonra Tural bir neçə ay koma vəziyyətində qalmış, son günlərini ev şəraitində müalicə almaqla keçirmişdir. 14 avqust 2021-ci il tarixdə saat 00:00 radələrində isə Tural Bərdə rayonu Xəsili kəndində yerləşən evlərində ölmüşdür. Bundan başqa o, baş vermiş hadisəni görmədiyini, ona bu barədə sonradan məlumat verdiklərini bildirdi. Həmçinin Təqsirləndirilən şəxs şikayətçi olduğunu və həbs olunmasını tələb etdiyini bildirdi. Ona ödənilən pul məbləğinin isə 6500 manat yox 6000 manat olmasını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, X11 onun nəvəsidir. “VAZ-21070” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili onun özünə məxsusdur. Həmin avtomobili etibarnamə ilə nəvəsi idarə etmişdir. 27 aprel 2021-ci il tarixdə saat 09:00 radələrində qohumları mobil telefon vasitəsilə ona zəng edərək Bərdə rayonu Dəymədağıldı kəndində Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə, əvvəlcə, Turalın idarə etdiyi avtomobili, sonra isə Turalın özünü sağ qabaq tərəfi ilə vurub xəsarət yetirdiyini demişlər. O, dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasına getmiş və nəvəsinin vəziyyətinin ağır olduğunu öyrənmişdir. Hadisədən sonra Tural bir neçə ay koma vəziyyətində qalmış, son günlərini ev şəraitində müalicə almaqla keçirmişdir. 14 avqust 2021-ci il tarixdə saat 00:00 radələrində isə Tural Bərdə rayonu Xəsili kəndində yerləşən evlərində ölmüşdür. Maşının vurulan zərəri isə təqsirləndirilən şəxs tərəfindən düzəldildiyini bildirdi.Həmçinin Təqsirləndirilən şəxs şikayətçi olduğunu və həbs olunmasını tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Uzun müddət əvvəl sürücülük vəsiqəsi ilə avtomobil idarə etməyə başlamışdır. 2020-ci ilin oktyabr ayının sonlarında Bakı şəhərində yaşayan X5 “Opel Astra” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. 31 oktyabr 2020-ci il tarixdə Babasəlim Əliyev tərəfindən onun adına “Opel Astra” markalı avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və avtomobil ilə digər hərəkətlər etməyə dair etibarnamə verilmişdir. Buna baxmayaraq, həmin avtomobili onun icazəsi ilə daim qardaşı Əli idarə etmişdir. 27 aprel 2021-ci il tarixdə qardaşı avtomobil ilə yaşadıqları kəndin mərkəzindən keçən yol ilə Bərdə-Ağdam magistral avtomobil yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirmiş, əvvəlcə, “VAZ-21070” markalı avtomobili, ardınca isə Bərdə rayonu Xəsili kənd sakini X7 vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bu barədə o, elə hadisə baş verən gün məlumat əldə etmişdir. 14 avqust 2021-ci il tarixdə isə Tural Bədəlovun yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərin təsirindən öldüyünü öyrənmişdir. Həmçinin bidirdi ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir, ondan şikayət və tələbi yoxdur. Həmçinin bildirdi ki, ödənilən məbləğ 6500 manatdır, pulu Şahid3 vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X11 onun qaynının oğludur. 27 aprel 2021-ci il tarixdə saat 08:30 radələrində o, əri Fazil ilə birlikdə Turalın idarə etdiyi “VAZ-21070” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu Xəsili kəndindən Dəymədağıldı kəndinə getmişlər. Həmin vaxt avtomobili Tural idarə etmiş, əri Fazil avtomobilin sağ qabaq oturacağında, özü isə arxa oturacaqda əyləşmişdir. Bərdə rayonu Dəymədağıldı kəndində yaşayan qohumları Məhərrəmin evinin qarşısında Tural avtomobili saxlamış, Fazil yerə düşüb avtomobilin yanında dayanmışdır. Daha sonra Tural yerə düşüb avtomobilin qarşı tərəfinə doğru getmişdir. Bu zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili yüksək sürətlə, əvvəlcə, Turalın idarə etdiyi avtomobili, sonra isə Turalın özünü sağ qabaq tərəfi ilə vurmuşdur. Tural zərbənin təsirindən bir neçə metr qarşıda yola yıxılmışdır. Bundan sonra sürücü Əli avtomobildən düşərək ətrafdakı şəxslərin köməyi ilə Turalın üzünə su çiləmişdir. Ardınca o, Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə zəng edərək hadisə barəsində məlumat vermişdir. Daha sonra Turalı kənd sakini Zaura məxsus avtomobil ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, X11 onun qaynının oğludur. 27 aprel 2021-ci il tarixdə saat 08:30 radələrində Tural idarə etdiyi “VAZ- 21070” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bərdə rayonu Xəsili kəndindən onun yaşadığı Bərdə rayonu Dəymədağıldı kəndinə gəlmişdir. Həmin vaxt avtomobildə Tural ilə birlikdə qaynı Fazil və qaynının arvadı Cəmalə də olmuşlar. Onlar Mingəçevir şəhərində baş tutan yas mərasimində birlikdə iştirak etmək məqsədilə onun evinə gəlmişlər. Yaşadığı evin ikinci mərtəbəsindən yola doğru baxanda Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yüksək sürətlə hərəkət etdiyini görmüşdür. Bir neçə saniyə sonra isə yüksək tappıltı səsi gəlmiş, bu zaman “Ay Məhərrəm, qoyma. Tural ölür” sözlərini eşitmişdir. Bu səbəbdən dərhal küçəyə çıxmış, küçədə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə, əvvəlcə, sol arxa tərəfindən Turalın avtomobilini, ardınca isə həmin avtomobilin qarşı tərəfində dayanan Turalı vurduğunu bilmişdir. Tural zərbənin təsirindən bir neçə metr qarşı tərəfdə yola yıxılmışdır. Daha sonra Turalı həmkəndlisi Zaura məxsus avtomobil ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmış və xəstəxanada Turala ilkin tibbi yardım göstərilmişdir. Həmçinin o bildirdi ki, verilən məbləğ 6000 manat olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Xəsili kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. X3 onun oğludur. Turalın Bərdə rayonu Dəymədağıldı kəndinin içərisindən keçən qurunt örtüklü yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə məlumat verilmişdir. Turalın vəziyyəti ağır olduğu üçün o, həmin gün Mingəçevir şəhərindən Bərdə rayon Mərkəzi Xəstəxanasına gəlmiş və həqiqətən də baş vermiş hadisə nəticəsində başından ağır dərəcədə xəsarətlər almasını görmüşdür. Buna görə də Turalı dərhal X12 Mərkəzinə aparmışlar. Mərkəzdə oğluna tibbi yardım göstərildikdən sonra əməliyyata götürülmüşdür. Sonradan oğlunu Bərdə rayonu Dəymədağıldı kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən idarə olunan “Opel Astra” markalı avtomobilin vurduğunu öyrənmişdir. Uzun müddət davam edən müalicə prosedurlarından sonra oğlu yaşadıqları evə gətirilmiş və 14 avqust 2021-ci il tarixdə saat 00:10 radələrində vəfat etmişdir. Buna görə də o, dərhal mobil telefon vasitəsilə Bərdə rayon polis şöbəsinin növbətçi hissəsinə zəng edərək Turalın yaşadıqları evdə ölməsi barədə məlumat vermişdir. Bundan başqa o, baş vermiş hadisəni gözləri ilə görməsə də, sonradan qardaşı Fazilin və qardaşının arvadı Cəmalənin danışdıqlarına əsasən öyrənmişdir ki, 27 aprel 2021-ci il tarixdə saat 08:30 radələrində Tural avtomobili ilə onları Bərdə rayonu Dəymədağıldı kəndində yaşayan qohumları Məhərrəmin evinin qarşısına aparmış və avtomobildən düşüb yanında dayanmışdır. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə kəndin içərisindən keçən yol ilə hərəkətdə olarkən, əvvəlcə, Turalın idarə etdiyi “VAZ-21070” markalı avtomobili sol arxa tərəfindən vurmuş, ardınca isə Turalı vurub toqquşma yerindən bir qədər kənara atmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Dəymədağıldı kəndində yaşayır. Şahid3 onun həmkəndlisidir və aralarında münasibətləri normaldır. 27 aprel 2021-ci il tarixdə saat 08:30 radələrində Məhərrəmin evinin qarşısında camaatın yığışdığını görüb oraya yollanmışdır. Həmin yerə çatdıqda digər həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sağ qabaq tərəfi ilə, əvvəlcə, Məhərrəmin qohumu Turalın idarə etdiyi “VAZ-21070” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili, ardınca isə Turalın özünü vurduğunu öyrənmişdir. Hadisədən sonra Tural zərbənin təsirindən bir neçə metr qarşıda yola yıxılmışdır. Buna görə də o, kömək edərək Turalı şəxsi avtomobili ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmış və xəstəxanada Turala ilkin tibbi yardım göstərilmişdir. Cinayət işinin 126-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 16 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 16 oktyabr 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 151-152-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 18 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 163-cü vərəqəsində olan 18 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 18 oktyabr 2021-ci il tarixdə də müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 17-ci vərəqəsində olan 15 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ-nin Bərdə Regional “ASAN Xidmət” Mərkəzində yerləşən qrupu tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş BC251776 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin sürücülük vəsiqəsi “B1BC1C” dərəcəlidir və 15 mart 2031-ci il tarixədək etibarlıdır. Cinayət işinin 17-18-ci vərəqələrində olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətlərindən görünür ki, “Opel Astra” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 23 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD277298 nömrəli şəhadətnaməyə əsasən Bakı şəhər sakini X9 məxsus olmuş və 31 oktyabr 2020-ci il tarixli etibarnamə ilə 1 il müddətinə Bərdə rayonu Dəymədağıldı kəndində yaşayan Zərərçəkmiş şəxs2 etibar edilmişdir. Cinayət işinin 28-31-ci vərəqələrində olan “Məhkəmə-Tibbi Ekspertizası və X10” X13 Bərdə rayonlararası ekspertiza şöbəsinin 22 iyun 2021-ci il tarixli 535 nömrəli rəyindən görünür ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – koma, beyin ödemi, hemiparez ilə müşayiət olunan ağır kəllə beyin travması, beyin əzilməsi, sağ gözün travması, kəllə əsasında sınıq, döş qəfəsi və qarının küt travması, sağ baldır sümüklərinin sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat qəzası zamanı törənə bilər, müddəti 27 aprel 2021-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 101-107-ci vərəqələrində olan “Məhkəmə-Tibbi Ekspertizası və X10” X13 Bərdə rayonlararası ekspertiza şöbəsinin 10 sentyabr 2021-ci il tarixli 29 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizasına, onun adına X12 Mərkəzi və Bərdə rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş xəstəlik tarixlərinin surətlərinə əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla belə nəticəyə gəlinmişdir ki, X1 bədənində müəyyən edilmiş xəsarətlər – koma, beyin ödemi, hemiparez ilə müşayiət olunan ağır kəllə beyin travması, beyin əzilməsi, sağ gözün travması, kəllə əsasında sınıq, döş qəfəsi və qarının küt travması, sağ baldır sümüklərinin sınığı olmuşdur. X2 meyitinin məhkəmə-tibbi müayinəsində isə baş beyin toxumasının absesi və empieması müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişlər, piyada olarkən hərəkətdə olan avtomobillə vurulması nəticəsində törənə bilərlər, müddəti 27 aprel 2021-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb başın küt travması ilə əlaqədar baş beyin toxumasının əzilməsindən sonra inkişaf etmiş baş beyin toxumasının absesi və empieması olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 11-13 saat olar baş vermişdir. Cinayət işinin 119-121-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2021-ci il tarixli 8/2294 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı **- NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.(Ekspertiza xərci 100 mana təşkil edir). Cinayət işinin 60-ci vərəqəsində olan 20 avqust 2021-ci il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində Zərərçəkmiş şəxs1 məxsus olan 1999-cu il buraxılışlı “VAZ-21070” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 255 (iki yüz əlli beş) manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin 61-ci vərəqəsində olan20 avqust 2021-ci il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində Zərərçəkmiş şəxs2 məxsus olan 1996-cı il buraxılışlı “Opel Astra” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1415 (bir min dörd yüz on beş) manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin 16-cı vərəqəsində olan 27 aprel 2021-ci il tarixli 511 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq əlaməti müəyyən edilməmişdir. Cinayət işinin 170-176-ci il vərəqələrində olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 05.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdiyi “Opel Astra” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili və toqquşduğu “VAZ-21070” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanmaları üçün sahiblərinə qaytarılmışdır. Cinayət işinin 82-ci il vərəqəsində olan Zərərçəkmiş şəxs2 20 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödədiyindən o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 83-cü vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi poliklinikası tərəfindən verilmiş 679 saylı 31.08.2021-ci il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlunun Bərdə şəhər Poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatı yoxdur. Cinayət işinin 84-cü vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi poliklinikası tərəfindən verilmiş 673 saylı Arayışdan görünür ki, Kərimov Elsevər Elxan oğlunun Bərdə şəhər Poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatı yoxdur. Cinayət işinin 86-cı vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvnlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, yaşayış yerindən müsbət xarakkterizə olunması, avtomobillərə vurulmuş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə 6000 manat məbləğdə pul ödənilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olaraq həbs olunmasını tələb etməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 18 oktyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm elan olunduğu andan ləğv olunmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalıdır. Buna görə də Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 24 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı iki gün müddət -16 oktyabr 2021-ci il il tarixdən 18 oktyabr 2021-ci il tarixədək olan müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs tərəfindən “Opel Astra” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21070” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillərə vurulan ziyanın ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlundan 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən 16 oktyabr 2021-ci il tarixindən 18 oktyabr 2021-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 24 yanvar 2022- ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən “Opel Astra” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21070” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillərə vurulan ziyanın ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs oğlundan 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-20/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-20/2022
24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver